"Əkinçi”dən başlanan şərəfli yol - Fotolar
Mətbuat günü təkcə jurnalistlərin yox, bütövlükdə cəmiyyətimizin bayramıdır. Çünki azad söz azad cəmiyyətin
təməl daşıdır. Düz 144 il bundan öncə - 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabinin
yaratdığı və redaktoru olduğu "Əkinçi” qəzeti ilə bu təməl daşı qoyulub. Həmin
vaxtdan 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi çıxan "Əkinçi” millətin
aynası olub, Azərbaycan jurnalistikasının bayraqdarına çevrilib. Sonrakı illərdə
görkəmli ziyalılar tərəfindən nəşr edilən "Ziya”, "Kəşkül”, "Şərqi-rus”,
"İrşad”, "Kaspi”, "Molla Nəsrəddin” kimi qəzet və jurnallar "Əkinçi”nin
ənənələrini davam etdirib. Azərbaycan jurnalistikası müxtəlif dövrlərdə ağır
sınaqlara məruz qalıb, amma milli dilin yaşaması naminə hər çətinliyə dözüb və
tutduğu şərəfli yoldan dönməyib.
Milli Məclisin
deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında
bildirib ki, Azərbaycan mətbuatı öz inkişaf tarixində uzun və mürəkkəb yol
keçib. Millət vəkilinin sözlərinə görə, mətbuatın özünün ictimai institut kimi
formalaşması tarixi o qədər qədim olmasa da, sevindirici haldır ki, Azərbaycanın
mətbuat tarixi Orta Asiya və Şərqi Avropa ölkələri sırasında birincilərdəndir:
"Azərbaycan mətbuatının böyük hamisi və qayğıkeşi, mətbuatın missiyasını və
funksiyasını dərindən başa düşən, onu lazımınca qiymətləndirməyi bacaran ulu
öndər Heydər Əliyev 1998-ci ildə mətbuat üzərində senzuranı ləğv etdi. Ulu öndərin
imzaladığı Fərmanla Nazirlər Kabineti yanında mətbuat və digər kütləvi
informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi,
hərbi sirlərin yayılması ilə bağlı 16 aprel 1992-ci il tarixli Fərman və bütün
informasiya üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il
tarixli sərəncam qüvvəsini itirmiş elan edildi. Bundan başqa, 1999-cu ilin
sonunda "Kütləvi informasiya vasitələri haqqında" yeni qanunun qəbulu
media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə
sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi
işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında ümummilli lider Heydər Əliyevin
sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin
maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı" təsdiq
olundu”.
H.Babaoğlu qeyd edib ki, idarəçilik sisteminin
islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edilib, kütləvi
informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi
məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradılıb: "Bir sıra qəzetlərin
"Azərbaycan" nəşriyyatına olan borcları donduruldu, sonradan isə ləğv
edildi. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında
media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan
Mətbuat Şurası yaradıldı. Bütün bunlar, öz növbəsində, Azərbaycanda söz, fikir
və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi
qiymətləndirilməlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
rasional siyasət kursu nəticəsində iqtisadi qüdrətimiz artdıqca mətbuatın maddi
probleminin həlli ilə bağlı çox ciddi addımlar atılıb və müvafiq tədbirlər
görülüb. İlk növbədə, öz peşəsini dürüst və obyektiv surətdə yerinə yetirən, Azərbaycan
mətbuatının inkişafına xüsusi xidmət edən ayrı-ayrı jurnalistlərin müxtəlif
problemlərinin həlli ilə bağlı fundamental addımlar atılmağa başlanıb. Bunun
ardınca bütövlükdə mətbuatın maddi problemlərinin həlli istiqamətində xüsusi önəm
kəsb edən bir tədbir görülüb. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul
tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik
maliyyə yardımı göstərilməsi haqqında" sərəncamı bəhs edilən missiyanın
yerinə yetirilməsi üçün hüquqi substrat olub. Kütləvi informasiya vasitələrinin
"Azərbaycan" nəşriyyatına olan borcları tamamilə ləğv edilib”.
Millət vəkili deyib ki, bu borcların ödənilməsi
prosesi ulu öndər Heydər Əliyev tərəfindən dondurulub, məhz Prezident İlham Əliyevin
göstərişi ilə məlum borcların ləğv edilməsi isə mətbuatın maddi problemlərinin
aradan qaldırılması istiqamətində atılmış fundamental əhəmiyyətli tarixi bir
addım olub: "Buna paralel olaraq, jurnalistlərin peşə nüfuzunun artırılması
üçün jurnalist-məmur, jurnalist-vətəndaş, jurnalist-biznesmen çəkişmələrinə
hüquqi müstəvidə son qoyulması istiqamətində müxtəlif tədbirlər görülüb. Bundan
sonra KİV-lərin və ayrı-ayrı jurnalistlərin fəaliyyəti ilə bağlı məhkəmələrə
müraciət etmə halları aradan qalxıb. Yəni, sözügedən çəkişmələr tədricən bitməyə
başlayıb və nəticə etibarilə, özünə və peşə dəyərlərinə hörmət edən jurnalistlərin
sayı artıb. Bu da mövcud jurnalistik meyillərin müsbətə doğru irəliləməsinə
xüsusi töhfə və təkan verib. Mətbuat azadlıqların təmin edilməsi və mediaya
qayğı keyfiyyətcə yeni KİV formalaşdırıb. Məhz bu ərəfədə Azərbaycan mətbuatında
ilk fundamental keyfiyyət dəyişiklikləri meydana gəlməyə başlayıb. Bu isə
bütövlükdə müstəqil Azərbaycanın mətbuat tarixində keyfiyyət etibarilə yeni mərhələnin
başlanmasını şərtləndirən əlamətdar bir hadisə olub”.
H.Babaoğlu vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən
atılan bütün bu addımlar və görülən tədbirlər Azərbaycan mətbuatının inkişafına
xüsusi töhfələr bəxş edib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər
və həyata keçirilən islahatlar nəticəsində mətbuatda hökm sürən neqativ
tendensiyaların tədricən sıradan çıxması müşahidə edilməyə başlandı. Beləliklə,
konkret cinayətlər törətmiş və məsuliyyətə cəlb edilmiş - "KİV
haqqında" qanunun tələblərini pozmuş, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə
zidd hərəkətlərə yol vermiş jurnalistlərin hüquqi və ictimai-mənəvi müstəvidə cəzalarının
yüngülləşdirilməsi üçün müvafiq addımlar atıldı. Ümumilikdə 144 yaşlı milli mətbuatımız
ötən zaman ərzində böyük inkişaf yolu keçib. Bu gün isə mətbuata xüsusi dövlət
qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə
azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və
maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli
fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın
inkişafını şərtləndirən fundamental amillər kimi dəyərləndirilməlidir”.
AMEA-nın Tarix
İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov bildirib ki, KİV Azərbaycanın dövlətçilik
maraqlarını hər şeydən uca tutaraq yüksək peşəkarlıq nümayiş etdirir. O, Azərbaycan
mətbuatının hazırda uğurlu inkişaf dövrünü yaşadığını dilə gətirib. Akademik əlavə
edib ki, Prezident İlham Əliyev mətbuatımızın inkişafının qayğısına qalaraq Azərbaycan
jurnalistlərinin bütün sosial problemlərini müntəzəm olaraq yüksək səviyyədə həll
edir: "Milli-mənəvi dəyərlərimizin, müasir uğurlarımızın və tariximizin təbliğ
olunmasında Birinci vitse-prezident Mehriban xanım Əliyeva və onun prezidenti
olduğu Heydər Əliyev Fondu çox mühüm rol oynayır. Biz fəxr edə bilərik ki,
milli mətbuatımızın böyük tarixi var. 1875-ci il iyulun 22-də görkəmli ziyalı Həsən
bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlayan "Əkinçi”
qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazıb. Qəzet
dövrün qabaqcıl ideyalarını təbliğ edib, insanları dini mövhumata və cəhalətə
qarşı mübarizəyə çağırıb. Bu, ictimai fikir tariximizin böyük nailiyyətidir. Bu
gün mətbuat müstəqil dövlət, sivil, demokratik vətəndaş cəmiyyəti
quruculuğunda, iqtisadi və sosial islahatların həyata keçirilməsində, cəmiyyətdə
sosial ədalət və şəffaflığın təmin edilməsində, insan hüquqlarının müdafiəsində,
həmrəylik və tolerantlıq mühitinin yaradılmasında, milli şüurun, siyasi mədəniyyətin
və bütövlükdə sağlam və mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayır.
Hazırda ölkəmizdə həyata keçirilən bütün bu proseslərin mətbuatın, kütləvi
informasiya vasitələrinin iştirakı olmadan reallaşdırılması təsəvvür edilə bilməz”.
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev də bildirib ki, ulu öndər Heydər Əliyevin 1993-cü
ildə hakimiyyətə yenidən qayıdışı ilə siyasi həmlələrdən, təzyiqlərdən,
buxovlardan qurtulan milli mətbuatımız Prezident İlham Əliyevin rəhbərliyi ilə
müasir demokratik cəmiyyətdə mühüm rol oynamağa başlayıb. Onun sözlərinə görə,
respublikada mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini
azad şəkildə ifadə etməsi üçün bütün imkanlar yaradılıb: "Prezident İlham Əliyev
Azərbaycan milli mətbuatının yaranmasının dövlət səviyyəsində qeyd edilməsinə,
yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsinə, fəxri
adlar almasına, onların sosial məsələlərinin həllinə xüsusi önəm verilməsinə,
habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsinə böyük
önəm verir, jurnalistlərin əməyinə xüsusi həssaslıqla yanaşır. 144-cü ili tamam
olan milli mətbuatımız bundan sonra da keyfiyyətcə yeni mərhələdə sağlam
jurnalistika dəyərləri əsasında fəaliyyət göstərəcək, cəmiyyət qarşısındakı
sosial məsuliyyətini unutmayacaq, bəzi qüvvələrin Azərbaycanda mövcud olan
plüralizmdən istifadə edib dövlətimizi, millətimizi nüfuzdan salmağa yönəlmiş fəaliyyətinə
biganə qalmayacaq, dövlət - mətbuat, vətəndaş-mətbuat münasibətlərinin sivil
yolla nizamlanmasını, jurnalist etikasına əməl olunmasını, obyektivlik, peşəkarlıq,
qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik hisslərinə, aktual problemlərə
diqqət yönəldilməsini, milli-mənəvi dəyərləri və dövlətçilik maraqlarına hörmət
prinsipini daim əldə rəhbər tutacaq”.
Alpər TURAN