• cümə axşamı, 25 aprel, 16:27
  • Baku Bakı 23°C

Çəkilin, Makedonla Namiq vuruşurlar

15.01.14 09:28 1585
Çəkilin, Makedonla Namiq vuruşurlar
Atışma davam edir. Hələ ki, tərəflərin gülləsi bitənə oxşamır. Piyadalar haranı olsa eşələyib güllə-arqument tapıb çıxara bilirlər. Hər iki tərəf də daha çox silah-sursata malik olduğunu iddia edir. Gəlin, əvvəlcə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının bombardmanını izləyək. O, yanvarın 13-də, axşam saatlarında facebook profilində “Niyə susursan, İsa Qəmbər?” başlıqlı status paylaşıb. Qeyd edib ki, Müsavat tərəf onların bu cür reaksiya verəcəklərini gözləmədiklərindən belə əsəbi, qəzəblidir: “İş üstündə yaxalanıblar. Düşünürdülər ki, biz sadəcə olaya öz təəssüfümüzü bildirəcəyik, siyasi etika xətrinə də hələ bir yaxşı yol arzulayacağıq. Ancaq bu dəfə belə olmadı. 2005-ci ildə "Azadlıq" Blokundan çıxıb gedəndə biz belə davranmışdıq. Dişləri şirəyə batmışdı, ancaq bu dəfə belə olmadı. Biz bu olaya münasibət soruşulan ilk andan bütün planları açıb tökdük”.
Sədr müavini arxayındır ki, xalq hər şeyi görür: “Bu proses başlayandan Müsavat başqanı İsa Qəmbər susur, baş verənlərə münasibət bildirməməyə çalışır. Çünki ortalıqda çirkin bir siyasi alver məsələsinin söz konusu olduğunu görüb özünü, reputasiyasını təmiz saxlamağa çalışır. Ancaq bu, mümkün deyil, İsa bəy”.
F.Qəhrəmanlının fikrincə, çirkab suya girib təmiz çıxmaq mümkün olmadığı kimi, İsa Qəmbərin də reputasiyasını təmiz saxlamaq cəhdi alınmayacaq: “İsa bəy, niyə danışmırsınız, niyə çıxıb “Mlli Şuranı nədən tərk etdik” suallarına cavab vermirsiniz? 2003-cü ildə sadə müsavatçıları meydanda başsız qoyub 40 gün evinizdən çölə çıxmadınız, 2005-ci ildə mitinqçiləri Əli Kərimli, Lalə Şövkətlə meydanda qoyub arxa tərəfdən getdiniz. Hə, indi bunları yada salıb gərgin məqamlarda sizin ortalıqda görünməmək kimi bir huyunuzun olduğunu xatırladım. Ancaq axı insanlar sizin “Rauf Arifoğluna qarşı çıxanlar mənə qarşı çıxır” dediyinizi unutmayıblar.
Yaxşı ki, bütün kartlar açıldı, yəqin içində olduğunuz oyunları nəzərdə tutub demişdiniz ki, bu il bir çox maskalar cırılacaq. Buyurun İsa bəy, indi sizin gerçəyinizi hər kəs görür, daha susmağa ehtiyac yoxdur. Bəlkə də İsa bəy, insan kimi sizi başa düşmək olar, yaşlanmısınız, Müsavat Partiyasının yerli təşkilatlarının əksəriyyəti dağılıb, vaxtı ilə ətrafınızda olmuş insanların çoxu bu gün sizi tərk edib. İndi siz ömrünüzün siyasətdən sonrakı dövrləri üçün bir "gün ağlamaq" qayğıları ilə yaşayırsınız”.
“Yeni Müsavat” qəzetinin yazarı Xalid Kazımlı da söhbətin uzandığını əsas gətirərək bu mövzuda növbəti yazısını dərc etdirib. Vurğulayıb ki, 1993-cü ildən ta 2013-cü ilə qədər davam edən, 2013-cü ildə xüsusi rəng və şiddət alan psixoloji terrora, şantaja, şərləmələrə təhəmmül etmək mümkün deyil: “Əslində, heç də hər şey göründüyü, təqdim olunduğu kimi deyil. Xalq doğrudan da hər şeyi bilməlidir. Zatən, başımıza gələnlərin hamısı müxalifət düşərgəsində qazanların daima örtülü qaynaması üzündəndir. Bir tərəf olan-olmayan hər şeyi mediaya sızdırdığı halda, o biri tərəf illər boyu susmağa, hər şeyi malalamağa çalışıb. Nəticə ortadadır”.
Yazar ötən dəfəki yazılarından birində Əli Kərimlini “təriqət mürşidi” adlandırmasının izahını belə açıqlayıb: “Dünya üzərində xeyli radikal dini qruplaşmalar var, onlar “bizdən olmayan hər kəs bizə düşməndir və qanı, malı halaldır” deyə özləri üçün tam antibəşəri, heç bir qanuna, hüquqi əndazəyə sığmayan məramnamə tərtib ediblər. Ə.Kərimlinin dəstəsində xeyli sayda o təfəkkürdə olan adamlar var və onlar sosial şəbəkələrdə, demək olar ki, bənzər fikirlərlə çıxış edirlər. Ən populyar ifadə “Qoy hakimiyyətə gələk”dir. Bu ifadənin ardınca çox radikal arzular səslənir”.
X.Kazımlı diqqətə çatdırıb ki, nəyin bahasına olursa-olsun hakimiyyət əldə etmək istəyən, bu yolda hər bir qüvvə (daxili, xarici - fərqi yoxdur) ilə əməkdaşlığa hazır olan təriqət heç zaman hakimiyyətə gələ bilməz: “Qoy hər kəs öz yoluyla getsin. Kim istəyirsə, “riskə getmək istəməyən şampan içə bilməz” devizi ilə insanların həyatını risk qarşısında qoysun, görək xeyir tapacaqmı? Əli Kərimli və onun partiyası isə hakimiyyəti dərhal, bu gün, bu saat istəyir və dəyişiklik tələb edən xalqın buna hazırlıq əmsalını, mövcud siyasi situasiyanı, qüvvələr nisbətini nəzərə almır. Onlar ölkədə baş verən hər bir xoşagəlməz hadisənin “xalqı ayağa qaldırmaq” üçün əlverişli faktor olacağını düşünür və təkcə bunun belə olmasını arzulamırlar, həm də kənardan təsir göstərməklə bu cür alınmasına çalışırlar”.
Yazı müəllifi onu da vurğulayıb ki, ilk gündən ta İsa Qəmbər namizədliyini Milli Şuranın namizədlərinin (Rüstəm İbrahimbəyov və Cəmil Həsənli) xeyrinə geri götürdüyünü elan edənə qədər peşəkar və sosial mediada şantaja, təzyiqlərə məruz qaldı. Onu “şəxsi ambisiyasına görə xalqın maraqlarını nəzərə almayan”, “müxalifəti parçalayan”, “müxalifət düşərgəsinin birliyinə mane olan”, “pozucu”, “dağıdıcı”, bir sözlə, “cümlə xəyanətlərə bais” kimi qələmə verir, yamanlayırdılar. Axırda nə oldu? Müsavat başqanı namizəd olmadı, vahid namizədə var gücü ilə dəstək verdi: “Bəs qazancı nə oldu? İndi də onu “hakimiyyətə işləyən”, “hakimiyyətin əlinə oynayan” kimi epitetlərlə bəzəyirlər”.
Gördüyünüz kimi, tərəflər bir-birini xəyanətdə ittiham edirlər. Sözün düzü, bu məsələyə şərh vermək istəməzdik. Yaxşı olar ki, özünüz nəticəyə gələsiniz. Onu da qeyd edək ki, kənardan bitərəf olaraq izləyənlər bu “rinq”in sonunu, hansı tərəfin nokauta düşəcəyini maraqla gözləyirlər. Anadolu türkləri demiş, “yazık oldu”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər