• şənbə, 20 Aprel, 08:45
  • Baku Bakı 14°C

Əkəndə də, biçəndə də ortaq qardaş...

14.11.13 09:29 1984
Əkəndə də, biçəndə də ortaq qardaş...
Kənd təsərrüfatı istehsalçılarının növbəti 5 il ərzində vergilərdən azad olunması məsələsi gündəmdədir. Milli Məclisin Aqrar siyasət komitəsinin bir neçə gün əvvəl keçirilən iclasında “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanuna dəyişikliklər müzakirə olunub. Layihəyə görə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər 2014-cü il yanvarın 1-dən başlayaraq 5 il müddətinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi və fiziki şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar.
Qeyd edək ki, bu güzəştlər ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bəzi ekspertlərin qənaətincə, kənd təsərrüfatı istehsalçılarına güzəştlərin edilməsi Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə problem yaradacaq. Odur ki, bu güzəştlər ləğv edilməlidir. Lakin Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, indiki halda mövcud vergi güzəştlərinin ləğvi fermerlər üçün ciddi problemlər ortaya çıxara bilər. “Həftə içi”nə açıqlamasında V.Əhmədov deyib ki, Azərbaycan ərzaq ehtiyaclarını tam ödəməyincə, güzəştlərin ləğvi çətinlik yarada bilər: “Təbii ki, vaxtilə mövcud güzəştlər tətbiq olunanda dövlət bu sahənin inkişafını stimullaşdırmaq məqsədi güdürdu. Hazırda isə belə güzəştlər təkcə kənd təsərrüfatında deyil, ölkənin digər aparıcı sahələrində də tətbiq olunub. Amma etiraf etmək lazımdır ki, biz hələ bu sahədə ciddi irəliləyişə nail olmamışıq”.
Millət vəkili ölkə prezidenti tərəfindən Azərbaycanda ərzaq təhlükəsizliyi barədə xüsusi Dövlət Proqramının qəbul olunduğunu xatırladaraq bildirir ki, həmin sənəddə Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı konkret tələblər qoyulub. Onun sözlərinə görə, Dövlət Proqramında qarşıya qoyulan tələblərə əsasən, kənd təsərrüfatı sektoru inkişaf etdirilməklə ölkəmizin idxaldan asılılığı aradan qaldırılmalıdır: “Lakin bu gün fakt odur ki, Azərbaycan idxaldan asılı ölkədir. Ona görə də kənd təsərrüfatı sektorunda stimullaşdırıcı tədbirlər həyata keçirilməli və vergi güzəştlərinin müddəti uzadılmalıdır”.
V.Əhmədov sözügedən sektorda vergi güzəştlərinin tətbiqinin Azərbaycanın ÜTT üzv olmasına müəyyən maneələr yaratması barədə fikirlərə də münasibət bildirib. Onun sözlərinə görə, yaxın 1-2 ildə ölkəmizin sözügedən təşkilata üzv olması real görünmədiyindən, güzəştlərin müddətini artırmaq olar: “Düzdür, bu məsələ adıçəkilən quruma üzvlük prosesində müəyyən maneələr yarada bilər. Amma bir məsələ nəzərə alınmalıdır ki, ölkəmizin bu quruma üzv olması üçün hələ danışıqlar gedir. Bu baxımdan güzəştlərin müddətini uzatmaq olar və biz də bunun tərəfdarıyıq”.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev isə məsələyə münasibət açıqlayarkən güzəştlərin uzadılması ilə bağlı təkliflərin hazırlandığını bildirib. Onun sözlərinə görə, təkliflər paketi yaxın günlərdə hökumətə təqdim olunacaq: “Kimin nə deməsindən asılı olmayaraq, biz hesab edirik ki, vergi güzəştləri qüvvədə qalmalıdır. Çünki fermerlərin hələlik bu imtiyazlara ehtiyacı var. Güman edirik ki, hökumətin bu məsələ ilə bağlı fikri nazirliyin yanaşması ilə üst-üstə düşəcək”.
İqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, hökumətin açıqladığı rəqəmlər göstərir ki, kənd təsərrüfatında istehsal olunan illik məhsulun 95 faizə qədəri ailə-kəndli təsərrüfatlarında yaranır: “2005-ci ildə qəbul olunmuş müvafiq qanuna görə isə, ailə-kəndli təsərrüfatında çalışanlar sahibkar deyil. Nazirlər Kabinetinin normativi var ki, illik adambaşına 2200 manatdan aşağı dövriyyəsi olan fermer təsərrüfatları sahibkar sayılmır. Yəni bu gün güzəşt edilən vergilər sabah bərpa olunsa belə, indiki kənd təsərrüfatı istehsalçılarının əksəriyyəti o vergilərin subyektinə çevrilməyəcəklər. Bu baxımdan, bu vergi güzəştlərinin kənd təsərrüfatında ciddi inkişafa səbəb olduğunu deyə bilmərəm. Lakin bu güzəştlər yavaş-yavaş bəzi fermer təsərrüfatlarının yaranmasına səbəb olacaq. Hansı ki, indinin özündə dövlətin yardımı ilə elə dövlət torpaqlarında böyük fermer təsərrüfatları yaranmaqdadır. Bunlar bir növ kiçik fermer təsərrüfatlarına alternativ kimi yaranır və həmin vergi güzəştlərindən istifadə edəcəklər”.
O ki qaldı güzəştlərin ÜTT üzvlüyünə problem yaratması ilə bağlı deyilənlərə, ekspertin sözlərinə görə, Azərbaycan hələlik təşkilata üzvlükdə o qədər də həvəsli görünmür: “Digər tərəfdən, ÜTT haqqında sərt təsəvvür formalaşdırılıb ki, təşkilata üzv olan kimi güzəştlərin hamısı kəsiləcək. Əvvəla, üzvolma zamanı müəyyən bir dövr möhlət verilir, ikincisi, bilirsiz ki, zənbillər var və onlara uyğun olaraq verilən yardımların növləri var. Yəni yardımların həddi qoyulur və Azərbaycanda bu gün kənd təsərrüfatına verilən birbaşa və dolayı yardımlar o qədər deyil ki, təşkilata üzv olmaq üçün problem yaratsın”.
R.Ağayev bildirdi ki, aqrar sektorun inkişafı ilə bağlı kompleks yanaşmanı özündə əks etdirən strategiya qəbul olunmalıdır. Bu strategiyadan doğan xüsusi sahə proqramları olmalıdır. Proqramlarda isə məsələn, südçülük, ətçilik, çoxillik bitkilərin əkinçiliyi və s. istiqamətləri əhatə edən alt proqramlar əksini tapa bilər: “Bu gün fermerlərə subsidiyaların verilmə mexanizminə də yenidən baxıla bilər. Burada məhsul istehsalının həcminə görə subsidiya verilməsi daha arzuolunandı. Həmçinin subsidiyaların verilməsində tam şəffaflığa nail olmaq üçün siyahıları bələdiyyələr vasitəsilə tutmaq və ictimaiyyət üçün açıq etmək lazımdır”.
Məlumat üçün bildirək ki, kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə ölkə prezidentinin 1999-cu il 22 mart tarixli fərmanı ilə kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən 5 il müddətinə azad edilib. Sonradan bu qanunun müddəti bir neçə dəfə uzadılıb və bu güzəştlər 2014-cü ilə qədər qüvvədədir. Ümumilikdə isə kənd təsərrüfatı işçiləri 9 növ verginin yeddisindən azaddırlar.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər