AZE | RUS | ENG |

Əjdaha insan

Əjdaha insan
Bələkdən aktyor
 
Şərq əlbəyaxa döyüş filmləri əfsanəsi Brüs Li çəkiliş zamanı bir saniyədə cəmi 24 kadr tuta bilən kameraya problem yaradıb. Çünki onun yumruq zərbələrinin sürəti saniyədə 34 kadr qeydə ala bilən texnika tələb edirdi. 
Brüs Li dolu kola bankasını (o vaxtlar kola  indikindən qalın polad qablarda olurdu) barmağı ilə güllə kimi deşirdi.
Brüs Li düyü dənəsini havaya atıb tullanaraq  yemək çöpləri ilə onu göydə tuta bilirdi.
Nunçakla (zəncirli döyüş çubuqları) stolüstü tennis oynayırdı.
 
***
 
1940-cı ildə Çin Kanton komik opera aktyoru Li Xoy Çen və onun həyat yoldaşı Qreys Li San-Fransiskoda qastrol səfərində olarkən həmin ilin 27 noyabrında ilk övladları Brüs dünyaya gəlir. Brüsün atası Li Xoy Çen təmiz çin əsilli, anası Qreys Li ata tərəfdən Qafqaz, ana tərəfdən isə alman əsilli idi.
Məşhur əfsanənin həyatı elə əvvəldən filmlə başlayır. Belə ki, 3 aylıq Brüsü "Qızların qızıl qapısı” filmində körpə qız uşağı rolunda, 6 yaşında isə "İnsanlığın doğuluşu” filmində küçə uşağı rolunda çəkirlər. Brüs bütün yeniyetmələr kimi döyüş sənəti ilə maraqlansa da əvvəllər bu işlə ciddi məşğul olmamışdı. 14 yaşlı gələcək kinoaktyor 1954-cü ildə "Ça-ça-ça” rəqs dərnəyinə getmiş, 4 ildən sonra Honkonqda bu rəqs üzrə birincilik qazanmış, məktəblərarası boks yarışlarında isə ardıcıl 3 il çempion titulunu saxlayan Hari Elmusu məğlub etmişdi. Bu qələbədən sonra o, məşhur "Yetim” filmində baş rolu oynamaq üçün dəvət almışdı.
Brüs Li 1956-cı ildən o vaxtların ən məşhur kunq-fu ustası İp Mandan bu idman növünü öyrənməyə başlayır. Brüs ustadının kunq-fuda üstünlük verdiyi "Vin-Çun” stilini getdikcə təkmilləşdirərək bu qədim döyüş növünü öz əlavələri ilə xeyli zənginləşdirir. Honkonq yarışlarının daima qalibi olan bu qeyri-adi oğlan kinorejissorların gözündən yayınmır və ən populyar filmlərindən olan "Qəzəb yumruğu” filminə dəvət alır.
Brüs Li nunçakla çox ustalıqla döyüşsə də təsir dairəsində olan şagirdlərə "Vin-Çun” təlimlərində əsasən, silahsız döyüşməyi öyrədirdi.
Gərgin məşqlər bahasına o, dzü-do, boks və ciu-citsunu mükəmməl öyrəndikdən sonra kun-fuda özünün "cit-kun-do” adlı stilini yaratmışdı.
 
Amerika Li
 
Brüs 19 yaşında vətəndaşlıq sənədlərini sahmana salmaq üçün Amerikaya yollanır. Sonradan o, San-Fransiskodan Sietli şəhərinə, atasının yaxın dostu Rubi Çou adlı xanımın yanına gedir. Rubi xanım Brüsü öz restoranında ofisant işinə götürür. O, idman karyerasını inkişaf etdirməklə yanaşı,  Edissonun texniki məktəbində təhsil alır. Texniki məktəbi bitirdikdən sonra 1964-cü ildə Vaşinqton universitetinin fəlsəfə fakültəsinə daxil olan Brüs orada 17 yaşlı Linda Emeri ilə tanış olur və onlar tezliklə evlənməyi qərara alırlar. Bu evlilikdə onların Brendon (1965) adlı oğulları və Şennon (1969) adlı qızları dünyaya gəlir.
Brüs artıq Amerika seriallarında özünün qeyri-adi döyüş sənətini müxtəlif rollarda  nümayiş etdirir. Getdikcə populyarlaşan kun-fu ustasına məşhur filmlərin döyüş səhnələrini canlandırmaq üçün üst-üstə təkliflər gəlirdi. Həmin illərdə "Ölüm oyunu” adlı filmdə şagirdi ilə qurduğu döyüş səhnəsində kun-funun bəzi sirlərini açan Brüs artıq ulduza çevrilir. Lakin filmlərdə arzuladığı baş rolu ala bilməyən Brüs əsəbiləşərək Amerikadan Honkonqa köçmək qərarına gəlir. 
 
Li baş rolda
 
1971-ci ildə öz ailəsi ilə Amerikanı tərk edən Brüs həmin vaxtlar Honkonqda təzə açılmış "Golden Harverst” kinostudiyasının direktoru Beymond Çou ilə görüşür. O, "Böyük boss” filmində baş rola çəkilməyə  və əsas döyüş səhnələrini canladırmağa icazə alır. Film bütün Asiya və Amerika tamaşaçılarını heyrətə salır. Bu uğurdan ruhlanan direktor "Qəzəbin yumruğu” və "Əjdahanın qayıtması” adlı filmlərinə daha çox maliyyə yatırır. Yüksək gəlir gətirən həmin filmlər Brüs Linin parlaq karyerasının yüksəliş nöqtəsi olur. 
İdman məşqlərində özünə olmazın cəzalar verən Brüs Li televiziya proqramlarında mütəmadi olaraq düzgün qidalanma haqda şəxsi təlimindən də danışır. Onun mükəmməl bədən sirlərindən biri də ömrü boyu duzdan istifadə etməməsi idi. Məşhur idmançı-aktyor Şvartsnegger deyirdi ki, Brüs Linin bədənində bir qram da artıq yağ yoxdu. 
Məşqlərində qolların  gərilməsi üçün elektrik cərəyanından istifadə etmə də Brüs Linin şəxsi kəşflərindən idi. O, gərgin rollarda çəkilsə də həyatda çox nəzakətli, dözümlü və ətrafındakılara diqqət göstərən bir insan kimi xatırlanır.
 
Ölüm oyunu
 
Brüs Li 20 iyul 1973-cü ildə "Ölüm oyunu” filminin çəkiliş prosesində Honkonqda öldürülür. Əfsanəvi aktyorun məşq zamanı aspirin və meprobamat tabletlərini qəbul etməsi istintaq sənədlərində onun ölüm səbəbi kimi göstərilir.
Sonradan Brüs Linin nəşi Sietli şəhərinə yola salınır və məşhur kunq-fu ustası orada torpağa tapşırılır. Onun məzarı milyonlarla pərəstişkarının ziyarətgahına çevrilir.
Faciə nəticəsində yarımçıq qalmış film isə başqa bir idmançı aktyorun iştirakı ilə beş il ərzində çəkilib tamamlanır. Brüsün yarımçıq iştirak etdiyi bu film sifarişçilərə gözlənilməz məbləğdə pullar qazandırır.
Brüs Linin ölümü haqda səslənən versiya və əfsanələr indiyə qədər səngimək bilmir. Bu sırada ən qabarıq versiyalar aşağıdakılardı:
Birinci versiya: Aktyor zəhərlənmiş tablet qəbul etdiyinə görə beyin qansızmasından ölmüşdü.
İkinci versiya: Brüs Li ilə rəqabətə dözməyən aktyorlar onu zəhərləyib.
Üçüncü versiya: Kunq-funun sirlərini açıq kamera qarşısına çıxardığına görə Çin məbəd kahinləri onu uzaqdan üfürülən zəhərli iynə ilə öldürdülər.
Xanımı Linda Emeri Brüs Linin ölümündən danışarkən bunları söyləyir:
"Brüsün ölümü ilə hamı bacardığı qədər spekulyasiya etdi. Cürbəcür şayiələr, fantastik versiyalar yayıldı. Görünən budu ki, çinlilər öz əfsanəvi qəhrəmanlarının adi insan kimi faciəvi  öldüyünə inanmaq istəmirlər. Brüsün ölümü ilə bağlı Honkonqda altı həftə istintaq getdi. Onun yaxınları, fanatları, hər kəs bu ölümdən sarsılmışdı. Hamı mənimlə çox mehriban davranırdı. İstintaq başa çatdıqdan sonra isə mən Sterlidəki evimizə Brüssüz qayıtdım...
Düşünürəm ki, həyat Brüsə qarşı çox qəddar oldu. Hər kəsdən xahiş edirəm, əsassız şayiələrlə onun ruhunu incitməsinlər...”

Brendon Li – gerçək güllə
 
Lakin həyatın Brüs Liyə qarşı amansızlığı bununla bitmədi.
Məşhur kinoulduzun öldürüldüyü vaxt oğlu Brendon səkkiz yaşında idi. İllər sonra Brendon Li Brüs Linin yolunu davam etdirir və kunq-fu üzrə peşəkar idmançı olur. Məşhur kinoulduzun oğlu kimi onu filmlərdə çəkilməyə dəvət edirlər. Brendon qısa həyatı boyu bir neçə filmdə epizodik rollarda və baş qəhrəman rolunda oynayır.
1994-cü ildə "Qarğa” filminin çəkilişləri ərəfəsində, obrazın güllələndiyi səhnəsini  canlandırdığı zaman aktyor-idmançıya həqiqətən atəş açılır. Hansısa gizli əl silaha boş giliz əvəzinə dolu giliz qoyur...
Moskva Dövlət Universitetində təhsil alan yapon tələbə Brendonun ölümü haqda bir vaxtlar mənə söylədi ki, qarnından və onurğa sütunundan güllə yarası almış aktyor yıxılıb yerdə xeyli qıvrılarkən dostları onun bu hərəkətini çəkilişdən sonrakı zarafatı kimi yozurlar. Hətta hadisəni düzgün anlamayan rejissor "əla rol oynadığına  görə” bir neçə dəfə "bravo, Brendon!” – deyə, gülərək əl çalır.
Bir xeyli vaxt keçdikdən sonra aktyorun həqiqətən güllələndiyini görən heyət onu təcili xəstəxanaya götürür. Lakin həkimlər çoxlu qan itirmiş Brendon Linin həyatını xilas edə bilmirlər. Beləcə, Brendonun anası Linda xanım həyat yoldaşı Brüs Lini torpağa tapşırarkən onun  qəbri yanında öz dəfni üçün ayırdığı yerdə 28 yaşlı oğlunu dəfn etməli olur...

Murad Köhnəqala

 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056