• çərşənbə, 24 Aprel, 23:16
  • Baku Bakı 23°C

Ehtiyatlı olun, hotelinizə gizli müştərilər gələcək

10.12.18 09:22 744
Ehtiyatlı olun, hotelinizə gizli müştərilər gələcək
"Azərbaycanda yeni ulduz təsnifatlaşdırma sistemi tətbiq edildikdən sonra hotellərə gizli müştərilər göndəriləcək”.
Bunu Trend-ə Azərbaycan Hotel Assosiasiyasının (AHA) baş icraçı direktoru Günay Sağlam deyib. Baş icraçı direktorun sözlərinə görə, hotellərə verilən ulduzlar 4 il qüvvədə olacaq. Buna görə də, ulduz təsnifatlaşdırılması 4 ildən bir keçiriləcək. AHA rəsmisi əlavə edib ki, ulduz veriləndən 2 il sonra gizli müştəri hoteli ziyarət edəcək və bununla da mehmanxananın həmin ulduza uyğun xidmət göstərib-göstərmədiyi müəyyənləşəcək. G.Sağlam qeyd edib ki, təsnifatlaşdırılma ilə bağlı hotel sahiblərinə əvvəlcədən məlumatlar veriləcək: "Bununla bağlı internet saytda məlumatlar yerləşdirəcəyik. Hotelçilər sayta daxil olaraq, təsnifatlaşdırma zamanı hansı kriteriyalara diqqət yetiriləcəyini oxuyub prosesə daha yaxşı hazırlaşa biləcəklər. Ona görə də, məncə, hotellər üçün bu proses çətin olmayacaq".
Assosiasiyanın baş icraçı direktoru bildirib ki, hotellər köhnə sistemlə aldıqları ulduzları dəyişməlidirlər. O, ulduz təsnifatlaşdırma sisteminin gələn ilin sentyabr-dekabr aylarından başlanacağını da söyləyib: "Biz milli ulduz sistemini yaradırıq. Bununla bağlı Avropa təcrübəsini əsas götürmüşük". G.Sağlam əlavə edib ki, ulduz təsnifatlaşdırılmasından keçməyən hotellərə bu prosesdən təkrar keçmək üçün vaxt veriləcək: "Bizim əsas işimiz hotelləri qorxutmaq deyil, onlara dəstək verməkdir. Marketinq məqsədilə həyata keçirilən ulduzalma prosesi hotellərin regional, dünya miqyasında tanınmasına xidmət edəcək".
Yeni təsnifatlaşma sisteminin hotellərin fəaliyyətinə necə təsir edəcəyini öyrənməyə çalışdıq.
Ümumdünya Sağlamlıq Turizm Təşkilatının prezidenti Ruslan Quliyev qeyd etdi ki, bu addım hotellərin daha professional müstəvidə xidmət göstərməsinə əhəmiyyətli təsir edəcək: "Bu, bütün dünyada aktual olan və turizm sənayesini düşündürən bir məsələdir. Xüsusilə də xidmətin keyfiyyət səviyyəsini artırmaq üçün nəzərdə tutulub. Yəni burada məqsəd hotel sahiblərini qorxutmaq yox, əksinə, onları, işlərini daha yaxşı görmələri üçün stimullaşdırmaqdır. Turizm sektorunda hotel olduqca vacib nüanslardan biridir. Təbii ki, hər bir hotel göstərdiyi xidmətin keyfiyyət səviyyəsinə uyğun ulduz almalıdır. Bu, birdəfəlik medal deyil. Bir neçə ildən bir keçirilən akkreditasiya nəticəsində bəzi mehmanxanaların ulduzlarının sayı artırıla və ya azaldıla bilər. Avropa təcrübəsinin də tətbiq olunması təqdirəlayiqdir. Çünki bir neçə ildir ki, Bakıda və regionlarda hotellərin sayı artıb. Həmin hotellər heç nəyə əsaslanmadan, heç bir müqavilə öhdəliyi olmadan ulduz qoyurlar. Düşünürəm ki, təsnifatlaşma bu sahədə olan problemlərin aradan qalxmasına, hotellərin daha professional müstəvidə xidmət göstərməsinə əhəmiyyətli təsir edəcək”.
"New ERA Travel” turizm agentliyinin rəhbəriElçin Rüstəmov bildirdi ki, bu sistem xaricdə də tətbiq edilir: "Bu məsələ bir müddət əvvəl AHA-nın iclasında müzakirəyə çıxarılmışdı. Hətta, gizli qonaq söhbətini mən daha çox vurğulamışdım. Çünki xaricdə bu, istifadə olunan və dəfələrlə tətbiq edilən sistemdir. Məsələ belədir ki, dünya ölkələrində hotellərə ulduzları verən konkret bir qurum var və həmin qurum daim onları nəzarətdə saxlayır. Xidmət səviyyəsini, müştərilərlə davranış qaydalarını müşahidə edir. Hər bir ulduzun özünün standartı var. Məsələn, əgər hotel 5 ulduzludursa, ona uyğun xidmətlər göstərməlidir. Bura dəniz mənzərəsi, hovuz və bəzi bu kimi xüsusi xidmətlər daxildir. 5 ulduzlu hotelin xidmət səviyyəsi də yüksək olmalıdır. Müştəri zəng vurub yemək sifariş verirsə və ya təmizlik xidmətini çağırırsa, ən geci, 3 dəqiqəyə bunlardan biri qapını döyməlidir. Bu işlərə də bayaq qeyd etdiyim qurum nəzarət edir. Hansı ki, qurumun komissiya üzvləri bəzən gizli qonaq kimi, bəzən də açıq şəkildə otelə gəlib yoxlanışını edir. Əgər hotelin xidmət səviyyəsi onları qane etməzsə, ulduzların sayı aşağı düşürülür. Ona görə də, hotellər ulduzlarını və imiclərini qorumaq üçün daim yüksək keyfiyyətli xidmət göstərməyə çalışırlar. Amma bizdə təəssüf ki, bu sistem hələ ki, tətbiq edilmir. Hotel qeydiyyatdan keçir və ulduzunu alır. Bununla da iş bitir. Onun xidmət səviyyəsini ölçəcək bir meyar olmur. Bu da istənilən halda turizm sektoruna mənfi təsir göstərir. Görünür, Azərbaycan Hotellər Assosiasiyası bu kimi nüansları nəzərə alaraq belə bir addım atmaq qərarına gəlib. Məncə, çox təqdirəlayiqdir”.
Turizm üzrə ekspert Müzəffər Ağakərimov deyir ki, lisenziya vermək məsələsi ləğv edildikdən sonra hotellərin sayında ciddi artım oldu. O qeyd etdi ki, bu məsələdə bəzi suallar doğuran məqamlar var: "Hotellərin sayında kəmiyyət baxımdan artım var, amma həmin artım keyfiyyətdə yoxdur. Təbii ki, bunlara nəzarət edəcək bir qurum, mexanizm olmalıdır. Burada qaranlıq qalan bir məqam da var. Htellərə ulduzların verilməsi ödənişli olacaq, yoxsa, heç bir maddi vəsait ödəmədən həmin ulduzları əldə edəcəklər? Digər tərəfdən, qeyd edilən bu gizli qonaqlar hansı standartlara uyğun olaraq seçiləcəklər? Həmçinin ulduzların verilməsi hansı meyarlara görə olacaq? Tutaq ki, hansısa bir hotelə xidmət səviyyəsinə görə 4 ulduz verilir. Yəni həmin xidmətin 4 ulduza uyğun olduğunu nəyə əsasən müəyyən edəcəklər?”
Ekspert qeyd etdi ki, bu kimi işlər məcburi ola bilməz: "Lisenziya ləğv edildiyi üçün heç bir hotel sahibini bu cür təsnifatlaşmaya qoşulmağa məcbur etmək olmaz. Bu iş tam könüllü olmalıdır. Ən başlıcası isə turizm sahəsində hər hansı qərarı qəbul etdikdə, bunu müxtəlif turizm qurumları ilə məsləhətləşərək etmək lazımdır. Geniş müzakirələr keçirməklə, fərqli insanların fikirləri alınaraq bir nəticəyə gəlinməlidir”.
Günel Azadə
banner

Oxşar Xəbərlər