AZE | RUS | ENG |


Ehtiyatlı olun, bu Füzulidir!

Ehtiyatlı olun, bu Füzulidir!
Qədim, çox qədim ərəb əfsanəsində söylənən iki gəncin "Leyli və Məcnun” adı ilə "cahana faş olan”, Nizami, Füzuli kimi neçə dahinin qələmi ilə sətirlərə süzülən nakam eşqinin qutsal hekayəti bu dəfə Gənc Tamaşaçılar teatrının səhnəsində canlandırıldı. Süjeti az qala, hər kəsə bəlli olan, müəllifi isə çoxları üçün hələ də müəyyən qədər anlaşılmaz qalan "Leyli və Məcnun” poeması öz məna qatı etibarilə yetərincə mürəkkəb ədəbi əsər olaraq yüksək poeziya və təfəkkür nümunəsidir. Odur ki, onun səhnədə özünü necə "hiss edəcəyi”, səhnə dilində danışmağa razılıq verəcəyi mübahisəli məsələdir. 
Doğrudur, bu əsərin musiqili teatr səhnəsində yaşanan uğurlu taleyi nikbinlik oyada bilər, amma unutmaq olmaz ki, qeyd etdiyimiz mədəniyyət faktı iki dahinin – Füzulinin və Üzeyir bəyin, böyük poeziyanın və böyük musiqinin munis "əməkdaşlığı” ilə baş tutub. 
Bəs dramatik səhnə üslubunda həmin əsərlə "dil tapmaq” necə, mümkündür? Bu suala birmənalı cavab tapmaq çətindir, amma indiyədək cəhd edənlər olub və Gənc Tamaşaçılar Teatrının kollektivi də rejissor Nicat Kazımovun rəhbərliyi ilə özündə cəsarət tapıb (sözün müsbət mənasında) bu avantüraya qol qoyub. Bu, adi sözlə ifadə edilsə cəsarətdir, böyük cəsarət, amma sənət baxışı ilə hünər kimi dəyərləndirilməlidir. Çünki ağılla görülmüş böyük işlər, böyük hünər tələb edir. Əlamətdar olan budur ki, N.Kazımov və onun həmfikirləri çiyinlərinə götürdükləri yükün ağırlıq dərəcəsinə, gördükləri işin nəticə etibarilə uğurlu, yaxud uğursuz olacağının fərqinə varmadan bədii niyyətlərinin, yaradıcılıq "mən”lərinin səhnə ifadəsini realizə etməklə təqdirə layiqdirlər.  
N.Kazımovun quruluşunda təqdim edilən "Leyli və Məcnun” tamaşası ilə bağlı təəssüratımızı ondan başlayaq ki, "olmayan qəvvasi bəhri mərifət” (Füzuli) poetik sözün  zirvəsində qərar tutan mənaları dərk etməkdə, onları tamamilə başqa sənətin ifadə vasitələrinin imkan verdiyi dərəcədə səhnə oyunu vahidinə çevirməkdə aciz qala bilər. Çünki sözügedən niyyətdə bulunmaq sənətçidən geniş dünyagörüşü, əhatəli bilik, teatral fəhm, tətbiqi ifadə ustalığı kimi çeşidli istedad tələb edir. Nəzərə almaq lazımdır ki, Füzulinin söz şifri və fikir qıfılbəndləri böyük səriştə və "səbrü-səbat”(H.Cavid) sayəsində açıla bilər. Odur ki, Ehtiyatlı olun, bu Füzulidir, əsrlərdən itkisiz olaraq bizim dövrə qədər gəlib çatan misilsiz milli klassikadır, klassika isə özünə qarşı naşı münasibəti xoşlamır və o, belələrindən amansızlıqla əvəz çıxır. 
Tamaşanın səhnə ssenarisinin müəllifi elə tamaşanın quruluşçu rejissoru Nicat Kazımovdur. Müxtəlif səhnə işləri ilə bədii iştahını, axtarış yanğısını, yenilikçi səylərini bəyan edən Nicat Kazımovu "Leyli və Məcnun” poemasının təcəssümünə sövq edən səbəbi dəqiq bilməsək də, bu cəhdin özünün mənasız və əhəmiyyətsiz olmadığı qənaətindəyik. 
Kompozisiya etibarilə maraq kəsb edən tamaşada quruluşçu rejissor səhnəyə Füzulini və onun məşhur poemasını oxuyan personajları gətirməklə, baxacağımız qəmli eşq hekayətini onların oxunuşu ilə canlandırır, biri digərini əvəz edən səhnələr sanki həmin kitabın səhifələri təsiri bağışlayır. 
Rejissor ən sadə dekorlardan istifadə etməklə, yəni iki kiçik paralel mərtəbələr,  orta  hissədə nisbətən şaquli müstəvi, həmçinin ayrı-ayrı səhnələrdə ştangetlərlə endirilən, yeri gəldikcə bu və ya digər məkanı işarələyən dekorlar, bütövlükdə aktyor ifası üçün geniş oyun ərazisi yaradır. Bu zaman ifaçıların geyim və əlbisələri səhnənin dekor həlli ilə ahəngdarlıq yaratmaqla, nəticə etibarilə tamaşanın əlvan ovqatını tamamlayır. 
Yuxarıda N.Kazımovun bütün əvvəlki tamaşalarda ona xas olan bədii yanğısını qeyd etdik. Burada onu da əlavə edək ki, "Leyli və Məcnun” tamaşasında quruluşçu rejissor bir sıra maraqlı səhnə tapıntıları ilə diqqəti cəlb edir. Belə ki, onun istər bütövlükdə tamaşanın, istərsə də ayrı-ayrı səhnələrin və obrazların yozumundakı sözün müsbət mənasında gözlənilməz ifadə həlli, həmçinin irili-xırdalı səhnə kəşfləri  rejissorun axtarış səylərinin nəticəsi sayılmalıdır. 
Tamaşanın maraqlı və dəyərli estetik keyfiyyəti olaraq qeyd etmək lazımdır ki, N.Kazımov məşhur poemanın yaddaşlarda iz buraxan stereotip təəssüratlarını sanki dəyişməyə çalışır, öz yaradıcı təxəyyülündə formalaşdırdığı yozum məntiqi ilə tamaşaçını "yoluxdurmaq”la, onu səhnədə təqdim etdiyi hadisələri başqa baxış bucağında dəyərləndirməyə sövq edir. 
Bu zaman quruluşçu rejissor poemanın sevimli qəhrəmanlarını digər quruluşlarda gördüyümüz bədii çərçivədən çıxarmağa, onları ilahi eşq romantizmindən daha çox müasirlərinin anlaya biləcəyi sadə həyat həqiqətlərinə yaxınlaşdırmağa cəhd edir. Məhz bu cəhdlərində bəzən ölçü hissini itirən rejissor, sanki yuxarıda qeyd etdiyimiz kimi, Füzulinin qəzəbinə gəlir. Belə ki, bütün hallarda, ən nəcib, xeyirxah sənətçi niyyətlərinə baxmayaraq, quruluşçu rejissor əsərin müəllif məramına ehtiyatla yanaşmalı, əsərin mükəmməl söz sənəti abidəsi, tamamilə başqa ədəbi növə (poeziyaya) aid olduğunu, oxunuş üçün yazıldığını  qəhrəmanların bədii-fəlsəfi mahiyyətini nəzərə almalı idi. Burada hər hansı sapmalar, yozum sərbəstliyi öz taleləri ilə məşhur poemanın əsas məna qatını təşkil edən poetik obrazların təhrif edilməsi deməkdir. Bu isə, nə az, nə çox, ədəbi əsərin tamaşada nəzərdə tutulan ali məqsədinin səslənməsinə, tamaşaçı qavrayışının dürüstlüyünə başlıca əngəl ola biləcək  müqavimətini yarada bilər. Çünki ədəbi materialın (xüsusilə "Leyli və Məcnun” kimi əsərin) teatr sənətinin dil, ifadə üslubuna adaptasiyası əməliyyatında yol verilən ilk baxışda ən kiçik yanlışlıqlar belə uğursuz nəticələrə yol açır. 
Kim bilir, bəlkə "Məcnunların eşqinin yaşandığı” (S.Vurğun) bizim zəmanədə, informativliyin əsil biliyə və mənəviyyata istehza etdiyi dövrdə, Füzulinin ilahi eşq konsepsiyasını cəmiyyətimizin yeni nəslinə xatırlatmaq nəcib niyyət kimi daha bərəkətli ola bilərdi.
Tamaşanı izlədikcə, aşkar görünür ki, əsərdəki poetik düşüncələrin başlıca olaraq sözlərdə ifadəsini tapan hikmətinin səhnə oyununu qidalandıra biləcək əməl gücü zəifdir. Poemadakı fikirlərin klassik Şərq poeziyasına məxsus bədii ornamental ifadəsi, əruzun möcüzəkar ahəngindəki heyrətamizliyi, onun teatr vasitələri ilə aktyor ifaçılığındakı əməl xəttinin təzahüründə bir qədər sadələşdirilir. Bu isə, rejissorun bütün istedadını, yaradıcılıq məharətini səfərbər etsə belə, poemanın səhnə ssenarisinin təcəssümündə özünün teatr ekvivalentini tapmaması qənaətini yaradır. Halbuki məhz aktyorların təqdim etdikləri obrazların plastik rəsmindəki, emosional səhnə yaşantılarındakı uğurları, ayrı-ayrı gəlişlərdəki ifaçılıq ustalığının nümayişi olduqca yüksəkdir və  rejissorun onları bədii niyyət ətrafında ansambl oyuna kökləmək bacarığı öz uğurlu nəticəsini büruzə verir. 
Quruluşçu rejissorun tamaşanın kompozisiyasında xüsusi yer verdiyi hadisələrin mərkəzində təbii ki, Leyli və Məcnun obrazları durur. Bu məsələdə müəllifə həmrəy mövqeyini yozum prinsiplərində bəyan edən rejissor hadisələrin dinamizmində gərgin vəziyyətlərin doğurduğu emosional partlayışlara, psixofiziki oyun sərgiləyən ifaçılara geniş özünüifadə imkanları verir, Plastik səhnə ifadəliliyi ilə diqqət çəkən  B.Həsənov (Məcnun), səmimi səhnə məlahəti və özünəməxsus oyun tərzi ilə yadda qalan hər iki ifaçı S.Məmmədova (Leyli) və A.Atakişiyeva həmin imkanlardan bacarıqla istifadə edirlər. Onların bəzi səhnələrdəki oyunlarında rejissorun yozum məntiqinə uyğun gəlməyən temperament əvəzinə isterika nümayişi müşahidə edilsə də, bir küll halında, həmin ifalar uğurludur. Doğrudur, Məcnunluğun füsunkar cazibəsindəki sufilik işartıları, Leyla eşqinin bəlasına mübtəlalığın cahilin anlamayacağı səfanın hikməti açılmasa da, bunu quruluşçu rejissorun yox, teatr sənətinin ifadə kasıblığı ilə izah etmək daha doğru olardı. Ən azı ona görə ki, Füzuli bizim, nəinki bildiyimiz, hətta arzu etdiyimiz səhnə vasitələri zənginliyindən belə qat-qat zəngindir. Onun miqyası kainatla müqayisə edilə bilər, poetik  hünəri isə ilahi möcüzə kimi izahedilməzdir.  
Biz, N.Kazımovun yozum məntiqinə və səhnə mizanları prinsiplərinə toxunmuruq, çünki bu, rejissor kimi onun  yaradıcılıq səlahiyyətinə aiddir. Amma bu və ya digər səhnənin bədii həlli, yaxud aktyor ifaçılığında müşahidə edilən qüsurları qeyd etməyi vacib hesab edirik. Ona görə ki, məhz aktyor ifaçılığında  buraxılan səhvlər rejissorun təcəssüm prosesi zamanı nəzərdə tutduğu ideya-bədii məqsədinin  hədəfdən yan keçməsi ehtimalını  artırır. 
Bundan başqa, fikrimizcə, ədəbi əsərin səhnə əsərinə çevrilməsi prosesində konfliktin estetik kateqoriya kimi yox, səhnə mübarizəsinin dominant səbəbi olaraq oyun vahidi şəklində təqdimatında səhlənkarlıq var. Yəni, effektli bədii səhnə tapıntılarına aludəlik, bəzi məqamlarda yaradıcı heyəti əsas mətləbdən, faciəni labüdləşdirən antoqonist qarşıdurmanın təcəssümü işindən yayındırmışdır.
Bununla bərabər onu da qeyd etməliyik ki, "Leyli və Məcnun”un  tamaşaçılarda oyatdığı xoş təəssüratlar da diqqətimizi çəkdi. Burada tamaşaçı marağına hesablanan ifadəli səhnə oyunu öz səmərəsini verir. Amma "Kəbə evini ziyarət”, "Leyli rəfiqələri ilə”, "Məcnunun atasının elçiliyi”, yaxud bəzi kütləvi səhnələr, həmçinin rəqslərin qeyri peşəkar ifası və nəğmə  oxunması  epizodları öz uğursuz səhnə həlli ilə tamaşanın bədii təsir gücünü azaldır. Əlavə edək ki, "Qeysin Leyli ilə ilk görüşü”, "Leylinin anası ilə ilk söhbəti”, "İbn Səlam və Leyli” kimi bir sıra səhnələr də yarımçıq təsiri bağışlayır və onların daha mükəmməl işlənməsinə ehtiyac duyulur. Çünki ən sadə şəkildə götürsək, dialoqlarda hər hansı iki obrazın ifaçıları olan tərəf müqabillərin qarşılıqlı əməl xətti "oxunmadığı” üçün həmin səhnənin məna təsiri zəifləyir, onların sənət bacarığı isə müəllif mətnini sadəcə eşitdirməyə sərf edilir, halbuki hər bir səhnə özündən sonrakının məna pilləsidir. Yəni tamaşanın əməl zəncirində hər bir həlqənin mövcudluğu onun bədii tamlığını təmin etdiyi üçün mühümdür. 
Yuxarıda tamaşanın hadisələrinin dinamikasının, ayrı-ayrı səhnələrdə aktyor oyununun tempo-ritminin  kifayət qədər yüksək olduğunu qeyd etdik, amma bura onu da əlavə edək ki, məhz bu məqamlarda tərəf müqabillərin dialoqlarında müəllif mətninin sözləri çətin anlaşılır. Belə ki, əruz vəzninin ayrı-ayrı bəhrlərinin tələffüz qaydalarına dürüst riayət etməyən bəzi aktyorlar  bu zaman  artikulyasiya və orfoepiya qaydalarına da məhəl qoymurlar. Aktyorlardan E.Rüstəmov (Nofəl), N.Kazımov (Məvnunun atası), E.Şirəliyev və N.Vəliyev (Leylinin atası), istisna olmaqla, başqa ifaçılarda yuxarıda qeyd etdiyimiz qüsurlar özünü aşkar göstərir. Onu da  deyək ki, bəzi səhnələrdə müəllifin (özü də Fizuli kimi müəllifin) mətninə ifaçılar tərəfindən məişət xarakterli sözlərin əlavə edilməsi, ümumiyyətlə, anlaşılmazdır. 
İstedadına və axtarış əzminə böyük hörmət bəslədiyim N.Kazımov öz yaradıcılıq təbiətinə görə, sənət üslubu etibarilə səhnə obrazlılığına xüsusi əhəmiyyət verən, plastik səhnə dilində danışmağı bacaran rejissorlardandır. Onun səhnə işlərində təsadüfi detal belə görmək mümkün deyil. Bu rejissor səhnə əlbisələrinin yerləşməsinə də özü diqqət yetirir və bu sayaq vasvasılıq çox zaman işin xeyrinə olur. Amma sözügedən tamaşada istər səhnə dekorlarının qurulmasında, istər arxa divarlardakı parçanın qırışığı və natamamlığı sanki onun diqqətindən yayınmışdır. Tamaşada istifadə olunan musiqi parçalarının seçilməsində də tələskənlik özünü açıq göstərir. Amma bütün bunlarla bərabər, işıqların qurulmasından tutmuş ayrı-ayrı səhnə ifadəliliyini artıran müxtəlif  bədii effektlər heç şübhəsiz, tamaşanın emosional energetikasının təsir gücünə uğurla xidmət edir. 
Tamaşadan alınan qənaət belədir ki, quruluşçu rejissor Füzulinin "Leyli və Məcnun” poemasının təsirilə öz fərdi səhnə versiyasını təcəssüm etdirir. Bu zaman o, ədəbi mənbədəki müəllif niyyətini sanki nəzərə almır. Başqa sözlə desək, günəş şüası tək yerə endirilən ilahi eşq qudsallığını yenidən yüksəklərə, Rəbbimizə istiqamətləndirən Füzuli ilə virtual polemikaya cəsarət edən quruluşçu rejissor mətləbi məişət səviyyəsində həll etməklə sadələşdirmə yolunu tutur. Məhz  bu zaman o, (oyun baxımdan nə qədər uğurlu təqdim edilsə də) təəssüf ki, Füzulidən uzaqlaşır.
Füzuli dühasının poetik bəlirtisi olan "Leyli və Məcnun” mövzu və məzmun baxımdan nə qədər zəngindirsə, onun təcəssüm işi də bir o qədər mürəkkəbdir deməklə, bəlli həqiqəti təkrarlamış olsaq da, Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin cəsarətini və fədakar yaradıcılıq əzmini xüsusi olaraq qeyd etməliyik. Tamamilə təbiidir ki, quruluşçu rejissor  Nicat Kazımov da, onun həmfikirləri kimi ətrafında toplaşan yaradıcı heyət də hansı mürəkkəb işə baş qoşduqlarını, hansı ağır yükün altına girdiklərini aydın bilirdilər. Yəni burada bilinməyən və gözlənilməz olan nə isə yoxdur. Sadəcə, konkret ideyanın bədii-estetik səhnə realizəsinə inamla səy göstərən istedadlı insanlar  olaraq hədəf seçdikləri məqsədlərinə doğru, bizim görmək arzusunda olduğumuzu yox, öz sənət istəklərini əsas tutub, bildikləri "ğəmin hərifi olmaq” (Füzuli) yolunu tutublar. 
Biz tamaşa ilə bağlı təəssüratlarımızı müxtəsər şəkildə bildirdik. Teatr təcrübəsindən məlumdur ki, hər bir tamaşa öz seyrci auditoriyası ilə mükəmməlləşir. Həmin təcrübənin "Leyli və Məcnun”da da öz təsdiqini tapacağına və yuxarıdakı qeydlərimizin də yaradıcı heyət üçün faydalı olacağına şübhə etmirik. Sonda seyrçilərə ünvanlanan bir tövsiyəmizi əlavə edək ki, hər bir tamaşanı düşüncə ilə deyil, qəlbinizlə qəbul etməyə çalışın. Əgər hər hansı tamaşa qəlbinizə təsir edibsə, deməli, o dəyərlidir. Qəlbinizin səsinə qulaq verin. Doğrusunu o pıçıldayır. Yəni  Füzulisayağı desək, aldanma ki, tənqid sözü əlbəttə yalandır. Bax, bu qədər. Vəssalam. 
İsrafil İsrafilov
Əməkdar incəsənət xadimi
Filologiya üzrə fəlsəfə doktoru,
Sənətşünaslıq üzrə elmlər doktoru, professor

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022