• cümə axşamı, 28 mart, 21:42
  • Baku Bakı 13°C

ƏHMƏD ŞAMLUDAN ŞEİRLƏR

24.10.16 11:01 4866
ƏHMƏD ŞAMLUDAN ŞEİRLƏR
ORTAQ SEVGİ
Göz yaşı bir sirdir,
təbəssüm bir sirr,
eşq bir sirr.
Eşqimin təbəssümü idi o gecəki göz yaşı.

Qissə deyiləm ki, söyləyəsən.
Nəğmə deyiləm ki, oxuyasan.
Səs deyiləm ki, dinləyəsən.
Görəcəyin bir şey,
biləcəyin bir şey deyiləm mən...

Mən ortaq dərdəm,
hayqır məni.

Ağac meşə ilə danışır,
ot səhrayla,
ulduz kəhkəşanla.
Mənsə sənlə danışıram.

Adını de mənə,
mənə ver əlini.
Sözünü de mənə,
qəlbini mənə ver.
Sənin köklərinə bələdəm mən,
Dodaqlarınla söz demişəm bütün dodaqlara
və əllərimlə tanışdır əllərin.

İşıqlı xəlvətdə ağlamışam səninlə
dirilər üçün.
Və qaranlıq məzarlıqda sənlə oxumuşam
ən gözəl nəğmələri.
Çünki ən aşiq dirilər olmuşdular
bu ilin ölüləri.

Əlini mənə ver,
mənə tanışdır sənin əllərin.
Sənlə danışıram, ey gec tapdığım!
Buludun tufanla danışdığıtək.
Otun səhrayla,
yağışın dəryayla,
quşun baharla,
ağacın meşəylə danışdığıtək.

Çünki mən bələdəm
sənin köklərinə.
Çünki mənim səsim
tanışdır sənin səsinlə.

AYDIN ÜFÜQ
Kamyar Şapur üçün

Bir gün biz yenidən tapacağıq göyərçinlərimizi
və gözəlliyin əlindən tutacaq mehribanlıq.
O gün ki, ən kiçik nəğmə öpüş olar.
Və hər insan
qardaş olar
hər insana.

O gün ki, daha bağlamaz heç kəs
evin qapılarını.
Əfsanəyə çevrilər qıfıl
və ürək
yaşamaq üçün kifayət edər.

O gün ki, hər sözün mənası
sevmək olar.
Son söz üçün
söz ardınca gəzməyəsən deyə.

O gün ki, hər sözün ahəngi
yaşamaq olar.
Son şeir üçün
qafiyə axtarıb zülm çəkməyim deyə.

O gün ki, hər dodaq
bir mahnı olar.
Ən kiçik nəğmə
öpüş olsun deyə.

O gün ki, sən gələrsən,
həmişəlik gələrsən.
Və bərabər olar
mehribanlıqla
gözəllik.

O gün ki, biz yenidən
dən səpərik
göyərçinlərimizə...

Və mən o günü gözləməkdəyəm.
O günə qədər ki,
daha
mən olmayacağam.

QARANLIQ NƏĞMƏ

Qurğuşun rəngli sübh meydanında
atlı dayanıb dinməzcə.
Və atının uzun yalını
dağıdır külək.

Xudaya, Xudaya!
Atlılar dayanmamalıdırlar
hadisə barədə
xəbərdarlıq ediləndə.

Yanmış çəpərin qırağında
qız dayanıb dinməzcə.
Və nazik ətəyini
yellədir külək.

Xudaya, Xudaya!
Qızlar susmamalıdırlar
kişilər ümidsizcəsinə və yorularaq
qocalanda.


YAĞIŞ

O vaxt öz eşqimin məğrur xanımını gördüm
nilufər dolu kandarda.
Yağışlı göy üzünü düşünürdü o.

O vaxt öz eşqimin məğrur xanımını gördüm
yağışın nilufər dolu kandarında.
Köynəyi şıltaq bir küləyin əlində idi.

Və o vaxt yağışın məğrur xanımı
nilufərlərin kənarı ilə
göy üzünün ağır səfərindən qayıdırdı.

SƏNİ SEVİRƏM

Biz tərəfdə gecə deyil,
səs barışmır sükutla,
kəlmələr intizar çəkir.

Mən səninlə yalqız deyiləm, heç kəs heç kəslə yalqız deyil,
gecə ulduzlardan daha yalqızdır...

Biz tərəfdə gecə deyil,
taqəti tükənib piltənin yanındakı çaxmaqların.
Sənin ovcundadır küçənin qəzəbi,
dodaqlarında pardaqlanır parlaq şeir.
Mən səni sevirəm və öz qaranlığından qorxmaqdadır gecə.


ÖLÜMDƏN...

Ölümdən qorxmamışam əsla,
hərçənd ki, itilənmişdi caynaqları çox işləməkdən.
Bütün qorxum o ölkədə ölməkdir ki,
gorqazanın muzdu
insan azadlığından daha artıq ola.

Axtarmaq,
tapmaq
və azadcasına seçmək.
Və bir divar hörmək özün özündən.
Ölümün dəyəri bütün bunlardan artıqsa əgər,
haşa,
haşa ki,
ölümdən qorxmuş olam!

***

GECƏ

Boşuna gözəlsə gecə,
nə üçün gözəldir gecə,
kim üçün gözəldir?

Gecə və
soyuq axan ulduzların
döngəsiz çayı.

Və hər sübh
dan yerinin
on iki güllə səsi ilə
dəlindiyi an
çayın hər iki tərəfindəki
uzun saçlı yaslılar
hansı xatirəni yada salaraq
göz yaşı tökürlər
qurbağaların nəfəs kəsən qəsidəsi ilə?

Boşuna gözəlsə gecə,
nə üçün gözəldir gecə,
kim üçün gözəldir?

Fars dilindən tərcümə edən: MƏHƏMMƏD NURİ
banner

Oxşar Xəbərlər