• şənbə, 20 Aprel, 01:43
  • Baku Bakı 15°C

Əhməd Ağaoğlu Şərq və Qərb düşüncə sistemi qovşağında

02.05.19 09:30 7781
Əhməd Ağaoğlu Şərq və Qərb düşüncə sistemi qovşağında
(II yazı)
Əhməd Ağaoğlunun bədii-fəlsəfi irsində "Könülsüz olmaz” əsərinin müstəsna yeri vardır. Ə.Ağaoğlu bu əsəri 1920-ci illərin sonunda Maltada sürgündə ikən yazmış, lakin sağlığında çapa verməmişdir. Əsəri 1941-ci ildə ədibin oğlu Səməd Ağaoğlu çap etdirmişdir. "Könülsüz olmaz” povestində Ə.Ağaoğlu dövlət idarəçiliyi məsələsinə özünün şəxsi baxışlarını ifadə etmişdir.
"Könülsüz olmaz” əsəri müəllif təhkiyəsi üzərində qurulmuşdur. O, yeniyetməlik və ilk gənclik illərini bir yerdə keçirdiyi Turqutu dəliqanlı, qorxmaz, əzilsə də, meydandan, rəqib qarşısından qaçmayan, haqsızlıqla barışmayan birisi kimi təsvir etmişdir. Ali təhsil illəri onları bir-birindən ayırır. İnqilab illərində sakit bir həyat yaşayan müəllifdən fərqli olaraq, Turqutun həyatı coşqun mübarizələrdə keçir. Bir müddətdən sonra müəllif Turqutu "itirir”, harada olmasından xəbəri olmur, nəhayət, onu unudur. Lakin bir təsadüf köhnə dostları yenidən görüşdürür. Müfəttiş kimi Orta Anadoluya ezamiyyətə gedən müəllif bir neçə günlüyə Turqutun gözdən-könüldən uzaq olan bir kənddəki evində qonaq qalır. Turqut dostuna özünün həyat hekayəsini danışır. Məlum olur ki, Turqut bu kənddə rahatlığını, ruh dincliyini, işgəncələrinin, iztirablarının, təşviş və həyəcanlarının əsl mənbəyini öyrənərək, bunların hamısının boş olduğu qənaəti hasil edəndən sonra tapıb. İlk günlərdən kənd əhalisinin xeyrinə görmək istədiyi hər şey faydasız olub, ona heç kəs inanmayıb. Səbəb? Bu səbəbi Turquta müdrik bir qoca izah edib: "Çünki adamlarda könül qalmayıb. Könülsüz iş olmaz...” Əsər boyu müxtəlif situasiyalarda Turqut könülsüz heç nəyin mümkün olmadığını dönə-dönə dostuna sübut etməyə çalışır. Onun fikrincə, Musa, İsa, Məhəmməd, Budda, Brahma, Konfutsi – hamısı könül adamlarıdır. Kantın, Pasterin, Darvinin əsərlərinin, nəzəriyyələrinin kökündə məhz ağıl deyil, könül dayanır. Turqut qəti əmindir ki, könülsüz heç bir iş görülməz: "Qanun yeriməz, məmur işləməz, məbus baxmaz, vali düşünməz...” Əsərin finalında Turqut sanki Ə.Ağaoğlunun Türkiyə Cümhuriyyətinin qurulmasından bir neçə il sonra arzuları ilə gerçəkliklərin fərqini görüncə, keçirdiyi hisslərin haradan qaynaqlandığını açıb-göstərir. Turqut inqilabdan sonra iflasın gəlişini, mənəvi məğlubiyyətin səbəbini yenə könüllə bağlayır: "Çünki o könül əski sistemin, əski üsul-idarənin məhsulu idi. Mütləq özünü göstərəcəkdi”.
"Sərbəst insanlar ölkəsində” əsəri Ə.Ağaoğlunun bədii-fəlsəfi irsinin ən kamil nümunəsi hesab olunur. Mühacirətşünas alim Nikpur Cabbarlı əsəri "...açıq cəmiyyətə dair baxışların bədii sözün gücü ilə bilavasitə təbliği”nin bir nümunəsi kimi dəyərləndirməkdə tamamilə haqlıdır. Əsər 1930-cu ildə çap olunmuşdur. Əsərin müqəddiməsində onun yazılmasının səbəbləri, müəllifin məqsədləri aydınlaşdırılmışdır. Ə.Ağaoğlu fransız filosofu Ş.L.Monteskyönün (1689-1755) "Qanunların ruhu” əsərində siyasi quruluşa dair düşüncələrini ümumiləşdirərək yüksək dəyərləndirdiyi cümhuriyyət forması üzərində dayanır, onun mahiyyətini izah edir. Cümhuriyyətdə "...hakimiyyət bütünlüklə və tamam xalqın əlindədir. Əhalidən hər kəsin üsuli-idarədə iştirak etmək səlahiyyəti vardır. Təbii ki, milyonlarca insanın iştirak etdiyi üsuli-idarənin müntəzəm və məqbul olması üçün bu insanların yüksək vəzifə və məsuliyyət duyğuları və təmiz əxlaq normaları ilə silahlanmaları lazımdır; yəni cümhuriyyətdə vətəndaşların fəzilətli olmaları şərtdir”. Fəzilət nədir və necə təzahür edir? Ə.Ağaoğlu müqəddimədə əsəri məhz bu suallara cavab vermək niyyəti ilə yazdığını xüsusi vurğulamışdır. Lakin müəllif həmin suallara cavab vermək üçün birbaşa mətləbə keçmir. O, dahi rəhbərin – M.K.Atatürkün təşviqi ilə cümhuriyyətin artıq qurulduğunu qeyd edir. Onun fikrincə, iş cümhuriyyətin qurulması ilə bitmir, ona görə də "...bu, çox incə, çox zərif və ona görə də çox müşkül olan dövlət üsul-idarəsinin inkişaf və möhkəmlənməsi üçün Cümhuriyyət bizdən, yəni türk millətinin fərdlərindən bəzi mənəvi xüsusiyyətlər tələb edir” yazır. Deməli, müəllifə görə, cümhuriyyətdə vətəndaşların fəzilətli olmaları bir şərtdirsə, digər bir şərt də hər bir fərdin bəzi mənəvi xüsusiyyətlərə malik olmasıdır. Ona görə də müəllif ... o xüsusiyyətləri necə təsəvvür etdiyini, necə mənalandırdığını bu kiçicik əsərdə yazmaq istədi, yəni Cümhuriyyətin mənəvi cəhətdən ideologiyasını özünə görə izaha cəsarət etdi. Ə.Ağaoğlunun izahatından çıxış edərək əsərin müəyyən mənada avtobioqrafik səciyyə daşıdığını da söyləmək olar. Müəllif əsərdə içərisində yaşadığı cəmiyyəti, vətəndaşı olduğu Cümhuriyyəti necə görmək istədiyini, vətəndaşların isə üzərinə düşən ən ümdə vəzifələrin nələrdən ibarət olduğunu göstərir. Müəllif Türkiyə Cümhuriyyətini Sərbəst İnsanlar Ölkəsi kimi görmək istəyir.
Əsərin qəhrəmanı – azad olmaq istəyən bir əsir, Fərd, qala divarlarını deşir, eşiyə çıxır, geniş bir çöldə iki yol ayrıcında dayanır, sağ tərəfə gedən köləlik yolundan imtina edərək sol tərəfi, azadlığa aparan yolu seçir və sərbəst insanlar ölkəsinin qapısının ağzına gəlib çıxır. Lakin onu içəri buraxmırlar, qaydaya görə, onu imtahana çəkib, suallarına cavab istəyirlər. Fərd qapıda dayananlara nəfsinə hakim olduğunu, doğruluğu sevdiyini, həqiqətə dözümlülük göstərdiyini, heysiyyət sahibi olduğunu söylədikdən sonra onu içəri buraxırlar. Fərd sərbəst insanlar ölkəsinə daxil olur. Fərd hələlik ölkənin vətəndaşı deyil. O, vətəndaş olmaq üçün çox çətin sınaqlardan çıxacaq, çox çətin yollar keçəcək. Müəllif bununla demək istəyir ki, Cümhuriyyətin elanı hələ hər şey demək deyil, gərək əməllərinlə onun vətəndaşı olmağı bacarasan (Müqəddimədən: "...Cümhuriyyət bizdən, yəni türk millətinin fərdlərindən bəzi xüsusiyyətlər tələb edir...”).
... Sərbəst insanlar ölkəsində yaşamaq istəyən hər bir kəs kimi, Fərd də pirlər qarşısında imtahan verir. Bunun üçün o, "Sərbəst insanların qanunu” ilə tanış olur. Bu qanunun əsasını insanın azadlığa münasibəti, azadlığın mahiyyəti təşkil edir. "Sərbəst insanlar ölkəsinin tarixçəsi”ni oxuyandan sonra isə bir daha başa düşür ki, azad olmaq çox çətin bir iş imiş, azadlığa aparan yol ağır mübarizələrdən keçir, insanlardan inam, güc, iradə, dözümlülük tələb edir.
Ə.Ağaoğlu azadlıq barədə düşüncələrini Fərdin pirlərlə söhbətində açıb göstərmişdir. Pirlərin fikrincə, azadlıq bir mədəniyyət, bir sivilizasiya məsələsidir. Sərbəst insanlar ölkəsinin türküsündə "azadlıq şüurun cövhəridir, şüur da insandır” deyilir. Pirlər Fərdə başa salırlar ki, madam ki, zəncirləri qıraraq azad olmağa qərar vermişdirsə, bilməlidir ki, qulluqgöstərmə, yaltaqlıq kölələrin işidir, ruhun büsbütün miskin və zəlil olduğuna dəlildir, yaltaq adamda şərəf və heysiyyət olmaz... Ə.Ağaoğlu burada yenidən Şərq-Qərb məsələsini qoymuş, əsrlərdən bəri Şərqi zəlil edən amillərdən biri kimi, klassik ədəbiyyatda mədhiyyəçiliyi qətiyyətlə pisləmişdir. Ə.Ağaolunun bu fikirləri, eyni zamanda, klassik divan ədəbiyyatına, konkret qəsidə janrına münasibəti kimi də dəyərləndirilə bilər.
Ə.Ağaoğlunu düşündürən ən mühüm məsələlərdən biri, şübhəsiz ki, cəmiyyətdə fikir müxtəlifliyinə hörmətlə yanaşılması problemi idi. Ədibin həyatı və fəaliyyətinə dərindən bələd olanlar bilirlər ki, 1930-cu illərdə Türkiyə siyasi həyatı üçün fikir plüralizminə dərin ehtiyac olmasını hiss edənlərdən biri də Ə.Ağaoğlu olmuşdur. Əsərdə "... hökmün doğruluğuna inanmayanda digər vətəndaşların onu rədd etməyə və düzəltməyə haqqı olmalıdır” fikri təsadüfi deyildir. Ə.Ağaoğlunun fikir müxtəlifliyi, şəxsin fikrini azad ifadə etmək hüququ ilə bağlı görüşləri söz və fikir azadlığına dair Avropa modelinin Şərqdə tətbiqinin vacibliyindən ilk dəfə bəhs edən M.F.Axundzadənin baxışlarını xatırladır, daha doğrusu, həmin baxışların inkişaf etdirilməsi kimi diqqəti cəlb edir. M.F.Axundzadə fikir və söz azadlığı məsələsini zəngin epistolyar irsində, bədii və elmi-fəlsəfi əsərlərində dönə-dönə irəli sürmüş, bunsuz cəmiyyətin inkişafının mümkünsüzlüyünü vurğulamış, insan azadlığına dair müvafiq bitkin konsepsiyasını hazırlamışdır.
Əsərdə Ə.Ağaoğlunu düşündürən ən mühüm problemlərdən biri də millətlərin təşəkkülü prosesində ədəbiyyatın və ictimai fikrin təsiri məsələsidir. Müəllif əsərdə problemə Ustadın baxışları müstəvisində nəzər salmışdır. Ustadın əqidəsinə görə, Şekspir və Milton, Lokk və Spenser, Gete, Şiller, Kant, Hegel, Molyer, Volter, Jan Jak Russo, Viktor Hüqo, Dante, Makiavell, Bruno, Puşkin, Lermontov, Tolstoy və başqa ədiblər, şairlər, mütəfəkkirlər olmasaydılar, ingilis, alman, fransız, italyan, rus millətləri vücuda gəlməzdi! Ə.Ağaoğlunun fikrincə, Şərq bu məsələnin qayğısına qalmamışdır. Burada ən mühüm bir məsələdə ədibin yenidən Şərq-Qərb məsələsini irəli sürdüyünün və üstünlüyü qeyd-şərtsiz ikinciyə verdiyinin şahidi oluruq. Şübhəsiz ki, Ə.Ağaoğlu bu mövqeyi ilə Şərq ədəbiyyatı və mədəniyyətini danmaq yolunu tutmamışdır. Onun fikrincə, "Şərq aləmi bütün qədimliyinə, mədəniyyətlərin beşiyi olmasına baxmayaraq, "millət” məfhumuna yad qalmışdır. Bu aləmdə də müştərək tarix, müştərək mənafelər, müştərək irq amilləri olmuşdur. Lakin "millət” deyilən məfhum əmələ gəlməmişdir. Səbəbi nədir? Əcəba, Şərqin məgər ədəbiyyat və ictimai fikri olmamışdır? Xeyr, bunlar da olmuşdur. Lakin bunların mahiyyəti Qərbdəkindən tamamilə başqa olmuşdur”. Burada Ə.Ağaoğlunun Şərq ədəbiyyatı haqqında düşüncələri diqqəti cəlb edir və dərhal vurğulayaq ki, o da sələfi M.F.Axundzadə kimi, həyatdan uzaq ədəbiyyatı qətiyyən qəbul etməmişdir. Əgər M.F.Axundzadə klassik Şərq ədəbiyyatına, divan ədəbiyyatı yaradıcılığına M.Füzulinin timsalında bir neçə cümlə ilə lakonik şəkildə münasibət bildirmişdirsə, Ə.Ağaoğlu təqdir etmədiyi ədəbiyyatın anatomiyasını bütün əzalarına qədər açıb-tökmüşdür: "Şərq ədəbiyyatı, məhsulu olduğu mühitə, insan və təbiət mühitinə yad qalmışdır. Daim havalarda, boşluqlarda gəzmişdir. Tək bir şəxsin ifadəsi olmuş, insanlığa və təbiətə tərcümanlıq etməmişdir. Təbiəti insana, insanı insana sevdirməmişdir, bunları bir-birinə yaxınlaşdırmamışdır. Aralarındakı yadlığı, biganəliyi aradan qaldırmağa və mənəvi bir vəhdət yaratmağa çalışmamışdır. Elə bunun üçündür ki, Şərqdə də milli hərəkat ədəbiyyat və ictimai fikir bu yola düşdüyü gündən başlanır”. Qeyd edək ki, Ə.Ağaoğlu ədəbiyyat və mədəniyyət barədə elmi-ədəbi-nəzəri düşüncələrinə başqa bədii və elmi-fəlsəfi əsərlərində, o cümlədən Maltada sürgündə ikən yazdığı "Üç mədəniyyət” əsərində də yer vermişdir.
Fərd pirlərin imtahanından keçə bilir. Sərbəst insanlar ölkəsini başdan-başa gəzir, sadə insanlardan tutmuş cəmiyyətin sayılıb-seçilən nümayəndələri ilə görüşür, ən müxtəlif tədbirlərə qatılır, söhbətlərə qulaq asır, insanların öz vəzifələrini necə yerinə yetirdiklərini gözləri ilə görür, vətəndaşların bir-birinə, məmurların sadə insanlara münasibəti ilə maraqlanır, hər yerdə qarşılıqlı hörmət, çöhrələrdə təbəssüm, var-dövlət, bərəkət görür. Fərd uzun-uzadı müşahidələrdən sonra içindən onu narahat edən hissə qalib gələrək keçmişi ilə vidalaşmaq və sərbəst insanlar ölkəsinin vətəndaşlığını qəbul etmək haqqında qərar verir...
Ə.Ağaoğlu əsərdə son əsrlərdə türkün əvvəlki qüdrətini itirməsinin səbəblərini də göstərir: "... sonralar qanımız qarışdı, kölə ellərin adət-ənənələrinə uyduq. Qurultay dağıldı, qanun pozuldu və zorakılıq qələbə çaldı. Hökmü rəvan millətim kölə oldu. O zamandan ocağımız söndü, adımız-sanımız batdı...”. Ə.Ağaoğlu bununla türkün tənəzzülünə səbəb kimi əski əxlaq normalarının unudulmasını, qayda-qanunların aradan çıxmasını göstərir. Onun fikrincə, mənəvi dəyərlərin itirilməsi etnosun varlığını, dövlətçiliyin mövcudluğunu aşkar təhlükə altına atır. Əsərdə M.K.Atatürkün müasir Türkiyəni qurması ilə milləti xilas etdiyini də bədii dillə ifadə etmişdir: "Bir gün gəldi alçaq xaqanımız bizi yad ellərə satmaq fikrinə düşdü. Artıq buna dözə bilmədik. Aramızdan sarısaçlı, mərd üzlü, aslan baxışlı birisi çıxdı. Demə, elini qoruyan, yurdunu müdafiə edən tanrı peyğəmbəri imiş! Elə sözlər söylədi ki, donmuş qəlblərə hərarət, ölmüş damarlara can verdi. Elə işlər gördü ki, bütün dünya heyrət etdi. Yad elliləri yurddan qovdu, xaqanı taxtdan saldı və bu gün millətini azadlıq ətrafında toplamaqla məşğuldur”. Əslində Ə.Ağaoğlu bu əsərlə yenicə qurulmuş Türkiyəni qoruyub-saxlamağın yollarını göstərir və bunun üçün cəmiyyətin bütün üzvlərini sərbəst insanlar ölkəsinin vətəndaşları kimi görmək istəyir.
Şahbaz Şamıoğlu
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru,
dosent


banner

Oxşar Xəbərlər