• şənbə, 20 Aprel, 07:07
  • Baku Bakı 14°C

Əhalisinin sayından üç dəfə artıq turist qəbul edən ölkə - Səfər

28.07.15 12:35 2185
Əhalisinin sayından üç dəfə artıq turist qəbul edən ölkə - Səfər
ŞKTC ilə Türkiyə arasında hər hansı problem yoxdur
Hər il iyulun 20-də Quzey Kıbrıs Türk Cümhuriyyəti özünün Sülh və Azadlıq Bayramını qeyd edir. 41 il öncə - 1974-cü ildə Türkiyə ordusunun dəstəyi nəticəsində adanın şimal hissəsində türklərə qarşı soyqırımı və etnik təmizləmə aparılmasının qarşısı alınıb. Nəticədə Kıbrıs türkləri uzunmüddətli milli mücadilədən sonra öz dövlətlərini qurub. Fəxrlə demək gərəkdir ki, Kıbrısın öz varlığının qoruması, dövlətini qurması bütün türk toplumları üçün bir nümunə hesab edilməlidir. 1974-cü il mübarizəsi türklərin son 100 ildə apardığı ən dirənişli mübarizə sayılır. Düzdür, bu dövləti hazırda yalnız Türkiyə tanısa da, mənəvi cəhətdən onunla həmrəy olan və dəstəkləyən dövlətlər çoxdur. Belə ölkələrdən biri də Azərbaycandır və bu məhəbbət qarşılıqlıdır. Həqiqətən də burada olduğum bir neçə gündə Azərbaycanı tanıyıb sevdiklərinin şahidi oldum. Düzü, nə vaxtsa, bu adaya ayaq basacağımı ağlıma belə gətirmirdim. Amma sən saydığını say, gör fələk nə sayır, deyib atalarımız. Səfərdən öncə Kıbrısın o qədər də ürəkaçan yerlərinin olmadığı barədə fikirlərə rast gəlmişdim. Lakin ölkədə bunların tam əksinin şahidi oldum. Əvvəlcədən qardaş ölkəyə səfərimin baş tutmasında qurumun Bakıdakı nümayəndəliyinə, şəxsən Sadətdin Topukçuya təşəkkür edirəm. Qeyd edim ki, Azərbaycan KİV-ləri kiçik bir heyətlə - “Trend” agentliyinin əməkdaşı Rufis Hafizoğlu, ATXƏM-in təsisçisi olduğu “Birlik” jurnalının baş redaktoru İlqar İlkin və bəndənizin timsalında təmsil olunmuşduq. Yol yoldaşlarımdan fərqli olaraq Kıbrısa ilk gəlişim idi. Ercan hava limanında (1974-cü il müharibəsinin qəhrəmanlarından olan türk pilot Fəhmi Ərcanın şərəfinə adlandırılıb-müəl) bizi ŞKTC-nin XİN-in nümayəndəsi qarşıladıqdan sonra paytaxt Lefkoşaya yollandıq. Hava limanından şəhərə doğru irəliləyəndə dağların qoynunda iki türk bayrağı – Türkiyənin və Kıbrısın dövlət bayraqlarını görəndə bu ölkə haqqında təsəvvürlər yüksəlməyə başlayırdı. Maraqlı idi. Dağın qoynunda böyük ölçülü bayraqlar həkk edilmiş və bayraqların altında “Ne mutlu türküm diyene” sözləri yazılmışdı. Paytaxtdakı ən mötəbər beşulduzlu “Merit Lefkoşa” otelində yerləşdirildik. Maraqlısı isə o idi ki, əvvəlki illərdə düzənlənən tədbirlərdən fərqli olaraq bu dəfə əcnəbi jurnalistlər daha çox dəvətli idi - Estoniya, Latviya, Bosniya, Rusiya, Oman, Misir, Pakistan, Kosovo, Polşa, Çexiya və s. ölkələrdən olan media təmsilçiləri tədbirdə təmsil olunurdular.
ŞKTC ilə Türkiyə arasında hər hansı problem yoxdur
Quzey Kıbrıs Türk Cümhuriyyəti ilə bağlı saysız-hesabsız reportajlar oxuduğumdan nəsə yeni bir şey ortaya qoymaq fikrində deyiləm. Sadəcə, bəzi məqamlar var ki, onları qeyd etmək yerinə düşər. Bir də son vaxtlar mətbuatda ŞKTC ilə Türkiyə arasında problemlərin olduğu barədə xəbərləri obyektivcəsinə öyrənmək istəyim güclü idi. Bəlli olduğu kimi, bu ilin aprelində keçirilən seçkilərdə Mustafa Akınçı ŞKTC-nin prezidenti seçilib. Solçu baxışları ilə seçilən bu şəxs verdiyi ilk qalmaqallı bəyanatı ilə diqqət mərkəzinə düşdü. Kıbrıs məsələsi illər boyu bir növ Türkiyənin daxili məsələsi olub. Bu ölkə daim Türkiyə üçün sanki Anadolunun bir şəhəri olub. Türkiyədə bir nəsil Kıbrıs problemi ilə böyüyüb və onlar üçün vuruşub, şəhid olub, İstanbul küçələrində etirazlar edib. Türkiyə tarixindəki bütün hökumətlərin həmfikir olduğu tək məsələ Kıbrıs olub və bu məsələdə güzəştə getməyi heç kim düşünməyib. Bu kontekstdə yeni seçilmiş prezidentin Türkiyə haqqındakı fikirləri ölkədə ani bir qığılcıma səbəb olub. Mustafa Akıncı Türkiyə ilə ana vətən-yavru vətən münasibəti yerinə qardaş münasibətinin olmasının zəruriliyini vurğulayıb. Bu gün tam əminliklə demək olar ki, Türkiyənin maddi və mənəvi yardımı olmadan Kıbrısın siyasi və iqtisadi cəhətdən ayaqda durması hələlik mümkün deyil. Əvvəla nəzərə almaq lazımdır ki, Kıbrıs müstəqil dövlət kimi dünya ölkələri tərəfindən tanınmır. Eyni zamanda Kıbrısa qarşı ola biləcək hər hansı sanksiyalar məhz Türkiyə tərəfindən neytrallaşdırılır. Türkiyə Kıbrısın dövlət olaraq ayaqda dura bilməsi üçün hər il 1 milyard dollara yaxın maliyyə yardımı edir. Türkiyədən dənizin altı ilə bura içməli su xətti inşa olunur ki, onun dəyəri 650 milyon dollardır.
Türkiyənin Kıbrısa dəstəyi davam edəcək
Səfərin ilk günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə rəsmi qəbulda da iştirak etdik. Mətbuat nümayəndələri üçün keçirilən brifinqdə Ərdoğan ŞKTC ilə bağlı bir sıra önəmli açıqlamaları ilə yadda qaldı. O, adanın birləşdirilməsindən tutmuş onun sosial problemlərinin həllindək bütün məsələlərdə Türkiyənin əlindən gələn köməyi əsirgəmədiyini bəyan etdi. Adanın birləşdirilməsi ilə bağlı gedən müzakirə prosesinə toxunan Ərdoğan prosesin ən qısa müddətdə yekunlaşaraq tərəflərin razılaşmasını arzuladığını, sülh və azadlığa uzanan bu yolda Türkiyənin Kıbrısa dəstəyinin davam edəcəyini bildirdi. Türkiyə prezidenti bitmək üzrə olan su layihəsindən də danışıb: “Bu su yalnız azadlıq suyu deyil, eyni zamanda, sülhün suyu olacaq. Suyun yalnız şimala deyil, adanın hər yerinə həyat verməsini istəyirik. Suyun quraq torpaqlara deyil, sonsuz könüllərə də həyat suyu olmasını istəyirik”.
Uzun müddətdir Kıbrıs probleminin həll edilə bilmədiyini xatırladan prezident Mustafa Akıncı isə problemin həllində qərarlı olduqlarını söylədi. Daha sonra hər iki ölkə başçısı hərbi keçid mərasimini birlikdə izlədi.
Kiprdə azərbaycanlılar özlərini Bakıdakı kimi hiss edir
Ümumiyyətlə, Kıbrıs türkləri o qədər vətənpərvərdirlər ki, doğma yurdlarının tarixini nəinki el-el, oba-oba, hətta ən kiçik daşına qədər bilir və bildiklərini danışmaqdan zövq alırlar. Bunu burada olduğum bir neçə gündə hiss etdim. Hər kəs salnaməçi təəssüratı yaradır. Hadisə və prosesləri anlamaq və anlatmaq tərzləri içərilərindəki vətən sevgisi ilə çulğalaşaraq heyrətamiz görünür. Heç yorulmadan ötən əsrin 50-ci illərinin ortalarında yunan millətçi təşkilatı olan EOKA-nın törətdikləri vəhşiliklərdən və bununla da hazırda sayları 300 minə çatan Kıbrıs türklərinə qarşı ayrı-seçkilik siyasətinə start verildiyindən danışırlar. Kıbrıs türkləri öz davranışları ilə daha çalışqan, məsuliyyətli, təvazökar və məqsədyönlü insan obrazı yaradırlar. Bir azərbaycanlı olaraq bu bir neçə gündə özümü sözün həqiqi mənasında evimdəki kimi hiss etdim. Bu gün kıbrıslılar dəniz limanlarının açılmasını, burada istehsal olunan məhsulların gömrük rüsumu alınmadan Avropa İttifaqı ölkələrinə satıla biləcəyi günü gözləyirlər. Lakin illər boyu bu problem həllini tapmadığından türk icmasının Aİ-yə inamı sarsılıb. Buna görə də adanın türk icması iqtisadiyyatını inkişaf etdirmək üçün yerli resurslara arxalanmağa başlayıb. Məsələn, təmiz havası olan adada turizm sənayesinə diqqət artırılıb. Bunun nəticəsidir ki, hazırda Quzey Kıbrıs Türk Cümhuriyyətinə gələn əcnəbi turistlərin illik sayı 1 milyon nəfəri keçib. Ölkə yerli əhalinin sayından üç dəfə artıq əcnəbi turist qəbul edir. Qarşıdakı 3-4 il ərzində əcnəbi turistlərin sayını milyon yarıma çıxarmaq nəzərdə tutulub. Adambaşına düşən milli gəlir isə bu gün 15 min dollardır. Kiçik ərazisi olan ölkədə böyük zavod-fabriklər yoxdur. Çünki istənilən böyük müəssisəni qurmadan öncə orada istehsal ediləcək məhsulları çıxarmağa bazar tapılmalıdır. Buna baxmayaraq, süd məhsulları istehsalı xeyli inkişaf edib. Kıbrıs pendiri çox məşhurdur və bütünlüklə xarici ölkələrə, xüsusilə də ərəb dövlətlərinə satılır. Kənd təsərrüfatı məhsulları – portağal, qreyfurd və sair məhsullar Türkiyə üzərindən ixrac olunur. Burada azərbaycanlılar əsasən turizm sektorunda iş qururlar, əmlak sahəsində çalışanlar da az deyil. Ali təhsil müəssisələrində dərs deyən 35-dən artıq azərbaycanlı müəllim var. Yeri gəlmişkən, paytaxt Lefkoşada elə də gözəl, cəlbedici yerlər yoxdur. Bura tipik türk şəhərciyidir. Girne şəhəri isə tarixi mərkəz, kazinoların vətənidir. Bir faktı da qeyd edim ki, bu ölkədə avtomobil yolları sol tərəflidir, avtomobilin sükanı da avtomatik olaraq sağ tərəfdədir.
Yüksək təhsil sistemi
Öz doğma torpaqlarında müstəqil dövlətlərini quran kıbrıslıların əsas uğurlarından biri də müasir təhsil sistemini yarada bilmələridir. Hazırda burada 11 universitet fəaliyyət göstərir ki, onlarda da ümumilikdə 100 minə yaxın tələbə təhsil alır. Məlumat üçün deyim ki, həmin tələbələrdən min nəfəri Azərbaycandan gəlib. Müstəqilliyin Avropada tanınmayan bu ölkənin ali məktəbləri Avropanın qabaqcıl təhsil ocaqları sırasındadır. Onlardan biri də Doğu Akdeniz Universitetidir. Təxminən 3000 hektar əraziyə sahib olan Doğu Akdeniz Universitetində müasir təhsil üçün hər bir şərait yaradılıb. Saysız-hesabsız korpuslardan ibarət olan universitetdə tədris əsasən ingilis dilində aparılır. Azərbaycandan Kiprə birbaşa təyyarə reysinin olmaması tələbələrin gediş-gəlişində problemlər yaradır.
Dörd tərəfi dəniz olan bu ölkənin havası çox isti, torpağı isə duzludur. Qışın oğlan çağında, dekabr ayında burada 17 dərəcə isti olur. İyun-iyul aylarında temperatur 45 dərəcəyə yüksəlir. Diqqətimi çəkən məqamlardan biri də adada zəncilərin çoxluq təşkil etməsi oldu. Hər addımda qara dərili insanlara rast gəlmək olar.
Sonda onu da qeyd edim ki, Kıbrısı çox bəyəndim. Həm zahiri görünüşündən, həm daxili abı-havasından tam fərqli bir torpaqdır. Ən əsası isə yerli əhalinin dediyinə görə, buralarda kriminal hadisələr çox az-az baş verir. Oğurluq, dava kimi hallara nadir hallarda rast gəlinir. Hətta deyirlər ki, avtomobilin qapılarını açıq qoyub getsən, heç kim dəyməz.
Azər NURİYEV
Bakı- Kıbrıs-Bakı

banner

Oxşar Xəbərlər