Əhalisindən çox kitabı olan şəhər
Türkiyə
Statistika Komitəsinin ilin ilk günlərindən başlatdığı hesablamaların "sosial
və mədəni göstəriciləri” açıqlanıb. Hesablamalar nəticəsində çox maraqlı bir
statistik göstərici əldə edilib. Belə ki, Sinop şəhərində 9 ildir yenidən
fəaliyyətə verilmiş, ümumxalq kitabxanasında 62 min 162 adda kitabın olduğu
açıqlanıb. Bu isə Türkiyənin "ən xoşbəxt insanlarının yaşadığı” şəhərin əhalisinin
sayından 20 min çoxdur. 42254 nəfərin yaşadığı şəhərdə adıçəkilən kitabxanadan
2017-ci ildə 49 min insan istifadə edib. İstifadəçilər arasında Sinopun öz
əhalisi 72% təşkil edir. Kitabxana müdiri Erol Akarslan verdiyi açıqlamada,
istifadəçilərin ən çox arxiv materiallarına maraq göstərdiyini, yeni nəşr
olunmuş kitabların ilk nüsxələri üçün müraciət etdiklərini deyib: "Türkiyənin
başqa heç bir şəhərində kitabın sayı əhalinin sayından çox deyil. Sinopun
əhalisi hər zaman kitaba, ədəbiyyata meylli olub. Hazırda kitabxananın 7 min
daimi üzvü var. Yüksək maraq nəticəsində kitabxananın iş saatını 22:00-a kimi
uzatmışıq. Hazırda bütün depomuz dolduğu üçün uşaq ədəbiyyatı bölməsinə lazımı
diqqət ayıra bilmirik. Bu il üçün əsas məqsədimiz uşaq bölməsi üçün yeni bina
təchiz edib, ümumi kitabxanadan ayırmaqdır”.