• cümə, 29 Mart, 13:03
  • Baku Bakı 14°C

Əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam edir

20.02.14 18:30 1492
Əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam edir
Dövlətimizin sosial yönümlü siyasətinin mühüm tərkib hissəsi olan səhiyyənin inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyildir ki, son 10 ildə ölkə büdcəsindən səhiyyə sahəsinə ayrılan xərclər dəfələrlə artmış, müasir tibbi avadanlıqla təchiz olunmuş 500-dən çox yeni tibb müəssisəsi əhalinin istifadəsinə verilmişdir.
AzərTAc xəbər verir ki, dövlətimizin başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi Zaqatala rayonunda da yüksək mütəşəkkilliklə davam edir. Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova bildirmişdir ki, tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi komissiya və qərargah yaradılmış, müayinəyə cəlb olunacaq əhalinin sayı dəqiqləşdirilmişdir. Aksiya çərçivəsində rayonun 18 yaşdan yuxarı 90 minə yaxın sakininin tibbi müayinədən keçirilməsi nəzərdə tutulur. Fevralın 17-dən başlanan aksiya çərçivəsində artıq 3 min nəfərə yaxın rayon sakini tibbi müayinələrdən keçmişdir.
Biləsuvar rayonunda cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbədə də əhalinin tibbi müayinəsi uğurla davam edir. Komissiyanın sədri, rayon icra hakimiyyət başçısının müavini Fəridə İbayeva bildirmişdir ki, müayinələr 1 saylı şəhər xəstəxanasında və qəsəbədə yerləşən iki tibb məntəqəsində aparılır. Yüksək ixtisaslı mütəxəssislərdən ibarət 3 həkim briqadası tərəfindən bu günədək 707 nəfər tibbi müayinədən keçmişdir. Müxtəlif xəstəliklər aşkarlanmış 64 şəxs rayon xəstəxanasında müalicə olunacaqdır.
Aksiyada Goranboy ərazisində məskunlaşan Xocalı rayon sakinləri də mütəşəkkil iştirak edirlər. Aksiyanın başladığı 4 gün ərzində artıq 400 nəfər müayinə olunmuş, öz sağlamlıqları barədə məlumat əldə etmişlər. Mərkəzi rayon xəstəxanasının baş həkimi, respublikanın əməkdar kəkimi Məmməd Nağıyev demişdir ki, humanitar aksiyanın mütəşəkkil keçirilməsi üçün ciddi hazırlıq işləri görülmüş, müxtəlif bölgələrdə məskunlaşan rayon sakinlərinin müayinəsi üçün xüsusi həkim briqadaları yaradılmış, onlar zəruri tibbi ləvazimatlarla təmin edilmişlər.
Prezidentin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq Abşeron rayonunda da yüksək səviyyədə icra olunur. Bu məqsədlə rayonda yaradılmış komissiyanın sədri, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Gülməmmədova bildirmişdir ki, tibbi müayinə Xırdalan şəhər mərkəzi poliklinikasında, şəhər uşaq poliklinikasında, Saray qəsəbə xəstəxanasında, Mehdiabad qəsəbə həkim ambulatoriyasında həyata keçirilir. Qabaqcadan görülmüş hazırlıq işlərinin nəticəsidir ki, artıq ötən 3 gün ərzində 13076 sakin tibbi müayinədən keçmiş, sağlamlıqları haqqında məlumat əldə etmişlər.
Əhalinin pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası respublikamızın hər yerində olduğu kimi, Bakının Nərimanov rayonunda da uğurla davam etdirilir. Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova bildirmişdir ki, fevralın 17-dən indiyədək poliklinikalarda artıq 5 min nəfərə yaxın rayon sakini pulsuz müayinə olunmuşdur. Mayın 1-dək isə 170 minə yaxın rayon sakini qrafik əsasında pulsuz tibbi müayinə kampaniyasından faydalanacaqdır.
Ölkə başçısının tapşırığı Qubada da uğurla icra olunur. Bu məqsədlə yaradılmış komissiyanın sədri, rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova demişdir ki, Qubada vətəndaşların profilaktik müayinələrə cəlb olunması üçün lazım olan bütün zəruri tədbirlər görülmüşdür. Quba Mərkəzi Rayon Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev bildirmişdir ki, tibbi aksiyanın ilk günlərində 100-dən artıq həkim tərəfindən 3000-ə yaxın rayon sakini tibbi müayinədən keçirilmişdir. Xəstəlik aşkar edilən şəxslər xəstəxanada stasionar qaydada müalicəyə cəlb olunurlar.
banner

Oxşar Xəbərlər