• cümə, 19 Aprel, 03:26
  • Baku Bakı 18°C

Əhalinin sağlamlığının qorunmasına xidmət edən dəyişiklik

15.07.17 11:16 1735
Əhalinin sağlamlığının qorunmasına xidmət edən dəyişiklik
Prezident İlham Əliyev "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb. Belə ki, sənədlə hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağan edilib. Azərbaycan Respublikasında yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər. Dərman vasitələrinin, tibbi təyinatlı texnikanın və məmulatların, tibbi xidmətlərin reklamına tələblər "Reklam haqqında” və "Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunur”.
Tibb üzrə ekspert Adil Qeybulla deyir ki, tibbi xidmət reklamlarının 90 faizi əsassız, şişirdilmiş real imkanlardan daha çox göstərilən vəziyyətlərdə olan reklamlardır: "Yəni bu reklamların əksəriyyəti reallığı əks etdirmir. Daha çox cəlbedici, kommersiya maraqları altında qurulan reklamlardır. Nəzərə almaq lazımdır ki, təbabət insanın səhhəti ilə bağlıdır və bu məsələdə diqqətli olmaq lazımdır. Düşünürəm ki, ümumiyyətlə, təbabətdə reklama icazə verilməməlidir. Sadəcə olaraq, yeni tibbi metodlar, yeni müalicə üsulları haqqında insanlara məlumat verilə bilər. Məsələn, bu gün ölkədə hansısa xəstəliyin müalicəsi yeni bir üsulla həyata keçirilirsə, bu haqda insanlar maarifləndirilməli və məlumatlandırılmalıdır. Lakin televiziyalarda "analoqu olmayan metod”, "analoqu olmayan aparat” adı altında verilən reklamlar insanları şirnikləndirmək və cəlb etmək məqsədi daşıyır və bu tip reklamların xeyirdən çox ziyanı var. Adətən, reklama inanıb bu xidmətlərə müraciət edənlərin əksəriyyəti də sonda narazı qalır. Odur ki, qanuna edilən belə bir dəyişikliyin faydalı olacağına inanıram. Dünyanın bir çox ölkəsində bu qanun var. Reseptsiz verilən dərmanlarla bağlı məqam da çox mühümdür. Çünki belə olduqda, xəstə istədiyi dərmanı apteklərdən sərbəst şəkildə ala bilir. Resept əsasında dərmanların alınması tibbi savadı olmayan şəxslərin bu işdən uzaqlaşdırılması, müxtəlif fəsadların baş verməməsi nöqteyi-nəzərindən son dərəcə vacibdir. Bu gün daha çox tibbi təhsili, lisenziyası olmayan adam bu işlə məşğuldur. Ona görə də düşünürəm ki, qanunvericiliyin sərtləşdirilməsi və qadağaların qoyulması müsbət haldır.”

Milli Məclisin Səhiyyə Komitəsini üzvü, millət vəkili Musa Quliyev bildirdi ki, sözügedən dəyişiklik tibbi xidmətin keyfiyyətinin yüksəlməsi baxımından vacibdir: "Çünki reklamı o adam edir ki, onun daha çox pula ehtiyacı var. Azərbaycanda adətən, özəl klinikalar bu reklamlardan istifadə edirlər. Düşünürəm ki, tibbi xidmətlər haqqında reklamların məhdudlaşdırılması müsbət məqamdır. Qanuna edilən dəyişiklikdə həm dərman vasitələrinin, həm də tibbi xidmətlərin reklamı nəzərdə tutulur. Reklamlar isə insanları yanlış istiqamətə yönəldir və ehtiyac olmadığı halda, bu xidmətlərdən istifadə etmələrinə sövq edir. O cümlədən, "Reproduktiv sağlamlığın qorunması haqqında” qanunda da bu məhdudiyyətlər dünya təcrübəsinin ətrafında hazırlanıb. Ehtiyac olmadığı halda, qeysəriyyə əməliyyatının edilməsi, süni mayalanmanın həyata keçirilməsi də qanuna daxil edilib. Düşünürəm ki, bu qadağaların qoyulması dünya təcrübəsinə də uyğun gəlir və bütövlükdə, əhalinin sağlamlığının qorunmasına xidmət edən bir addımdır. Hazırda bu sahədə müəyyən problemlər olsa da, bu istiqamətdə müxtəlif işlər görülür. Qeyd edim ki, "Reproduktiv sağlamlığın qorunması haqqında” qanun artıq hazırdır. Yəqin ki, Milli Məclisin payız sessiyasında qanun qəbul ediləcək. Bu sahədə olan hüquqi boşluqların aradan qaldırılmasına xidmət edən bir qanundur. Bu gün bütün dünyada sonsuzluq ciddi sosial problemə çevrilib. Azərbaycanda da bu problemdən əziyyət çəkənlərin sayında artım var və bu, bizi narahat edir. Lakin bu o demək deyil ki, süni mayalanma reklam və təbliğ edilməlidir. Bu, təbii yollarla olmalıdır. Yalnız bütün imkanlar tükəndikdə peşəkar həkimlər süni mayalanmanı həyata keçirə bilərlər. Yeni dəyişikliyə əsasən, bundan sonra tibbi xidmətlər yalnız klinikalarda tibbi göstəriş olduqda göstəriləcək”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər