• cümə axşamı, 28 mart, 18:28
  • Baku Bakı 13°C

Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər

18.05.16 13:04 1826
Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər
Azərbaycan regionlarının sosial-iqtisadi inkişafını nəzərdə tutan və 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən dövlət proqramlarında bir sıra sahələrlə yanaşı, bölgələrimizin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə də böyük layihələr nəzərdə tutulub. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət büdcəsi vəsaiti və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına ümumilikdə ölkənin 52 şəhərində və 1000-ə yaxın kəndində bu istiqamətdə işlərin görülməsi planlaşdırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su il təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq, hazırda 43 şəhərdə içməli su və kanalizasiya layihələri icra edilib, 14 şəhərdə işlər yekunlaşdırılıb, digər 29 şəhərdə bu proses davam etdirilir. Görülmüş işlər nəticəsində bu şəhərlərdə 480 min nəfər içməli su ilə təmin olunub ki, onların da 175 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlar olublar. Təkcə 2015-ci il ərzində ölkə üzrə ümumilikdə 866 km içməli su, 285 km kanalizasiya xətləri çəkilib, 35 ədəd su anbarı və 12 ədəd su və kanalizasiya nasos stansiyası tikilib, 6 subartezian quyusu qazılıb, 52 mindən çox smart tipli su sayğacı quraşdırılıb. Nəticədə ölkə üzrə daha 200 min nəfərin içməli su təchizatı yaxşılaşdırılıb, 186 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunub, 102 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da ölkə üzrə fasiləsiz rejimdə su ilə təmin olunan əhalinin xüsusi çəkisi 64,5 faizə, Bakı şəhəri üzrə 79,2 faizə yüksəlib.
Bununla yanaşı, son illər Bakı şəhəri və Abşeron yarımadasında infrastrukturun sürətli inkişafı nəzərə alınaraq, su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin səmərəliliyini artırmaq məqsədi ilə "2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan” hazırlanıb. "Azərsu” ASC bu sənədin hazırlanması zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "Böyük Bakının Regional İnkişaf Planı”, Dövlət Statistika Komitəsinin və digər qurumların məlumatlarını da nəzərə alıb. 18 bölmədən ibarət olan Master Plan hazırlanarkən şəhərsalmanın inkişafı, əhalinin artımı və sıxlığı, turizmin inkişafı, təmizlənmiş çirkab suların təkrar istifadəsi, ekoloji tarazlıq və digər amillər əsas götürülüb. Təbii ki, bütün bu tədbirlərin həyata keçirilməsində başlıca məqsəd Azərbaycan vətəndaşlarını keyfiyyətli içməli su ilə təmin eləməkdən, kanalizasiya sistemlərinin çəkilməsi ilə çirkli suların idarə edilməsindən, bir sözlə əhalinin bu sahədəki qayğılarını həll etməkdən ibarətdir. Bu səbəbdən də görülən işlər vətəndaşlar tərəfindən müsbət qarşılanır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov millət vəkili seçildiyi Quba rayonunda su probleminin vaxtilə özünü çox ciddi şəkildə göstərdiyini söyləyib. O, "Kaspi”yə açıqlamasında bildirib ki, bu sahədəki problemi qismən həll etmək üçün 1986-cı ildə 7-8 nəfər zavod direktoru yığışıb Babadağdan şəhərə su xətti çəkiblər. Ancaq son illər həmin su xəttindəki borular istismar müddətini başa vurduğundan və sıradan çıxdığından, içməli su palçığa qarışıb və tərkibini dəyişib. Digər tərəfdən, bu su xətti tələbatı ödəməyib: "Boruların istismar müddətini başa vurması səbəbindən həmin içməli su palçığa qarışırdı və keyfiyyət dəyişirdi. Əhali də o sudan içməli su kimi istifadə etmək məcburiyyətində idi. Ancaq "Azərsu” ASC tərəfindən "Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinə başlanıldı. Bu layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Quba şəhəri və rayonun Qırmızı qəsəbə, Mirzəməmmədkənd və Timiryazev kəndlərində 46 min sakinin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb. Layihə üzrə işlərin təməli 23 sentyabr 2011-ci il tarixdə Prezident İlham Əliyev tərəfindən qoyuldu. 2013-cü ilin iyun ayından isə Quba şəhərinə yeni mənbədən içməli suyun verilməsinə başlanıldı. Quba şəhərinin və ətraf yaşayış məntəqələrini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi Qudyalçay seçildi. Suyun özüaxmlı nəqli nəzərə alınaraq şəhərin şimal hissəsində Qudyalçayın məcrasında 2435 metr uzunluğunda drenaj tipli suqəbuledici qurğu tikildi. Bununla yanaşı, su mənbəyindən paylayıcı anbara qədər ümumi uzunluğu 6450 metr olan 2 paralel magistral su xətti çəkildi, ümumi tutumu 14 min kubmetr olan 4 anbar tikildi. Layihə çərçivəsində Quba şəhərində ümumi uzunluğu 150 km olan paylayıcı su, 160 km kanalizasiya şəbəkəsi yaradıldı və 9500 ünvan şəbəkəyə qoşuldu, sayğaclaşma işləri aparıldı. 2013-cü il sentyabrın 18-də isə Prezident İlham Əliyevin iştirakı ilə Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin başa çatdırılması münasibətilə mərasim keçirildi. Faktiki olaraq, Quba sakinləri beynəlxalq standartlara cavab verən təmiz su içə bilirlər. Ötən 10 il ərzində təxminən Qubanın 30 kəndinə də su xətti çəkilib. Növbəti 5 ildə daha 10 kəndə də su xəttinin çəkilməsi planlaşdırılıb. Beləliklə, bu sahədə özünü göstərən çatışmazlıqlar mərhələ-mərhələ həllini tapır. Ona görə də Qubada su çatışmazlığı ciddi problem kimi özünü göstərmir”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, İmişli rayonundan millət vəkili seçilən Çingiz Qənizadə suyun həyat, sağlamlıq, rahatlıq olduğunu diqqətə çatdırıb. Bu baxımdan İmişli və Beyləqan rayonlarında da su təchizatının yaxşılaşmasından insanların məmnun olduğunu söyləyib. O, qəzetimizə açıqlamasında hazırkı vəziyyətlə əvvəlki illərdəki su təchizatını da müqayisə edib: "Su ilə paralel olaraq kanalizasiya xətlərinin də yenidən qurulması prosesi gedir. Bu da çirkab suların idarə olunmasında mühüm rol oynayır. Mən bununla bağlı bir məqamı xüsusi olaraq qeyd etmək istəyirəm. İmişli və Beyləqan rayonlarında torpaqların şirə suyu ilə həddindən artıq dolması, qrunt sularının da üzə çıxması halları mövcuddur. Torpaqların yuyulması və bəzi meliorasiya işləri qrunt sularını daha çox üzə çıxarır. Bunun üzərinə kanalizasiya sularının da axıdılması daha çox torpaqların çirklənməsi ilə nəticələnirdi. Bu da hektarlarla əkinə yararlı münbit torpağın korlanması, kəndlinin təsərrüfatla məşğul olmasının əngəllənməsi ilə nəticələnirdi. Bu vəziyyət antisanitariyanın yaranmasına da gətirib çıxarırdı”.
Qeyd edək ki, 2011-ci ilin sentyabrından İmişli şəhərində də su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsinə başlanılıb. Bu layihə şəhərdə əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla, 45 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində şəhərin dayanıqlı su təchizatının aparılması üçün 5 ədəd su anbarları tikilib. İstehlakçıların dayanıqlı və keyfiyyətli su ilə təmin edilməsi üçün Beyləqan rayonu Dünyamalılar kəndi yaxınlığındakı yeraltı sular mənbə seçilib. Quyu zonasından İmişli şəhərinə 31 kilometr uzunluğunda magistral su xətti çəkilib, şəhərdə uzunluğu 167 km olan müxtəlif diametrli kəmərlərlə paylayıcı su şəbəkəsi tikilib, hər bir abonent smart-kart tipli sayğacla təmin edilib. Şəhərdə yaranacaq çirkab suların toplanması üçün kanalizasiya şəbəkəsi, kanalizasiya-nasos stansiyaları, sutəmizləyici qurğular da inşa olunub.
Millət vəkili onu da əlavə edib ki, 2012-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə İmişli şəhərində su anbarı kompleksinin istifadəyə verilməsi mərasimi keçirilib. Beləliklə də əhalinin bir hissəsi içməli su ilə təmin edilib: "Bu açılış mərasimində mən də iştirak edirdim və cənab prezident bildirdi ki, Azərbaycanın hər yerində insanlar içməli su ilə təmin olunmalıdır və olunurlar. İmişlidə yaşayan insanlarda da bu böyük məmnunluq yaradır, ekologiyanın, torpaqların çirklənməsinin də qarşısını alır”.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin üzvü Sahibə Qafarova da millət vəkili seçildiyi Şəmkirdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin insanlar tərəfindən məmnunluqla qarşılandığını bildirib. Qeyd edib ki, şəhər sakinlərinin fasiləsiz içməli su ilə təminatı həm onları bir sıra məişət qayğılarından azad edib, həm də əhalinin sağlamlığının qorunmasına, yaşayış məntəqəsində antisanitariya vəziyyətinin aradan qaldırılmasına təsir edib. Onun fikrincə, yalnız Şəmkirdə deyil, bütünlüklə ölkədə bu kimi layihələr insanlar tərəfindən müsbət qarşılanır.
Xatırladaq ki, 2011-ci ildə Şəmkirdə bu istiqamətdə başlanılan tikinti-quruculuq işləri nəticəsində şəhərin gələcək perspektivi də nəzərə alınmaqla, ümumilikdə 47 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşdırılacaq. "Azərsu” ASC tərəfindən icra edilən bu layihəyə uyğun olaraq Cəyir çayının hövzəsində yeni drenaj sistemi yaradılıb, 7 km uzunluğunda magistral, 5 km uzunluğunda anbarlararası su xətti çəkilib. İçməli suyun şəhərə özüaxımlı rejimdə verilməsi üçün relyef baxımından yüksək nöqtələrdə 4 ədəd yeni su anbarı inşa edilib, mövcud 2 anbar əsaslı təmir olunub. Bununla bərabər, Şəmkir şəhərində şəhərdaxili su və kanalizasiya şəbəkələri, kollektorlar inşa olunub. Tullantı suları şəhərin kənarında inşa edilən çirkab sutəmizləyici qurğuya ötürülüb. 2013-cü ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi tədbirdə Şəmkir şəhərinə içməli suyun verilməsinə başlanılıb.
Son olaraq qeyd edək ki, "Azərsu” ASC tərəfindən Hacıqabul, Mingəçevir, Zərdab, Kürdəmir, Ucar, Qax, Lənkəran, Biləsuvar rayonlarında su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi həyata keçirilməkdədir. Prezident İlham Əliyev cari il yanvarın 26-da hökumət üzvləri qarşısında çıxışında sosial müdafiənin yürüdülən siyasətin əsas istiqamətlərindən biri olduğunu, regionlarda nəzərdə tutulan infrastruktur layihələrinin, xüsusilə də kənd yollarının, məktəb və xəstəxana binalarının tikintisinin, içməli su layihələrinin icrasının əhəmiyyətini vurğulayıb: "İçməli su layihələri bir çox şəhərlərdə artıq icra edilib, 24 saat fasiləsiz təmiz, beynəlxalq standartlara, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Bu layihələr davam edir, davam edəcəkdir. Bütün şəhərlərdə əhaliyə 24 saat fasiləsiz, təmiz içməli su verilməlidir. Bununla bərabər, çaylar boyu yerləşən kəndlərdə təmizləyici qurğular yaradılmışdır. Yarım milyon insan bax o imkanlardan istifadə edir. Əvvəllər onlar çaylardan, kanallardan su içirdilər”.
Aygün ƏZİZ
Yazı "Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir
banner

Oxşar Xəbərlər