• çərşənbə axşamı, 19 mart, 12:30
  • Baku Bakı 8°C

Əhalinin himayəçisi olacaq DOST

10.08.18 16:31 1007
Əhalinin himayəçisi olacaq DOST
Prezident İlham Əliyev əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs (bundan sonra – DOST Agentliyi) yaradılsın. Müəyyən edilir ki, DOST Agentliyi bu Fərmanın 3-cü hissəsində göstərilən "DOST” mərkəzlərini idarə edir, onların fəaliyyətinə nəzarət və qiymətləndirməni həyata keçirir; DOST Agentliyində təsisçinin "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini DOST Agentliyinin nizamnaməsinin və strukturunun təsdiq olunmasına, nizamnamə fondunun miqdarının müəyyən edilməsinə, habelə yenidən təşkili və ləğvinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, digər məsələlərə münasibətdə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, habelə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin həyata keçirilməsini təmin edən "DOST” mərkəzləri yaradılır.

Fərmanda göstərilən "DOST” mərkəzlərində xidmətlər "bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin, vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi təmin ediləcək. Vətəndaşlara xidmət göstərən əməkdaşlar üçün etik kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını və digər aidiyyəti bacarıqları inkişaf etdirən müxtəlif təlimlərin həyata keçirilməsi nəzərdə tutulub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında iki ay müddətində:

- DOST Agentliyinin nizamnaməsinin və strukturunun layihəsinin hazırlanmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- DOST Agentliyinin nizamnamə fondunun miqdarı və işçilərinin say həddi ilə bağlı təkliflərin hazırlanmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- "DOST” mərkəzlərində göstəriləcək xidmətlərin siyahısını və həmin xidmətlərin "DOST” mərkəzlərində göstərilmə qaydasının layihəsinin hazırlanmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- DOST Agentliyinin və onun strukturuna daxil olan "DOST” mərkəzlərinin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin rəyini nəzərə almaqla hazırlanmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Nazirlər Kabinetinə tapşırılır ki, DOST Agentliyinin və "DOST” mərkəzlərinin fəaliyyətinin təşkili üçün onların inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı məsələlərini bir ay müddətində həll edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; DOST Agentliyinin və onun strukturuna daxil olan "DOST” mərkəzlərinin fəaliyyətinin təşkilindən irəli gələn digər zəruri tədbirlərin görülməsini iki ay müddətində təmin etsin; DOST Agentliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Belə bir agentliyin yaradılması vətəndaşların sosial-rifahının yaxşılaşdırılması yönündə hansı əhəmiyyət kəsb edəcək?

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Musa Quliyev bildirdi ki, dövlətin siyasətində sosial müdafiə hər zaman prioritet istiqamətlərdən biridir: "Bu məsələ dövlət başçısı tərəfindən daima diqqət mərkəzində saxlanılır və xüsusi qayğı göstərilir. Aztəminatlı insanların sosial vəziyyətinin yaxşılaşdırılması hər zaman dövlətin əsas məqsədi olub. Bu mənada, belə bir agentliyin yaradılması məhz bu məqsədə xidmət edir. Bu qurumun yaradılması ilə əhalinin məşğulluğunun təmin olunması, sosial yardımların edilməsi, pensiya və müavinətlərin vaxtında və düzgün hesablanması, əlillik vəziyyətinin qiymətləndirilməsi, əlillərə göstərilən yardımların və reabilitasiya xidmətinin keyfiyyətinin yüksəldilməsi bir mərkəzdən, operativ şəkildə həyata keçiriləcək. Agentlik yaradıldıqdan sonra yerlərdə agentliyin regional şöbələri olacaq. Bu şöbələrdə həmin xidmətlər birləşəcək. Beləliklə, vətəndaş bir binaya müraciət etməklə özünün bütün sosial problemlərini həll edə biləcək. Eyni zamanda, elektron hökumət çərçivəsində bu sahənin elektron idarəetməyə keçirilməsi nəzərdə tutulub. Bu da vətəndaşlara evdən çıxmadan elektron şəkildə müraciət etməklə problemlərini həll etmək imkanı verir. Hesab edirəm ki, qısa müddət ərzində bu sahədə olan süründürməçilik, bürokratiya, korrupsiya halları tamamilə aradan qaldırılacaq”.

Sosioloq Cavid İmamoğlu qeyd etdi ki, agentliyin yaradılması sosial müdafiə sahəsində effektivliyin artırılmasına xidmət edəcək: "Əgər agentliyin idarəçiliyinə peşəkar kadrlar cəlb edilsə, o zaman dünyadakı mövcud sosial rifah praktikasına bir addım daha yaxınlaşmış olacağıq. Böhranlı və aztəminatlı əhali qrupunun bu cür xidmətlərə, xüsusilə də xidmətlərin bir arada olmasına çox böyük ehtiyacları var idi. Sosial planda bu dəyişiklik innovativ dəyişiklik hesab edilir və effektiv çalışarsa, heç bir ehtiyaclı vətəndaş diqqətdən kənarda qalmayacaq. Hər kəs dövlətin sosial qayğısını hiss edəcək. Sosial rifah yalnız vətəndaşa fərdi, onların ehtiyaclarına kompleks yanaşıldıqda həll edilə bilər. Ümid edirəm ki, agentlik də məhz bu cür prinsiplərlə işləyəcək”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər