Əgər yol yoxdursa, yol mədəniyyətini necə aşılaya bilərik?
"Bir dəfə
bir nəfər mənə müraciət edərək boşanmaq istədiyini və bu haqda çox düşünüb qəti
qərara gəldiyini dedi. Bir qədər söhbətləşdikdən sonra ona dedim ki, tələsik
qərar vermə, sonra peşman olarsan. Bir həftə yoldaşınla yoldaşın kimi yox, ikinci
bir qızın kimi rəftar elə. Əgər heç nə dəyişməsə, o zaman yenə gələrsən. Bir
müddət sonra o, mənə zəng vuraraq fikrindən daşındığını söylədi. "Mən həyat
yoldaşıma ikinci bir qızım kimi münasibət göstərdim. Onun bütün şıltaqlığına və
ağrı-acısına dözdüm. O, özü də səhvini başa düşdü və onları təkrarlamadı”- dedi.
Növbəti dəfə yanıma gələndə həmin şəxs bildirdi ki, siz mənə heç kimin etmədiyi
bir yaxşılığı etdiniz, ailəmi geri qaytardınız”.Bunu bizimlə söhbətində Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Ceyhun Cəfərli dedi.
Bildirdi ki, vəkillik təcrübəsində belə hallara bir neçə dəfə rast gəlib. Amma təəssüf
ki, sonluq həmişə belə yaxşı qurtarmır. Bəzən ailələr hətta ən xırda səbəblərə
görə dağıla bilir. Çünki deyirlər ki, boşanmaq xərçəng xəstəliyinə bənzəyir. Heç
gözləmədiyin, ağlının ucundan keçmədiyi bir vaxtda başına gələ bilər.
Boşanmadan sonra isə ailənin dağılması bir tərəfə qalır, tərəflər mal-mülk və
digər problemlərin davasına çıxırlar, uzun sürən məhkəmə prosesi gedir. Bu kimi
problemlər isə əsasən nikah müqaviləsi olmadıqda yaranır. Nə qədər bu
müqavilənin vacibliyi vurğulansa da, hələ də bundan müəyyən mənada məlumatsız
olanlar var. Bəs görəsən nikah müqaviləsi nədir? Niyə bizdə ailə qurarkən bu
müqaviləyə ehtiyac görülmür?
- Nikah
müqaviləsi Azərbaycanda qanuni əsaslarla necə tənzimlənir?
- Azərbaycanda
nikah müqaviləsi Ailə Məcəlləsinin 38, 39 və 40-cı maddələri ilə tənzimlənir.
Həmin maddələrdə nikah müqaviləsinin məzmunu, yəni onun nə məqsədlə bağlanması,
bağlanma və ləğv edilmə qaydaları öz əksini tapır. Nikah müqaviləsi bağlanarkən
tərəflərin qazancları və ailənin xərcləri, eləcə də tərəflərin və uşaqların qarşılıqlı
hüquq və vəzifələri qeyd olunur. Müqavilə
ilə həmçinin, uşaqların tərbiyə və müalicəsində, saxlanmasında ər-arvadın iştirak
xərcləri, onların üzərinə düşən məsrəflər bölgüsü, eləcə də nikah pozularkən
tərəflərin əmlak hüquq və vəzifələri müəyyən olunur. Əmlakla bağlı olmayan
digər məsələlərin isə nikah müqaviləsində öz əksini tapması qanunla
yolverilməzdir. Əgər qazanc və xərclərlə bağlı olmayan müddəalar, nikah
müqaviləsinə daxil edilərsə, bu müddəalar nikah müqaviləsi bağlandığı andan
etibarsız sayılır.
- Bəs müqavilə pozulduğu halda nə baş verir?
Problem həmişə ədalətli qaydada öz həllini tapa bilirmi?
-
Problemin ədalətli şəkildə həlli məhkəmə qaydasında həyata keçirilir. Ədalətli
mühakiməni məhkəmələr həyata keçirir. Məhkəmələr tərəflərin təqdim etdikləri
sübutlar əsasında həyata keçirilir. Əgər tərəflər nikaha girərkən, eləcə də
nikaha girdikdən sonra nikah müqaviləsi bağlayıblarsa və bu müqavilə qanunla
müəyyən edilən qaydada, yəni tərəflərin imzası və notariusun təsdiqi ilə təsdiq
olunubsa və oradakı müddəalar ailə qanunvericiliyində nəzərdə tutulan göstəriş
və tələblərə uyğundursa, onda həmin müqavilənin şərtlərini məhkəmə təsdiq edir.
Belə olan təqdirdə tərəflərin müqavilədə nəzərdə tutulan hüquq və mənafeləri
müdafiə olunur. Məhkəmənin müəyyən etdiyi qətnamənin yerinə
yetirilib-yetirilmədiyi isə məhkəmə qətnaməsinin icrası mərhələsində özünü
doğruldur. Bəzən bir tərəfin xarici vətəndaş olduğu, yaxud hər iki tərəfin
Azərbaycan vətəndaşı olduğu nikahlarda ər və ya arvad öz vəzifəsini icra
etmədən ölkə hüquqlarından kənara çıxır. Məsələn, kişi alimenti ödəmir və
ölkəni tərk edir. Artıq həmin alimentin yaxud digər əmlakla bağlı məhkəmə
qətnaməsinin icrası az qala mümkünsüz hala gəlir. Çünki icra məmuru həmin şəxsi
Azərbaycanda tapa bilmir.
- Azərbaycanda nikah müqaviləsinin bağlanmasına
maraq azdır. Bəzən tərəflər məsələyə birmənalı yanaşılmır. Sizcə, bunun səbəbi
nədir?
- Bunun
əsas səbəbi Azərbaycanda hələ də iqtisadiyyatın və iqtisadi münasibətlərin tam şəkildə formalaşmamağıdır.
İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında iqtisadi fərqlər var. Təbii
olaraq inkişaf etmiş ölkələrin sahibkarlıq təcrübəsi daha çoxdur. Bundan başqa,
Azərbaycanda sahibkarlıq son bir neçə il ərzində formalaşmağa başlayıb. Neft
müqavilələrindən gəlir əldə etdikdən sonra ölkə iqtisadiyyatı gücləndi.
İqtisadi fəaliyyətin subyektləri olan sahibkarlar iqtisadiyyatın özülünü
formalaşdırırlar. Həmin sahibkarlar hələ özləri həyatdadırlar və irsi
mal-mülklərini öz varislərinə ötürməyiblər. Yəni, onlar hələ bizneslərinin
başındadırlar. 20 ildən sonra sahibkarlar nəsli təzələnəcək. İndiki sahibkarların
övladları irsi qaydada mal-mülkə sahib olacaqlar. Əslində bu, sosioloji məsələ
kimi qəbul edilməlidir. Əgər biznes və qazanc atanın adınadırsa, onun övladı
ailə qurduğu zaman əmlakı risk altında olmur. Müstəqil qazancı və əmlakı
olmayan birinin nikah müqaviləsi bağlamağına ehtiyac yoxdur. Bu müqavilə əmlak
məsələlərini tənzimləyir. Ona görə də hələlik bu ənənə bizdə formalaşmayıb. Bizdə
nikah müqaviləsinin geniş yayılmamasının əsas səbəblərindən biri də onun
sosioloji əsaslarının olmaması ilə bağlıdır. Məncə, burada maarifləndirmə də rol
oynamır. Əgər yol yoxdursa, yol mədəniyyətini necə aşılaya bilərik? Bu, sadəcə,
xəyali bir tədris ola bilər. Bunun üçün ilk növbədə iqtisadi münasibətlər
təşəkkül tapmalıdır. Nikah müqaviləsinin bağlanması üçün zərurət olmalıdır.
Mənim fikrimcə, bu ənənə Azərbaycanda növbəti 10-15 ildə formalaşa bilər
- Nikah müqaviləsi tərəflərə hansı üstünlükləri
qazandırır?
- Əgər
boşanma zamanı qaynana, yaxud qayınata gəlini evdən çıxarırsa, bunun nikah
müqaviləsinə dəxli yoxdur. Nikah müqaviləsi gəlinə qaynananın evində balaca bir
otaq verən sənəd deyil. Burada daha dərin köklü məsələlər var. Bu müqavilə
zəngin və qeyri-zəngin təbəqələr arasında insani münasibətlərin yaranmasına
kömək edir. Ailə dağılanda isə bu münasibətlərin zərər görməməsinə vasitəçilik
edir. Müqavilə həm də sui-istifadəyə məruz qalmanın qarşısını alır. Çünki hər
kəsin sosial mövqeyi var. Bir şəxs həm sahibkar, həm də ər və ya arvaddır. Ər
və ya arvad kimi nikah bağlanarkən nikah müqaviləsi imzalanır. Boşanarkən isə
sahibkar kimi sənədə qol çəkir. Nikah müqaviləsinə əsasən, nikaha qədərki əmlak
nikaha girənin özünə məxsusdur. Amma nikahdan sonra qazanılan pul ər-arvadın
bərabər bölgüsünə düşür. Bəzən nikaha girən şəxs narahat olur ki, qarşı tərəf bir
neçə il sonra məndən boşandıqdan sonra rəsmi gəlirlərimin əks olunduğu
sənədləri məhkəməyə təqdim edib 3 illik gəlirimin ən azı yarısını tələb edəcək.
Belə olan təqdirdə nikah müqaviləsi reallaşır. Tərəflər razılaşır ki, biz
ayrı-ayrı sosial təbəqələrin nümayəndələriyik. Mənim illik olaraq ödəyəcəyim
bəlli bir məbləğ olacaq. Üstəlik ailənin geyim, yemək, səyahət xərclərini mən
verəcəm. Əgər həqiqətən də məni sevirsənsə, bu müqaviləyə qol çəkə bilərsən. Belə
olan halda qarşı tərəf həqiqətən də sevgi ilə ailə qurursa, bu müqaviləyə imza atır.
Beləliklə, nikah müqaviləsi cəmiyyətdə bütövləşməni təmin edir. Müqavilə ilə ayrı-ayrı
sosial təbəqələrin arasında olan ziddiyyətlər aradan qalxır. Bu, həm dövlətin,
həm də cəmiyyətin tələbidir. Əgər qarşı tərəf bu şərtə razılıq vermirsə, bu halda
deməli, ailə sağlam təməl üzərində qurulmur və Ailə Məcəlləsinin 1-ci maddəsi
reallaşa bilmir. Həmin maddədə qeyd olunur ki, ailə qarşılıqlı hörmət və
sevgiyə əsasən yaranır. Belə olduqda bəhanələrə də yer qalmır. Adi bir misal
deyək. İmkanlı bir ailənin qızı öz sürücüsü ilə ailə qurur. Heç kim öz
biznesini risk altında saxlamaq istəməz. Bu halda nikah müqaviləsi tərəflər üçün
vacib hesab olunur. Məncə, bu müqavilənin geniş yayılması üçün zamana
ehtiyacımız var.
- Bəs regionlarda vəziyyət necədir? İnsanlar öz
hüquqlarını bilirmi?
- Bakı
paytaxt şəhəri olmaqla yanaşı, həm də mədəniyyət və sənaye mərkəzidir. Əgər
şəhər həyatında bu məsələ aktual deyilsə, aydındır ki, regionlarda vəziyyət
daha pisdir. Amma bütün hallarda regionlarla müqayisədə şəhərlərdə boşanma
hallarına daha çox rast gəlinir. Çünki rayonlarda ictimai qınağın təsiri yüksəkdir.
Yerlərdə olan ailələrdəki münasibət daha elastik xarakter daşıyır. Onlar
məsələyə daha dözümlü yanaşdığına görə qırılmalar da nisbətən az olur. Kənd ağsaqqal
və ağbirçəklərinin, həmçinin, yaxın qohumların məsələdə müsbət müdaxilələri
olur. Bu isə ailənin qorunub saxlanmasına gətirib çıxarır.
- Sizcə, nə etmək lazımdır ki, insanlar öz hüquqlarını
müdafiə edə bilsinlər?
- Fikrimcə,
hər şey maarifləndirmədən asılıdır. Profilaktik tədbirlər görülməli və yeri
gələrsə, psixoloqa müraciət edilməlidir. Çünki bəzən çox adi səbəblər
ucbatından ailələr dağılır. Bəlkə də onlara öyüd-nəsihət verilsə və özlərinə
inam formalaşdırılsa, hər şey çox fərqli ola bilər. Mənə elə gəlir ki, burada
dini təbliğata da yer vermək lazımdır. Çünki din insanları bir-birini
bağışlamağa və güzəştə getməyə çağırır. Ailənin təməli qarşılıqlı güzəşt və
dözüm əsasında qurulur. Bu xüsusiyyətlər ailənin ömrünü və elastikliyini
artırır. Hər kəs bilməlidir ki, ailədə söyüş, təhqir, şiddət birmənalı şəkildə yolverilməzdir.
Maarifçi ziyalılar və ədiblər yazdıqları əsərlərində, teatr tamaşalarında
insanları maarifləndirməlidir. Kitab oxuyan insanla oxumayan insan bir ola
bilməz. Həmçinin televiziya və mətbuatın da rolunu qeyd etmək yerinə düşər.
Təbliğat böyük rol oynayır. Bilənlə, bilməyən adam eyni ola bilməz. Bilikli
insan təcrübəli və səbirli olur. Qarşı tərəfi başa düşür. Əgər insan dərin
düşünə bilirsə, bağışlamağı da bacarır. Dərin düşüncə isə maariflənmədən
başlayır.
- Dünya təcrübəsində nikah müqaviləsinə yanaşma
necədir?
- Dünya
ölkələrində bu müqavilə geniş yayılıb. İnkişaf etmiş ölkələrdə belə müqavilələr
nikah həyatının vacib elementi hesab olunur. Hollandiya və bir sıra qabaqcıl
Avropa ölkələrində daha çox müraciət olunan müqavilə formalarından biridir. Orada
nikah məhz bu müqavilə əsasında bağlanır. Çünki belə cəmiyyətlərdə nikaha
girmək istəyən şəxslərin əmlak və statusu rol oynamır. Onlarda nikah qarşılıqlı
sevgi və məhəbbət əsasında qurulur. Ona görə də xarici təcrübədə heç bir
problem etmədən bu müqaviləni imzalayırlar.
Şəbnəm Mehdizadə