• şənbə, 20 Aprel, 09:08
  • Baku Bakı 14°C

Əgər pulumuz olsaydı...

04.05.16 11:27 2487
Əgər pulumuz olsaydı...
"Böhran vaxtı hamı aktivlərdən qurtulmağa çalışanda, mən əksinə, yeni aktivlər alırdım”. Bu sözlər dəfələrlə planetin ən varlı insanları siyahısında ilk yerlərdə qərarlaşan meksikalı maqnat Karlos Slimə məxsusdur. Elə mütəxəssislər də çox vaxt iş qurmaq üçün ən uyğun və səmərəli vaxtın məhz iqtisadi çətinliklər dövrü olduğunu bildirirlər.
Bəzən deyirlər ki, şəxsi biznesə başlamaq üçün əldə hər hansı məbləğ olmasa da olar. Amma bir çox insanların əlində müəyyən qədər maliyyə olsa da, hansı istiqamətə yönəldəcəyini bilmir. Buna görə də pulu "yastıq altı”nda saxlamağa məcbur olur. Bəs indiki şəraitdə əlində vəsaiti olanlar pulu hansı istiqamətlərə yönəltsələr gəlir əldə edə bilərlər? Bununla bağlı iqtisadçılar arasında sorğu keçirdik. Sual verdik ki, əllərində müəyyən bir vəsait olsa, onu hansı istiqamətə yönəldərlər?
10, 100, 500 min dollar vəsait olarsa...
Rəşad Həsənov bildirdi ki, maliyyənin miqdarından asılı olaraq fərqli istiqamətlərə investisiya yatırmaq olar: "10 min dollar vəsait olsa, hazırda üzərində işlədiyim və qatılmaq istədiyim sahə birjadır. 100 min dollar həcmində vəsaitim olsa, idxalla məşğul olaram. Apardığım müşahidələrə və içində olduğum proseslərə əsasən deyə bilərəm ki, istədiyin məhsulu ölkəmizə idxal edə bilərsən. Müəyyən məhsullar var ki, onun ölkəmizə gətirilməsi, satışı ilə məşğul olaram. 500 min dollar vəsaitim olsa, yüngül sənaye, trikotaj məhsullarının istehsalına yatırım edərəm”.
R.Həsənov deyir ki, 4-5 min manat vəsaitlə daha kiçik fəaliyyət növləri ilə məşğul olmaq olar: "Topdansatış müəssisələrindən müəyyən məhsulların alınıb pərakəndə satış müəssisələrinə çatdırılması işi ola bilər. Bir növ ekspeditorluq. Yaxud da həmin vəsaitlə əhalinin sıx, iş yerlərinin çox olduğu məkana yaxın yerdə kiçik sahəyə malik olan türk lokantaları tipli kiçik yeməkxana işlətmək olar. 1000 manatla da nə isə iş görmək olar. Sadəcə, bu, işi kimin görməsindən asılıdır. Məsələn, qadınlar endirim olan ticarət mərkəzlərindən, yaxud bağlandığı üçün çox ucuz qiymətə mal satan mağazalardan geyim alıb, qohum-qonşuya bir az baha qiymətə satıb, pul qazana bilər və beləliklə, işlərini qura bilərlər”.
Riskləri nəzərə almaq
Pərviz Heydərov deyir ki, əldə olan məbləğdən asılı olaraq istiqaməti müəyyənləşdirmək olar: "Hazırda vəziyyət qeyri-müəyyəndir. Əgər böyük məbləğdirsə, daşınmaz əmlaka, orta səviyyədədirsə, 50+50 % nisbətlə dollar və manat şəklində banka yerləşdirmək, 10-15 min manat həddindədirsə, 30 % hissəsini dollarla, qalanını isə milli pul vahidi şəklində elə əldə saxlamaq məsləhətdir”.
Samir Əliyev isə hazırda biznesdə yüksək risklərin qalmaqda dava etdiyini bildirdi. Ona görə də real sektora vəsait yatırmağı riskli hesab edir: "Bu baxımdan əlimdə vəsait olsa, onu dollara çevirib gözləmə mövqeyində durardım. Ancaq bununla yanaşı, kənd təsərrüfatı sektorunu nəzərdən keçirərdim”.
Ruslan Atakişiyev deyir ki, ilk olaraq əldə müəyyən qədər vəsaitin olması üçün xərcləri düzgün müəyyənləşdirmək lazımdır. İqtisadçı hesab edir ki, ciddi bir iş qurmaq üçün əldəki məbləğ az olmamalıdır: "Məsələn, ciddi bir işə başlamaq üçün 1000 manat elə də böyük vəsait deyil. Amma kənd yerində yaşayan adam bu məbləğlə kənddə müəyyən işlə məşğul olub, işi böyüdə bilər. Şəhər yerində yaşayırsa, meyvə-tərəvəz alqı-satqısı ilə, xırda ticarətlə məşğul olmaq, vasitəçilik xidməti göstərmək olar. Reklam şirkətləri ilə danışıb, aylıq 200 manata bir otaq götürüb, reklam verən şirkətlərlə reklam şirkətləri arasında müəyyən vasitəçilik etmək olar. İri istehsal üçün isə minimum 100-200 min manat pul lazımdır”.
"Qiymətli kağız bazarına 1000 manatla da daxil olmaq mümkündür”
Nicat Hacızadənin sözlərinə görə, beynəlxalq təcrübəyə əsasən, insanların əsas işlərindən əlavə, digər gəlir yerləri də olur: "Onlar öz işlərini görməklə yanaşı, səhm və valyutalara investisiya qoyurlar. Onları daimi olaraq izləyirlər və ya həmin vəsaitlərin idarə olunmasını investisiya şirkətlərinə tapşırırlar. Həmin şirkətlər onların pullarını səhm bazarlarına yatırırlar. Hətta mənim əlimdə kiçik vəsait olsa, qiymətli kağızlar bazarına investiya yatırmağı düşünürəm. Amma Azərbaycanda yox. Çünki bizdə qiymətli kağız, səhm bazarı hələ o dərəcədə inkişaf etməyib, gəlirliliyi də yüksək deyil. Ümumiyyətlə, səhmdarlıq mədəniyyəti tam formalaşmadığına görə xarici maliyyə bazarında, böyük dünya bazarlarında iştirak edən şirkətlərin səhmlərinə investisiya yatıraram və ya onların müəyyən bir səhm paketini alaram. Fundamental analiz edərəm ki, gələcəkdə gəlir gətirmək şansı var, yoxsa yox”.
N.Hacızadə deyir ki, Azərbaycanda innovasiya və informasiya texnologiyaları sahəsinə investisiya yatırmaq istəyər. Çünki bu sahəyə ölkəmizdə yetərincə tələbat var. İqtisadçı kənd təsərrüfatını da maliyyə yönəltmək cəhətdən perspektivli hesab edir: "Kənd təsərrüfatına, xüsusilə maldarlığa investisiya edə bilərəm. Təbii ki, bunların hamısında mən bir səhmdar kimi fəaliyyət göstərəcəm. Çünki sırf qeyd olunan sahələrdə ixtisaslaşmadığım üçün onların hər birini müəyyən şəxslərə tapşıraram”.
N.Hacızadə qeyd etdi ki, qoyulan səhmlərə uyğun olaraq uzun və ya qısamüddətli dövrdə nə qədər gəlir qazanmaq mümkün olduğunu planlaşdırar: "İşə başlamaq üçün müxtəlif sahələr var. Maliyyənin miqdarı da maraqlandığımız, həvəsimiz olan sahədən asılıdır. Qiymətli kağız bazarına 1000 manatla da daxil olmaq mümkündür. Hətta 500-lə belə. Avadanlıq tələb olunan və olunmayan istehsal sahələri var. Yaxud rayonda işçi qüvvəsini daha ucuz tapmaq olar, nəinki Bakıda”.
"Yaxşı iqtisadçı yaxşı pul qazanmağı bacarmalıdır”
Vüqar Bayramov isə bildirdi ki, "İqtisadçının əlində pul olsa” deyilməməlidir. Çünki iqtisadçının əlində pul olmalıdır. Onun sözlərinə görə, yaxşı iqtisadçı hökmən pul qazanmağı bacarmalıdır. İqtisadçı pul qazana bilmirsə, pulu yoxdursa, demək ki, yaxşı iqtisadçı deyil: "Bütün dünyada qəbul edilən yanaşma ondan ibarətdir ki, yaxşı iqtisadçı yaxşı da pul qazanmağı bacarmalıdır. Ona görə də iqtisadçının əlində pul olsa yox, olmalıdır. İqtisadçı da qazanmasa, cəmiyyətdə kim qazanacaq?”
V.Bayramov deyir ki, məbləğindən asılı olaraq iqtisadçı əlində olan pulla bağlı qərar verə bilər: "Bu gün dünyada və Azərbaycanda pulu investisiya etmək üçün ən məqbul variantlardan biri startap şirkətinin yaradılmasıdır. Startap şirkətləri ABŞ, Çində belə kifayət qədər böyük dövriyyəyə malikdir. Birbaşa innovasiya ilə məşğul olan şirkətlərdir. İnnovativ sektorlara daha çox investisiya edirlər. Pulun startapların formalaşdırılmasına yönəldilməsi daha məqsədəuyğundur. Bununla bağlı xeyli təcrübələr var. Ötən həftə Avstriyada müxtəlif dövlət qurumlarında, şirkətlərdə görüşlər keçirdim. Bu gün Avstriyanın gənc iqtisadçılarının vəsait yönəltdiyi əsas istiqamət startapdır. Startap adətən 50 min dollardan artıq maliyyə tələb edir. Əldə 50 min dollardan artıq pul varsa, startap yaradılması daha uyğun olar”.
"400-500 dollarla biznesə başlamaq çətindir, amma mümkünsüz deyil”
V.Bayramov hesab edir ki, xırda məbləğin istehsala yönəldilməsi nisbətən çətindir. Məsələn, 400-500 dollarla biznesə başlamaq çətindir, amma mümkünsüz deyil: "Bəzi təcrübələr göstərir ki, 500 dollarla da biznesə başlamaq olur. Bu məbləğlə xidmət sektorunda fəaliyyətə başlayıb, zamanla kapitalı genişləndirilmək olar”.
İqtisadçı deyir ki, hansısa iş qurmaq üçün maliyyə sərf edərkən bankın verdiyi dividentlərlə işin gətirə biləcəyi gəliri müqayisə etmək lazımdır: "Tutaq ki, əldə olan pulu banka əmanət şəklində yerləşdirsə, 12 faiz divident gələcək. İşə başlasa da 12 faiz gəlir qazanacaq. Bu zaman həmin pulu bankda yerləşdirmək lazımdır, nəinki investisiya etmək”.
V.Bayramov qeyd etdi ki, ev, torpaq, qızıl almaq kimi istiqamətlərə maliyyə yatırmaz: "Bəzən vətəndaşlar pulu olanda qızıl, torpaq, ev alırlar. Bu, passiv investisiyadır. Bu investisiyada nə iş yeri, nə də iqtisadiyyatda yeni dəyər yaranır. Həm də indiki məqamda qlobal və regional çətinlikləri, regionun əmlak, strateji məhsullar bazarındakı dəyişiklikləri nəzərə alsaq, bu tip istiqmətlərə maliyyənin yatırılması doğru deyil. Mən passiv istiqamətlərə vəsait yönəltməzdim. Mənim üçün daha məqbul variant pulun startaplara yönəldilməsi olardı”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər