AZE | RUS | ENG |

“Əgər istəyirsənsə, özün cəhd et” tövsiyəsindən sonra karyera quran gənc- Sadə peşə adamı

“Əgər istəyirsənsə, özün cəhd et” tövsiyəsindən sonra karyera quran gənc- Sadə peşə adamı
Gülnar Məmmədova: “Bu sənətlə normal pul qazanmaq mümkündür”

Sadə şüşə stəkanları vurduğu naxışlarla gözəlləşdirir. Seçdiyi rənglər, qablara verdiyi millilik göz oxşayır. Məhz bu istedadı evdar qadın olsa da, bu gün onun peşəsinə çevrilib. Müsahibimiz vitraj ustası Gülnar Məmmədovadır.
 
"Rəssam olsam, ailəmi dolandıra bilmərəm”
 
Gülnar 3 uşaq anası, evdar qadındır. Hazırda məşğul olduğu peşənin təhsilini almayıb. Turizm üzrə mütəxəssis olsa da, uşaqlıqda anasının "əgər istəyirsənsə, özün cəhd et” tövsiyəsi onu bu sənətə gətirib: "Mənə elə gəlir ki, rəssamlıq insanın daxilindən gələn istəklə meydana çıxır. Yadımdadır, uşaq vaxtı çox şəkil çəkirdim. Sadə karandaşla kağız üzərində cızma-qara edirdim. 5-6 yaşım olanda, anam kağıza kukla çəkər, yanında da paltarlar təsvir edərdi. Həmin kuklaya kağızdan hazırladığımız paltarları geyindirərdik. Hər dəfə anamdan belə şəkil çəkməyini istəyərdim. Bir dəfə anam mənə dedi ki, əgər xoşuna gəlirsə, özün cəhd et. Beləliklə, məndə bu həvəs yarandı. Məktəb yaşlarımda mütəmadi olaraq şəkil çəkirdim. Amma rəssamlıqla bağlı təhsilə o qədər də ciddi yanaşmırdım. Ailədə də rəssam olmağımı istəmirdilər. Düşünürdülər ki, rəssam olsam, ailəmi dolandıra bilmərəm. İndi də rəssamlıq təhsili almadığım üçün təəssüf edirəm. Məktəb illərində rəsm müəllimim bu istedadımın fərqinə vardı və mənə dəstək oldu. Onun sayəsində hələ də şəkil çəkmək üçün karandaşı əlimdə tutmağı bacarıram. Artıq 8 ildir ki, bu işlə məşğulam”.
 

"Özümü sübut etmək istəyirdim”
 
Gülnar deyir ki, ilk dəfə armudu stəkanın üzərinə naxış vurmağa cəhd edib və ilk işini çox bəyənib. O qədər zövq alıb ki, hər gün yeni naxışlar vurmağa başlayıb: "Ailə qurdum və uşaqlarım dünyaya gəldi. Uşaqlar doğulandan sonra, evdən çox çıxa bilmirdim. Bekarçılıqdan yorulurdum və hansısa işlə məşğul olub, özümü ifadə etməyə çalışırdım. İlk dəfə armudu stəkanın üzərində rəsm çəkməyə cəhd etdim və alındı. Daha sonra əl işlərimi hədiyyə edirdim. Müşahidə etdim ki, bu, insanlarda maraq doğurur, xoşlarına gəlir. Düşündüm ki, bu işin üzərində çalışıb özümü təkmilləşdirə bilərəm. Evdə olsam da, hansısa işlə məşğul olmaq, özümü sübut etmək istəyirdim. Beləliklə, bu işə başladım”.
Gülnarın vurduğu naxışlar stəkanın üzərində əl ilə hiss edilir və keyfiyyəti ilə seçilir. Hər dəfə naxışları sobada bişirir, müəyyən saatlarda yenidən üzərində işləyir: "Əvvəlcə konturla stəkanın üzərində naxışlar çəkirəm. İkinci etapda onu sobada quruduram. Daha sonra rəngləyib, yenidən sobada quruduram. Nəticəyə nail olmaq üçün bir neçə mərhələdən keçirəm. Konturu vuranda və rəngləyəndə hər dəfə sobada bişirirəm ki, çay içərkən istinin təsirindən naxışlar korlanmasın. Sonda zövq oxşayan görüntü ərsəyə gəlir”.
 
"1 stəkanda 7 rəng...”
 
Gülnarın əl işində diqqəti çəkən ilk məqam rənglərin bir-biri ilə ahəngdarlığıdır. Deyir ki, elə onun üçün də ən çətini rəng seçimidir: "Həmişə rəng seçimini edəndə çalarların bir-birinə uyğunluğuna diqqət edirəm. Əsasən, isti rənglərdən istifadə edirəm. Çətin rənglər məni cəlb edir. Bəzən bir stəkanın üzərində 7 fərqli rəngdən istifadə edirəm və məhz 7 rəngin arasında uyğunluq axtarır, göz oxşayan iş ərsəyə gətirməyə çalışıram”.
Həmsöhbətimiz elə naxışlarda da bu fərqliliyi qoruyur: "Hər dəfə fərqli naxışlar etmək istəyirəm. Bəzən yol gedəndə, maraqlı bir şəkil diqqətimi çəkir, evə gələndə ilk işim onu stəkana həkk etmək olur. Düzdür, bu iş çətindir, vaxt aparır, amma hər dəfə eyni şeyin üstündə qalmaq istəmirəm. Bir qabın üzərində naxışı işləyəndə artıq beynimə bu naxışla başqa nələr qura biləcəyimin ideyası gəlir. Ən əsası isə qabın üzərinə vurduğun naxışlarda mütləq məna olmalıdır və darıxdırıcı görünməməlidir. Çətin olsa da, zövqlüdür”.
 
"Rəng seçiminə saatlar sərf edirəm”
 
Adətən, rəng və naxışları özü seçsə də, fərqli sifarişləri də qəbul edir: "Əgər sifariş verən şəxsin təklifi varsa, əlbəttə ki, təklif nəzərə alınır. Məsələn, bir neçə müddət əvvəl bir nəfər mənə sifariş verdi ki, yapon üslubunda rəsm olsun və mavi, qızılı rəng çalarlarından istifadə olunsun. İstəkləri ilə bağlı nümunə foto göndərirlər, onun üzərində işləyirəm. Amma çox vaxt sifariş vermək istəyən seçimi mənə həvalə edir”.
İşinin çətin tərəflərinə gəldikdə isə həmsöhbətimiz deyir ki, işini sevərək görəndə, çətinlik gözünə görünmür: "Hər sənətin müəyyən çətinlikləri olur. Ən əsası, gözlər yorulur, səbir tələb edir. Mənim üçün bu işdə ən böyük çətinlik qeyd etdiyim kimi, rəng seçimidir. Şəkilin formasını, naxışları rahat seçə bilirəm, amma rəng uyğunluğunda çətinlik çəkirəm. Hətta bu seçimə saatlar sərf edə bilərəm. Amma işlərimin nəticəsini görəndə, qəribə məmnunluq hiss edirəm”.
Gülnar deyir ki, hər qabın üzərinə naxış vurmaq olmaz: "Qab seçəndə üzərində işləmək üçün onun parlaqlığı və sadə olması önəmlidir. Parlaq olanda, rənglər və naxışlar üzərində daha qəşəng görünür. Hamının sevdiyi büllur qablar naxış üçün uyğun deyil”.
 
"Bu sənətlə normal pul qazanmaq mümkündür”
 
Bir işə nə qədər vaxt sərf etdiyinə gəldikdə isə müsahibimiz deyir ki, təcili sifarişlər onu yorur: "Bəzən olur ki, bütün günümü işə həsr edirəm. Amma işimi bitirən kimi 2 həftə məsafə verir, yenidən iş başlayıram. İş çox olanda, öz-özümə söz verirəm ki, bunu çatdırmalıyam. "Bacaracağam” deyib işə başlayır, özümü motivasiya edirəm. Əsasən korporotiv, milli naxışlarla olan stəkan sifarişləri verirlər. Xaricə qonaq gedəndə, yaxud xaricdən qonaq gələndə hədiyyə etmək üçün armudu stəkanın üzərində milli naxışlar sifariş verilir. Bir stəkan sifarişini ən geci 2 günə hazırlayıram. Amma komplekt olanda bir həftə çəkir. 3 övladım var. Balaca oğlumun 2 yaşı var. O,  mənə sürətli işləməyə imkan vermir. Ən böyük xoşbəxtliyim isə odur ki, həyat yoldaşım və oğlanlarım mənə dəstək olurlar”.
Gülnar deyir ki, insanlarımız əl işinə qiymət verir, keyfiyyətli əşyanı fərqləndirməyi bacarırlar: "Sənətə qiymət verən insanlar az deyil. Əvvəl bahalığından şikayət etsələr də, artıq vəziyyət dəyişib. Bu sənətlə normal pul qazanmaq mümkündür. Əgər işini bacarırsansa, gəlirli sahədir və tələbat da var. İnsanlar başa düşür ki, az pul xərcləyib bir əşyanı 10 dəfə almaqdansa, bir dəfə pul xərcləyib keyfiyyətli məhsul almaq daha sərfəlidir”.
Sonda gələcək planlarından danışan həmsöhbətimiz vurğuladı ki, ən böyük arzusu öz studiyasını açmaqdır: "Sənətim uşaqlarıma da maraqlı gəlir. Böyük oğlum çox maraqlanır və istəyir ki, onu da öyrədim. Deyirlər ki, biz də böyüyüb, ailəliklə şəkil çəkəcəyik. Öz studiyamı açmaq istəyirəm. Hazırda uşaqlarıma görə alınmır, amma ailəmin dəstəyi ilə bir gün mütləq bu arzumu reallaşdıracağam”.
Aygün ƏZİZ
 

 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9340
GEL 1 1 Gürcüstan larisi 0.6361
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1746
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1871
CHF 1 1 İsveçrə frankı 1.7094
KWD 1 1 Küveyt dinarı 5.5912
TRY 1 1 Türkiyə lirəsi 0.3157