• çərşənbə, 24 Aprel, 08:21
  • Baku Bakı 13°C

Əgər erməninin ağlı olsa...

04.05.16 11:12 941
Əgər erməninin ağlı olsa...
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva may ayının 1-də Tərtər, Ağdam və Bərdə rayonlarında səfərdə olublar. Səfər zamanı dövlətimizin başçısı və xanımı Tərtər rayonundakı "N” saylı hərbi hissədə, Tərtər şəhərində işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində dağılmış evlərdə, Ağdam rayonunun təmas xəttində yerləşən Mahrızlı kəndində olub hərbi qulluqçularla, zərər çəkmiş mülki vətəndaşlarla görüşüb söhbət ediblər. Daha sonra Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzində müalicə alan yaralı əsgər və zabitlərimizə baş çəkiblər. Dövlət başçısı və xanımının cəbhə xəttinin yaxınlığındakı yaşayış məntəqələrinə səfər etməsi, sakinlərlə söhbəti, səsləndirilən fikirlər, düşmənə verilən mesaj və sairlə bağlı "Kaspi”nin suallarını millət vəkili Elman Məmmədov cavablandırır.
- Elman müəllim, dövlət başçısı və xanımının cəbhə bölgəsinə səfərini necə qiymətləndirirsiniz?
- Azərbaycan dövlət başçısı İlham Əliyev prezidentliyinin ilk günündən bəyan edib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, mən hər bir azərbaycanlının prezidenti olacam. O, öz hərəkətləri, davranışı, fəaliyyəti ilə bu bəyanatının, verdiyi sözün üstündə durur. Cənab Prezident cəbhə xəttinə yaxın ərazilərə son səfəri ilə bir daha təsdiq etdi ki, o, dövlətimizin, xalqımızın çox dəyərli və layiqli rəhbəridir, ordumuzun cəsur, mərd Ali Baş Komandanıdır. Dövlət başçısı cəbhə xəttinə yaxın yaşayış məntəqələrinə, oradakı hərbi hissələrə gəlməklə, öz həyatını sözügüedən ərazidə xidmət edən, yaşayan insanların həyatından üstün tutmur. Cəsurluq, qorxmazlıq nümunəsi göstərərək, düşmən mövqelərinin cəmi 200 metrliyində yaşayan insanlarla görüşdü, vəziyyətlə yerindəcə tanış oldu. Dövlət başçısı düşmənin atdığı mərmilər nəticəsində dağılan evlərdə oldu, əmlakına ciddi ziyan dəyən vətəndaşlarla görüşüb səmimi söhbət etdi. Bu, oradakı insanlar üçün böyük ruh yüksəkliyi, mənəvi qidadır. Bununla dövlət başçısı həm də sübut etdi ki, digər sadə vətəndaşlar və ön cəbhədə xidmət edən hərbçilər kimi, o, da öz həyatını riskə atıb bu torpaq uğrunda savaşmağa hər zaman hazırdır. Azərbaycan Prezidenti orada olarkən düşmən yenidən təxribata əl atıb istənilən arzuolunmaz vəziyyəti yarada bilərdi. Çünki həmin ərazilər düşmən səngərindən cəmi 150-300 metr aralıda yerləşən yaşayış məntəqələrimizdir. Amma Prezident İlham Əliyev bunların heç birinə əhəmiyyət vermədən vətəndaşların arasında oldu, Ali Baş Komandan kimi əsgərinin yanında oldu. Bu, qorxmazlıq, cəsarət və qətiyyət nümunəsidir.
- Sizcə, bu addım təmas xəttində yaşayan sakinlərə necə təsir edəcək?
- Cənab Prezident Tərtər və Ağdam rayonlarında 500-dən çox evə ziyan dəydiyini, 100-dən çox evin tamamilə dağıdıldığını bildirdi. Qeyd elədi ki, Azərbaycan dövləti vətəndaşlara öz dəstəyini göstərəcəkdir. O, bütün dəymiş ziyanın qeydə alındığını diqqətə çatdıraraq, dedi ki, Azərbaycan dövləti bu evlərin bərpası, tamamilə dağılmış evlərin tikintisi üçün vəsait ayıracaq. Dövlət başçısı bunu təşkil edəcəyini, bütün dəymiş ziyana kompensasiya veriləcəyini və dağılmış evlərin bərpa olunacağını, yenidən tikiləcəyini bəyan etdi, sakinləri narahat olmamağa çağırdı. Bakıya qayıdandan sonra isə sərəncam imzalayaraq Tərtər və Ağdam rayonlarının icra hakimiyyətinə ümumilikdə 6 milyon manat vəsait ayırdı. Bu vəsait dövlət başçısının qeyd etdiyi kimi, dəymiş ziyanın aradan qaldırılmasına, vətəndaşların sosial şəraitinin yaxşılaşdırılmasına xərclənəcək. Bu, bir daha onu sübut edir ki, Azərbaycan prezidenti, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır və cənab prezident verdiyi sözün, bəyanatın sahibidir.
- Prezidentin və xanımının bu səfəri hərbi qulluqçularımızda hansı təəssüratı yaradır?
- Azərbaycan ordusu canlı sipərə çevrilib mülki vətəndaşlarımızı, torpaqlarımızı düşmən işğalından qoruyur. Prezidentin cəbhə xəttinə son səfəri hərbçilərimizdə mənəvi-psixoloji durumu, vətənpərvərlik hissini daha da coşdurdu. Onlar Ali Baş Komandanın şəxsən onlarla maraqlandığını, vəziyyəti daim nəzarətdə saxladığını, onların yanında olduğunu gördülər. Ali Baş Komandanın qorxmazlığından, mərdliyindən, cəsarətindən daha da güc aldılar. Ali Baş Komandanını düşmənlə təmas nöqtəsindəki səngərdə öz yanında görən, onun əlindən nümunəvi xidmətinə görə mükafat alan əsgər və zabit bundan daha da ruhlandı. Gəlin baxaq görək, "dörd günlük müharibə”dən sonra Ermənistandakı hərbi xuntanın başçısı, hərbi cinayətkar Serj Sarkisyan neylədi? Azərbaycan ordusunun sarsıdıcı zərbəsindən hələ də özünə gələ bilməyən bu cani üz-gözündə çaşqınlıq ifadəsi, qorxaqlıq süzülə-süzülə məğlub erməni əsgəri qarşısında dayandı, əlindəki dilənçi torbasından hərbçilərə nələri isə pay verdi. Görüntü üçün bir xatirə şəkli də çəkdirdi. Amma o fotoya baxan istənilən kəs istər quldurbaşı Sarkisyanın, istərsə də onu əhatəyə alan erməni əsgər və zabitlərin üzərindəki məyusluğu, acı məğlubiyyəti dərhal sezir.
- Prezident İlham Əliyevin əsgər və zabitlərimizlə görüşü, səsləndirdiyi bəyanatlar düşmənlərimizə hansı mesajı verir?
- Düşmənlərimizə bununla mesaj yollandı ki, artıq vaxt çatıb, biz gəlirik. Bizim növbəti səfərlərimiz işğaldan azad edilən Dağlıq Qarabağa, ətraf rayonlara, o cümlədən Xocalıya, Ağdama, Xankəndinə, Şuşaya, Laçına, Kəlbəcərə, Qubadlıya, Füzuliyə olacaq. Bu baxımdan, dövlət başçısının və xanımının cəbhə bölgəsinə yaxın ərazidə yerləşən yaşayış məntəqələrimizə səfər etməsi Ermənistan siyasi hakimiyyətinə, düşmən ordusuna ciddi xəbərdarlıqdır. Əgər erməninin ağlı olsa, bundan düzgün nəticə çıxarar, sülh danışıqlarından qaçmaz, işğal altında saxladıqları Azərbaycan ərazilərini tərk edərlər. Əks təqdirdə, Azərbaycan Silahlı Qüvvələri öz sözünü deyəcək, Azərbaycanın ərazi bütövlüyünü hərbi yolla bərpa edəcək. Buna bizim gücümüz, qüdrətimiz, cəsarətimiz və qətiyyətimiz çatır. Azərbaycan prezidenti də öz çıxışında bu məqamı xüsusi olaraq vurğuladı ki, əgər bir daha bizə qarşı təxribat, o cümlədən silahlı təxribat törədilərsə, yenə də Azərbaycan Ordusu öz sözünü deyəcək. Bu səfər düşmənlərimizlə bərabər, onların havadarlarına da ciddi xəbərdarlıqdır. Onlar bilməlidirlər ki, Azərbaycan torpaqlarının hər qarışı bizim üçün Vətəndir, əzizdir və gec-tez işğal altındakı ərazilərimizi də azad edəcəyik. Bu gün Azərbaycan beynəlxalq hüququn və beynəlxalq təşkilatların çağırışlarına, o cümlədən ATƏT-in Minsk qrupu səviyyəsində aparılan sülh danışıqlarının gedişinə sayğı ilə yanaşır, bu danışıqların nəticə verəcəyinə ümid bəsləyir. Lakin ermənilər və havadarları unutmamalıdırlar ki, bizim səbrimiz də tükənməz deyil. Necə ki, aprel ayının əvvəlində Silahlı Qüvvələrimizin cəbhə xəttində yerləşən cəmi iki hərbi birləşməsi düşmənə ağır, sarsıdıcı zərbə endirib, strateji yüksəkliklərə nəzarəti bərpa edib, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, ordumuz öz sözünü deyib birdəfəlik işğala son qoyacaq. Buna bizim gücümüz, qüdrətimiz, döyüş ruhumuz, mübarizliyimiz çatır.
- Dövlət başçısı da qeyd etdi ki, aprelin ayının ilk günlərində cəbhə xəttində ağır məğlubiyyətə uğrayan Ermənistan atəşkəs üçün bilavasitə özü xahiş edib və aprelin 5-də atəşkəs razılığı əldə edilib. Lakin düşmən tərəfi bu razılaşmaya yenə də əməl etməyib, yenidən mülki əhalini hədəfə alıb. Ermənistanın bu davranışı nə ilə bağlıdır?
- Uzun illərdir Ermənistanda hakimiyyəti hərbi xunta zəbt edib. Qarabağ klanı olaraq əvvəl Robert Koçaryan, indi isə Sarkisyan dəstəsi Dağlıq Qarabağ problemi üzərindən siyasi hakimiyyəti əldə ediblər. Onlar yaxşı dərk edirlər ki, Dağlıq Qarabağ probleminin həlli hakimiyyətlərinin, siyasi karyeralarının, indiki zəngin həyat tərzlərinin sonudur. Çünki onlar hakimiyyətə yiyələnmək üçün, eləcə də hakimiyyətdə olduqları illərdə saysız-hesabsız cinayətlər törədiblər. Bu cinayətlərin böyük bir hissəsini Azərbaycan ərazisində azərbaycanlılara, o cümlədən xocalılara qarşı, bir qismini də öz xalqına qarşı törədiblər. XX əsrin ən qanlı faciəsi kimi tarixə düşən Xocalı soyqırımını törədiblər. Bu soyqırımında Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və hazırda Ermənistanda hakimiyyətdə olan bir sıra rəsmilər şəxsən iştirak ediblər, azərbaycanlılara qarşı amansız işgəncələr, qırğınlar törədiblər. Bu hərbi cinayətkarlar ASALA və dünyanın digər məşhur terror təşkilatları ilə əlaqədə olan şəxslərdirlər. Belə adamlar heç vaxt razı ola bilməzlər ki, danışıqlar konkret nəticə versin, atəşkəsə riayət olunsun, problem qısa zamanda həllini tapsın. Azərbaycan torpaqlarının işğaldan azad olunması onların sonudur. Erməni xalqı bu reallığı başa düşməli, Ermənistanı hərbi canilərdən xilas etməlidirlər ki, özləri də ağ günə çıxa bilsinlər. Hərbi xunta hazırda Ermənistanı, erməni cəmiyyətini elə bir duruma salıb ki, bu ölkə bütün istiqamətlərdə iflasa uğrayıb. İqtisadi və siyasi fəlakətlə üz-üzə qalan Ermənistanda kimin imkanı varsa, ölkəni tərk edir. Belə vəziyyətdə cinayətkar rejim öz hakimiyyətinin ömrünü bir qədər də uzatmaq üçün Azərbaycana qarşı yeni təxribatlara əl atır, erməni xalqını müharibənin başlayacağı qorxusu ilə nəzarətdə saxlayır. Bunun üçün onlar sərsəm bəyanatlar səsləndirir, hətta bir qədər irəliyə gedib Azərbaycan yaşayış məntəqələrinə mərmi atırlar ki, ordumuz daha sarsıdıcı cavab zərbəsi versin, müharibə alovlansın, danışıqlar prosesi yenidən pozulsun. Məsələnin mahiyyətində bunlar dayanır. Lakin bütün bunların heç bir faydası olmayacaq. Ermənistan və erməni cəmiyyəti üçün çıxış yolu öz qonşularına qarşı ərazi iddialarından, işğalçılıq siyasətindən əl çəkmək, torpaqlarımızı işğaldan azad etmək, Türkiyə və Azərbaycanla mehriban münasibətlər qurmaqdır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər