• şənbə, 20 Aprel, 04:23
  • Baku Bakı 15°C

Əfv sərəncamı yüksək qiymətləndirilir

21.10.14 10:25 1167
Əfv sərəncamı yüksək qiymətləndirilir
Çingiz Qənizadə: “Bütün hüquq müdafiəçiləri bu sərəncama görə çox şad olublar”
Novella Cəfəroğlu: “Bunun böyük addım olduğunu etiraf etmək lazımdır”

Prezident İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv fərmanının icrası yekunlaşdırılıb və siyahıya adı salınan 84 məhbus azadlığa buraxılıb. Qeyd edək ki, əfv olunanlar sırasında 3 nəfər Nida vətəndaş hərəkatı üzvü də var. Bu mövzuda fikirlərini bölüşənlər hesab edirlər ki, belə qərarlar ölkə başçısının humanizm dəyərlərinə sahib insan olmasının əsas göstəricilərindəndir. Hüquq müdafiəçisi Çingiz Qənizadə qəzetimizə açıqlamasında dedi ki, prezidentin əfv fərmanını çox yüksək qiymətləndirir: “Prezident ona ünvanlanmış əfv müraciətlərini dəyərləndirdi və müəyyən məqamları nəzərə alaraq bir çox şəxsi əfv etdi. Bununla da o, humanist insan olduğunu bir daha təsdiqlədi. Mənə elə gəlir ki, bütün hüquq müdafiəçiləri bu əfv fərmanına görə çox şad olublar. Doğrudan da, belə humanist addım haqda fərqli fikir bildirmək mümkün deyil, bu, yalnız müsbət qiymətləndiriləsi fərmandır. Başqaları ilə söhbətlərdən də bəlli olur ki, cənab prezidentin bu qərarı hər kəsin ürəyincə olub. Çünki burada söhbət təkcə əfv olunan 84 nəfərdən getmir. Bu sevinc yalnız onlara bəxş olunmayıb. O şəxslərin valideynləri, ailə üzvləri, qohum-əqrəbaları, yaxınları, dostları və digər tanışlarının hamısı sevinc içindədir. Yəni, bu fərman 84 nəfəri yox, bəlkə də, minlərlə adamı sevincə qərq edib, onların özünü xoşbəxt hiss etməsinə səbəb olub. Biz hər zaman cənab prezidentin humanist addımlarının şahidi olmuşuq. O, ildə bir neçə dəfə bu cür addım atır, əfv fərmanları imzalayır. Bunu isə yalnız və yalnız alqışlamaq olur”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu da bu addım haqda yüksək fikirdə olduğunu söylədi: “Prezidentin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında qərarına çox sevindim. Bu, olduqca müsbət haldır. Çünki yüzlərlə insan ailəsinə qovuşur. Amma onu deyim ki, bizim hazırladığımız siyahıdan cəmi 4 nəfər azadlığa çıxıb. Ümid edirik ki, dekabra qədər siyahımızda olan hər kəs azadlığa çıxacaq. Mən bunu səbirsizliklə gözləyirəm və ümidlə yaşayıram. Siyahını Prezident Administrasiyasına təqdim etmişəm. Söhbət təkcə siyasi dustaq hesab olunanlardan getmir. İstənilən şəxsin əfvi böyük addımdır. Mən həm də islah olunmuş uşaqları nəzərdə tuturam. Əgər uşaqlar öz evlərinə qayıdır, ailələrinə qovuşurlarsa, bundan gözəl nə ola bilər? Qeyd edim ki, budəfəki əfv fərmanı mənim üçün lap sevindirici oldu. Çünki ən yaxın dostum, qardaşım, çox hörmət etdiyim insan Həsən Həsənli də azadlığa çıxdı. Ümumiyyətlə, əfv fərmanı böyük addımdır və yüksək qiymətləndirilməlidir. Bunu etiraf etməyi bacarmaq lazımdır”.
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova da jurnalistlərə açıqlamasında bildirib ki, artıq Azərbaycanda 57-ci dəfədir ki, əfv sərəncamı icra olunur: “Bu sərəncamlar əsasında minlərlə insan ailələrinə qovuşub. Bundan əlavə, ölkədə 10 dəfə amnistiya elan edilib. Bu, dünyanın heç bir yerində görünməyən haldır”.
Ombudsman onu da vurğulayıb ki, əvvəllər cəzaçəkmə müəssisələrində şərait, qidalanma, sağlamlıq, zorakılıq baxımından dəhşətli vəziyyət olub: “Bu gün isə vəziyyət tam dəyişib. Cəzaçəkmə müəssisələrində saxlanma qaydaları dəyişib, məhkum edilmiş şəxslər yalnız məhkəmənin təyin etdiyi qədər cəza ala bilərlər, ondan artıq heç kim onlara cəza verə bilməz. Cəzaçəkmə müəssisələrində zorakılıq halları çox azalıb. Bu, bizi sevindirir. Cəzaçəkmə müəssisələrində islah üçün normal şərait yaradılıb”.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov isə qeyd edib ki, Azərbaycanda 1995-ci ildə təsis olunmuş əfv institutu 20 ilə yaxındır ki, tətbiq edilir və bu günədək 5 min 938 məhkuma şamil olunub: “Oktyabrın 17-də Prezident İlham Əliyev məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının müraciətlərinə baxaraq növbəti əfv sərəncamı imzalayıb. Humanizm prinsiplərinə əsaslanan sərəncam 84 məhkuma şamil edilib. Həmin şəxslərdən 80 nəfəri azadlıqdan məhrumolma yerindən azad olunanlardır. Bu zaman məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınıb. Müraciətlər süzgəcdən keçirilib və yalnız əfvə layiq adamlar məhkumluqdan azad edilib”.
Mövzu haqda fikirlərini bölüşən hüquq müdafiəçisi Səidə Qocamanlı da əfv sərəncamı haqda müsbət fikirdə olduğunu söyləyib: “Hüquq müdafiəçisi olaraq, prezident tərəfindən əfv sərəncamı imzalanmasını yüksək qiymətləndirirəm. Həsən Hüseynli, iki nəfər “NİDA”çı gənc və bir nəfər blogger azadlığa buraxılıb. Ümid edirəm ki, yanvar ayına kimi növbəti əfv sərəncamı da imzalanacaq”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər