“Əfv sərəncamı Azərbaycan dövlətinin hüquqi təbiətini ifadə edir” - Fotolar
Martın 16-da Prezident
İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam
imzalayıb. Bu əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan
azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən
azad edilib. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir nəfərin
cəzası 25 il, 2 nəfərin cəzası 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə
əvəz edilib. Əfv olunanlar arasında Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin
sabiq sədri Beytulla Hüseynov, "Nida” hərəkatının üzvləri Qiyas İbrahimov,
Bayram Məmmədov, İlkin Rüstəmzadə, "Texnikabank” ASC-nin Yasamal filialının
sabiq müdir müavini Elnur Seyidov, sabiq səhiyyə naziri Əli İnsanov, AXCP
sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı da var. Sözügedən əfv
sərəncamı, onun əhəmiyyəti, ölkə daxilində və beynəlxalq aləmdə doğurduğu
rezonans, həmçinin digər məsələlərlə bağlı "Kaspi”nin suallarını "Konstitusiya” Araşdırmalar Fondunun
prezidenti, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai
Komitənin üzvü, hüquq müdafiəçisi Əliməmməd Nuriyev cavablandırır.
-
Əliməmməd müəllim, ölkə rezidenti
tərəfindən əfv fərman və sərəncamlarının imzalanması, həmçinin amnistiya
aktlarının qəbul edilməsi ənənə halını alıb. Bir neçə gün bundan öncə də daha
bir əfv sərəncamı imzalandı və qısa zamanda icrası təmin edildi. Ümumilikdə bu
prosesi necə qiymətləndirirsiniz?
- İmzalanan bu sərəncamı
alqışlayıram. Bu sərəncamla dövlət başçısı yüzlərlə insana sevinc bəxş edib.
Əgər əfv olunan şəxslərin ailə üzvlərini, qohum-əqrəbasını, dost-tanışlarını da
nəzərə alsaq, minlərlə insana bu sevincdən pay düşdüyünü görərik. Sərəncamın
Novruz Bayramı ərəfəsində imzalanması və icra olunması əfv olunanlar və onların
ailə üzvləri üçün ikiqat bayrama çevrildi. Belə bir vaxtda mühüm dövlət
sənədinin imzalanması Azərbaycan Prezidentinin xalqımızın milli dəyərlərinə
hörmətlə yanaşmasını da nümayiş etdirir. Bildiyiniz kimi, Novruz sevinc,
barışıq, ruzi-bərəkət bayramıdır. Bu bayramın mahiyyətini yaxşı bilən dövlət
başçısı qeyd edilən sərəncamı imzalamaqla xalqımızın milli dəyərlərinə
hörmətini növbəti dəfə büruzə verdi. Ona görə də sərəncamın Novruz Bayramı
ərəfəsində imzalanmasını təsadüfi saymıram. Eyni zamanda, bu sərəncam
Azərbaycan Prezidentinin azadlığa verdiyi dəyərdir. Ölkə rəhbəri üçün
vətəndaşının azad olması ikiqat önəm daşıyır. Digər tərəfdən, cənab İlham
Əliyev hələ ölkə rəhbəri seçilməzdən əvvəl ictimaiyyət nümayəndələri ilə
keçirdiyi görüşlərdə hər bir azərbaycanlının prezidenti olacağını bəyan
etmişdi. Prezidentlik fəaliyyəti dövründə isə dəfələrlə qeyd etmişdi ki, onun
siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Mənə elə gəlir ki, 2003-cü
ildən indiyə qədər ötən vaxt ərzində onun fəaliyyəti, 2019-cu ilin əvvəlindən
başlayaraq bir çox sahələri əhatə edən islahatlara start verilməsi, çoxsaylı
fərman və sərəncamların, o cümlədən əfv sərəncamını imzalaması bu bəyanatları
özündə əks etdirir. Ölkədə sosial ədalətin, şəffaflığın təmin edilməsi,
vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar
atılır. Xüsusilə qeyd etmək yerinə düşər ki, ötən vaxt ərzində sayca 33-cü əfv sərəncamı imzalanıb. Bu dövlət
sənədlərinin qəbulu sayəsində minlərlə insana sevincə bəxş edilib. Əqidəsindən,
cinsindən, etnik və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəsə
bərabərhüquqlu yanaşma ortaya qoyulub. Son sərəncamla adları müxtəlif
siyahılara salınaraq tez-tez hallandırılan 52 nəfər də azadlığa qovuşub. Əfv
sərəncamları tarixində ilk dəfə olaraq 36 nəfər qadın azadlığa buraxıldı.
İndiyə qədər olan əfv sərəncamlarında bu sayda qadın əfv olunmayıb. 14 əcnəbi
vətəndaşın əfv olunması da sübut edir ki, hər kəsə eyni səviyyədə yanaşma var.
-
Bəzən müxalif düşərgədə iddialar səsləndirilir ki, əfv sərəncamlarının
imzalanması, o cümlədən bir qədər əvvəl qeyd etdiyiniz 52 nəfərin da əfv
edilərək azadlığa buraxılması xaricdən Azərbaycana edilən təzyiqlərlə
əlaqədardır. Belə fikirlərə münasibətiniz necədir?
- Azərbaycan yalnız milli
maraqlara söykənən müstəqil daxili və xarici siyasət aparır və bu mənada heç
bir qüvvə bu siyasi kursa təzyiq göstərə, bizimlə təzyiq dilində danışa bilməz.
Bunu prezident İlham Əliyev dəfələrlə bəyan edib. Azərbaycan dövləti yalnız
humanizm, mərhəmət, sosial ədalət prinsiplərinə söykənir və dövlət başçısı da
bu prinsiplərdən çıxış edərək fəaliyyətini qurur, əfv sərəncamları imzalayır. Konkret
sərəncama gəlincə, belə bir mühüm dövlət sənədinin qəbul edilməsinə və yüzlərlə
insanın azadlığa qovuşmasına görə yeganə təşəkkür ünvanı Prezident İlham Əliyev
olmalıdır. Çünki, yalnız ölkə başçısının iradəsi və Konstitusiya ilə
tənzimlənən müstəsna səlahiyyətləri çərçivəsində onun tərəfindən əfv fərman və
sərəncamları imzalanır. Bu səbəbdən əfv olunanlar təşəkkür ünvanını Şərqdə,
Qərbdə, Şimalda, Cənubda deyil, Azərbaycan dövlətində və onun başçısında axtarmalıdırlar.
Azərbaycan Prezidenti İlham Əliyevin lütfü sayəsində müvafiq sərəncam imzalanıb
və bir sıra insanlar əfv olunub. İndiyə qədər imzalanan fərman və sərəncamlar
bir daha onu deməyə əsas verir ki, Azərbaycan milli maraqlara söykənən müstəqil
siyasət həyata keçirir və bu siyasətin mərkəzində ölkə vətəndaşı dayanır.
-
İmzalanan əfv sərəncamının cəmiyyət üçün faydası nədən ibarətdir?
- Bu cür sərəncamlar
cəzasının müəyyən qismini çəkən, törətdiyi əməldən səmimi peşmançılıq hissi
keçirən, ailəsi, Vətəni, cəmiyyəti, özü üçün faydalı işlə məşğul olmağa maraq
göstərən, öz həyatını dəyişmək istəyən insanlara yeni bir şans verir. Ona görə
də azadlığa çıxan şəxslər dərindən düşünməli, bu şansı düzgün
qiymətləndirməlidirlər. Əminəm ki, bu, mütləq əksəriyyət üçün belə də olur. Əfv
sərəncamının icrası zamanı azadlığa çıxan insanların, onları qarşılayan ailə
üzvlərinin, qohum-əqrəbaların üzlərindəki sevinc hisləri bunu deməyə əsas
verir. Onların simasında gözlənilən böyük ümidlərin doğrulması var idi. Əfv
olunanların azadlığa çıxmasını gözlənilən ümidlərin özünü doğrultması kimi
dəyərləndirmək olar. Eyni zamanda, bu, yeni ümidlərin yaranmasına da səbəb
oldu. Bütün bu məqamları nəzərə alsaq, əfv sərəncamının azadlığa qovuşanlar,
həmçinin onların yaxın ətrafı, ümumilikdə cəmiyyətimiz üçün faydası, əhəmiyyəti
böyükdür. Ona görə də ölkə daxilində hər bir kəs, eləcə də ayrı-ayrı siyasi
partiya nümayəndələri bu sərəncamı müsbət və pozitiv dəyərləndirir. Düzdür,
bəzi şəxslərin ölkədən kənara təşəkkürlər etməsinin də şahidinə çevrildik. Amma
onların bunu hansı məqsədlə etdiyini cəmiyyətdə hər kəs yaxşı bilir. Bir daha
təkrar edirəm ki, bütün təşəkkürlərin yeganə ünvanı Azərbaycan Prezidentidir. Ən
nəhayət, belə sərəncamlar Azərbaycan dövlətinin hüquqi təbiətini ifadə edir.
-
Ümumilikdə 431 nəfərə şamil olun əfv sərəncamı Avropa İttifaqı tərəfindən də
müsbət qarşılandı, bununla bağlı bəyanat yayıldı. Lakin təəssüf ki, Azərbaycanı
yeri gəldi-gəlmədi tənqid edən, "siyasi məhbus” məsələsini əlində bayraq edərək
bundan ölkəmizə qarşı təzyiq aləti kimi istifadə etməyə çalışan bəzi beynəlxalq
təşkilatlardan eyni yanaşmanı görmədik. Bu, nə ilə əlaqədardır?
- İlk növbədə qeyd etmək
istərdim ki, Azərbaycan demokratik dövlətdir. Burada hər bir kəs istədiyi kimi
siyasi fəaliyyətlə məşğul ola, fərqli fikir bildirə, müxtəlif mülahizələr irəli
sürə bilər. Buna görə heç kimə hansısa qadağa tətbiq edilməyib. Hər bir
dövlətdə olduğu kimi Azərbaycanda da hər bir fəaliyyət qanunla tənzimlənir.
Qanunları pozan hər bir kəs də buna görə məsuliyyət daşıyır. Bu, vəzifəsindən,
mövqeyindən asılı olmayaraq, hər bir kəs üçün keçərlidir. Beynəlxalq
təşkilatların əfv sərəncamına münasibətinə gəlincə, mütləq əksəriyyət
tərəfindən bu qərar pozitiv dəyərləndirildi, alqışlandı. Hesab edirəm ki,
bundan sonra da bu cür pozitiv münasibət olmalıdır. Ona görə ki, məzmun və yük
etibarilə 16 martda imzalanan əfv sərəncamı böyük əhəmiyyət kəsb edir. Bu,
insanların hüquq və azadlıqlarının təmin edilməsinə yönələn addımlardan biri
idi. Biz gözləmirik ki, mütləq şəkildə beynəlxalq təşkilatlar Azərbaycanda
imzalanan əfv sərəncamına müsbət qiymət versinlər. Lakin bu kimi addımları müsbət
dəyərləndirməsələr, obyektiv qiymətləndirməsələr təəssüf doğurar. Bəzi
beynəlxalq qurumların indiyə qədər olan davranışları, tələbləri başqa prizmadan
diqqət çəkirdi. Onlar üçün Azərbaycan dövlətinin və ya vətəndaşının maraqları
önəmli deyildi. Həmin qurumlar üçün vacib olan öz maraqları idi və əllərinə
keçən hər bir şeydən bu maraqların təmin olunmasında alət kimi istifadə etməyə
çalışırdılar. Bununla belə, bir qədər əvvəl xatırlatdığım kimi mühüm beynəlxalq
təşkilatlar əfv sərəncamını obyektiv və müsbət qiymətləndirdilər.
-
Əfv sərəncamının imzalanması ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum
edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası 20 il müddətə azadlıqdan
məhrumetmə cəzası ilə əvəz edilib. Digər ömürlük azadlıqdan məhrum etmə cəzasına
məhkum edilmiş şəxslərə də gələcəkdə belə bir yanaşma ola bilərmi? Bunun üçün
tələblər, şərtlər nədən ibarətdir?
- Ömürlük azadlıqdan məhrumetmə
cəzası Cinayət Məcəlləsinin cəmi 8-10 maddəsində nəzərdə tutulub. Gəlin görək
bu cəza kimlərə şamil olunur. Belə cəza o adamlara şamil edilir ki, onlar
xüsusi ilə ağır cinayət törədirlər. Misal üçün, iki və daha artıq şəxsi qətlə
yetirir, kütləvi qətllər törədirlər. Bu sırada terrorizm, killerlik, hamilə
qadının amansızlıqla qətlə yetirilməsi, bir ailənin qətlə yetirilməsi və sairi
də göstərmək olar. Ona görə də ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum
edilən şəxslərin əfv olunması ilə bağlı müvafiq komissiyaya müraciət olunanda
bir çox amillər nəzərə alınır, ətraflı araşdırma aparılır, cəza çəkən şəxsin törətdiyi
əmələ diqqət yetirilir. Bu şəxsin cəmiyyət üçün təhlükəli olub-olmaması
məsələsi araşdırılır. Bütün bunlardan başqa, heç kim unutmasın ki, cinayətin
iki tərəfi var. Birinci tərəf cinayəti törədən, təqsirləndiriləndirsə, digər
tərəf zərərçəkmiş şəxsdir. Ona görə də ömürlük azadlıqdan məhrumetmə cəzasına
məhkum edilmiş şəxslərin əfv olunması məsələsinə baxılarkən yalnız bir tərəfin
– təqsirləndirilən şəxsin maraqları əsas götürülə bilməz. Əgər bir şəxs bütöv
bir ailəni azyaşlı uşaqlarla birlikdə qətlə yetirib yandırıbsa, onun əfv
edilməsi sosial ədalət baxımdan nə dərəcədə düzgündür? Mən hesab edirəm ki,
düzgün deyil. Onu da qeyd etmək yerinə düşər ki, 2017-ci ildə Cinayət
Məcəlləsində edilən dəyişikliyə görə, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum
edilmiş şəxs 25 il cəza çəkibsə, bu müddətin sonuncu 5 ilində özünü qüsursuz
aparıbsa, normal davranıbsa, bu zaman məhkəmə onun barəsində vaxtından əvvəl
şərti azadetmə cəzasını tətbiq edə bilər. Burada da böyük bir humanizm siyasəti
var. Daha bir məsələ isə bundan ibarətdir ki, əgər bir şəxs ömürlük azadlıqdan
məhrum etmə cəzasına məhkum edilibsə, o cəzasının 10 ilini çəkdikdən sonra əfv
üçün müraciət edə bilər. Burada şərti azadetmə və əfv üçün müraciət etmə
hüququnun yaranması o demək deyil ki, cəza çəkən şəxs dərhal azad ediləcəkdir.
Həm məhkəmə orqanı, həm də Əfv Komissiyası həmin məhkumun vəziyyəti, əməli,
törətdiyi cinayətin mahiyyəti, ictimai təhlükəliliyi ilə yaxından tanış olmalı,
ətraflı araşdırma aparmalıdır. Misal üçün, sonuncu əfv sərəncamında ömürlük
azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilmiş şəxslərdən biri ilə bağlı
zərərçəkmiş Əfv Komissiyasına müraciət edib, onu bağışladığını bildirib. Həm
zərərçəkmiş şəxsin mövqeyi, həm də məhkumun 24 il cəza çəkməsi nəzərə alınaraq
aidiyyəti üzrə qərar qəbul edilib, humanizm prinsipləri əsas götürülüb. Sərəncamın
şamil olunduğu digər ömürlük məhbusun işi də təkrar araşdırılıb və törədilən
qətl hadisəsində birbaşa iştirak etmədiyi, sadəcə vəzifəsinə səhlənkar
yanaşdığı nəzərə alınıb və cəzası 20 ilə endirilib. Bütün hallarda biz
cəmiyyətdə ədaləti qoruyub saxlamalıyıq. Hər hansı qərar qəbul edilərkən
dövlətin, cəmiyyətin, vətəndaşların, o cümlədən məhbusun və zərərçəkmişin
maraqları nəzərə alınmalıdır. Bu kimi məsələləri nəzərə alsaq, Əfv Komissiyasının
üzərinə çətin və məsuliyyətli iş düşür.
Rufik
İSMAYILOV