• cümə axşamı, 28 mart, 16:24
  • Baku Bakı 16°C

Əfsanəvi Şönbrun sarayı Reportaj-Fotolar

05.09.13 10:39 3417
Əfsanəvi Şönbrun sarayı Reportaj-Fotolar
Vyanaya avtobusla gedən turistlərə yolboyu «Sisi» filmini nümayiş etdirirlər. Turistləri bəri başdan imperatriçə Yelizavetanın-Sisinin həyat hekayətinə və onun yay iqamətgahı – Şönbrun Sarayındakı ömrü ilə bağlı təssüratlara qabaqcadan kökləyirlər. Heç şübhəsiz, bu, qədim ölkənin tarixi, mədəniyyəti və görkəmli şəxsiyyətləri ilə ilk tanışlıq üçün gözəl fürsət yaradır.
Məşhur filmdə imperatriçənin rolunu Romi Şnayder ustalıqla oynayır. Audiobələdçi bildirir ki, aktrisa zahirən imperatriçəyə çox oxşayır. İstər-istəməz hamıda maraq yaranır ki, 23 yaşlı imperator Frans İosifin anasının etirazlarına baxmayaraq, könül verib evləndiyi gözəl Sisinin yaşadığı məkan hansı xüsusiyyətləri ilə yadda qalandır?
Sisi adı Avstriyada az qala simvol kimi qəbul olunur. Onun ideal bədən ölçülərinə, füsunkar simasına istənilən qadın həsəd aparıb. Amma ziyarətçiləri düşündürən bir sual yaranır: gözəlliyi, ağlı, bacarığı ilə hamını heyran edən Sisi doğrudanmı xoşbəxt qadın olub, yoxsa bütün həyatı boyu yalnız bəxtəvər qadın görüntüsü yaradıb? Avropanın birinci gözəlinin şəxsi həyatı və Avstriya-Macarıstan monarxiyasının tarixi ilə tanış olduqca, elə bu sarayın divarları arasında başa düşdük ki, imperatorlar heç də həmişə xoşbəxt olmayıblar.
Ən mühüm turist obyektlərindən biri
Şönbrun sarayı Avstriya imperatorlarının əsasən yay iqamətgahı kimi tanınır. Barokko üslubunda tikilən möhtəşəm binanın arxitektoru İohann Berenhard Fişer pon Erlax olub. Havsburqlar sülaləsi qış sarayı kimi əsasən Hofburqda yerləşən iqamətgahda yerləşiblər.
Şönbrun Vyananın Qərb hissəsində, Hitsinq rayonunda yerləşir. 1996-cı ilin dekabrında YUNESKO-nun 20-ci sessiyasında Şönbrun komitənin ümumdünya irs siyahısına daxil edilib. Həmçinin Havsburq xanədanının izlərini daşıyan köhnə şəhər mərkəzi də YUNESKO-nun dünya mədəniyyət mirası olaraq qəbul edilib. Bu siyahıda Şönbrun sarayı ilə yanaşı, çoxsaylı fontanları və heykəlləri ilə məşhur olan park və dünyada ən qədim Şönbrun zooparkı da yer alıb. Şönbrun sarayı monarxiyanın süqutundan sonra minlərlə avstriyalının və şəhərin qonaqlarının üzünə açılıb. Hər il bu sarayı 6 milyondan çox turist ziyarətə gəlir. Onlardan 1,5 milyonu sarayı gəzmək üçün bilet alır. Saray bütün ərazisi ilə Avstriyanın ən mühüm turist obyektlərindən biri sayılır.
İmperator II Ferdinand və onun arvadı Yelenora Honzada ova aludə olduqlarından bu sarayı şəhərkənarı istirahət yeri kimi seçiblər. Ferdinandın ölümündən sonra 1637-ci ildə imperatriçə sarayda məskunlaşıb və onu Şönbrun adlandırıb. Sarayın tarixində qara səhifələr də çox olub. 1683-cü ildə Vyanaya hücumlar zamanı qala zərər çəkib. İmperator I Leopald dağılmış sarayı yenidən bərpa etmək üçün arxitektor İohan Bernardı dəvət edib və Versal sarayına oxşar tikili qurmaq istədiyini bildirib. Əksər işlər 1713-cü ildə başa çatıb. Ancaq sarayın tikintisi axıra qədər tamamlanmayıb.
1728-ci ildə imperator IV Karl Şönbrunu qızına – gələcək imperatriçə Mariya Terezaya hədiyyə edib. Sarayın tarixində mühüm rol oynayan Mariya Tereza iqamətgah və bağından zövq alaraq onu siyasi mərkəzə çevirib. Bu möhtəşəm sarayda Mariya Tereza nazirlərin andlarını qəbul edib. Görkəmli bəstəkar Motsart burada imperatriçə üçün musiqilər ifa edib. 1752-ci ildə onun əri imperator I Frans sarayın ərazisini genişləndirərək yaxınlığında Şönbrun zooparkı yaradıb. Mariya Terezanın ölümündən sonra Saray imperatorların yay iqamətgahı kimi istifadə olunub. Bu sarayın divarları arasında Frans İosif doğulub və onun tacqoyma mərasimi keçirilib. Onun imperatorluğu ilə sarayın tarixində yeni bir mərhələ başlanıb. İmperator Şönbrunu özünün əsas iqamətgahı kimi seçib və həyatının çox hissəsini burada keçirib. Onun Bavariya şahzadəsi Yelizaveta ilə evlilik hazırlıqları da bu sarayda baş tutub.
Napaleon Bonopart Vyananı işğal edəndə qərargahını burada qurub və 1803-1809-cu illərdə Saray onun tabeliyində olub. Napoleonun oğlu Aiqlon burada dünyasını dəyişib. İmperator Frans Yozef də bu sarayda vəfat edib. İmperator Çarlz 1918-ci ildə taxtı tərk etdiyini bildirən və Havsburq xanədanı hakimiyyətinə son verən anlaşmanı da burada imzalayıb. 1945-ci ildə bombardman nəticəsində saray yenidən ziyan çəkib. Müharibədən sonra Britaniya komandanlığı sarayı özlərinin əsas ştabları kimi istifadə ediblər.
1992-ci ildə Şönbrun SchloB Schonbrunn Kultur şirkətinə verilib ki, onun bərpası ilə məşğul olsunlar.
“İmperatorlar gözəl yaşayıb”
Şönbrun sarayının bağçaları, hovuzları, mifoloji qəhrəmanların heykəlləri, kəsişən yolları, rəngbərəng, çeşid-çeşid bitki və ağacları Fransadakı Versal Sarayının bağçasına bənzəyir. Sarayın 1440 otağı olub. Ancaq sonradan bunların bir qismini birləşdirərək muzeyə çeviriblər.
Sisinin yay iqamətgahına ilin bütün fəsillərində turistlərin axını kəsilmir. Baxmayaraq ki imperatriçə bu sarayı o qədər də bəyənməyib, bununla belə, onun həyatına aid olan hər xırda detal ziyarətçilər üçün maraqlıdır. İndi muzeyə çevrilən və ucu-bucağı bilinməyən bu iqamətgahın hər bir guşəsi əfsanəvi imperatriçənin narahat yaşantıları, Bavariyadakı qayğısız uşaqlığı, Avstriya imperatoru ilə nişanlanması və 1898-ci ildə Cenevrədə qətlə yetirilməsinə qədərki həyatı haqqında məlumatlar verir. Gözəl, sevimli imperatriçə Avstriyanın kultuna çevrilib. Hazırda Şönbrun sarayı bu mifi reallaşdırır. Muzeyin çoxsaylı eksponatları daha çox Yelizavetanın şəxsi əşyalarından ibarətdir. Həmçinin gözəl imperatriçənin məşhur portretləri də hər bir salonu bəzəyir. Sarayda böyük və kiçik zallar, qalereyalar, mərasim salonları və s. var.
Sarayın qızılı tavanı Sankt-Peterburqdakı I Pyotr sarayının tavanı ilə eynidir. Çünki hər ikisi eyni ustanın əlinin məhsuludur. Şönbrun sarayı Avstriya imperatorunun ən gözəl sarayı olmaqla salonlarının ehtişamı və bənzərsizliyi ilə diqqət çəkir.
Sarayın ən gözəl otağı «Milyonlar otağı»dır. Bu otağın əşyaları böyük bir xəzinə dəyərindədir. Otağın divarları Çindən gətirilən və çox nadir tapılan gül ağacı ilə örtülüdür. Örtülünün üzü çox zərif və nadir dəyərdə İran, Hind miniatürləri və rokoko motivləri ilə bəzənib.
Muzeyin otaqlarında imperator və imperatriçələrin və sarayın digər sakinlərinin istifadə etdiyi qiymətli qab-qacaqlar və Havsburqlar Evinin gümüş mətbəx ləvazimatları qorunur. Ekskursiya zamanı turistlər təkcə saray məişəti ilə deyil, eyni zamanda, Vyana sarayının mətbəx və stolarxası ənənələri ilə də tanış ola bilirlər. Salonlarda sərgilənən çay və yemək qab-qacaq komplektləri sanki sarayın zəngin və təmtəraqlı həyatının nümayişi üçün sərgilənib. Məsələn, 4500 predmetdən ibarət «Qran Vermel» servizi 140 qonaq üçün nəzərdə tutulub. Vermel sevizi 1808-ci ildə Yevgeniy Boqorni tərəfindən Milan sarayı üçün sifariş olunub. Onu Napaleonun gerbi ilə bəzəyiblər. Fransız ordusunun məğlubiyyətindən sonra serviz Vyanaya gətirilib. Havsburq sülaləsinin qəhrəmanlıqları və əcdadlarının xüsusiyyətləri sanki bu məişət əşyalarının üzərinə köçüb. 30 metr uzunluğu olan stol, saray qadınlarının və kişilərinin dəbdəbəli paltarları diqqət çəkir. İmperatriçə Mariya Terezanın qızıl mətbəx dəsti ziyarətçiləri heyran qoyur. Eksponatları seyr etdikcə, istər-istəməz turistlər «İmperatorlar gözəl yaşamağı bacarıblar» - deyə pıçıldayırlar. Bəlkə də dünyanın heç bir muzeyində bu qədər maraqlı kolleksiyaya rast gəlmək mümkün deyil.
Sarayın bağça qapısı da başdan-ayağa bir sənət əsəridir. Çox böyük olmasına baxmayaraq, son dərəcə əsrarəngizdir. Üzərində qanad açmış tuncdan bir qartal heykəli var. Eləcə də sarayın iç qapıları zənginlik nümayiş etdirən sənət əsərləridir. Sarayın arxa və ön tərəfindəki ucsuz-bucaqsız parklar isə turistləri valeh edir. Dünyanın hər yerindən gətirilən ekzotik ağaclar və güllər bu parkı bəzəyir. Yamyaşıl park sanki mahir rəssam əli ilə çəkilib. Park istirahət etmək istəyən insanların da üzünə açıqdır.
Audiobələdçi məlumat verdi ki, hazırda Şönbrun sarayı maliyyə baxımından özü-özünü saxlayır, dövlətdən maliyyələşmir. Demək olar ki, Şönbrun bu gün biznes mərkəzinə çevrilib. Sarayın yuxarısında turistlər üçün otel tipli otaqlar da fəaliyyət göstərir. Sarayın birinci mərtəbəsindəki suvenir mağazalarında satılan əşyaların qiyməti isə o qədər də ucuz deyil. Muzeyə bilet isə 12 avro təşkil edir.
Uzun illərdir ki, sarayda həyata keçirilən bərpa işləri hələ də başa çatmayıb. Çünki iqamətgahda həyata keçirilən işlər o qədər incəliklə və dəqiqliklə yerinə yetirilir ki, imperatorların sarayını eynilə qorumağa çalışırlar. Divarlardakı qızılı rənglər, çilçıraqlar, şamdanlar, əksər zalların döşəməsi və tavanı da elə o dövrdəki kimi saxlanılıb.
Avropanın ən gözəl saraylarından birindən – Şönbrun sarayından böyük tarixi kökləri olan bir ölkə və onun şəxsiyyətləri ilə bağlı zəngin təəssüratlarla ayrıldıq...
Təranə Məhərrəmova
Vyana- Bakı

banner

Oxşar Xəbərlər