• cümə, 26 Aprel, 21:21
  • Baku Bakı 22°C

Əfsanəvi “Komandante”

29.11.16 13:49 2829
Əfsanəvi “Komandante”
Kuba inqilab lideri Fidel Kastroya yas tutur. Az qala 50 il ərzində Kubanı idarə edən Fidel Kastronun ölümü barədə xəbəri onun qardaşı, hazırkı prezident Raul Kastro elan edib. Ölkədə doqquz günlük matəm mərasimləri davam edir. Bayraqlar yarıya qədər endirilib. Bazar ertəsi insanlar 90 yaşlı liderin külünu onun hakimiyyət uğrunda mübarizəyə başladığı Santyaqo de Kuba şəhərinə aparıb. Bəzi dünya liderləri XX əsrin simvolunun ölümünə görə başsağlığı verib.

Prezident Barak Obama Fidel Kastronun ölümü ilə bağlı Kuba xalqına başsağlığı verərək bildirib ki, o, Kuba ilə əlaqələrin yaxşılaşdırılması istiqamətində səylərini davam etdirəcək. "Bu gün Fidel Kastronun ailəsinə başsağlığı veririk və dualarımız Kuba xalqı ilədir. Kuba xalqı bilməlidir ki, ABŞ-da onların dostları və tərəfdaşları var” - deyə Obamanın bəyanatında deyilir. ABŞ və Kubada Fidel Kastronun irsinə münasibətin birmənalı olmadığını anlayan Obama, Kastronu nə tənqid edib, nə də tərifləyib. Prezident Obama bildirib ki, Kastronun etdiklərini tarix mühakimə edəcək.

ABŞ-ın yeni prezidenti Donald Tramp da Fidel Kastronun ölümünə münasibət bildirib. O,Twitterhesabında "Fidel Kastro öldü!” yazıb. Daha sonra isə onun Kastronu "qəddar diktator” adlandıran bəyanatı açıqlanıb. "Fidel Kastronun irsi poliqon, oğurluq, dəhşətli əzab-əziyyət, aclıq və fundamental insan haqlarının rədd edilməsi ilə yadda qalıb” - deyə Tramp bildirib. Tramp, Kastronun ölümü ilə kubalıların uzun sürət dəhşətlərdən xilas olacağına ümid etdiyini bildirib. "Mənim administrasiyam Kuba xalqının rifah halının yaxşılaşması və azadlığa qovuşmasını təminat altına almaq üçün çalışacaq” - deyə Donald Trampın bəyanatında bildirilir.
Kastro 1959-ci ildə kommunist inqilabı nəticəsində hakimiyyətə gəlib və onilliklər ərzində ABŞ-a meydan oxuyub. Onun tərəfdarları ona Soyuq müharibə zamanı Amerikaya qarşı dayanan və Kubanı xalqına qaytaran adam kimi baxır. Onun tənqidçiləri isə onu diktator adlandırır. ABŞ-ın Mayami ştatındakı kubalıların icmasında Kastronun ölümü xəbəri alqışla qarşılanıb. BBC müxbirinin xəbərində deyilir ki, Kubadan gələnlər arasında Fidel Kastroya qarşı mənfi münasibət mövcuddur. Bu fikirdə olan sakinlər sabiq prezidentin ölümündən sonra dəyişikliklər gözləyirlər. İnternetdəki videolarda sevinən insanların bir araya gəldiyini, əllərində Kuba bayraqlarını dalğalandırdıqlarını görmək olar.
Uzunömürlü rəhbər
50 il ərzində hakimiyyət başında olan Fidel Kastro 2008-ci ildə səlahiyyətlərini qardaşı Raul Kastroya ötürdükdən sonra istefaya çıxıb. Bundan iki il əvvəldən o, ölkənin idarəçiliyində demək olar ki, artıq iştirak etmirdi. 2013-cü ildə Kastro istefa barədə qərarını ölümcül xəstəliklə əlaqələndirib.
Fidel Kastro sonuncu dəfə ictimaiyyət qarşısına avqust ayında 90 illik yubileyi münasibətilə təşkil olunmuş tədbir vaxtı çıxıb. Kuba inqilabının lideri vəfatından sonra kremasiya olunmaq istədiyini deyib.
Komandantenin həyatı
Kubanın sabiq lideri müasir dünyada hamıdan çox hakimiyyətdə olub. Birləşmiş Ştatlarda ondan xilas olmağa çalışsalar da, Fidel Kastronun hakimiyyəti illərində 10 ABŞ prezidenti dəyişib. Tərəfdarlarının "Komandante” kimi müraciət etdikləri Fidel öz varlığı ilə Amerikaya xatırladıb ki, kommunizm bütün dünyada məğlubiyyətə uğrasa da, bəzi guşələrdə, lap elə onun qulağının dibində hələ də nəfəs alır. Fidel 1926-cı ildə varlı mülkədar ailəsində anadan olmuşdu, lakin o, öz həyatı ilə əksəriyyəti yoxsul olan kubalıların həyatları arasındakı fərqdən elə sarsılıb ki, inqilabçıya çevrilib və adı korrupsiya və bərabərsizliyin simvoluna dönmüş Batistanın rejiminə qarşı mübarizə aparıb.

Varlı pleyboylar üçün sığınacaq rolunu oynayan Kuba mütəşəkkil cinayətkar sindikatlar tərəfindən idarə olunur, adada fahişəlik, qumar biznesi və narkotik maddə ticarəti çiçəklənirdi. Fidel Kastro bir qrup inqilabçı ilə birlikdə Sierra-Maestra dağlarında yerləşən bazadan klassik partizan kampaniyası aparıb. 1959-cu il yanvarın 2-də üsyançıların ordusu Havananı zəbt edib, Batista qaçıb. Kubada argentinalı Ernesto Çe Gevaranın da daxil olduğu yeni hökumət təşkil edilib. Hakimiyyət torpağı xalqa qaytarmağı və yoxsulların hüquqlarını qorumağı vəd edib.
Karib böhranı
Fidel israr edirdi ki, onun ideologiyası ilk növbədə Kuba ideologiyasıdır. "Bu nə kommunizm, nə də marksizmdir. Bu, planlı iqtisadiyyat şəraitində təmsilçi demokratiya və sosial ədalətdir” - deyə Kastro həmin günlərdə yazırdı. Tezliklə Fideli ABŞ prezidenti Devid Eyzenhauer sıxışdırmağa başlayır və Kuba lideri sonralar bildirirdi ki, o, Sovet İttifaqının və onun rəhbəri Nikita Xruşşovun himayəsinə sığınmağa məcbur olub. Kuba Soyuq müharibənin meydanına çevrilmişdi. 1961-ci ilin aprelində ABŞ Kastro rejimini "Azadlıq adası”nı daha əvvəllər tərk etmiş Kuba qaçqınları ordusunun əli ilə devirməyə çalışdı.

Lakin Kuba ordusu Donuzlar körfəzindən edilən müdaxilənin qarşısını aldı. Bir çox insanlar həlak oldu, minədək kubalı əsir düşdü. Beləliklə, Fidel superdövlətin qulağının dibinə bir sillə vurmuş oldu. Superdövlət bu silləni heç vaxt bağışlamadı.

Bir il sonra Amerika kəşfiyyatı Kubada sovet raketlərinin yerləşdirilməsinə dair gizli planların üstünü açdı. Dünya nüvə müharibəsinin kandarında idi. Bu hadisə tarixə "Karib böhranı” adı ilə daxil olub.

"Həbsxanaya çevrilmiş bu adada hücum raketlərinin yerləşdirilməsi üçün meydançalar hazırlanıb, - deyə o vaxt ABŞ prezidenti Con Kennedi yazırdı. O bildirirdi ki, bu bazaların yeganə məqsədi Qərb yarımkürəsinə nüvə zərbəsi endirmək ola bilər. ABŞ və SSRİ sərt qarşıdurma vəziyyətində idilər və böhran onunla başa çatdı ki, Xruşşov raketləri Kubadan çıxartdı. Lakin bunun müqabilində, məxfi şəkildə amerikalılar da bəzi silahları Türkiyədən çıxarmalı oldular.
Afrika və yenidənqurma
Buna baxmayaraq, Fidel Kastro Amerikanın bir nömrəli düşməninə çevrilmişdi. Mərkəzi Kəşfiyyat İdarəsi ona qarşı müxtəlif sui-qəsd planları hazırlamışdı. Bunların arasında xüsusi siqar da vardı. Bu siqar komandante onu alışdıran kimi partlamalı idi. Başqa planlar da müzakirə edilirdi. Bunlardan birinə görə Fidelin saqqalı qopub düşməli, onu gülüş obyektinə çevirməli idi. Öz növbəsində, Sovet İttifaqı Kubanı pula tutmuşdu. SSRİ adada yetişdirilən şəkər qamışının böyük hissəsini alırdı. Əvəzində Havana limanına gələn sovet gəmiləri amerikalıların sərt embarqosu altında yaşayan kubalılar üçün müxtəlif mallar gətirirdilər. Moskvadan asılı olmasına baxmayaraq, Fidel o vaxtlar yaranmağa başlamış "bloklara qoşulmayan ölkələr hərəkatı”na liderlik edirdi.

Afrikada gedən çoxsaylı münaqişələrdə isə Kuba bir qayda olaraq tərəflərdən birini dəstəkləyirdi. Məsələn, o, öz əsgərlərini Anqola və Mozambikin marksist rejimlərini qorumaq üçün göndərirdi. Daha sonra isə Mixail Qorbaçovun aşkarlıq və yenidənqurma zəmanəsi başlandı. Komandante və onun inqilabı üçün bunlar fəlakətin carçıları idi. Moskva Kubadan şəkər qamışı almağı və əslində faktiki olaraq onun iqtisadiyyatına dəstəyi dayandırmışdı. Sovet İttifaqından gələn köməyin kəsilməsi nəticəsində adada hətta ən adi malların qıtlığı başlanmışdı. Kuba mağazalarının piştaxtaları boş idi. Növbələr uzanır, səbir kasası daşırdı. Beləliklə, Fidel Kastronun dünyanın ən inkişaf etmiş ölkəsi adlandırdığı Kuba əslində qatır arabalarının zəmanəsinə qayıtmışdı. 1990-cı illərin ortalarına yaxın belə vəziyyət kubalıların əksəriyyətini boğaza yığmışdı. Minlərlə kubalı Florida sahillərinə çatmaq üçün sınıq-salxaq qayıqlarda dənizə çıxırdı. Onların çoxları okeanda boğulurdu və bu, özlüyündə komandantenin hakimiyyətinə etimadsızlığın göstəricisi idi.
"Fidel” deyəndə
Lakin özünün bütün aşkar uğursuzluqlarına baxmayaraq, Fidel Kastro Karib kommunizminin təkrarsız brendini yarada bilmişdi. İnqilabın ölməsinə imkan verməmək üçün adada yavaş-yavaş da olsa, bazar iqtisadiyyatı islahatlarına başlanmışdı.

Və o, ömrünün sonunadək Vaşinqton üçün göz dağı olaraq qala bildi. Məsələn, Fidel neftlə zəngin Venesuela ilə saziş bağlamışdı. Bu ölkənin prezidenti Uqo Çaves Kuba liderinin yaxın dostu idi və Amerikanı ən böyük günahlarda ittiham edir, ən görkəmli antikastro dissidentlərindən birinin Kubaya ekstradisiya edilməsinə çağırırdı. Bir çox kubalılar Fideli açıq-aşkar xoşlamasa da, onu səmimi-qəlbdən sevənlər də az deyildi. Ona pərəstiş edənlər "yankilərin təcavüzünə” sinə gərən Kastronu Ameirka Qoliafına qarşı döyüşən Davidə bənzədirdilər. Belələri üçün Fidel və Kuba ayrılmaz anlayışlar idi.
Kastronun ölümü nəyi dəyişəcək?
Son məlumatlara görə, "Röyters” agentliyi Kubada minlərlə adamın İnqilab meydanına, Fidel Kastro ilə vida mərasiminə axışdığını yazıb."The Teleqraf” qəzeti isə dünyanın digər yerlərində onun ölümünə sevinən kütlənin videolarını yayımlayıb. Ölkəni, az qala, yarım əsr idarə etmiş Kastronun ölümü nəyi dəyişəcək? "The Los Angeles Times”qəzeti inkişafa daha çox gənclərin inandığını yazır. İnqilab liderinin qardaşı Raul Kastro ölkə iqtisadiyyatında islahatlar gerçəkləşdirib, kiçik biznesin inkişafına, qismən də olsa, şərait yaradıb. Məsələn, kiçik restoranların, qadın salonlarının, maşınyuma məntəqələrinin açılmasına icazə verib, xarici ölkələrə səyahət etmək istəyənlərə məhdudiyyətləri aradan qaldırıb. Son illər Kubanın ABŞ-la münasibətlərində inkişaf görünür, yarıməsrlik düşmənçilikdən sonra, nəhayət, 2014-cü ildə R.Kastro və ABŞ prezidenti B.Obama münasibətlərin yeni mərhələsinə qədəm qoyduqlarını elan ediblər. "The Los Angeles Times” yazır ki, matəm mərasimləri, konsertlərin ertələnməsi, əyləncəyə qadağalar turistləri əndişələndirsə də, gənclərdə ümid yaradıb. Gənclər F.Kastronun tarixə qovuşmasıyla yeni eranın başlanacağına, şəxsi azadlıqların və iş yerlərinin artacağına ümidli görünürlər.

Mərasimi izləməyə gələn gənclərdən bir neçəsi qəzetə müsahibəsində ölkənin hələ də təcrid olunmasından şikayətləniblər. Amma F.Kastronun ölümünün qardaşına – hazırda hakimiyyətdə olan R.Kastroya sərbəstlik verəcəyinə inandıqlarını da bildiriblər. Adının açıqlanmasını istəməyən 18 yaşlı bir gənc internetə girişin bundan sonra artacağına ümidvar olduğunu söyləyib: "Məncə, bizdə də internet, başqa ölkələrdəki kimi, hər yerdə olmalıdır. Valideynlərim internetin nə olduğunu bilmir, bu, burda bir arzudur”. "Obyektiv olmalıyıq. Fidel bizim üçün çox şey edib, amma iş yerləri yoxdursa, inkişaf imkanımız yoxdursa, hansı yaxşılıqdan söhbət gedə bilər” - bu sualı Maria adlı tələbə verib.
Tezliklə köklü dəyişikliklər gözləməyə dəyməz
"The Los Angeles Times” azadlıqlar barədə bundan uzun müddət sonra da söhbət getməyəcəyini yazır. Çünki analitiklərin fikrincə, bir neçə xırda islahatı çıxmaq şərtilə, Kubanın indiki siyasi liderləri iri addımlar atacaq liderlərə bənzəmirlər. Hökumətdəkilərin işi-gücü şimaldakı qonşuya alternativ quruluş axtarmaq, öz modelləri hesab etdikləri Çindən, Vyetnamdan misallar gətirməkdir. Qəzet yazır ki, Kuba liderləri demokratiya tələblərinə də yalnız Vaşinqtonla dostyana münasibətlər qurmaqdan ötrü baxa bilərlər. Analitiklərin dediyinə görə, indiki şəraitdə köklü dəyişikliklər Kubada hakim partiyanın hegemonluğuna təhlükə yarada bilər, ona görə də hazırkı liderlərin belə dəyişikliklərə gedəcəyi inandırıcı deyil. R.Kastro özü də çoxpartiyalı quruluşun, sərbəst toplaşma kimi azadlıqların yolverilməz olduğunu dəfələrlə vurğulayıb.
"Raul, yəqin ki, vaqonlarını arxa-arxaya düzüb, onu qoruyacaq keşikçi qatarını qurduğuna əmin olmağa çalışacaq”. Kuba üzrə mütəxəssis, Obama administrasiyasının tez-tez məsləhət aldığı professor Ted Henken "The Los Angeles”ə müsahibəsində belə deyib.

Kubada dövləti Kommunist Partiyasının şurası idarə edir. Bu şura əsas qanunverici orqandır. Onu isə Fidel Kastrodan sonra Raul Kastro tam nəzarətdə saxlayır. Keçən il Kubada ilk dəfə Kommunist Partiyasından olmayan iki nəfər bələdiyyə seçkilərində kampaniyaya başlayıb. Amma heç biri uğur qazana bilməyib. Qəzet yazır ki, bununla da hökumət islahatçılara dərs vermiş olub.

Kubanın indiki lideri Raul Kastronun 85 yaşı var. O, 2018-ci ildə hakimiyyətdən gedəcəyini elan edib. Yerinə vitse-prezident Migel Diaz-Kanelin keçəcəyi gözlənir. Nisbətən cavan olan M.Diaz-Kanel də ölkənin digər öndə olan şəxsləri kimi, Kommunist Partiyasına sadiqdir, amma tanıyanlar onun ölkəni modernləşdirməyə meyilli olduğunu deyirlər. "The Los Angeles Times” yazır ki, F.Kastronun ölümünə görə elan olunan 9 günlük matəm onun mirasından imtina edilmədiyini, mirasın möhkəmliyini göstərir.
Hazırladı: Kamran

banner

Oxşar Xəbərlər