• cümə, 29 Mart, 17:28
  • Baku Bakı 14°C

Əfsanələr paytaxtı Reportaj Fotolar

26.12.13 09:49 5272
Əfsanələr paytaxtı Reportaj Fotolar
Mədəniyyət və Turizm Nazirliyinin «Xalq yaradıcılığı Paytaxtları» proqramı çərçivəsində Xaçmaz rayonu 2013-cü il üçün «Əfsanələr paytaxtı» elan edilib. Xaçmazlılar deyirlər ki, bu hadisə Xaçmazın dünəninə, bu gününə, sabahına qızıl hərflərlə yazılıb. Ölkənin qeyri-maddi, mədəni irsinin qorunması, xalq yaradıcılığının təbliği istiqamətində aparılan islahatların davamı kimi keçirilən yekun tədbirlər Xaçmazda mədəni tərəqqinin yeni-yeni nailiyyətlərinin ortaya çıxdığını bir daha göstərdi.
Nazirliyin Xaçmaza təşkil etdiyi media turu çərçivəsində jurnalistlər də yekun tədbirlərə qatıldı.
Rayonun giriş qapısından daxil olanda istər-istəməz hamını bir sual maraqlandırır: “Xaçmazın əfsanələri nədən ibarətdir?”
«Xaçı qəbul etməyən» yer
Xaçmaz adının vaxtilə bu ərazidə yaşamış və mübariz Hun qəbilələri birliyinə daxil olmuş Xaçmataka qəbiləsinin adından əmələ gəlməsi barədə fikirlər var. Xaçmazla bağlı əfsanələrin birində isə «Xaçmaz - xaçı qəbul etməyən» mənasında işlədildiyi bildirilir. Belə ki, tarixən mövcud olan Albaniya feodal dövlətində xristianlıq dövlət dini olub. Lakin Xəzər sahilində indiki Xaçmaz rayonu ərazisində yaşayan tayfalar atəşpərəst olduğundan, xristianlığı və xaçı qəbul etmədiyindən bu ərazinin adı Xaçmaz - yəni «Xaçı qəbul etməyən» yer anlamına gəlib. Vaxtilə Azərbaycan ərazisində mövcud olan qədim dövlətlərin üzərinə hərbi yürüşlər və basqınlar etmiş işğalçıların yolu Xaçmaz ərazisindən keçib. Eramızdan əvvəl VIII-VI əsrlərdə tikilmiş məşhur Bab əl Əbvab (ərəbcədən "Qapıların Qapısı", Dərbənd qapıları) istehkamları bu işğalçıların yolunda dəf edilə bilməyəcək bir maneə kimi dayanıb.
Mədəniyyət tədbirlərinin mühüm hissəsi kimi
Rayonda «Əfsanələr paytaxtı» nominasiyasını orada yaşayan insanların zəhmətinin nəticəsi kimi dəyərləndirirlər. Deyirlər ki, bu ad üçün həm də Xaçmazın tarixi, əfsanələri əsas götürülüb. Xaçmazın tarixi əfsanələrlə zəngindir. Rayonun füsunkar təbiəti, tərtəmiz dənizi əfsanələrdə tez-tez hallanır.
Rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bizimlə söhbətində Xaçmazın “Əfsanələr paytaxtı” elan olunmasını ölkəmizdə həyata keçirilən mədəniyyət tədbirlərinin mühüm hissəsi kimi dəyərləndirdi: «Respublikamızda aparılan quruculuq işləri özünü mədəni sahədə də göstərir». İcra başçısı «Əfsanələr paytaxtı» kimi rayonda çoxlu mədəni tədbirlərin keçirildiyini bildirdi. Belə ki, layihə çərçivəsində il ərzində bir sıra tədbirlər, sərgilər, dəyirmi masalar, konfranslar, turizm ekskursiyaları, payızda isə məhsul bayramı keçirilib.
Azərbaycanda keçirilən Belarus Mədəniyyət Günlərinin bir hissəsi Xaçmazda təşkil olunub. Dağıstanla Azərbaycan arasında ənənəvi dostluq bayramı da rayonda qeyd edilib. Bu çərçivədə hər iki ölkənin tanınmış incəsənət ustaları konsert proqramları ilə çıxış ediblər. Rayonda çoxsaylı mədəniyyət abidələri tikilərək istifadəyə verilib. Mədəniyyət sarayı yenidən təmir olunur, musiqi məktəbləri yenidən qurulur. Çoxsaylı parkların tikilişi və sayının artırılması da nəzərdə tutulub: «Biz rayonun mədəni səviyyəsinin inkişafı üçün çalışırıq”. Rayonun ərazisində yaşayan azsaylı xalqların da öz adət-ənənəsi, folkloru var. “Xaçmazda azsaylı xalqlar uzun illərdir ki, mehribancasına yaşayırlar. Biz bu xalqların folklorunu, adət-ənənələrinin inkişafı üçün müəyyən işlər görürük. O cümlədən, rayonda ahıska türklərinin rəqs qrupu fəaliyyət göstərir. Biz həmin qrupu respublika səviyyəsinə qaldırmaq niyyətindəyik».
Tarix Diyarşünaslıq Muzeyində təşkil olunan sərgi rayon sənətkarlarının əl qabiliyyətlərinin, bacarıqlarının nümayişi üçün gözəl imkan idi. Xalq tətbiqi sənəti nümunələri – toxuma, xalça, əl işləri, rəsm əsərləri və s. nümayiş etdirilirdi. Rayonda fəaliyyət göstərən Uşaq İncəsənət Məktəbi şagirdlərinin rəngarəng ifaları tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı. Öyrəndik ki, artıq 20 ildir fəaliyyət göstərən məktəbdə 219 şagird təhsil alır. Məktəbdə 54 müəllim, xoreoqrafiya, rəssamlıq və musiqi dərslərini tədris edir. Ancaq məktəbin binasının olmaması kollektiv və şagirdlər üçün problemə çevrilib. Bir neçə ildir onlar üçün bina tikiləcəyinə söz verilsə də, hələ ki, heç bir soraq yoxdur. Şagirdlər icarəyə götürülən binalarda dərs keçirlər.
Muzeylər şəhəri
Rayonda iki qədim yaşayış məskəni - Sərkərtəpə və Camaxırtəpə dünya əhəmiyyətli abidələr sayılır. AMEA-nın Arxeologiya İnstitutu tərəfindən bu ərazilərdə tədqiqat işləri aparılıb və qazıntılar zamanı tunc dövrünə aid qəbirlər, eləcə də əmək alətləri və məişət əşyaları tapılıb. N.Ağayevin sözlərinə görə, sonradan məlum olmayan səbəblərdən tədqiqat işləri dayandırılıb. “Oradan tapılan eksponatlar deməyə əsas verir ki, həmin ərazilərdə hələ də çoxlu eksponatlar qalmaqdadır və orada tədqiqatlara ehtiyac var. Bununla bağlı AMEA-ya müraciət etmişik. Ancaq onlar gəlib başqa bir kurqanda qazıntı işləri apardılar. Tədqiqat işləri isə hər iki yaşayış məskənində aparılmalıdır».
Ümumilikdə isə rayon ərazisində 72 tarixi abidə var. Rayonun ərazisindəki ən qədim arxeoloji abidələr Sərkərli, Mollaburhan, Hulovlu, Qaracik, Həsənqala kəndlərinin yaxınlığındakı tunc dövrünə aid qədim məskənlər və kurqanlardır. Moruq-oba, Qalağan, Uzun-oba, Tağar-oba kəndlərində 20-ci əsrdə tikilmiş məscidlər, Qaraqurtlu kəndində 15-16-cı əsrlərə aid Şah Abbas məscid-mədrəsəsi, Şıxlar kəndində Şeyx Yusif məscidi (15-ci əsr) qorunub saxlanılıb. 20-ci əsrin əvvəllərində (1900-1903-cü illər) tikilmiş dəmir yol stansiyası və su qülləsi, böyük mesenat Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə 1900-1913-cü illərdə tikilən Şollar su anbarı və su kəməri də maraq doğurur.
Xaçmaz rayonunda 10 muzey fəaliyyət göstərir. Ona görə də çox vaxt bu rayonu «Muzeylər şəhəri» adlandırırlar. Bugünlərdə isə görkəmli alim Əziz Əliyevin xatirə muzeyi açılıb.
Rayonda açıq hava altında yerləşən Şəxsiyyətlər Muzeyində 51 görkəmli şəxsiyyətin büstü qorunur. Onların arasında Nətavan, Məhsəti Gəncəvi, M.P.Vaqif, M.V.Vidadi, Müslüm Maqomayev, Niyazi, Hökumə Qurbanova və b. görkəmli şəxsiyyətlərin büstü yer alıb. Bugünlərdə isə Xalq artisti Yaşar Nuri və Səyavuş Aslanın da büstləri muzeyə gətirilib. Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nazim Ağayev muzeyin sahəsinin genişlənəcəyini qeyd edib.
Tarix Diyarşünaslıq muzeyində maraqlı eksponatlar sərgilənir. Muzeyin binası yenidən qurulub. «Köhnə muzey sökülüb, yenisi tikilib. Bu muzey əfsanələr şəhərinin atributudur”. Muzeyin iki filialı – Xalça və Döyüş şöhrəti muzeyləri də ziyarətçilərin maraq göstərdiyi yerlərdir. Xalça muzeyində 110 eksponat, Döyüş şöhrəti muzeyində isə 798 eksponat qorunur. Xalçalar əsasən 18-20-ci əsrləri əhatə edir və regionun əl işlərindən ibarətdir. Xalça muzeyində olarkən öyrəndik ki, buradakı eksponatlar əsasən satınalma yolu və bölgə sakinlərinin hədiyyəsi kimi muzeyə daxil olub. Muzeydə qorunan ən qədim xalçanın 3 əsrlik tarixi var. Əvvəl şahların məclislərində süfrə kimi istifadə olunan və uzunluğu 4 metr olan «Zeybə» xalçası muzeyə əhali tərəfindən bağışlanıb. Xalçanın adı Qubanın Zeybə kəndinin adı ilə bağlıdır. Ümumiyyətlə, muzeydə nümayiş etdirilən Quba-Şirvan xalçalarının hamısı əsasən kəndlərin adı ilə bağlıdır. Bundan əlavə, muzeydə Təbriz, Qarabağ xalçaları da saxlanılır. Əhali həmçinin muzeyə qədim məişət əşyalarını da bağışlayıb.
Rayonda ənənəvi xalq sənətlərindən xalçaçılıq daha geniş inkişaf edib. Xaçmaz liseyində xalçaşünaslıq fakültəsi fəaliyyət göstərir. Böyük və miniatür ölçülü xalçalar toxuyan ustaları iş başında müşahidə etmək turistlər üçün maraqlı olur.
Turizm bölgəsi
Turizmin inkişafı Xaçmazın adını «turizm bölgəsi» kimi tanıtdırıb. Azərbaycanda çox populyar olan Nabran istirahət zonası Xaçmaz rayonunun ərazisindədir. Hətta, hesab edilir ki, turizmin ən çox inkişaf etdiyi yer elə Xaçmazdır. Təkcə keçən il rayona 350 min turist gəlib. «Bu, o deməkdir ki, turizmin inkişafı üçün işlər görülür». Hazırda rayonda 3 otel tikilir, 72 turizm istirahət mərkəzi fəaliyyətdədir. Mövsümi turizm baxımından əsasən yay aylarında rayona gəlirlər. Yeni il bayramı və Novruz bayramında da istirahət üçün Xaçmaz rayonuna üstünlük verənlər çox olur. Qiymətlərin əhalinin cibinə uyğun olmaması ilə bağlı səslənən fikirlərə münasibət bildirən N.Ağayev dedi ki, başqa ölkələrlə, o cümlədən qonşu dövlətlərlə müqayisədə qiymətlər sərfəlidir. “Xidmətə gəlincə, Türkiyə ilə müqayisə olunmaq doğru deyil. Onlar artıq bu sahə üzrə çoxdan təcrübə qazanıblar. Bizdə də xidmət inkişaf edir. Nazirlik bununla bağlı kurslar təşkil edir. İnanıram ki, bizdə də xidmət həmin səviyyəyə çatacaq. Hər halda bugünkü xidmət insanları qane edir ki, onlar da Xaçmaza gəlirlər”.
Təranə Məhərrəmova
Bakı-Xaçmaz

banner

Oxşar Xəbərlər