• şənbə, 20 Aprel, 18:30
  • Baku Bakı 24°C

Əfsanə getdi...

25.11.14 12:32 897
Əfsanə getdi...
Viktor Tixonov – sovet və Rusiya idmanının görkəmli fiqurlarından biri. Ona sovet xokkeyinin əfsanəsi də deyirdilər. O sovet yığmasının ən fantastik uğurlarına imza atıb. Qərb ölkələrində bu yığmanı böyük «Qırmızı maşın» adlandırırdılar. Sovet və Rusiya xokkeyinin böyük bir epoxası onun adı ilə bağlıdır.
Uzun sürən ağır xəstəlikdən sonra həyatla vidalaşan 85 yaşlı xokkeyçi bir neçə ildir ürəyindəki problemdən əziyyət çəkirdi. Həkimlər ona üzünmüddətli müalicə kursu təyin etmişdilər. Ancaq 24 noyabrda, gecə onun vəziyyəti qəfildən ağırlaşıb. Tixonovu Reanimasiya İnstitutuna çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
3 Olimpiya, 8 Dünya, 11 Avropa çempionu
Onun uşaqlığı müharibə illərinə təsadüf edib. Viktor Vasilyeviç Tixinov 1930-cu il 4 iyunda Moskvada anadan olub. 12 yaşında avtobus parkında çilingər işləməyə başlayıb. 1943-cü ildə yenidən məktəbə bərpa olunub. Məktəbi bitirəndən sonra isə ticarət məktəbinə daxil olub. Ağır müharibə illəri Viktoru atasız böyüdüb. Atası Vasili Tixinov 1942-ci ildə Stalinqrad uğrunda döyüşlərdə həlak olur. Dəmirçi sexində fəhlə işləyən anası Anna oğlunu tək böyüdür. Anası işdə olduğundan balaca Viktor günün çoxunu küçədə həmyaşıdları ilə - yayda futbol, qışda xokkey oynamaqla keçirirdi. «Burovestnik» məktəbindəki məşqləri yeniyetmənin qeyri-adi qabiliyyəti olduğunu üzə çıxardı.
1948-ci ildə hərbi xidmətə çağırılan Tixonovu BBC MBO futbol-xokkey komandasına qəbul edirlər. O, bu klubun tərkibində 4 dəfə SSRİ çempionu olur. 1950-ci ildə Viktor Tixonov SSRİ idman ustası adına layiq görülür. O, xokkeyçi kimi 33 yaşında karyerasını başa vurur. O zaman sovet futbolunda və xokkeyində uzunömürlülük daha çox idi. Xokkeyçi kimi fəal iştirakından sonra o, Moskva Hərbi Hava Qüvvələrinin hərbi dairəsində təlimatçı işləməyə başlayır. 1962-ci ildən isə onun trenerlik fəaliyyəti başlayır. O, 70-ci illərdə «Dinamo» (Riqa) xokkey komandasına əvvəlcə Çernışovun köməkçisi, daha sonra trener kimi rəhbərlik edir. 1968-ci ildə onun Riqa “Dinamo”sunda əsas trener kimi fenomenal yolu başlayıb. Bu komanda ilə Tixonov birinci liqada möhtəşəm yol keçir. 1976-77-ci illərdə SSRİ yığmasının iki illik məğlubiyyətindən sonra Tixonov dünya birinciliyində SSRİ yığma komandasına və MOİK-ə rəhbərliyi ilə ölkənin yığması xokkey üzrə 8 dünya çempionatında, 11 Avropa Çempionatında və bir sıra beynəlxalq turnirlərin qalibi olur. Viktor Tixinovun rəhbərliyi altında SSRİ Olimpiya yığması 3 dəfə olimpiya oyunlarında qələbə qazanır. MOİK komandası isə 1978-ci ildən 1989-cu ilə qədər SSRİ-nin əvəzsiz çempionu idi. Bu, SSRİ-nin ən titulu klubu idi. Leonid Brejnev komandanın əsas pərəstişkarlarından idi.
O, öz qələm və bloknotu ilə məşqdə görünəndə oyunçular “döyüş”ün başladığını başa düşürdülər. O, təkcə oyunçuların nəticələrini qeyd etmirdi, hətta, əhval-ruhiyyələrini də yazırdı. Bu, xokkeyçilər üzərində ən dəqiq tibbi baxış idi. Bir dəfə Tixonov tibbi sorğuda oturdu və xokkeyçilərin kardioqramını özü öyrənmək istədi. «Bu mənim sevimli idman növümdür. Mən bu işdən böyük həzz alıram» - deyə Viktor Tixinov bildirdi.
Uğursuzluğa gedən yol
Sovet xokkeyinin ən çox inkişaf etdiyi 70-90-cı illərdə komandanın oyunçuları Vyaçeslav Fetisov, Aleksey Kasotonov, Sergey Makarov, İqor Larionaov, Vladimir Krutov, Sergey Fyodorov, Aleksandr, Moqilnı, Pavel Bure bütün dünyada tanınan xokkeyçilərə çevrildilər. Məhz 90-cı illərdə bir sıra oyunçular əməkhaqqı dalınca xarici klublara – əsasən MXL-a getdilər. Onda Tixonov komandanı yeni oyunçulardan qurur, heyəti yeniləyirdi. Tixonovun özü Qərbə üz tutan SSRİ-nin ən yaxşı oyunçularının çıxıb getməsini komandasının zəifləməsi kimi qiymətləndirir və buna qarşı mübarizə aparırdı. Ancaq oyunçuların kütləvi gedişini saxlamaq mümkün deyildi. Bu, həmçinin sovet xokkeyini uğursuzluğa aparan yolun başlanğıcı idi.
Viktor Tixonov həmişə özünün trenerçilik fəaliyyətini məmnunluqla analiz edirdi. Həmişə öz səhvlərini kədərlə xatırlayırdı. Məsələn, Tixonov 1980-ci il olimpiya oyunlarında əsas oyunda qapıçını dəyişdirməsini heç zaman özünə bağışlaya bilmirdi. Həmin oyunda komanda uduzmuşdu. 1993-94-cü illərdə Tixonov Rusiya yığmasının baş treneri idi. 1994-cü ildə Rusiya komandası tarixində ilk dəfə olaraq Olimpiya qızılını qazana bilmədi. Bundan sonra Tixonov yığmanın baş məşqçisi postundan istefa verdi. Ancaq o, MOİK-in treneri kimi qaldı. Tixonov Rusiya yığmasına 2003-cü ildə qayıtdı. Komandanı böhrandan çıxarmaq lazım idi. Ancaq 2004-cü ildə yığmanın dünya çempionatındakı məğlubiyyətindən sonra postu yenidən və həmişəlik tərk etdi. O, həmçinin MOİK-in baş məşqçisi postundan da getdi. Ancaq müşahidə şurasının üzvü kimi qaldı. Təkcə xokkey deyil, həyatın özü də dəyişmiş, özüylə öz reallıqlarını gətirmişdi. Yeni tarixdə Viktor Tixinov nə MOİK-in, nə də Rusiya yığmasının xilaskarı ola bilmədi. Ancaq ustadın milli xokkey üçün etdiklərini isə unutmaq mümkün deyildi.
Ordu nizamı
70-ci illərin sonunda Sovet xokkeyində nəsillər dəyişmişdi. Artıq yığmada əfsanəvi üçlük – Mixaylov, Petrov, Xarlamov yox idi. Pərəstişkarlar əmin idilər ki, bu xokkeyçilərdən yaxşıları daha olmayacaq. Ancaq Tixonov əvəzetmə tapdı. Fetisov, Kasatonov, Makarov, Larionov, Krutov beşliyi. Onlar özlərini dərhal təsdiq etdilər və 1981-ci ildə Kanada kuboku qazanıldı. 8:1 hesablı dağıdıcı qələbədən sonra sovet yığmasını vətəndə milli qəhrəmanlar kimi qarşıladılar. MOİK-in oyunçuları həmçinin Sovet Silahlı Qüvvələrinin zabitləri idilər. Bu komandada leytenantlar, kapitanlar, hətta mayorlar oynayırdı. Tixonovun hərbi biletində titulu polkovnik idi. Xokkeyçilər komandada ordu nizamının olmasından şikayətlənirdilər. Ancaq başqa cür qalib gəlmək mümkün deyildi. Viktor Vasilyeviç həmişə oyunçuları böyük işlər görməyə ruhlandırırdı. O, özünün sərt trener tərzi ilə məşhur idi. «Biz 1 iyulda məzuniyyətdən qayıdanda elə birinci gün bizdə qaçışlar olurdu. Əvvəlcə irəli, sonra geri. 50-55 yaşında bunu etmək üçün nə qədər güc lazım idi? Biz bütün hallarda idmançılar idik. Ancaq o, birinci başlayırdı ki, heç kəs arxada qalmasın. Və sakitcə qaçırdı – təsəvvür edirsinizmi?” – deyə əfsanəvi qapıçı Vladislav Tretyak xatırlayır: “O, həddən artıq tələbkar idi. Onun sərtliyi bəzən bizi incidirdi, amma qalibiyyəti görüncə ona haqq qazandırırdıq. Bizim üçün məşqlərdə dəqiqlik əsas idi. O, dəqiqlik və nizam-intizam qədər heç nəyi sevmirdi. Bu, onun qələbə silahı idi və həmişə əlində saxlayırdı”.
Çoxsaylı uğurları içərisində Viktor Vasilyeviç özünün axırıncı qələbəsi ilə – 1992-ci ildə Albervil oyunlarındakı qalibiyyəti ilə fəxr edirdi. Çünki o zaman qalib gəlmək çox çətin idi. Atıq nə SSRİ yığması vardı, nə də Rusiya yığması təşkil olunmamışdı. Tixonov buzun üzərinə heç kimin tanımadığı MDB ölkələrindən olan xokkeyçiləri çıxarmışdı. «Nə himn vardı, nə də bayraq. Biz Olimpiya komitəsinin bayrağı altında çıxış etdik. Heç kim bizə inanmadı. Onlar başa düşmədilər ki, biz nə uğrunda mübarizə aparırıq. Mən isə dedim ki, bu cavan uşaqların vətəni də, şəhəri də, küçəsi də var – bax, buna görə də sizə qarşı vuruşacaqlar» - Viktor Tixinov danışırdı.
Ondan tez-tez uğurunun sirrini soruşurdular. O, həmişə eyni cür cavab verirdi. “Uğur qazanmaq üçün oyunçu çox işləməli, trener isə ömrü boyu öyrətməlidir. Amma hələlik «Qırmızı maşını» Viktor Tixinovdan yaxşı idarə etməyi heç kəs öyrənməyib.
“Qırmızı maşın”
Tixonovun məşhur üçlüyü – Mixaylov, Petrov, Xarlamov və onları əvəz edən – Krutov, Larionov, Makarov, o cümlədən, Fetisov və Kasanov kimi müdafiəçilərlə bütün dünya komandanı «Qırmızı maşın» adlandırırdı. Bu maşın hətta, xokkey tarixində bir dəfə Kanada kubokunu qazandı. «Qırmızı maşın» bütün dünya üçün qorxulu yuxuya çevrilmişdi. Sonradan amerikalı rejissor Qeyb Polskinin çəkdiyi «Qırmızı maşın» adlı film Kann kinofestivalında xüsusi nümayiş olundu.
Viktor Tixonovun oğlu Vasili də xokkey treneri idi. Finlandiyada çalışırdı. Oğlunun bədbəxt hadisə nəticəsində həyatını itirməsi Tixonova ağır təsir etdi.
Ancaq onu sevindirən bir məqam da vardı – nəvəsi Viktorun xokkeyçi kimi uğurları. Gənc Viktor bu il Rusiya yığmasının tərkibində dünya çempionu və turnirin ən yaxşı bombardiri olub.
Xokkeyin əfsanəsi
Əfsanəvi xokkeyçinin ölümü idman aləmi üçün böyük itki hesab olunur. Rusiya prezidenti Vladimir Putin görkəmli sovet trenerinin doğma və yaxınlarına başsağlığı verib. Rusiya Xokkey Federasiyası da Viktor Tixinovun ailəsinə başsağlığı verərək “Xokkeyin əfsanəsi getdi” deyib. MOİK komandasının baş direktoru İqor Esmantoviç bildirib ki, klub əfsanəvi xokkeyçinin dəfnini təşkil edəcək.
Əfsanəvi xokkeyçi ilə vida mərasimi 27 noyabrda MOİK-in buz meydançasında olacaq. Hər kəs onunla son dəfə görüşə biləcək. Viktor Tixinov Vaqankovski qəbiristanlığında dəfn olunacaq. 24 noyabrda çempionatın bütün yarışları Viktor Tixinovun xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayacaq.
Viktor Tixinovun dünya xokkeyi üçün miqyasını qiymətləndirmək çətindir. Belə hallarda «Əfsanə getdi” deyirlər. Amma yox, əfsanə əsrlərlə yaşayır. Nə qədər ki, əlində xokkey ağacı buz üzərinə çıxan gənclər var, böyük trenerin adı və xatirəsi yaşayacaq.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər