• cümə axşamı, 28 mart, 14:33
  • Baku Bakı 16°C

“Əfqanıstan ölkəmizin haqlı mövqeyini daim dəstəkləyir”

29.04.14 13:46 1128
“Əfqanıstan ölkəmizin haqlı mövqeyini daim dəstəkləyir”
İqtisadiyyat və sənaye naziri (İSN) Şahin Mustafayev Bakıda keçirilən VII Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Əfqanıstan İslam Respublikasının iqtisadiyyat naziri Abdul Hadi Arxandival və bu ölkənin ticarət və sənaye naziri Şaker Kargar ilə görüşüb.
İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, görüşdə Ş.Mustafayev Azərbaycan və Əfqanıstan arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb, əməkdaşlığın inkişafında keçirilən görüşlərin, aparılan danışıqların xüsusi əhəmiyyətini vurğulayıb: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Əfqanıstan ölkəmizin haqlı mövqeyini daim dəstəkləyir. Azərbaycan və Əfqanıstan arasında iqtisadi əlaqələrin gensişləndirilməsi üçün böyük imkanlar var və bu potensialın reallaşdırılması üçün müqavilə-hüquqi baza yaradılmalı, sərmayələrin təşviqi və qarşılıqlı qorunmasına dair saziş imzalanmalıdır. Ticarət sahəsində də iki ölkə arasında əlaqələr genişlənir”.
Mümkün əməkdaşlıq istiqamətləri barədə məlumat verən Ş.Mustafayev təhsil, səhiyyə, neft-qaz, eləcə də sahibkarların maarifləndirilməsi sahəsində Azərbaycanın geniş təcrübəyə malik olduğunu və bu sahələrdə ölkəmizin Əfqanıstana dəstək ola biləcəyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib, ölkəmizin regionun siyasi, iqtisadi və mədəni mərkəzi olduğu, Azərbaycanda siyasi və makroiqtisadi sabitliyin təmin edildiyi bildirilib.
Əfqanıstanlı nazirlər - iqtisadiyyat naziri Abdul Hadi Arxandival və ticarət və sənaye naziri Şaker Kargar Azərbaycana səfərlərindən məmnunluqlarını ifadə edərək, ölkəmizin qısa müddətdə böyük iqtisadi uğurlar qazandığını xüsusi vurğulayıb, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndiriblər. Qonaqlar Əfqanıstanın dinamik inkişaf edən Azərbaycanla əməkdaşlığın, iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıblar. Ölkələrinin təbii resurslarla zəngin olduğunu qeyd edən Əfqanıstanlı nazirlər bu sahənin inkişafında Azərbaycanın təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını vurğulayıb, iş adamlarının iştirakı ilə biznes forumun keçirilməsinin iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd ediblər. Əfqanıstanlı nazirlər Azərbaycanın iqtisadiyyat və sənaye nazirini ölkələrinə dəvət ediblər.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər