Əflatun Amaşov və Yelena Kapitonenko anlaşma memorandumu imzalayıblar
Azərbaycan
Mətbuat Şurası ilə Rusiya Federasiyasının Udmurdiya Respublikasının
Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb. Sənədə MŞ sədri,
Milli Məclisin deputatı Əflatun Amaşov və Udmurdiya Jurnalistlər İttifaqının
sədri Yelena Kapitonenko imza atıblar. Memorandumda birgə konfrasların və
qarşılıqlı səfərlərin təşkili, jurnalistika sahəsində təcrübə mübadiləsinin
həyata keçirilməsi, eyni zamanda media ilə bağlı
kitabların nəşri nəzərdə tutulub.
MŞ
sədri Ə.Amaşov bildirib ki, mətbuat xalqların
bir-birinə yaxınlaşmasında, dostluq və qardaşlıq ənənələrinin təbliğində son
dərəcə mühüm vasitədir və imzalanmış memorandumda nəzərdə tutulan məsələlərin
reallaşdırılması bu baxımdan zəruri əhəmiyyət daşımaqdadır. MŞ sədri çıxışında
həmçinin Azərbaycanda KİV sahəsindəki vəziyyətdən, bu istiqamətdəki dövlət
siyasətinin müxtəlif məqamlarından, rəhbərlik etdiyi qurumun fəaliyyətindən söz
açıb.
Udmurdiya
Jurnalistlər İttifaqının sədri Y.Kapitonenko çıxışında Azərbaycan Mətbuat
Şurası ilə imzalanmış anlaşma memorandumunun rəhbərlik etdiyi təşkilat üçün
xüsusi önəm kəsb etdiyini vurğulayıb və əmin olduğunu bildirib ki, sənəd
perspektiv əməkdaşlığın daha dinamik formalarının seçilməsi üçün baza rolunu
oynayacaqdır.
İmzalanma mərasimində çıxış edən
Azərbaycan Milli Elmlər Akademiyasının viste-prezidenti, millət vəkili,
akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycanla Udmurdiyanın qarşılıqlı əməkdaşlığında
elmi və yaradıcılıq müstəvisindəki birgə fəaliyyət mühüm əhəmiyyət kəsb edir. Bu, digər sahələrdəki işbirliyinə təkan baxımından
vacibdir. İ.Həbibbəyli imzalanmış memorandum çərçivəsində Azərbaycandan
Udmurdiyaya, Udmurdiyadan isə Azərbaycana faydalı jurnalist səfərlərinin təşkil
olunacağına əminliyini dilə gətirib.
Udmurdiya
Respublikasının Mətbuat və Kütləvi Kommunikasiya Agentliyinin rəhbəri
vəzifəsini icra edən Nazilə Abaşeva Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya
Jurnalistlər İttifaqı arasında imzalanmış anlaşma memorandumunun əhəmiyyətindən
danışarkən bildirib ki, Rusiyanın regionlarının ölkə və dünya arealına
inteqrasiyası vacibdir. O, udmurdiyalı jurnalistlərin beynəlxalq müsabiqələrdə
və layihələrdə iştirakı təcrübəsinin olduğunu vurğulayıb və respublika
mediasının əməkdaşlığa hazır olduğunu deyib.
Qeyd edək ki, Azərbaycan
Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma
memorandumunun imzalanması ilə bağlı keçirilmiş mərasimdə həmçinin MŞ sədrinin
müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu,
Udmurdiyanın milli siyasət nazirinin müavini Nelli Mamayeva, «Dostluq»
Udmurdiya Azərbaycan İctimai Mərkəzinin nümayəndələri, yerli jurnalistlər və
ictimaiyyət nümayəndələri iştirak ediblər.
Onu da bildiririk ki,
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və
Şuranın sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud
Rəhimoğlu Udmurdiyanın Dövlət Şurasında, Nazirlər Kabinetində, Milli Siyasət Nazirliyində və digər qurumlarda görüşlər keçiriblər.