Əflatun Amaşov Türkiyədə keçirilən toplantıda iştirak edib - Fotolar
Azərbaycan
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Türkiyənin
İstanbul şəhərində Türk Dünyası Sənədli Filmlər Festivalının nəticələrinə həsr
olunmuş toplantıda iştirak edib. Tədbirə Türkiyə və Azərbaycan ilə
yanaşı Qazaxıstandan, Qırğızıstandan, Türkmənistandan və Şimali Kipr Türk
Cümhuriyyətindən nümayəndələr qatılıblar. Dünya Qəzetəcilər Federasyonunun
təşkilatçılığı ilə düzənlənmiş toplantıda MŞ sədri Ə.Amaşov çıxış edib.
Şura sədri bildirib ki, türk xalqları zaman-zaman bir-birinə zidd
ictimai-siyasi formasiyalarda yaşamalı olmuşlar. Lakin onların daşıdıqları
dəyərlər prinsip etibarilə vahid təbiətə malikdir.Elə buna görədir ki, türk xalqlarının
konsolidasiyası istiqamətindəki tədbirlər özünə vətəndaşlıq hüququ qazanır. Bu
tədbirlər xalqların bir-birinə daha sıx şəkildə yaxınlaşması, ortaq maraq və
mənafelərin paylaşılması, dünyaya çatdırılması, türk toplumunun özünü təsdiqi
baxımından son dərəcə vacibdir. "Mövcud xüsusda Azərbaycanın rolu da böyükdür.
Azərbaycan türk xalqlarını birləşdirən çoxsaylı təşkilatlarda aktiv şəkildə
təmsil olunur. Bir sıra birliklərin yaranmasında təşəbbüskar qismində yaxından
iştirak edir”, - deyən Ə.Amaşov əlavə edib ki, türkdilli xalqların yaşadıqları
areal kifayət qədər böyükdür və mövcud məkanda baş verənlərdən daha operativ
şəkildə xəbərdar olmaq həmin proseslərə təsir imkanları baxımından müstəsna
dividentdir. Qarşılıqlı əməkdaşlıq hər bir türk toplumun qloballaşan dünyaya
inteqrasiyasını heç şübhəsiz, sürətləndirir. Bütün bunlar adət-ənənə, dil, din
birliyinə, məişət yaxınlığına əsaslanan ortaq maraqları da formalaşdırır. Dünya
Qəzetəcilər Federasyonu da Türk Dünyası Sənədli Filmlər Festivalını təşkil
etməklə ortaq türk maraqlarının təbliğini, türk xalqlarının bir-birinə daha sıx
şəkildə inteqrasiyasını hədəf seçib: "Azərbaycandan Mətbuat Şurası olaraq biz
bu vacib missiyaya dəstək veririk. Festivalda ölkəmizin sənət adamlarının
ərsəyə gətirdikləri 7 ekran işi təmsil olundu. Onlardan biri – Radion
İsmayılovun "Doğma ocağı” filmi 3-cü yerə layiq görüldü. Digər iki filmimiz isə
ayrı-ayrı nominasiyalar üzrə mükafatlandırıldı. 27 oktyabr 2016-cı il tarixdə
Bakıda Azərbaycan Mətbuat Şurası Azərbaycanın ən qədim və nüfuzlu təhsil ocağı
olan Bakı Dövlət Universiteti ilə birlikdə festivalın Azərbaycandan olan
qaliblərinin mükafatlandırılması mərasimini təşkil etdi. Mərasim böyük çoşğu
ilə yadda qaldı”.
Toplantıda çıxış edənlər Türk Dünyası
Sənədli Filmlər Festivalını zəruri edən məqamlara toxunaraq bildiriblər ki,
zaman-zaman türklərin tarixi saxtalaşdırılıb, türk milli kimliyi məsələsi şübhə
altına alınıb, türklərin assimlyasiya prosesləri geniş vüsət alıb. Bu sayaq
mənfi proseslərin təkrarlanmaması üçün mənəvi müqavimət formalaşdırmaq
lazımdır. Türk Dünyası Sənədli Filmlər Festivalı tarixdəki bu müqaviməti
formalaşdırmaq əzmində olan təşəbbüsdür və bu təşəbbüsün davamlılığı şərtdir.