Əflatun Amaşov QDİƏTPM-in Tiflisdə keçirilən 48-ci iclasında məruzə edib
Milli Məclisin deputatı, Mətbuat
Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
Parlament Məclisinin (QDİƏTPM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya
məsələləri üzrə komitəsinin Gürcüstanın paytaxtı Tiflisdə keçirilən 48-ciiclasında
məruzə ilə çıxış edib.
Deputat bildirib ki, Qara dəniz regionu
enerji daşıyıcılarının dünya bazarına çıxarıldığı başlıca strateji regiondur.
Buna görə də enerji məsələləri bölgənin taleynində mühüm yeri tutur. Regionun təbii
imkanları neft və qaz kimi ənənəvi enerji resursrları ilə yanaşı alternativ mənbələrə
də müraciət üçün yol verir. Bu, həm də ona görə vacibdir ki, artıq dünya
ictimaiyyətini iqlim dəyişikliyi, ekoloji problemlər, yaşıllıqların qırılması və
sair məsələlər ciddi şəkildə narahat etməyə başlayıb. Mövcud amil Avropa
Birliyi və digər mötəbər təşkilatların hesabatlarında da əksini tapır.
Deputat Ə.Amaşov onu da bildirib ki,
energetika sahəsindəki qlobal tendensiyalar regionun, ümumilikdə isə Avrasiya
materikinin yeni enerji xəritəsinin formalaşmasını zərurətə çevirməkdədir.
Ancaq perspektiv planların tam şəkildə reallaşması üçün bölgənin ekoloji təmizliyinin
təminatı da mütləqdir. Bütün bunlar enerji siyasətinin insan rifahına zərər gətirməyən
yeni texnologiyalardan bəhrələnməklə həyata keçirməsini mühüm vəzifə kimi müəyyənləşdirməkdədir.
Ə.Amaşov çıxışında həmçinin dünyada artan enerji tələbatlarındakı statistik rəqəmlər,
Azərbaycanın enerji siyasətindəki rolu və sair məsələlər barədə söz açıb.
Qeyd edək ki, deputatın çıxışı yüksək
qiymətləndirilib və o, QDİƏT-in Parlament Assambleyasının iyulda İstanbulda
keçiriləcək iclasında əsas məruzəçi kimi təsdiqlənib.