• şənbə, 20 Aprel, 03:53
  • Baku Bakı 15°C

Əflatun Amaşov jurnalistlərin qurultayından danışdı - Müsahibə

09.07.13 11:46 1444
Əflatun Amaşov jurnalistlərin qurultayından danışdı - Müsahibə
İyunun 11-də Azərbaycan jurnalistlərinin VI qurultayı keçiriləcək. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qurultay öncəsi APA-ya müsahibə verib
- İndiyədək Azərbaycan jurnalistləri beş dəfə qurultay keçiriblər. Hər qurultay özünün spesifikliyi ilə yadda qalıb. Necə düşünürsünüz, altıncı qurultay hansı cəhətləri ilə önəmli olacaq?
- Bu qurultayın ən önəmli tərəfi odur ki, ali məclisimiz Azərbaycan Mətbuat Şurasının 10 illik fəaliyyət dövrünə təsadüf edir. On il çox uzaq keçmiş olmasa da, az müddət də deyil. Bu mərhələdə mətbuatımızda çoxsaylı yeniliklər oldu. Zənnimcə, onun mahiyyətində, fəaliyyət tərzində dəyişikliklər yaşandı. Mediamız yeni yaradıcılıq xüsusiyyətləri qazandı, təkmilləşdi, özünü cəmiyyətə daha oturuşmuş struktur kimi tanıtdıra bildi. Bir çox problemlərimiz aradan qalxdı. Amma ötən on ilin bizlərə arzuladığımız mətbu mühiti gətirdiyini də söyləmək olmaz.
Azərbaycan jurnalistikasının inkişafına yönələn proseslər dərinləşməlidir. Sistemli şəkildə yanaşsaq, görərik ki, beş qurultayın hər biri çıxardığı qərarlarda bu dərinləşmənin vacibliyinə dair kifayət qədər tutarlı mesajlar verməsi ilə yadda qalıb. İlk qurultayımızdan sonra Mətbuat Şurası təşkilatlanma mərhələsini yaşadı. İkinci qurultayımız Mətbuat Şurasının yaradılmasını milli jurnalistikamızın inkişafında yeni mərhələnin - özünütənzimləmə mərhələsinin başlanğıcı olduğunu bəyan etdi. Üçüncü qurultayımızda təşkilatlanmadan keyfiyyət dəyişikliklərinə doğru atılan addımları dördüncü və beşinci ali məclislərimiz yeni çalarlarla zənginləşdirdi.
Ötən müddətdə Mətbuat Şurasının daşıdığı funksiya - media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi ona digər qütblərin də dəstəyini qazandırdı. Bunu bütövlükdə ölkə mediasının, Mətbuat Şurasının inkişaf templəri ilə, hər bir qurultayın spesifik orijinal vəzifələrin daşıyıcısı kimi xarakterizə olunması, yadda qalmasıyla əlaqələndirərdim. Həm keçilən yola nəzər salsaq, həm də yaşadığımız dövrün tələblərinə həssas yanaşsaq, hesab edirəm ki, VI qurultay mediamız üçün daha faydalı olacaq. Orada səslənən hər bir fikrin jurnalistikamızın inkişafı naminə artıq mövcud olan fundamental dəyərlər sistemini daha da dolğunlaşdıracağına əminəm.
- Qurultaya hazırlıq prosesi necə gedir?
- Məlum olduğu kimi, VI qurultayın keçirilməsi ilə bağlı qərar Azərbaycan Mətbuat Şurasının 15 iyun 2013-cü il tarixli iclasında verildi. Həmin iclasda Şuranın İdarə Heyətinin üzvlərindən ibarət qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi formalaşdırıldı. Mətbuat Şurasına üzv redaksiyalara ali məclislə əlaqədar müraciətlər ünvanlandı. Onlar həm qurultayda iştirak edəcək nümayəndələrinin, həm də ali məclisdə İdarə Heyəti üzvlüyünə seçilmək üçün namizədlərinin siyahısını təqdim ediblər. Bildiyiniz kimi, gündəlik qəzetlərin və informasiya agentliklərinin iki, həftəlik qəzetlərin, jurnalların, xəbər portalları və jurnalist təşkilatlarının qurultayda bir nümayəndə ilə təmsil olunmaları qərara alınıb. Ali məclis Rəşid Behbudov adına Mahnı Teatrında düzənlənəcək. Belə nəzərdə tutulub ki, səhər saat 9-dan başlayaraq qeydiyyat aparılsın, 10-da isə qurultay işinə başlasın. Prosesin təşkili üçün bütün lazımi texniki vasitələr də əldə olunub. Ümumən işlər tam qaydasındadır və Təşkilat Komitəsinin iclasında hazırlıq məsələləri bir dəfə də müzakirəyə çıxarılacaq.
- Qurultayın gündəliyi barədə məlumat verməyinizi istərdik. Hansı məsələlərin müzakirə olunacağı gözlənilir?
- Gündəliyi qurultay iştirakçıları təsdiqləyirlər. Ötən ali məclislərin təcrübəsinə söykənərək ümumən onu demək olar ki, Azərbaycan Mətbuat Şurasının və Nəzarət-Təftiş Komissiyasının sədrinin qurultaylararası dövrdə görülmüş işlərlə bağlı məruzələri dinləniləcək. Məruzələr ətrafında çıxışlar olacaq və hər iki hesabat səsə qoyulacaq. VI qurultay hesabat-seçki xarakteri daşıdığından İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının tərkibi seçiləcək.
Məlum olduğu kimi, 2010-2011-ci illərdə Mətbuat Şurası ATƏT-in Bakı ofisi ilə birgə layihə reallaşdırmışdı. Həmin layihə ölkədə diffamasiya təşəbbüslərinə dəstək göstərilməsini nəzərdə tuturdu. Mövcud istiqamətdə aparılan sistemli fəaliyyət sonda “Diffamasiyadan müdafiə haqqında” qanun layihəsinin hazırlanması ilə nəticələndi. Müvafiq qurumlara göndərilən sənəd üzərində iş aparılmaqdadır. Onu deyim ki, biz diffamasiya məsələsinə kompleks şəkildə yanaşdıq. Baxın, diffamasiyanın jurnalist məsuliyyətini ikinci plana atacağına dair müzakirələr indinin özündə də getməkdədir. Buna görə nəzərə aldıq ki, diffamasiyanın dekriminallaşdırılması, yəni cinayət müstəvisindən mülki müstəviyə daşınması üçün jurnalist ictimaiyyətinin də cəmiyyətə məsuliyyət mesajı olmalıdır. Həmin mesaj Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını təkmilləşdirməyi zərurətə çevirdi. Diffamasiya mühiti də jurnalistlərdən əlavə məsuliyyət yükü tələb edir. Onlar daha hazırlıqlı olmalıdırlar. Diffamasiya şəraitində atacaqları addımlar elə olmalıdır ki, cəmiyyət zərər görməsin. Mövcud səbəbdən qanunvericilik təşəbbüsləri ilə yanaşı, peşə davranışı qaydaları üzərində də iş aparıldı. Sənədə əlavə və düzəlişlər edildi. Bununla əlaqədar jurnalistlər arasında geniş diskussiyalar getdi. Amma qaydalar Mətbuat Şurasının fəaliyyət sənədi olduğundan ona düzəlişlər qurultayda da müzakirəyə çıxarılmalı və təsdiqlənməlidir. Hesab edirəm ki, gündəlikdə duran məsələlərdən biri də məhz bu olacaq.
- Söhbət Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına konkret olaraq hansı əlavə və düzəlişlərdən gedir? Məsələyə bir qədər aydınlıq gətirmək mümkündürmü?
- Mümkündür təbii ki. AJPDQ 2003-cü il martın 15-də Azərbaycan Jurnalistlərinin I qurultayında ölkənin çoxsaylı media nümayəndəsi tərəfindən qəbul edilib. Ötən müddət ərzində peşə davranışı qaydaları elə həmin qurultayda təsis edilən Azərbaycan Mətbuat Şurasının əsas istinad mənbəyi olub. Şuraya ünvanlanan şikayətlərdəki narazılıq motivləri məhz oradakı müddəalarla dəyərləndirilib. Jurnalistika isə dinamik sahədir və daim yeniliklərlə əhatə olunur. Təbiidir ki, jurnalist yaradıcılığı ilə bağlı praktik situasiyaların da sayı artır. Digər tərəfdən, ölkədə 2003-cü ildən bəri kütləvi informasiya vasitələri sahəsində hüquqi-normativ aktlar qəbul edilib, digər qanunların da KİV-lə bağlı hissələrinə dəyişikliklər olunub. Onu da xüsusi vurğulamaq lazımdır ki, 2009-cu ildə keçirilən referendumda nəzərdə tutulan konstitusiya dəyişiklikləri içərisində media fəaliyyəti ilə bağlı müddəalar da olmuşdu. Bütün bunlar jurnalistika qarşısında yeni mərhələ açır və təbii ki, peşə davranışı qaydalarının həmin mərhələnin şərtlərinə uyğunlaşdırılması vacib əhəmiyyət daşıyır.
AJPDQ jurnalistin cəmiyyətə, ayrı-ayrı vətəndaş qruplarına münasibətlər sistemini, baş vermiş hadisə və proseslərə yanaşma tərzini, jurnalistin etik məsuliyyətini formalaşdıran bir vasitədir. Ona əlavələr və dəyişikliklər jurnalistlərin yaradıcılıq imkanlarını genişləndirməlidir. Ötən müddətdə mövcud istiqamətdəki müzakirələrdə gəlinən ortaq mövqe də deyimi təsdiqlədi. Məsələnin təfərrüatlarına varmaq üçün öncə diqqətinizi konkret olaraq nələrin dəyişdiyinə yönəltmək istərdim.
Prinsipial olaraq sənədin tamamilə yeniləndiyini söyləmək mümkünsüzdür. Əvvəlki 4 prinsip yenə də qalıb. Bunlar:
- Həqiqətə xidmət, dəqiqlik və obyektivlik,
- İnformasiya qaynaqlarına sayğılı yanaşma,
- Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı,
- Jurnalistin özünün və çalışdığı orqanın reputasiyasının qorunması prinsipləridir.
1-ci prinsip üzrə bəndlər dəyişməyib. İkinci prinsipə iki bənd əlavə olunub. Bunlardan birincisi, jurnalistin müstəsna hal kimi digər imkanları mövcud olmadıqda, ictimai əhəmiyyət kəsb edən informasiyanın əldə edilməsi üçün xüsusi avadanlıqlardan (gizli kameralar, gizli mikrofonlar və sair gizli vasitələrdən) və ya üsullardan (“qurama” kimlik və s.) istifadə edə bilməsinin mümkünlüyüdür. Məsələ üzərində xüsusi dayanmağa zərurət var. 2009-cu ildə keçirilmiş referendumla ölkə Konstitusiyasının dəyişiklik edildiyini vurğulamaq istərdim.
Konstitusiyanın “Şəxsi həyatın toxunulmazlıq hüququ” adlı 32-ci maddəsinə edilən dəyişikliyə görə, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Bundan sonra bir çoxları mövcud status-kvonun medianın və jurnalistlərin fəaliyyətinə mənfi təsir göstərəcəyini vurğulayırdılar. Əslində isə narahatlığa əsas yox idi. Ona görə ki, Konstitusiya dəyişikliyi şəxsi həyatın toxunulmazlıq hüququnu möhkəmləndirmək məqsədi daşıyırdı. Burada jurnalistin üzərinə düşən şəxsi əhəmiyyətli informasiya ilə ictimai əhəmiyyətli məlumatın sərhədlərini dəqiq müəyyənləşdirmək məsuliyyətidir. O, vəzifəli şəxsin, hər hansı digər yüksək statuslu adamın həyatının hansı məqamda şəxsi səciyyədən çıxıb ictimai əhəmiyyət daşıdığını da düzgün qiymətləndirməlidir. Təbii ki, kimlərin şəxsi həyatının ictimai əhəmiyyət müstəvisinə çıxa bilməsinin mümkünlüyünü dəyərləndirmək də vacibdir.
AJPDQ-nın ikinci prinsipi üzrə ikinci əlavə jurnalistin məlumatların və ya təsvirlərin əldə edilməsi məqsədilə hədələməyə, güc tətbiqinə və ya təhdidə yol verməməsi ilə bağlıdır ki, məsələyə məntiqi yanaşsaq, bəndlər fəaliyyət genişliyi ilə həmin genişliyə yol verilməsindən meydana çıxa biləcək meylləri göstərir, bir növ, xəbərdarlıq edir. Fikrimcə, sənədin ortaq mahiyyəti, cəmiyyət və medianın maraqları baxımından əhəmiyyəti bundadır.
AJPDQ-da nəzərəçarpacaq dərəcədə dəyişilən “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipdir. Prinsipin əvvəlki 8 bəndinə daha 3-ü əlavə olunub. Bunlardan birincisi uşaqlar və yetkinlik yaşına çatmayanlarla bağlıdır. Sənədin yeni variantında bildirilir ki, jurnalist uşaqların məsumluğu və inamından sui-istifadə etməməli, onların hüquqlarına hörmətlə yanaşmalı və onların fikirlərinin çatdırılması ilə bağlı xüsusi məsuliyyət nümayiş etdirməli, valideynlərinin və ya qanuni himayəçilərinin icazəsi olmadan uşaqlardan müsahibə götürməməyə səy göstərməməlidir. Eyni zamanda vurğulanır ki, jurnalist faciə və ya cinayət əməli nəticəsində zərər çəkmiş, yaxud belə hadisələrə cəlb edilmiş uşaqların kimliyini mütləq qorumalıdır.
Bu prinsip üzrə növbəti bənd, konkret olaraq 3-cü prinsipin 3.10-cu bəndi jurnalist yaradıcılığının cinayət hadisələrinə, onların işıqlandırılmasına münasibəti ilə bağlıdır ki, Azərbaycan mediasında bu istiqamətdə çoxsaylı mənfi meyllər hələ də qalmaqdadır. Bəzən elə KİV materiallarına rast gəlinir ki, orada jurnalist konkret şəxsi məhkəmənin hökmü olmadan cinayətkar adlandırır və bu, təbii ki, şəxsin təqsirsizlik prezumpsiyası baxımından yolverilməzdir. Əlavələrdə isə bildirilir ki, cinayət əməli törətməsi ilə bağlı şəxsə qarşı ittiham irəli sürülübsə, bu mövzuda məhkəmənin obyektivliyinə təsir göstərəcək reportajlar hazırlanmamalı, hazırlanan reportajlarda isə bütün tərəflərin fikirləri əks olunmalıdır. Cinayət əməllərinin qurbanları öz kimliklərinin açıqlanmasına razı olmadıqda jurnalist belə şəxslərin kimliyinə həssaslıqla yanaşmalıdır. Seksual təcavüzlə bağlı hallarda bu qaydaya xüsusi əhəmiyyət verilməlidir. Şahidlər öz kimliklərinin açıqlanmasına razı olmadıqda jurnalist, ictimai əhəmiyyət daşıyırsa belə şəxslərin kimliyinə həssaslıqla yanaşmalıdır. 3.11-ci bənd də bir növ, özündən əvvəlkinin davamıdır. Orada jurnalistin cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməli olduğu əks olunub. Həmçinin jurnalistlərə tövsiyə olunub ki, onlar zorakılığı təşviq edən, təhrik etməyə səy göstərən və ya belə hallara əl atan şəxslər tərəfindən vasitə kimi istifadə olunmamalı, əksinə, öz reportajlarında belə şəxslərin fəaliyyəti barədə müvafiq məhdudiyyətləri tətbiq etməli və yalnız müvafiq informasiyanın ictimai əhəmiyyət kəsb etməsi şübhə doğurmadıqda bu barədə reportajlar hazırlamalıdırlar.
AJPDQ-nın “Jurnalistin özünün və çalışdığı orqanın reputasiyasının qorunması” adlı 4-cü prinsipi əlavə və dəyişikliklərlə zənginləşməsi baxımından daha çox diqqəti çəkir. Bu prinsip birbaşa olaraq jurnalistin fərdi məsuliyyət yükünün gücləndirilməsi, onun peşə vəzifəsindən sui-istifadəyə yol verməməsi ilə bağlıdır. Konkret olaraq plagiat faktı üzərində dayanmaq istərdim. AJPDQ-nın əvvəlki variantında plagiatın yalnız yolverilməzliyi göstərilirdisə, yeni variantda məsələyə əhatəli şəkildə yanaşılıb. Qeyd edək ki, mövcud prinsip üzrə müzakirələrdə daha çox mübahisə predmetinə çevrilən məsələ jurnalistin informasiya mənbələrinə pul ödəməsi ilə əlaqədar idi. Son nəticə etibarilə qərara alındı ki, qaydalarda bu, əksini tapsın. Təbii ki, materialda bu barədə qeyd almalıdır.
Əlavə edilən dəyişikliklərdə jurnalist tərəfindən AJPDQ-nın pozulmasına görə ictimai məsuliyyətdən azad edilməni nəzərdə tutan müddəa da yer alıb. Bildirilib ki, pozuntu yalnız o halda əsaslandırıla bilər ki, nəşr olunmuş müvafiq material ictimaiyyətin maraqlarına xidmət etsin. Maraqlı cəhətlərdən biri qaydalarda “ictimai əhəmiyyət” anlayışı ilə “İctimaiyyət üçün maraqlı” anlayışları arasında fərqin mövcudluğu və jurnalistin buna diqqətlə yanaşmalı olduğunun yer almasıdır ki, bu da jurnalist yaradıcılığının tez-tez rast gəlinən sui-istifadə mahiyyətini ortaya çıxarmağa imkan verir. AJPDQ-nın yeni variantına əsasən nəşr olunmuş materiallar ictimai əhəmiyyət kriteriyasına yalnız sağlamlıq və təhlükəsizliyin qorunması, ictimaiyyətin ağır cinayətlərdən və vəzifədən sui-istifadə hallarından müdafiə olunması, ictimaiyyətin əhəmiyyətli dərəcədə yanlış istiqamətləndirilməsi təhlükəsinin aradan qaldırılması hallarında cavab verə bilər.
Son illər internet mediasının geniş vüsət almasının şahidiyik. Nəzərə alsaq ki, Azərbaycanda internet mediası hüquqi tənzimlənməyə daxil deyil, o zaman onun ictimai tənzimləmələr sistemində yer alması zəruridir. AJPDQ-nın yeni variantı bunu da nəzərdə tutur. Əminəm ki, qurultay nümayəndələri bu kimi məqamları nəzərə alacaqlar.
- Azərbaycan jurnalistlərinin V qurultayında Şuranın Nizamnaməsinə dəyişiklik edildi. Səhv etmiriksə, həmin dəyişiklik bir ilk idi. Bu qurultayda da Nizamnamə dəyişikliyi nəzərdə tutulurmu?
- Son illər internet mediasının geniş vüsət aldığını vurğuladım və bildirdim ki, bu cəhət peşə davranışı qaydalarının yeni variantında da nəzərə alınıb. Mətbuat Şurası məsələyə bir qədər də həssas yanaşaraq özünün internet media resursları üzrə komissiyasını yaradıb. Amma zənnimcə, mövcud həssaslığın daha ali səviyyədə olması vacibdir.
Əlbəttə, söhbət Şuranın missiyasına uyğun şəkildə ictimai tənzimləmədən gedir. Əgər qurum indiyədək təkcə qəzet, jurnal və informasiya agentlikləri ilə bağlı şikayətləri araşdırırdısa, Nizamnamə dəyişikliyi internet media vasitələrinin fəaliyyətindəki narazılıq doğuran məqamları ətraflı nəzərdən keçirməyimizə zəmin yaradacaq. Meyarlarımız və prinsiplərimiz dəyişməzdir. Çünki cəmiyyətin ümumi mənafelərinə zidd, insanların dinc birgə yaşayış qaydalarını təhdid edən peşə dəyərlərindən uzaq materiallar harada dərcindən asılı olmayaraq eynidir. Onlar barədə də müvafiq ölçü götürülməlidir. Ümid edirəm ki, qurultay nümayəndələri Mətbuat Şurasının Nizamnaməsinə dəyişikliklərə tərəfdar çıxmaqla mediamızın mənafeyi baxımından zəruri olan prosesə dəstəklərini əsirgəməyəcəklər.
- Deməli, əgər Nizamnamə dəyişikliyi baş tutsa, Mətbuat Şurası internet mediadakı materialları da araşdırmaq və qərar vermək üçün bir növ, imkan əldə edəcək?
- İmkan deməzdim, söhbət Mətbuat Şurasının öz missiyası çərçivəsində səlahiyyət qazanmasından gedir. Yenə də deyirəm, peşə davranışı qaydalarına zidd materiallar harada dərcindən asılı olmayaraq mənfi mahiyyət baxımından eynidir. Şuraya indiyədək internet media orqanlarının fəaliyyətindən çoxsaylı narazılıq müraciətləri daxil olub və qurum həmin müraciətləri araşdırıb. Sadəcə, indi məsələ daha sistemli yanaşmadadır. Mövcud yanaşmada təkcə səlahiyyət əldə etmək yox, internet media orqanları nümayəndələrinin MŞ-nin strukturunda iştirakı da önəmlidir. Biz təklif edirik ki, onlar Şuranın İdarə Heyətində ayrıca təmsil olunsunlar. Bu xüsusiyyət qurumun onlayn jurnalistika sahəsində daha mütəhərrik şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq.
Ümumən Nizamnamə dəyişikliyinin məğzi bundan ibarətdir ki, Şuranın İdarə Heyəti qurultay tərəfindən seçilən 17 həqiqi və 5 ehtiyat üzvdən ibarət olsun. Həqiqi üzvlərin 8-i mətbu nəşrləri, 3-ü internet xəbər portallarını, 6-sı ictimaiyyəti təmsil etsin. Ehtiyat üzvlərdən 2-si mətbu nəşrlərdən, 1-i internet xəbər portallarından, 2-si ictimaiyyətdən olsun.
- Belə bir bölgü, yəni internet mediasının bir növ müstəqil təmsilçiliyi əslində onu ayırmır ki? Axı, internet mediası da medianın müəyyən inkişaf dövrünün məhsuludur…
- Doğru məqama toxundunuz. İnternet mediasının formalaşması medianın əslində texnoloji vasitələr qazanmasıyla bağlıdır. Diqqət yetirək, gündəlik qəzetlərin bir çoxunun onlayn versiyası daha rentabellidir. Ancaq hazırda istər özünü cəmiyyətə tanıtması, istərsə də cəmiyyətin onu qəbul etməsi baxımından internet mediasının xüsusi statusu var. Yadınızdadırsa, bir vaxtlar hətta ilahiləşdirilirdi də. İndi vəziyyət dəyişsə də, təkcə ölkəmizdə deyil, bütün dünyada mövcud istiqamətdəki tənzimləyici meyarların dəqiqləşdirilməsinə ehtiyac var. Bəzi yerlərdə bu ehtiyacı ödəmək əvəzinə, sərt addımlara müraciət edirlər. Müəyyən qütb isə məsələni konfrontasiya həddinə çatdırır. Nəticədə uçurum yaranır və vəziyyət cəmiyyətə də mənfi təsirini göstərir. Biz isə hesab edirik ki, internet media vasitələrinin varlığını qəbul etmək zəruridir. İndiki dövrdə məsələ ona ayrıca status qazandırmaqdan keçirsə, buna getmək, onlayn jurnalistikaya doğru addım atmaq lazımdır. Ola bilər, proses müəyyən mərhələ ilə məhdudlaşacaq. Yəni, qloballaşma şəraitinə xas transformasiya prosesi nə vaxtsa başa çatacaq. Əvvəlki təbiətini saxlayan medianın qazandığı texniki vasitələrin ənənəvi mediaçılığı tamamilə sıradan çıxarması da mümkündür. Hər halda indiki dövr üçün məsələ aktuallığını saxlayır. Elə bilirəm, qurultay iştirakçılarının iradəsi mövcud istiqamətdə də ortaq məxrəcə gəlməyimizə imkan verəcək.
- Sonuncu sualımız bilavasitə Sizinlə əlaqəli olacaq. Belə deyək, estafeti davam etdirməyi düşünürsünüzmü? Sizcə, Mətbuat Şurasının ötən beşillikdəki fəaliyyəti bunun üçün əsaslar verirmi?
- Başladığımız proseslərin davamında maraqlıyıq. Mətbuat Şurasının ötən müddətdə gördüyü işlər də hamıya məlumdur. Bu barədə danışmaq istəməzdim. Qurultay nümayəndələrinin verəcəkləri qiymət önəmlidir. Qiymət məqbul olsa və Əflatun Amaşovu yenidən Mətbuat Şurasının sədri görmək istəsələr, etimadlarını doğrultmağa çalışacağam.
banner

Oxşar Xəbərlər