• cümə, 29 Mart, 00:59
  • Baku Bakı 7°C

Efirin məişət davası

27.02.14 08:36 1943
Efirin məişət davası
İllərdir telekanallarda milli-mənəvi dəyərlərə zidd verilişlərin yayımlanması ətrafında müzakirələr səngimək bilmir. Tez-tez bu qəbil verilişlərin dayandırılmasına və ya səviyyəsinin yüksəlməsinə yönəlik fikirlər səslənir, polemikalar qızışır. Telekanallar, xüsusən şou-biznes proqramları yüksək kürsülərdən tənqid olunur, efiri mənasız verilişlərlə doldurmaqları ilə bağlı sərt ittihamlar eşidilir. Hər telekanalın öz verilişi üçün məsuliyyət daşımasından ötrü tövsiyələr səslənir. Elə Milli Televiziya və Radio Şurası (MTRŞ) sədri də dəfələrlə şou-biznes verilişlərinin səviyyəsiz hazırlanması ilə bağlı iradını bildirib: “Biz demirik ki, şou verilişlər bağlansın. Təbii ki, tamaşaçılar əylənmək də istəyirlər. Amma bu verilişlərin məzmunu yaxşılaşmalıdır”. Görünən isə budur ki, telekanallar öz “siyasətləri”ni dəyişmək istəmirlər. Belə olmasaydı, üç gün öncə “Space” telekanalında yayımlanan “Günaydın” verilişində Musa Musayevlə Təranə Qumral cütlüyü ilə prodüser Təranə Səmədova arasında yaşanan biabırçı qalmaqal yenidən efirə çıxmazdı. Artıq dünya ulduzlarının haqqında dolaşan söz-söhbətlər az qala bu cütlüyün yanında yalan olub. Gah “Mən həyatda bir kişi sevmişəm. O da Musadır. Biz əsrin Leyli-Məcnunu olmuşuq”- deyən Təranənin açıqlamaları KİV-də yer alır. Gah da üstündən bir ay keçməmiş Təranə Qumral ərinin onu şəmkirli biznesmenlə bir yataqda tutması ilə bağlı ittihamlarını elə jurnalistlərin dili ilə cavablandırır: “Bəs sənin qeyrətin harada qaldı, Musa?”- deyən müğənninin hay-həşiri eşidilir. Bir həftə ötməmiş cütlük gah 3 il əvvəl rəsmən boşandığını, gah da uşaqlarına xətir bir yerdə yaşadıqlarını söyləyirlər. Tərəflər gah barışır, gah küsüşür... KİV-də bunlara səxavətlə yer ayırır.
“Space”-in “Günaydın”ı isə dəfələrlə təkrarlanan və artıq insanların eşitməkdən bezdiyi bir mövzuya yenidən müraciət etməklə əslində qeyri-peşəkarlığını da ortaya qoydu. Veriliş efirdə canlı yayımlanmasa da, qabaqcadan eşidilən “Günaydln”da inanılmaz anlar yaşandı”, “Musa Musayev özündən çıxaraq studiyanı tərk etdi”, “Baxın ki, siz də biləsiniz” kimi anonsları heç şübhəsiz, məhdud bir dairənin marağına hesablanıb. Bu tip verilişlərin artıq geniş auditoriya üçün heç bir maraq vəd etməməsi şəksizdir desəm, yəqin ki səhv etmərəm.
Telekanalın illərdən bəri su aparan bu xəmirə auditoriyanın diqqətini yenidən yönəltmək məqsədini çözməkdən öncə efirdə yaşanan məlum olaya qayıdaq. Təbii ki, mövzu yenidən ailənin “əxlaq” məsələsi olub. Belə ki, Musa Musayev və Təranə Qumralın çoxdan gündəmdə olan və artıq “dəb”dən düşən ailə məsələləri ilə bağlı yenidən açılan müzakirə zamanı prodüser Təranə Səmədovanın müdaxiləsi Musa Musayevi özündən çıxarıb. İsterika dərəcəsinə çatan müğənni prodüserə hücum çəkib, söyüşlər yağdırıb. Təranə Qumral “həyat yoldaşını” sakitləşdirməyə çalışsa da, onu ram etmək asan olmayıb. Musa Musayev masaya təpik vuraraq üzərindəki stəkanları sındırıb. Təranə Qumral “onun psixologiyasında problem var” deyə “ərinə” haqq qazandırmağa çalışmaqla sanki odun üzərinə su tökmək istəyib. Və bütün bunlar insanların izlədiyi efirdə baş verib. Ünvanlarına səslənən qarşılıqlı ittihamlardan sonra müğənni Təranə Qumral şəxsi həyatının gündəmə gətirdiyinə görə verilişi hazırlayanları, eləcə də prodüser Təranə Səmədovanı məhkəməyə verəcəyini bildirib.
Həmçinin müğənni kanalı ittiham edərək verilişə dəvət olunanda mövzudan xəbərsiz olduğunu, studiyada sürprizlə qarşılandığını qeyd edib. Hər halda cütlük “bizim söhbətlər ötən il oldu, getdi” desələr də, bizim telekanallarda hansı sualların və mövzuların “aktual” olduğunu gözəl bilirlər. Efirdə də onları hansı sualların gözlədiyini bilməmiş deyildilər. Görünür sənət olmayan yerdə çirkin məişət mövzuları ilə gündəmdə qalmaq bu cür müğənnilərə sərf edir. Amma bu, öz yerində...Qaldı ki, efirə canlı yayımlanmayan verilişdə baş verən olaya... Bunu telekanalın öz verilişlərinə nəzarətsizliyi, etik qaydalara laqeyd yaşaması və reytinq dalınca qaçması kimi də dəyərləndirmək olar. Yoxsa cütlüyün ailə məsələlərini – gündə yüz dəfə evlənib ayrılmalarını tamaşaçılara dəfən-dəfən eşitdirməkdə başqa nə maraq ola bilər? Hər cür kreativlikdən uzaq, küçə-bazar söhbətlərinə köklənən verilişin yaradıcı heyəti əgər Musa Musayevin “psixoloji” problemlərinin onlara reytinq qazandıracağını düşünürlərsə, təbii, yanılırlar. Göz görəsi telekanal efir qarşısında oturan milyonlarla tamaşaçıya hörmətsizliyi, müğənnilərin nümunəvi olmayan həyatlarını təbliğ edir. İstər-istəməz tamaşaçıda milli telekanallardakı verilişlərinin səviyyəsizliyi barədə bir daha fikir formalaşır. Ani olaraq “Bəyəm verilişin yaradıcı heyəti cütlüyü telekanala dəvət edəndə hansı sözləri eşidəcəklərini, hansı mənzərə ilə qarşılaşacaqlarını bilmirdilər?” və ya “Verilişə kimi dəvət edəcəklərini bilmirdilər?” sualları yaranır. Təsəvvür edin, müğənni nümayişkaranə şəkildə efirdə stola təpik vurur, stəkanları sındırır, heç tamaşaçılardan üzr istəmədən də efiri tərk edir.
Kimisə şəxsi həyatı ilə bağlı qıcıqlandırıb efirdə - insanların gözü qarşısında biabırçı vəziyyət yaratmaqla, verilişləri yalnız şou-biznesin əxlaqında kəm- kəsir olan nümayəndələri üzərində qurub reytinq dalınca qaçmaq istəyi heç bir kanala uzunmüddətli başucalığı gətirə bilməz. Axı kültür anlayışından kənar olsa belə, şou veriliş efirdə stol təpikləməkdən, stəkan sındırmaqdan və söyüşlər səsləndirməkdən ibarət deyil. Nə olsun ki, nümayiş etdirməyə sənətləri yoxdur? Heç olmasa, görüntü xətrinə də olsa davranış mədəniyyəti, etik qaydalara hörmət nümayiş etdirmək olar. Heç olmasa, auditoriya qarşısında. Bəlkə təkcə bəzi şou əhli deyil, həm də bəzi telekanalların heyəti küçə-bazarla milyonların izlədiyi efiri səhv salırlar? Belə olmasaydı efirdən nə söyüş, nə təhqir yağar, nə də studiya rinqə çevrilərdi.
Cütlüklə bağlı mənasız və lazımsız xəbərləri oxumaqdan və eşitməkdən bezdiyimiz halda yenidən eyni söhbətlərə qayıdılmasını telekanalın yaradıcı heyətinin veriliş seçiminin reytinq dalıyca qaçması ilə əlaqələndirmək olar. Amma bütün hallarda telekanallarda və mediada ailədaxili problemlərin bu dərəcədə müzakirə olunması, insanların şəxsi həyatlarının bunca qabardılması yolverilməzdir. Əgər efiri təkcə informasiya deyil, həm də təbliğat vasitəsi adlandırırıqsa, onlara baxıb kim nümunə götürəcək? Tamaşaçıya hörmət edən yaradıcı heyət təhqiredici kadrları “qayçılamalı” idi. Bir halda k, veriliş canlı yayımlanmırdı. “Məni aldadıb çağırıblar” deyən Təranə Qumralın iddiasına gəlincə, əgər bu, həqiqətdirsə, yenə də bunun məsuliyyəti verilişin yaradıcı heyətinin məsuliyyətsizliyi və qeyri peşəkarlığından irəli gəlir. Verilişin davam edəcəyi təqdirdə yəqin ki, bu cür “qurbanların” studiyanı nümayişkaranə şəkildə tez-tez tərk edəcəyinin şahidi olacağıq.
Elə buna görə də ekspertlərin “hərdən bir televiziya və radiolara daha sərt münasibət göstərmək lazımdır, əks halda problemlər daha çox ola bilər” fikirlərinə hörmətlə yanaşmaq lazımdır. Əks halda elə təpiklənən stolların, təhqiredici söyüşlərin, sındırılan qab-qacağın seyriçisinə çevriləcəyik....
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər