• cümə axşamı, 25 aprel, 19:43
  • Baku Bakı 21°C

Efir sadəliyi sevir

17.05.16 12:24 2806
Efir sadəliyi sevir
Təbiidir ki, efir gözəllik tələb edir. Baxımlılıq, səliqəli geyinmək, danışıq qabiliyyətinin gözəl olması – bunların hamısı burada vəhdət təşkil edir. Ancaq təəssüf hissi ilə qeyd etməliyik ki, bir çox hallarda efir məkanında gözəllik deyəndə aşırı dərəcədə makiyaj, daş-qaşlı, zərli geyimlər nəzərə tutulur. Aparıcıların efirə ikiqat fırlanan saç düzümü ilə çıxıb özlərini tərifləmələri qəbul edilən bir hal deyil.
Danılmaz faktdır ki, bir çox aparıcılarımız dəb adı altında hətta gəlinlərin belə, geyinməkdən çəkindiyi parıltılı geyimlərdən istifadə edirlər. Hələ sizə hər verilişdə dəyişən saçların, gözlərin rənglərindən danışmırıq. Əksər verilişləri izləyərkən tamaşaçıda belə bir təəssürat oyanır ki, bura efir yox, sanki podiumdur. Verilişdə nədən bəhs olunduğu qalır bir qıraqda, tamaşaçının diqqət mərkəzində aparıcının xarici görkəmi olur. Geyim bir yana, adətən axşam saatlarında efirə buraxılan verilişlərin əksəriyyətində gənc aparıcılar da o qədər makiyajlı olurlar ki, 50 yaşlı xanıma bənzəyirlər.
Əslində bu işdə aparıcılar deyil, verilişin təşkilatçıları məsuliyyət daşıyır. Mövzu ilə bağlı ekspertlərə müraciət etdik. Onlar bizim fikirlərimizlə razılaşaraq, məsələyə müxtəlif aspektlərdən yanaşdılar. Bildirdilər ki, belə geyimlərdə aparıcı nəinki sanballı, əksinə, sözün əsil mənasında vulqar görünür.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, teleaparıcı Elçin Əlibəyli bizimlə söhbətində məsələyə başqa aspektdən yanaşdı. Bildirdi ki, əksər kanallarımızda qeyri-peşəkarlar üstünlük təşkil edir: "Efirdə vulqar görünən nüanslara tez-tez rast gəlirik və bunların hamısı da aparıcıların qeyri-peşəkarlığından irəli gəlir. Geyim insanın görkəmidir, imicinin tərkib hissəsidir. Bizim bir çox televiziyalarımız aparıcıların geyimlərinə dırnaqarası baxırlar. Əslində bu, aparıcıların da əsas işi deyil. Televiziyalarda geyim üzrə rəssamların olması arzuolunandır. Bu sahə o qədər kaprizli sahədir ki, burada qeyri-peşəkarlıq dərhal nəzərə çarpır. Rəssamlar rənglərin harmoniyasını seçə bilirlər. Onlar işıq effektləri altında aparıcının geyiminin hansı effektləri verə biləcəyini daha yaxşı realizə edirlər. Bu baxımdan gərək təşkilatçılar bütün nüansları nəzərə alsınlar. Aparıcılarımız mağazalar onlara nə verirlərsə, onları da geyinirlər. Toy paltarı ilə efirə çıxan aparıcılarımızın məqsədi bəllidir – toy tutmaq”.
Ekspert deyir ki, təkcə efirdə deyil, bu, müxtəlif sahələrdə belədir. Onun sözlərinə görə, kütləvi estetik zövqü mədəniyyət müəssisələri formalaşdırır – teatr, kino, muzey və s. Ancaq bizdə bu gün həmin müəssisələri toylar əvəz edir: "Qadınlarımız çalışırlar ki, toyda gözəl görünsünlər. Onlar üçün toy bir növ etalona çevrilib. Nədənsə elə hesab edirlər ki, belə geyimdə çox sanballı görünürlər. Təəssüf ki, bu gün Azərbaycanın hərəkətverici qüvvəsi toylardır. İnsanlar hətta aylarla pul yığırlar ki, filankəsin toyu olacaq, ora bahalı geyim alsın. Xaricdə həyat tərzi tamam başqa cürdür. Bizdə dəbdəbəyə xüsusi meyil var. Bu bizim nəinki geyimlərimizdə, maşınlarımızda, telefonlarımızda da özünü büruzə verir. Bir şeyi anlamırıq ki, şitlik dəb deyil. Azərbaycan geyim mədəniyyəti çox kənar təzyiqlərə məruz qalıb. XVIII- XIX əsrdən qalan saray geyimləri dəbdəbəli, zərli, qaşlıdır ki, onların da təsiri qaçılmazdır. O vaxt da insanlar varlı görünmək üçün bəzəkli əşyalardan daha çox istifadə edirdilər. Geyim həm də xalqın mentaliteti və dünyagörüşü ilə bağlıdır. Hesab edirəm ki, tariximiz burada öz təsiri göstərib”.
Milli Teleradio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov isə bu məsələlərlə milli-mənəvi dəyərlər çərçivəsindən çıxarsa, ictimaiyyət arasında ciddi rezonans doğurarsa, gərginlik yaranarsa, baxa biləcəklərini dedi: "Qanunvericilik aparıcıların geyimləri ilə bağlı hər hansı bir məhdudiyyət qoymur. Onlar bunu daxili qaydalarına, nizamnamələrinə uyğun tənzimləyir. Əvvəllər müğənni-aparıcılarla bağlı bizə müraciətlər olunub. Bir neçə dəfə xalq artisti Aygün Kazımovanın geyimi ilə bağlı bizə məktub daxil olmuşdu. Təkcə aparıcıların deyil, hətta onların qonaqlarının geyimləri ilə bağlı şikayət məktubu almışıq. Onlar üçün konkret tədbir görməsək də, kanallara ümumi tövsiyələr vermişik ki, bu məsələləri nəzərə alsınlar. Onlar da bizim tövsiyələrimizə riayət ediblər. Hazırda bu çərçivədə xüsusi bir problem yaşanmayıb. Aparıcılar üçün konkret olaraq bir uniforma yoxdur. Kimsə deyə bilməz ki, bu, toy paltarıdır, yoxsa adi bir paltardır. Konkret tələblər və standartlar olmayandan sonra biz heç nə deyə bilmərik. Əsas odur ki, milli-mənəvi dəyərlərdən kənar geyimlər olmasın, əxlaq normaları qorunsun”.
İllərin tanınan aparıcısı, əməkdar artist Gülşən Əkbərova çalışdığı AZTV-də uzun illərdir ki, böyük bir nizam-intizam olduğunu, aparıcıların əndazəni aşmadıqlarını qeyd etdi: "Əvvəllər kanallar çox az idi. Şükürlər olsun ki, bu gün kanalların sayı çoxdur. O zamanlar bizə diktor deyirdilər, indi o söz götürülüb, onu aparıcı sözü əvəz edib. Mütəmadi şəkildə çalışırıq ki, öz təcrübələrimizi gənc aparıcılarla bölüşək. Təəssüflər olsun ki, əvvəlki aparıcı məktəbi yoxdur. Aparıcı televiziyanın simasıdır. O, çalışdığı məkanın təmsiledicisidir. Bizim dövrümüzdə geyimlərə çox ciddi nəzarət olunurdu. Nəinki geyimlərimizə, özümüzü aparmağımıza, davranışımıza ciddi nəzarət vardı. O zaman diktorların da sayı çox az idi. Mütləq şəkildə aparıcıların ali təhsili, dünyagörüşü, danışıq qabiliyyəti yerində olmalı idi. Əvvəllər bizə geyimlər vermirdilər. Təkcə xəbərlərin aparıcısına türk mağazalarından xüsusi geyimlər gəlirdi. Ona qədər öz paltarlarımızı geyinirdik. Biz bilirdik ki, bu veriliş üçün hansı paltarı geyinmək olar, hansını olmaz. Bizə hər paltarı geyinməyə icazə vermirdilər. Misal üçün, yayda qısaqol paltar geyinməyə ixtiyarımız yox idi. Ancaq indi bəzi aparıcılar efirə sarafanda çıxırlar. Bu bizim milli mentalitetə uyğun deyil. Belə geyimlər aparıcılara yaraşmır. Aparıcı geyimi, davranış qaydası, danışığı ilə bir nümunə olmalıdır. İndiki aparıcılar çox iddialı, özlərindən razıdırlar. Biz hər zaman ciddi geyinmişik, hər şey əndazəsində olub. Saçımız hər zaman formada olub. Bayram verilişlərində bir balaca rəngli geyinməyə icazə verirdilər. Ancaq adi günlərdə bərbəzəkli sırğalar taxmağa, böyük saç düzümləri etməyə icazə vermirdilər. Efir sadəliyi çox sevir. Aparıcı nə qədər səmimi və sadədirsə, tamaşaçı onu çox sevir. Dəbdəbə insanı yorur. Əvvəllər insanlar aparıcılara baxıb, bizdən geyinməyi, danışmağı, mədəniyyət öyrənirdilər. Bizim heç zaman maşınlarımız olmayıb. Biz cəmiyyətdən kənarda deyildik. Cəmiyyətdə özümüzü aparmağı da bacarırdıq”.
Uzun illərdir ki, səhnədə külüng çalan Gülşən xanım dəbdəbəli geyimlərlə efirə çıxan aparıcıları dinlədikdə onlar haqqında formalaşmış fikirlərinin puç olduğunu deyir: "AzTV hər zaman bir məktəb olub. Peşəkar kadrların yetişməsində, aparıcıların danışıq tərzlərində, ümumiyyətlə efir məkanında yetişmək üçün AzTV ən ideal məkandır. Onlar heç zaman əndazəni keçmirlər. Bizdə bütün qaydalara riayət olunur”.
"İncilər” verilişinin aparıcısı Könül Muxtarova sözə həmkarlarına böyük hörməti olduğunu qeyd etməklə başladı: "Aparıcılarımızın əksəriyyəti efirə çıxarkən fərqli geyimlərə ona görə müraciət edirlər ki, onlar bu şəkildə tamaşaçıların yaddaşlarında qalmaq istəyirlər. Bəlkə də televiziyadan bir az uzaq sahədədirlər, birdən-birə bu sferaya düşüblər deyə, bu üsula əl atırlar. Onlar peşəkarlıqla deyil, geyimləri ilə yaddaşlarda qalmağa çalışırlar. Belə olan halda, açıq-saçıq geyinir, toy geyimləri ilə efirə çıxırlar. Tamaşaçıların yaddaşlarında məhz geyimləri ilə qalmağa çalışırlar. Hər verilişin öz formatı var və onların da özünə uyğun geyimləri var. Əslində bu, kənardan çox gülünc görünür. Çünki bu günün tamaşaçılarını aldatmaq olmaz. Onlar çox ağıllıdırlar”.
Modelyer Şəlalə Maqsudova isə qeyd etdi ki, hər bir məkanın öz geyimi olduğu kimi, efirin də öz qayda-qanunu və geyimi olmalıdır: "İstər şou xarakterli, istərsə də sosial xəbərlərin aparıcıları düzgün geyim seçməlidirlər. Çalışıram ki, mənə müraciət edən aparıcıları daş-qaşlı geyimlərdən uzaq tutum. Çünki efir işıqları üzdə olan makiyaja, saç düzümlərinə istər-istəməz bir az daha artıq parıltı verir. Belə olan halda, aparıcı efirdə vulqar görünür. Aparıcılarımız rəngli parçalardan hazırlanmış geyimlər geyinə bilərlər. Ancaq daş-qaşlı geyimlər efir üçün münasib deyil. Klassika hər zaman dəbdə olub və bu günə qədər də öz aktuallığını qoruyub saxlayır. Avanqard biçilmiş rəngli geyimlərə müraciət edə bilərlər. Düzgün seçilməmiş geyimlər efirdən insanı gülünc göstərir. İstər geyimin rəngi, istərsə də forması hər bir aparıcıya uyğun seçilməlidir ki, tamaşaçılar tərəfindən qınaq obyektinə çevrilməsin”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər