“Efir başlı-başına qalıb”

“Efir başlı-başına qalıb”

Təfsilat
16 Aprel 2013, 09:23 1250
Azərbaycan dilinə münasibət, efirdə ana dilinin təhrifi, bu sahədə qüsurların bolluğu, ümumilikdə dilimizə laqeydlik bu yaxınlarda dövlət başçısı tərəfindən imzalanan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda kütləvi informasiya vasitələrinin üzərinə də müəyyən məsuliyyətlər qoyur. Belə ki, KİV-də dövlət dilinin təbliğinin gücləndirilməsi, televiziya və radio verilişlərində, yazılı və elektron mət-buatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və KİV sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsinin təmin edilməsi gündəmə gəlib. Həmçinin teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün bədii şuraların yaradılması məsələləri sənəddə yer alıb.

Qeyd edək ki, bu il ərzində Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün bədii şuralar yaradılacaq.

Həmçinin televiziya və radio verilişlərində, yazılı və elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsi də təmin ediləcək.

Qüsurları deməklə də düzəlmir

Bədii şuraların yaradılması fikri ətrafında müzakirələrdə ikili fikirlər səslənməklə yanaşı, proqnozlar daha çox ümid vəd edir.
Professor Yusif Seyidovun sözlərinə görə, sovet dövründə fəaliyyət göstərən bədii şuralar adına uyğun olaraq, əsasən musiqili, bədii proqramlar və s. verilişlərə nəzarət edib: «Bu gün isə yaradılacaq bədii şura daha çox ana dili ilə bağlı olacaq. Geniş mənada həm dili, həm musiqini, həm mədəniyyəti əhatə edəcək, televiziya və radioda xoşa gəlməyən ifadələrə, dil qaydalarının pozulmasına, aparıcıların səviyyəsinə, verilişlərin baxımlılığına və s. nəzarəti həyata keçirəcək. Bu baxımdan bədii şuraya çox böyük ehtiyac var”. Y.Seyidovun fikrincə, televiziyaya və radioya qəbul olunan aparıcıların nitq qabiliyyətini və intonasiyasını yoxlamaq lazımdır. “Bu yoxlama əvvəllər də olub. Amma indi rəsmi surətdə həyata keçiriləcək».

Uzun illər televiziyada fəaliyyət göstərən Bədii Şuranın üzvü və rəhbəri olan Xalq artisti Aqşin Əlizadə də bədii şuraların yenidən yaranmasını vacib hesab edir: «Bədii şurada təmsil olunanlar adətən peşəkar insanlardır. Orada 6-7 nəfər yazıçı, şair, ifaçı, bəstəkar və başqa sənət adamlarından ibarət peşəkar insanlar toplaşır. Rəhbərlikdə də onların fikrini dinləyirdilər. Bu, işə kömək məqsədi daşıyır. Məsələn, təcrübəsi az olan biri özündən təcrübəli insanları dinləyir, məsləhətlərini həyata keçirir – bunun işə xeyri var. Mənim işlədiyim dövrdə Bəxtiyar Vahabzadə, Tofiq Quliyev və başqa şair və yazıçılar bədii şurada təmsil olunurdu». A.Əlizadənin sözlərinə görə, bədii şuranın fəaliyyəti heç də asan deyil. Belə ki, təqdim olunan əsərləri dinləmək, onlara nəzarət etmək, yaxşını pisdən ayırmaq, yaradıcı insanlarla görüşmək və s. yaradıcı işləri həyata keçirirdi: «Bədii şuralar işə qəbula yox, yalnız yaradıcı məsələlərə nəzarət edirdi. Zəif əsərlər az olmur. Bədii şura üzvləri həmin əsərlərə baxır, lazım gələndə onların yenidən işlənməsini təklif edirdi».

A.Əlizadə bədii şuraların senzor adlandırılması fikrinı düzgün hesab etmir: «O zaman ideologiyaya aid olmayan əsərlərə senzor fikri aid edilirdi. Amma bunun bədii şuraya dəxli yox idi. Biz yalnız musiqinin səviyyəsinə nəzarət edirdik». A.Əlizadə hazırki televiziya aparıcılarının, xüsusən xanım aparıcıların zahirən cəlbedici olmalarına baxmayaraq, peşəkarlıq səviyyələrinin qənaətbəxş olmadığı fikrindədir: «Onların əksəriyyəti yanlış ifadələr işlədirlər. Məsələn, deyirlər ki, «İndi gözəl bir bəstəkar çıxış edəcək və gözəl bir mahnı ifa olunacaq. Amma görürsən ki, zəif bir bəstəkar çıxış edir və zəif bir musiqi səslənir. Dünyanın heç bir yerində ifadan əvvəl «gözəl» sözü işlənmir. Məsələn, heç vaxt deyilmir ki, Betxovenin gözəl bir simfoniyasını səsləndirəcəyik. Bunlar təsadüfi insanlara «gözəl» deyir, xalqı çaşdırırlar. Hamı da elə bilir ki, həmin iyrənc mahnı yaxşı mahnıdır. Bilirsinizmi, zəif əsəri 10 dəfə təkrar edəndə fikirdə qalır. İnsanlar da buna alışır. Bizim aparıcılar təsadüfi insanları dağ başına qaldırır, tərifləyirlər. İş ondadır ki, bu qüsurları deməklə də düzəlmir. Elə bil ki, sel kimi axaraq hər yeri tutub. Heç olmasa, Dövlət Proqramından sonra bu təmizləmə işi baş tutsun».

Zaman göstərəcək

“Dillə bağlı bədii standartların olması, dillə bağlı qaydaların qorunması çox normal addımdır və bu, mütləq lazımdır” - deyən media eksperti Zeynal Məmmədlinin fikrincə, dil və Bədii Şura uyuşmayan anlayışlardır: «Bu qurumun adı Çağdaş dil komissiyası olsa, daha yaxşı olar. Bu komissiyanın dil haqqında qərarla birbaşa bağlılığı var. Amma qurumun adı Bədii Şura adlandırılanda və jurnalistin bədiiliklə bir əlaqəsi olmayanda onda paradoks yaranır...». Z.Məmmədli hesab edir ki, sovet dövründə fəaliyyət göstərən bədii şuraların işi qənaətbəxş olmayıb: «O zaman Az.TV-də bədii şuralar fəaliyyət göstərirdi və heç də özünü doğrultmadı. Çünki tanış-tunuş adamlardan ibarət bir dəstə yaradılır. Hər kəs istənilən müsabiqədə tanıdığı bir adamı keçirir, kiməsə hörmət və ya güzəşt edir. Müəyyən əlaqələr işin peşəkarcasına inkişafına mane olur. Yəni, senzuraya çevriləndə bir qorxusu, ədaləti axsadanda başqa bir qorxusu olur. Digər tərəfdən, bu ictimai, yoxsa qarışıq bir şura olacaq? Yoxsa burada siyasi partiyalar, mədəniyyəti qoruyan şəxslər, dillə bağlı nüfuzlu adamlar təmsil olunacaq? Qurumda təmsil olunacaq şəxslərin kimliyi çox önəmlidir. Yəni kifayət qədər suallar var». Z.Məmmədli hesab edir ki, dövlət səviyyəsində ayrıca bir dil komissiyasının olması və onun örnəklər verməsi daha yaxşı effekt verər. “Əsas odur ki, insanlar özlərini ifadə etsinlər. Özlərini ifadə edəndə dil də inkişaf edir».

Ali dərəcəli diktor Eldost Bayram hazırda bədii şuraya daha çox ehtiyac olduğunu bildirir: «Azərbaycan dilini sındıranda mənim başımdan tüstü çıxır. Azərbaycan dilindən başqa nə dil desən onun içində var. Elə telekanal var ki, Azərbaycan dili ilə türk dilini birləşdirib əndrəbadi bir şey yaradıb. Bir nəfər də dillənmir. Efirə çıxan da yoxdur, mətbuatda da bu barədə yazılmır. Elə bil bu boyda ölkədə dilçi yoxdur. Nəhayət, bu barədə Dövlət Proqramı imzalandı. Mən həmişə deyirəm ki, Azərbaycanın nefti, qazı gəldi-gedərdir. Hər bir ölkənin ən böyük sərvəti onun dilidir. İlk növbədə dili qorumaq lazımdır. Deməli, sən ilk növbədə Azərbaycanı qoruyursan».

E.Bayram sovet dövründə fəaliyyət göstərən bədii şuranın işini yüksək qiymətləndirərək böyük təsir göstərdiyini qeyd edir: «Yadımdadır, onda hər yerindən duran efirə ayaq açmaz, hər lazımsız mahnı efirdə səslənməzdi. Söz və ya musiqi xoşa gəlməyincə efirə qəbul olunmazdı». E.Bayram hesab edir ki, teleaparıcılar televiziyalara ana dilindən imtahan verdikdən sonra qəbul olunarsa, bu, işin xeyrinə olar: «Orta məktəbdən başlayaraq, ali məktəb də daxil olmaqla bizi dilçilər yetişdirib. Azərbaycan dilini onlardan öyrənmişik. Amma burada aparıcılara aid incə bir məsələ var: vurğu məsələsinə, sözlərin düzgün tələffüzünə diqqət yetirmək lazımdır. Sovet dövründə radionun hər bir diktorunun danışığı xalq üçün etalon idi. Azadlıq yaxşı şeydir. Danışıqda hər şeyə imkan vermək lazımdır, ancaq xüsusən dil sahəsində, bu qədər azadlıq anarxiyaya gətirib çıxarır. Necə ki, gətirib çıxarıb. Ona görə də bu, bədii şuralar lazımdır. Şükür ki, mənim çoxdan arzuladığımı həyata keçirmək istəyirlər, ancaq nə səviyyədə keçiriləcək onu zaman göstərəcək».

Hər sahənin öz bilicisi

Xalq artisti Ramiz Zöhrabov o zaman fəaliyyət göstərən bədii şuranın böyük effekti olduğunu bildirir: “Mən 1971-ci ildən Bədii Şura fəaliyyətini dayandırana qədər onun üzvü olmuşam. Bədii şura televiziya və radioda yaradıcılıq məsələlərinə ciddi diqqət yetirirdi. Həmçinin efirə çıxan sənət adamlarının geyiminə nəzarət edirdi. Estrada artistlərinin geyimi başqadır, simfonik orkestr üzvlərinin geyimi başqa. Bədii şura bütün bunlara cavabdeh idi”. R.Zöhraböv hazırkı telekanalların fəaliyyətindən narazılığını da dilə gətirir: «Televiziyanı başlı-başına buraxıblar. Kim istəyir efirə çıxır, kim nə istəyir oxuyur. Bu, insanları çaşdırır. Mənə elə gəlir ki, bu işdə ciddilik və tələbkarlıq lazımdır. Burada hər hansı güzəşt söhbəti ola bilməz. Ümid edirəm ki, televiziyada ifaçıların səviyyəsi, onların danışıq tərzi, efirdə davranışı yenidən yüksələcək. Xüsusən ana dilinin işlənməsinə fikir verilməlidir. Əminəm ki, bu işdə tələbkarlıq və yüksək səviyyədə nəzarət olacaq. Mən bu qərara görə çox sevinirəm».

Xalq artisti Habil Əliyev də bədii şuranın yaranmasını əhəmiyyətli sayır: «Bədii şuraya çox böyük ehtiyac var. Həm də burada peşəkar insanlar təmsil olunmalıdır. Bəzən televiziyalarda işini bilməyən insanlar çalışır. İndi telekanallarda elə təsadüfi adamlar işləyir ki, mən bəzən buna təəccüb edirəm. Hər sahənin öz biliciləri olmalıdır».

Artıq çoxlarının gözlədiyi Dövlət Proqramı var. Bədii şuraların yaranması üçün atılacaq addımlardan da danışılır. Qaldı işin icrası və nəticələr...

Təranə Məhərrəmova