• cümə axşamı, 28 mart, 21:17
  • Baku Bakı 13°C

ƏƏSMN-də Novruz bayramı münasibəti ilə tədbir keçirilib

17.03.17 18:49 1026
ƏƏSMN-də Novruz bayramı münasibəti ilə tədbir keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Novruz bayramı münasibəti ilə tədbir keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, naziri Səlim Müslümov Novruz bayramı münasibəti ilə nazirlikdə təşkil olunan bayram toplantısında bildirib: "2017-ci ilin ilk aylarının yekunlarına dair statistik göstəricilər 2016-ci ili - qlobal iqtisadiyyat üçün çətin olan bir dövrü uğurla başa vuran ölkəmizin cari ildə artıq yeni inkişaf hədəflərinə doğru irəliləməkdə olduğunu göstərir. Ötən il makroiqtisadi sabitliyin təmin edildiyi ölkəmizdə artıq cari ilin yanvar-fevral aylarında iqtisadi artım qeydə alınıb - ümumi daxili məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz, o cümlədən sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,0 faiz çoxalıb. Ən başlıcası, iqtisadiyyatın qeyri-neft sektorunun hesabına inkişafı yönündə növbəti irəliləyişlər əldə olunub".
Nazir diqqətə çatdırıb ki, cari ilin ötən dövründə ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi işləri uğurla davam etdirilib: "Bu sahədə mühüm tədbirlərdən biri də Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 7 aprel tarixli Sərəncamına əsasən, ƏƏSMN tərəfindən özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmaları üçün aktivlərlə təminatına başlanması olub. Ötən ayın ortalarından bəri, yəni təqribən bir ay ərzində artıq 16 rayon üzrə 200 nəfərdən çox işsiz və işaxtaran şəxsə ailə bizneslərini qurmaları mal və materiallar təqdim olunub. Hazırda bu işlər davam etdirilir və özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatlarını yaratmaq üçün aktivlərlə təmin olunanların sayı bu ayın sonunadək artıq 25 rayon üzrə təqribən 400 nəfərə çatacaq. Yaxın aylar ərzində isə poqramın yekunu olaraq 1500 nəfərin aktivlərlə təminatının tam yekunlaşacağı nəzərdə tutulur”.
S.Müslümov bildirib ki, dövlət başçısının müvafiq Sərəncamları ilə bu ilin yanvar ayında əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi nəticəsində pensiyaçıların 94 faizinin (1 milyon 240 min nəfərin) pensiyasında artımlar edilib. Minimum əmək haqqının 116 manata çatdırılması ilə 146 min nəfər işləyən şəxsin əmək haqqı artırılıb, bununla sosial sığorta daxilolmalarının da təqribən 10 milyon manatdan çox artmasına imkan yaranıb: "Sosial-iqtisadi həyatın ayrılmaz hissəsi olan əmək bazarında sabitlik təmin olunur. Prezidentin tapşırığına uyğun olaraq, ötən il olduğu kimi, cari ildə də sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü nəticəsində dövlət təşkilatlarında iş yerləri yaradılmaqla, bu barədə nazirliyin məşğulluq orqanlarına vakansiyaların təqdim edilməsi prosesi davam etdirilir. Görülən işlər nəticəsində cari ilin yanvar-fevral aylarında nazirliyin məşğulluq orqanları tərəfindən 24,4 min nəfər işsiz və işaxtaran vətəndaşın məşğulluğu təmin olunub. Bu dövrdə məşğulluq orqanlarının xətti ilə 520 nəfər, nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 26 nəfər olmaqla 546 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub”.
S.Müslümov vurğulayıb ki, ümumilikdə cari il ərzində sosial cəhətdən həssas əhali qruplarının yaşayış səviyyəsi diqqətdə saxlanacaq, onların sosial müdafiəsinin gücləndirilməsi, habelə səmərəli məşğulluğun təmin olunması istiqamətində tədbirlər davam etdiriləcək: "Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, əmək münasibətləri, sosial yardım, əlilliyin qiymətləndirilməsi, sığorta-pensiya sistemi və s. sahələrdə aparılan islahatlar gözlənilən müsbət nəticələrini verərək, bu sahələrdə müasir və şəffaf xidmətlər şəbəkəsinin, səmərəli idarəçiliyin formalaşmasına imkan yaradıb. Ən başlıcası ictimai məmnunluğa səbəb olan bu islahat tədbirləri nazirliyin fəaliyyət sferalarında getdikcə daha da genişlənəcək”.
Ölkəmizdə milli-mənəvi dəyərlər sisteminin inkişafı, eyni zamanda dünyada geniş təbliği istiqamətində də mühüm işlər aparıldığını qeyd edən nazir bildirib ki, bu gün artıq Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısındadır və BMT mart ayının 21-ini "Beynəlxalq Novruz Günü” elan edib. Bu nailiyyətlərin əldə olunmasında, xalqımızın yüksək mənəvi keyfiyyətlərini ifadə edən adət-ənənələrimizə, mədəni irsə daim hörmət və ehtiramla yanaşılmasında, onların qorunub saxlanması və inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xalqımız tərəfindən daim yüksək dəyərləndirilir.
Novruz bayramının milli ruhla ümumbəşəri dəyərləri eyni dərəcədə özündə təcəssüm etdirən bir bayram olduğunu vurğulayan S.Müslümov nazirliyin kollektivini Novruz bayramı münasibəti ilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
Bayram tədbiri incəsənət ustalarının ifasında konsert proqramı, həmçinin nazirlik əməkdaşlarının uşaqlarının şer, mahnı, rəqs və s. növlərdə ifaları ilə davam edib.





banner

Oxşar Xəbərlər