• cümə axşamı, 28 mart, 14:58
  • Baku Bakı 16°C

Edvard Karvardi: “Azərbaycanda erkən nikah məsələsi demək olar ki, aradan qaldırılıb”

06.03.18 15:30 1661
Edvard Karvardi: “Azərbaycanda erkən nikah məsələsi demək olar ki, aradan qaldırılıb”
UNICEF-inAzərbaycannümayəndəliyininrəhbəri EdvardKarvardininAPA-ya müsahibəsi
- Azərbaycan hökuməti vəUNİCEF-in birgə fəaliyyətini necə qiymətləndirirsiniz?
-Bu il UNICEF-in Azərbaycanda fəaliyyətə başlamasının 25-ci ildönümünü qeyd edəcəyik. İki on illikdən çoxdur ki, biz burada fəaliyyət göstəririk. Bu illər ərzində uşaqların müdafiəsi və digər sahələrdə Azərbaycan hökuməti ilə əməkdaşlığımızın çox yaxşı nəticələri qeydə alınıb. Hesab edirəm ki, bu illər ərzində əməkdaşlığımız daha da güclənib. Qeyd etdiyim kimi, əməkdaşlığımız yüksək səviyyədədir. Əməkdaşlığın genişləndirilməsi üçün yeni sahələr axtarmaq niyyətindəyik.
- Bu ilUNICEF-in Azərbaycanda fəaliyyətə başlamasının25 ili tamam olduğunu qeyd etdiyiniz. Ötən illər ərzində əldə olunmuş nailiyyətlər, təhsil, səhiyyə, uşaq, qadınların müdafiəsi və digər sahələrdə təşkilatın gördüyü işlər barədə qısa məlumat verməyinizi istərdik.
-Son illər ərzində Azərbaycanda uşaq ölümü göstəricisi kifayət qədər aşağı enib. Bu da çox təqdirəlayiq haldır. Müəyyən xəstəliklərin kökünün kəsilməsi, azaldılması sahəsində də böyük irəliləyişlər əldə olunub. Məsələn, Azərbaycan konkret olaraq polimelit xəstəliyindən azad edilib. Başqa bir nailiyyət kimi malyariya xəstəliyinin kökünün kəsilməsini göstərə bilərəm. Uşaqların qidalanması məsələsinə xüsusi diqqət yetirildiyini qeyd etmək istərdim. Bilirsiniz ki, uşaqların qidalanması onların səhhətinə təsir göstərən amillərdən biridir. Qidalanma baxımından duzun yodlaşdırılması məsələsində böyük irəliləyişlər əldə olunub.Uşaqların təxminən 100 %-i ibtidai məktəbdə təhsil almaq imkanına malikdir. Onların maliyyə və fiziki vəziyyətindən asılı olmayaraq, təhsillə təmin olunması bir nailiyyətdir. Digər tərəfdən, uşaqların hüquqlarının müdafiəsi ilə bağlı böyük irəliləyişlər əldə olunub. Bu da Azərbaycan hökuməti tərəfindən UNICEF, Uşaq Hüquqları haqqında beynəlxalq təşkilata təqdim etdiyi hesabatlarda öz əksini tapır. Görürük ki, uşaqların müdafiəsi sahəsində, praktiki qanunvericilik məsələlərində yaxşı işlər görülüb. Məktəbəqədər təhsil məsələlərinə də xüsusi diqqət yetiririk. Artıq 5 yaşlı uşaqların təxminən üçdə ikisi təhsil almaq imkanına malikdir, bu da onların məktəbə getmək üçün kifayət qədər hazır olmalarına şərait yaradır. Məktəbəqədər təhsil müəssisələrində işləyən müəllimlər üçün təlimlər keçirildi və təlimlərə təxminən 4 minə yaxın müəllim cəlb olundu. Bunlar bir daha göstərir ki, həm təhsil və digər məsələlərdə kifayət qədər nailiyyətlər var.Yuvenal ədliyyə sahəsində bir məsələni qeyd etmək istərdim. Belə ki, qanunla problemi olan, həssas ailələrdən olan uşaqların hüquqlarının müdafiəsi, eyni zamanda, onların maarifləndirilməsi məsələlərində hüquqi yardım proqramı vasitəsilə son bir il yarım ərzində haradasa, 3 minə yaxın işə baxılıb. Bu işlər çərçivəsində uşaqlara hüquqi yardım göstərilib.
- Yuxarıda qeyd etdiniz ki, Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün yeni sahələr axtarmaq niyyətindəsiniz. Əməkdaşlığınızın əhatə etdiyi hansı yeni istiqamətlər barədə məlumat verə bilərsiniz?
- Azərbaycanla əməkdaşlıqda yeni istiqamət yeni doğulmuş uşaqda əlillik və ləngimələrin müəyyən edilməsi məsələsidir. Bununla bağlı biz Azərbaycan hökuməti ilə əməkdaşlıq edirik.Keçən il ərzində 300 nəfər pediatr üçün xüsusi təlim keçdik. Düşünürəm ki, təlimlər həkimlərə yeni doğulmuşda hansısa qüsur, ləngimələrin tez müəyyən edilməsinə nail olmaqda kömək edir. Bu, yeni sahə olsa da, son bir il ərzində bizim tərəfdən böyük işlər görülüb.Biz gənclərlə də işin aparılmasına xüsusi diqqət yetiririk. Azərbaycanda gənclər əhalinin üçdə birini təşkil edir və xüsusi çəkiyə malikdir. Bu baxımdan son bir il ərzində pilot layihə vasitəsilə azərbaycanlı gənclərin rayonlarda öz təşəbbüsləri ilə çıxış etməsinə və bu təşəbbüsləri vasitəsilə müəyyən işlər həyata keçirməsinə köməklik göstəririk. Tərtər və Goranboy rayonunu qeyd edə bilərəm. Təxminən 60 gəncə gənclər evi şəbəkəsi vasitəsilə təşəbbüslərini gerçəkləşdirmək üçün dəstək göstərilib. Bu da bizim pilot təşəbbüslərdən biridir. Bunların hamısı gənclərin səlahiyyətinin artırılmasına xidmət edən işlərdir. Bu işlərin əsas amalı budur ki, uşaqlar, gənclər öz həyatını, hüquqlarını müdafiə edə bilsinlər və bunun təmin olunması baxımından Azərbaycanla əməkdaşlığımızı davam etdirmək niyyətindəyik.
- Azərbaycanda uşaqların ümumi rifahı ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz? Hansı çatışmayan məqamlar var və nələr edilməsini təklif edərdiniz?
- Müəyyən istiqamətlər var ki, bu üzrə daha çox iş görə bilərik. Əlbəttə ki, bu istiqamətləri Azərbaycan hökumətini təmsil edən tərəfdaşlarımızla birgə müəyyən etmişik. Sağlamlıq imkanı məhdud olan uşaqların təhsil imkanları ilə bağlı sahənin təkmilləşdirilməsinə ehtiyac olduğunu düşünürəm. Əsas niyyətimiz budur ki, həmin uşaqlar digər uşaqlar kimi təhsil hüququ ilə təmin olunsunlar. Təbii ki, çətin məsələdir, amma burda da müəyyən irəliləyişlər var. Bir neçə məktəbdə artıq pilot layihələr həyata keçiririk. Bu layihələr çərçivəsində həmin uşaqların təhsil alması üçün şərait yaradılıb və artıq o uşaqlar digərləri ilə eyni səviyyədə nailiyyət əldə etmək iqtidarındadır. Ötən ilin sonunda dövlət başçısı tərəfindən inklüziv təhsillə bağlı imzalanmış dövlət proqramı da bizə əlavə imkanlar verir və işimizi sürətləndirir.Çətinliklərin olduğu digər sahə uşaqların sağlamlıq və qidalanması ilə bağlıdır. Lakin bu çətinliklərin həll yolları artıq bizdə mövcuddur. Bundan başqa, hamilə qadınlarda anemiyanı (dəmir çatışmazlığını) qeyd etmək istərdim ki, bu da hamilə qadınların qidalanması məsələsi ilə bağlıdır. Bu sahədə müəyyən işlər görürük və qadınlara tətbiq edilən xüsusi pəhriz vasitəsilə problemin aradan qaldırılmasına şərait yaratmağa çalışırıq. İlk növbədə çıxış yolu kimi qidalarda dəmirin nisbətinin artırılması məsələsinə xüsusi diqqət yetiririk. Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Milli Məclisin səhiyyə komitəsi ilə əməkdaşlıq edirik. Çalışırıq ki, bu məsələdə də müəyyən irəliləyiş əldə edək.Son zamanlar diqqət yetirdiyimiz digər sahə 2-3 yaşlı uşaqların erkən fiziki, əqli inkişafı ilə bağlıdır. Yeni doğulmuş uşaqlar müəyyən yaşa çatdıqdan sonra inkişafı daha sürətlə gedir və bu inkişafın dəstəklənməsi məsələlərinə bizim tərəfimizdən xüsusi diqqət yetirilir. Uşaqların erkən inkişafını xüsusi layihələr vasitəsilə dəstəkləmək niyyətindəyik. İşlər görülür. Belə layihələr haradasa, 50 bölgəni əhatə edib. Hər bir uşağın erkən inkişafının xüsusi diqqətdə saxlanılması gələcək nəsillərin inkişafına köməklik göstərəcəyi üçün bu məsələlərə diqqət yetirməyə davam edirik. Bu yeni sahələrdə istər cari, istərsə də qarşıdan gələn illərdə daha geniş imkanlar yaradılması məsələsinə bizim tərəfimizdən diqqət artırılacaq. Məktəb yaşlı uşaqların qidalanması məsələsi də xüsusi diqqət cəlb edir. Bu yaxınlarda yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə görüşdüm və bildirdilər ki, bu sahənin inkişaf etdirilməsinə və əməkdaşlığa maraqlıdırlar. Bizim üçün əsas prioritet məsələ yeni doğulmuş uşaqların qidalanması məsələsi və onların valideynləri ilə iş aparılmasıdır. Məktəb yaşlı uşaqların qidalanması məsələsi kompleks işin tərkib hissəsidir. Hər yaşda uşaqların qidalanmasına diqqət yetirmək lazımdır.
- Bu il və növbəti illər ərzindəUNİCEFAzərbaycanda hər hansı yeni proqramlar həyata keçirməyi planlaşdırırmı? Olacaqsa, bu layihələr hansı istiqamətləri əhatə edəcək? Yeni layihələrin gerçəkləşdirilməsi üçün hansı yerli orqanlarla əməkdaşlıq ediləcək?
- Bayaq sadaladığım kimi erkən nikah, inklüziv təhsil məsələləri üzrlə işlər davam etdirilir. Yeni sahə olaraq gənclərin səlahiyyətlərinin artırılması məsələsinə xüsusi diqqət yetiririk. Bu baxımdan Azərbaycandan olan tərəfdaşlarımızla belə qənaətə gəlmişik ki, gənclər evi şəbəkəsinin strukturunun təkmilləşdirilməsinə ehtiyac var. Azərbaycanın bəzi bölgələrində gənclər evi fəaliyyət göstərir. Gənclər evinin fəaliyyətin daha da intensivləşdirilməsi üçün UNICEF tərəfindən Mingəçevir və Bakı rayonlarından birində ötən ilin sonundan etibarən pilot layihə həyata keçirilir. İstəyirik ki, gənclər o evlərdən alət kimi istifadə edərək öz imkanlarını daha da artıra bilsinlər. Məqsədimiz gənclərə böyük həyata qədəm qoyanda hazırlıq olmasına kömək etməkdir.Bizim üçün maraq cəlb edən sahələrdən biri də sosial rifahın artırılması və sosial xidmətlərin təkmilləşdirilməsidir. Azərbaycanda genişmiqyaslı ünvanlı sosial yardım proqramı həyata keçirilir. Lakin həssas qrupa aid olan ailələrə maddi yardımla yanaşı, digər formada dəstəyin göstərilməsi çox zəruridir. Azərbaycan hökumətinə xüsusi sosial strategiyanın hazırlanması məsələsində öz töhfəmizi veririk. Bu istiqamətdə əsas məqsədimiz həssas ailələrdə olan uşaqların dəstəklənməsidir. Bu işdə yalnız maddi dəstək deyil, eyni zamanda onlara göstərilən sosial xidmətlərin səviyyəsinin artırılması nəzərdə tutulur. Bunun üçün sosial işçilərə təlimlərin keçirilməsi planlaşdırılır ki, həmin işçilər həssas ailələri müəyyənləşdirib, mövcud vəziyyəti qiymətləndirməyi, onları müvafiq xidmətlərə yönəltməyi bacarsınlar. Həmin ailələrin müəyyənləşdirilərək müəyyən istiqamətə yönləndirilməsi ilə yanaşı, o ailələrdəki vəziyyətin monitorinq edilməsi bizim üçün əsas prioritet hesab edilir. Bununla bağlı yeni işlərin idarə edilməsi sistemi işlənib hazırlanıb. Yeni mütəxəssislər hazırlanacaq ki, bu ailələrin və uşaqların sosial xidmətlərdən yararlanmasına şərait yaradacaq.
- Erkən nikahlarla bağlı Azərbaycandakı durumu necə dəyərləndirirsiniz? Sizcə, bu hal bizdə nə qədər qabarıqdır? Erkən nikah qurbanlarına yardım məqsədi ilə hansı proqramlar icra edilir?
-Azərbaycanda artıq uzun zamandır ki, erkən nikahı qadağan edən qanun layihəsi var və uşaqların erkən nikahdan qorunması üçün hüquqi alət fəaliyyət göstərir. Demək olar ki, artıq erkən nikah məsələləri aradan qaldırılıb. Qızların nikah yaşı oğlanlarda olduğu kimi, 18-ə qaldırılıb və bu uğurlar davam etməkdədir. UNICEFAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsivə Ombudsman təşkilatı ilə əməkdaşlıq edərək uşaqların hüquqlarının pozulması məsələsinə xüsusi diqqət yetirir. Uşaqların məcburən erkən nikaha daxil edilməsi onların hüquqlarının pozulmasıdır. Azərbaycanda bu sahədə nəzəriyyə baxımından kifayət qədər təkmilləşmə mövcuddur. Bu sahədə müvafiq təşkilatlarla əməkdaşlıq edərək apardığımız monitorinqlər göstərir ki, biz daha çox qızların cəmiyyətdə nüfuzlarının artırılması məsələsinə diqqət yetirməliyik. Hər kəs bilməlidir ki, qızlar da kifayət qədər bilik-bacarıqlara malik olaraq bunun sayəsində gələcəkdə cəmiyyətin inkişafına töhfə verə bilərlər. Cəmiyyətdə gənc qızların nüfuzunun artırılması çox mühüm məslədir ki, bununla bağlı müəyyən işlər görürük. Qızların səlahiyyətini artırmaqla gələcək həyatlarında müstəqil gənc qadın kimi fəaliyyət göstərməsinə çalışırıq. Məncə bu da erkən nikahların qarşını ala biləcək bir digər vasitədir. Düşünürəm ki, qızların hüquqlarının təşviqi baxımından KİV nümayəndələri də xüsusi rol oynaya bilər. KİV-in bu sahədə köməyi bizim işimizdə gərəklidir.
banner

Oxşar Xəbərlər