• şənbə, 20 Aprel, 07:47
  • Baku Bakı 14°C

Ədliyyə sisteminin yüz illik yolu

25.10.18 11:00 1722
Ədliyyə sisteminin yüz illik yolu
XX əsrin əvvəllərində dünyada baş verən ictimai-siyasi hadisələrin fonunda yaranan şərait olduqca ağır məşəqqətlərlə müşahidə olunub. Bir yanda böyük güclər, digər yanda isə millətlərin istiqlal savaşı uğrunda mücadiləsi dayanırdı. Nəticədə dünyanın siyasi xəritəsində yeni mənzərə yaranmağa başlamışdı. Osmanlı dövləti kimi böyük bir imperiya süquta uğramış, Rusiya imperiyasının sərhədləri daxilində xalqların azadlığı uğrunda mübarizəsi geniş vüsət almışdı. Belə bir şəraitdə Qafqazdakı hadisələr də yeni dövlətlərin yaranmasına şərait yaratmışdı. 1918-ci ildə Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan Respublikalarının meydana gəlməsi artıq reallığa çevrilmişdi.
Xalqımız çoxəsrlik dövlətçilik ənənələrinə malikdir. Ən qədim sivilizasiyaların Azərbaycan ərazisində mövcudluğu sirr deyil. Manna, Midiya , Atropatena, Albaniya kimi qədim dövlətlər xalqımızın tarixi ilə sıx bağlıdır. Albaniyadan sonra Xilafət dövrü , Cacilər, Salarilər, Şirvanşahlar dövlətləri, bunun davamı olaraq Qaraqoyunlu, Ağqoyunlu dövlətləri və ən güclü Azərbaycan dövləti kimi tariximizdə yer almış Səfəvi xanədanlığı bir xalq kimi dövlətçilik ənənələrinə sahib olmağımızın bariz sübutudur. Səfəvilərin hakimiyyətindən sonra mövcud xanlıqlar dövrü isə böyük gücə çevrilən Rusiya və İrana qarşı müqaviməti təşkil eləməyə imkan vermədi. Nəticədə Gülüstan və Türkmənçay müqavilələri dövlətçiliyimizin itirilməsinə gətirib çıxartdı. Ancaq buna baxmayaraq, xalqımızın ruhundakı azadlıq istəyi, əyilməzliyi, qəhrəmanlığı sayəsində az keçmədi ki, yenidən müstəqilliyimizə və dövlətçiliyimizə qovuşduq.
Əsrin əvvəllərində babalarımızın qurduğu AXC-nin yaranmasına müxtəlif aspektlərdən yanaşsaq, onlardan birincisi təhsilli və ziyalı vətənpərvər nəslin yetişməsidir. Çar Rusiyası dövründə ucqarlarda məktəblərin açılması, Azərbaycandan, canişinlik mərkəzi Tiflisə və imperiyanın paytaxtı Sankt-Peterburqa azərbaycanlı uşaqların göndərilməsi milli davamızın əbəs yerə getmədiyinə səbəb oldu. Formalaşan siyasətçilərimiz , hüquqşünaslarımız, iqtisadçılarımız millətə layiq bir dövlət qurmaqla, böyük dövlətlərin diplomatları və başçıları ilə yüksək mədəniyyətə, zəkaya məxsusluqla danışıqlar aparmağı, Azərbaycanı təmsil etməyi bacardılar. Bu gün keçmişə, tarixə baxanda babalarımızın gördüyü işlərə görə qürur hissi keçiririk.
Əsrin əvvəllərində Azərbaycanda da siyasi vəziyyət olduqca ağır idi. Böyük güclər Qafqazı oda qalamışdılar. Təbii ki, Qafqazda əsas böyük xalq olduğunu qeyd etməklə, deməliyik ki, ermənilərin iştirakı ilə törədilən dəhşətli hadisələrin əsas qurbanları məhz azərbaycanlılar olmuşdular. O dövrdə Gürcüstan ərazisi gürcülərə məxsus olduğu halda, Ermənistanda belə vəziyyət mövcud deyildi. Ermənilərin sayı azərbaycanlılardan qat-qat az idi. 100 faiz əhalinin 70 faizini azərbaycanlılar, 30 faizini ermənilər təşkil edirdi. Ərazi, feodal dövlət quruluşuna məxsus olan İrəvan xanlığından sonra Rusiya tərəfindən ilhaq edilib, imperiya sərhədlərinə qatılsa və burada xanlığı quberniya əvəz eləsə də, erməni dövləti məhz 1918-ci ildə Azərbaycanla Gürcüstanın müstəqilliklərini bəyan eləməsi nəticəsində yarandı.
Belə bir şəraitdə, 28 may 1918-ci ildə Azərbaycandan kənarda, qonşu Gürcüstanda AXC elan olundu. Təbii ki, həmin dövrdə Azərbaycan ərazisində ictimai-siyasi vəziyyət ağır idi. Bolşevik-daşnak ünsürlər Bakıda və digər şəhərlərdə xalqımıza qarşı qanlı qırğınlar törədirdilər. O vaxta qədər Rusiyanın bir əyaləti kimi yanaşılan Azərbaycan özünümüdafiə imkanlarına malik deyildi. Bir sözlə, babalarımız dövlətimizi yaradana, onu möhkəmləndirənə qədər, milli təhlükəsizliyimiz indiki qədər etibarlı deyildi. Xülasə, AXC elan olunanda ilk atdığı addım demokratik dövlət yaratmaq oldu. Bu isə Şərqdə ilk demokratik dövlətin qurulması demək idi. Avropa ölkələrində qadınlara seçib-seçilmək hüququ verilmədiyi halda, AXC seçkilərdə qadınların iştirakını təmin etdi. Bütün bunlar AXC-nin qanunların yaradılması, hüququ dövlətin qurması istiqamətində gördüyü işlərin prioritet təşkil etdiyini göstərir. AXC elan olunarkən yaradılan ilk hökumətin tərkibində Ədliyyə Nazirliyinin təsis olunması, hüquqi islahatlara çox önəm verildiyinin təzahürüdür. Odur ki, şanlı tariximizə nəzər yetirməklə, Ədliyyə Nazirliyinin keçdiyi yolu bir daha yada salaq.
Nazirlik 1918-ci il, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə yaradılmışdı. Fətəli xan Xoyskinin Tiflisdə təşkil etdiyi 1-ci hökumət kabinəsində ilk ədliyyə naziri Xəlil bəy Xasməmmədov olmuşdur. Həmin il iyunun 17-də Fətəli xan Xoyski tərəfindən Gəncədə təşkil olunmuş 2-ci Hökumət kabinəsində özü Nazirlər Şurasının sədri vəzifəsi ilə yanaşı, ədliyyə naziri vəzifəsini də icra etmişdir. 1918-ci il iyunun 27-də keçmiş Tiflis məhkəmə palatasının üzvü Teymur bəy Makinski nazirin müavini təyin olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti fəaliyyətə başladıqdan (1918, dekabr) sonra F.X.Xoyskinin dekabrın 26-da təşkil etdiyi 3-cü Hökumət kabinəsində ədliyyə naziri vəzifəsi boş qaldı və 1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəyli yeni Hökumət təşkil edənə qədər həmin vəzifənin icrası T.Makinskiyə tapşırıldı. N.Yusifbəylinin təşkil etdiyi Cümhuriyyətin 4-cü Hökumət kabinəsində bu vəzifəni sosialist Aslan bəy Səfikürdski tutdu. N.Yusifbəylinin təşkil etdiyi 5-ci Hökumət kabinəsində isə ədliyyə naziri vəzifəsi X.Xasməmmədova həvalə olundu.
Yarandığı ilk günlərdə Ədliyyə Nazirliyinin ştatı yalnız nazirdən ibarət idi. Gəncəyə köçdükdən sonra isə Cümhuriyyət Hökumətinin 1918-ci il 26 və 30 iyun tarixli qərarları ilə nazir müavini ştatı verilməklə, nazirliyin idarə strukturu, dəftərxanası yaradıldı. Həmin ilin sentyabrın 15-də Bakı Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti sentyabrın 17-də Bakıya köçdü. Ədliyyə Nazirliyi sentyabrın 26-dan Bakıda fəaliyyətə başladı. Noyabrın 22-də nazirliyə yeni ştat vahidləri - dəftərxanasına 5 nəfər kargüzar və 8 nəfər dəftərxana xidmətçisi ştatı verildi, bu struktura direktor və direktor müavini təyin olundu. 1919-cu il avqustun 11-də Hökumətin qərarı ilə Ədliyyə Nazirliyi sistemində həbsxana işləri şöbəsi də yaradıldı. Cümhuriyyət Parlamentində qəbul olunan qanun layihələrinin əksəriyyətinə Ədliyyə Nazirliyində baxıldığından, 1919-cu il noyabrın 28-də nazirliyin ştatını artırmaq barədə qanun layihəsi hazırlanıb, Parlamentin müzakirəsinə təqdim olundu. Layihə üzrə qəbul edilmiş qanuna əsasən, Ədliyyə Nazirliyi sistemində tərcüməçilər, hüquq məsləhətxanası şöbələri və mühasiblik yaradılır. Ədliyyə Nazirliyi ilk günlərdən ölkədə anarxiya zamanı dağıdılmış məhkəmə aparatı sistemini, birinci növbədə, Bakı və Gəncə dairə məhkəmələrinin və onların yanındakı prokuror nəzarətinin, habelə yerlərdə barışıq məhkəmələrinin fəaliyyətini bərpa etməyə başladı. Fəaliyyətinin birinci ilində nazirlikdə şəxsi heyət üzrə 272 nəfər işə təyin edilmiş, 153 nəfər işdən azad olunmuş, 20 nəfər isə müxtəlif vəzifələrə keçirilmişdi.
1918-ci il, oktyabrın 9-da Fövqəladə Təhqiqat Komissiyası Ədliyyə Nazirliyinin sərəncamına verildi. Məhkəmə sahəsində işlərin bərpa olunması ilə əlaqədar, Ədliyyə Nazirliyi Məhkəmə Palatasının yaradılması barədə məsələ qaldırdı. Noyabrın 14-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsini təsdiq etdi. 1919-cu il, mayın 21-də nazirlik ayrı-ayrı idarələrdə vəzifədən sui-istifadə hallarının və xidməti cinayətlərin təhqiqi ilə əlaqədar xüsusi Təftiş-İstintaq Komissiyasının yaradılması barədə qanun layihəsini Parlamentə təqdim etdi. İyulun 27-də Parlament həmin layihə əsasında qanun qəbul etdi. Qısa müddətli fəaliyyəti dövründə Ədliyyə Nazirliyi ölkədə hüquq mühafizə orqanlarının təşkili ilə yanaşı, hüquq mühafizəsi, qanunvericilik, normativ aktların hazırlanması və tətbiqi sahəsində də böyük iş gördü. 1920-ci il, aprelin 27-də Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Ədliyyə Nazirliyi də fəaliyyəti dayandırdı.
SSRİ dövründə Ədliyyə Nazirliyinin funksiyaları azaldılaraq, səlahiyyətləri digər dövlət qurumları arasında bölüşdürüldüyündən, adı çəkilən nazirlik, demək olar ki, əhəmiyyətini itirmişdi.
Ədliyyə Nazirliyinin yenidən yaradılması ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 27 oktyabr, 1970-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş, bununla da Azərbaycanın ədliyyə tarixində yeni mərhələ başlanmışdır. Ədliyyə Nazirliyi məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək, onun gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdır.
Ümummilli lider Heydər Əliyevdən sonra, onun layiqli davamçısı, Prezidentimiz cənab İlham Əliyevin davam etdirdiyi ədliyyə islahatları ölkəmizin inkişafı, ədalətin təmin edilməsi yolunda müstəsna əhəmiyyət kəsb etdi. Məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, vətəndaşlarımızın hüquqlarının qorunması, ədalətin təmin olunması yönündə aparılan siyasət özünü doğrultmaqdadır. Məhkəmə islahatının tərkib hissəsi olan İnzibati-İqtisadi Məhkəmənin yaradılması da bu qəbildən həyata keçirilən tədbirlərdəndir. İndi vətəndaşlar hüquqlarının məhkəmələr yolu ilə təmin olunmasını daha rahat təmin etmiş olurlar.
Ədliyyə naziri cənab Fikrət Məmmədovun rəhbərliyi altında islahatlar bundan sonra da davam etdiriləcək. Bizim buna zərrə qədər də şübhəmiz yoxdur. Şərqdə ilk dəfə demokratik respublika qurduğumuz kimi, ədliyyəmizin də dünyanın ən qabaqcıl ölkələri ilə müqayisə olunacağına inanırıq.
Nəriman İsmayılov,
Bərdə rayon qeydiyyat şöbəsinin rəis əvəzi
banner

Oxşar Xəbərlər