• çərşənbə axşamı, 16 aprel, 09:38
  • Baku Bakı 14°C

Ədəbiyyatla səyahət

28.01.19 16:00 2275
Ədəbiyyatla səyahət
Xarici ölkə və şəhərlərə səyahət edərkən mütləq zövq aldığınız əsərlərin və yazıçıların həmin yerlərdəki ev muzeylərinə, məşhur kitabxanalara və sevdiyiniz əsərlərdə canlandırılan məkanlara baş çəkməyi unutmayın. Çünki sevdiyiniz yazıçıların əsərlərində təsvir etdiyi məkanları canlı görmək imkanı heç nə ilə müqayisə edilə bilməz. Bu, Beykir Strit – Artur Konan Doylun kitabından olan detektivin evi və ya "Çovdarlıqda uçurumdan qoruyan” əsərindəki Yuxarı Uest Sayt ola bilər. Sevimli yazıçılarımız artıq həyatda olmasa belə, onlara ilham verən məkanlar, muzeylər, onların yaşadığı evlər, bir zamanlar yaşadığı şəhərlərdə hələ də mövcuddur.
Bir neçə il bundan öncə "Twitter” və "Facebook” istifadəçiləri arasında keçirilən sorğu zamanı səs çoxluğu ilə seçilən, Amerikada turistlərin görməli olduğu ədiblərin ev muzeylərinin və ya əsərlərində canlandırdıqları məkanların bəzilərini təqdim edirik. Bu yerləri, sözün əsl mənasında, kitabı, ədəbiyyatı sevən hər kəs mütləq ziyarət etməlidir.

1. Folger Şekspir Kitabxanası – Vaşinqton. Kolumbiya dairəsi.
Emili və Henri Folger cütlüyü 1889-cu ildən başlayaraq pərəstişkarı olduqları Şekspir yaradıcılığının və əlyazmalarının dünyada ən böyük və ən qiymətli kolleksiyasına çevriləcək nümunələrini, kitablarını toplamağa başlayıblar. Folger cütlüyü hesab edirdi ki, Şekspir Amerikan ruhunun və düşüncəsinin formalaşmasında böyük rol oynayıb və onlar 1932-ci ildə bu möhtəşəm kitabxananı Amerika xalqına hədiyyə ediblər.
Kitabxana Vaşinqtonda yerləşir və il ərzində dünyanın dörd bir yanından gələn bir milyona yaxın turisti qəbul edir. Burda, həmçinin, teatr tamaşaları, kino nümayişləri, kitab təqdimatları, ədəbi seminarlar keçirilir.
2. Po Muzeyi – Riçmond. Vircinya ştatı.
Edqar Allan Po yaradıcılığını sevənlərdən soruşmaq istərdim: siz Ponun necə pərəstişkarısınız ki, hələ də onun muzeyini ziyarət etməmisiniz?
1906-cı ildə yaradılan muzeydə yazıçının geyimlərindən tutmuş, saçının telinə kimi mövcud əşyalarının hamısı saxlanılır. Muzey, araşdırmaçılar, alimlər və tələbələr üçün müxtəlif ekskursiya proqramları təqdim edir. Yazıçının həyat və yaradıcılığı haqqında daha çox öyrənmək istəyənlər üçün muzeyin səyahət proqramına "Ovsunlanmış bağ” və "Po mehrabı”ı da daxildir.
3. Nyu-Bedford Balina ovu Muzeyi – Bedford şəhəri. Massaçusets şəhəri.
Adından da göründüyü kimi, muzeyin balina ovuna və dənizçilik mədəniyyətinə aid olması sizlərə maraqlı gəlməyə bilər. Lakin söhbət ağ balinalar ilə maraqlanan və XIX əsrdə yazıb-yaradan German Melvill adlı yazıçıdan gedirsə, o zaman bu muzeyə baş çəkməyiniz mütləqdir. ("Mobi Dik” adlı əsəri ilə bütün dünyada tanınan yazıçı) Çünki bir zamanlar dənizçi olan, balina ovuna çıxan yazıçının adını daşıyan fond, muzeylə birgə əməkdaşlıq edir.
4. Heminqueyin ata evi – Ouk-Park. İllinoys ştatı.
Yazıçının vətəni sayılan Ouk-Parkda yerləşən bu evdə Ernest Heminquey anadan olub və boya-başa çatıb. 1890-ci ildə tikilən, 1992-ci ildə bərpa olunan ev "Viktorian üslubu”nda tikilib və ziyarətçiləri yazıçının uşaqlıq illəri ilə tanış edir. Muzey elə yazıçının adını daşıyan fondun nəzarəti altında qorunub-saxlanılır. Burada tez-tez ədəbi gecələr, yazıçılarla görüşlər keçirilir. Muzey il boyu ziyarətçilər üçün açıqdı.
5. Emili Dikinson Muzeyi-Amherst. Massaçusets ştatı.
Təhsil müəssisələrinin çoxluq təşkil etdiyi Amherst şəhərində yerləşən Emili Dikinson muzeyi iki iqamətgahdan ibarətdir: Birinci iqamətgahda Emili Dikinsonun anadan olduğu, yaşadığı, ikinci iqamətgahda isə – "Everqrins” adlanan hissədə – onun qardaşının ailəsi ilə birgə ömür sürdüyü ev yerləşir. İndi Amherst Kollecinə məxsus olan muzey, ziyarətçilər üçün müxtəlif turlar, proqramlar təşkil edir. Həmçinin muzeyin qonaqları Dikinsonun qəbrini ziyarət edə, onun kitab kolleksiyasına – Couns kitabxanasına baxa bilər, şəxsi arxivi ilə maraqlana və Amher kollecinə baş çəkə bilərlər.
6. Oxu zalı Rose – Nyu York. Nyu-York ştatı.
Baxmayaraq ki, adını çəkdiyimiz məkanda heç bir tanınmış yazıçı anadan olmayıb, amma bura – Nyu-Yorkda yerləşən The Rose Reading Room ümumi kitabxanası bizlərin ziyarət etməli olduğumuz məkanlardan sayıla bilər. Arxitektura baxımından "boz-art” (fr.Beaux-arts) stilində tikilən zal, 2014-ci ildə təmirə bağlanıb və 2016-ci ildə yenidən oxucuların istifadəsinə verilib. Oxu zalındakı tavanın bəzək hissələrindən birinin qopub düşməsi nəticəsində burada təmir işləri aparılıb. (Hadisə gecə baş verdiyi üçün xoşbəxtlikdən heç kəs xəsarət almayıb). Bütünlüklə bərpa edilən oxu zalına 12 milyon dollar xərclənib. Qeyd edək ki, buranı ziyarət edənlərin dediyinə görə bu pulları xərcləməyə, həqiqətən də, dəyərdi.
Siz sakit bir məkanda kitab oxumaq, mütaliə etmək istəyirsinizsə bura gələ bilərsiniz. Həmçinin, buranın arxitekturası, tarixi ilə maraqlananlar üçün gün ərzində ekskursiyalar da təşkil olunur.
Amerikaya nə zamansa səyahət etməyi planlaşdıran əziz oxucular, bu məkanları görməli olduğunuz ünvanlar siyahısına daxil etsəniz, inanın, qətiyyən peşman olmazsınız.
Brianna Alfonso
Rus dilindən tərcümə edən: Aysel Aslanova




banner

Oxşar Xəbərlər