AZE | RUS | ENG |

Ədəbiyyatın adamı insan etmək gücü

Ədəbiyyatın adamı insan etmək gücü
“Eyni suallar” layihəsi

Artkaspi.az "Eyni suallar” adlı layihəyə davam edir. Bu dəfə hind əsilli ingilis yazıçı Salman Rüşdinin müsahibəsində cavablandırdığı sualları yazar Rəşid Bərgüşadlıya  ünvanladıq. Hər iki müəllifin cavablarını təqdim edirik:
 
–  Müsbət və mənfi ədəbi qəhrəmanlarınız kimlərdir?
Salman Rüşdi: Müsbət qəhrəmanım heyvanların və quşların içalatını ləzzətlə yeyən Cənab Leopold Blumdur. O həm də anti-qəhrəmandır. Amma müsbət tərəfləri daha çoxdur. Deyə bilərəm ki, Frodonun da (red. C.R.Tolkien – "Üzüklərin hökmdarı”) kifayət qədər fanatı olmuşam. Baxmayaraq ki, o, Semuayz Qemci ilə ortaq qəhrəman idi. Mənfi qəhrəmana gəldikdə isə, bu gün, doğrudan da, yaxşı təsvir edilmiş obrazlar var. Dikkensin bir neçə belə obrazı olub. Yuria Hip, Vekford Skvirs. Yenilərdən isə Jozef Hellerin "Maddə – 22” romanındakı Milo Minderbinder.
Rəşid Bərgüşadlı: Bəlkə də, iki günə bir kitab oxuyuram, ancaq gecələr, amma bircəciyi də yaddaşımda qalmır. Di gəl ki, Yaşar Kamalın "İncə Məmməd”i heç vaxt yadımdan çıxmır, illah da, – "Hatçe artıq qadın olmuşdu”... – o, mağarada olanları bütövlükdə ifadə edən bu cümlənin gücü. İndiyədək yadımdadır, əsərin kulminasiyası mətnin ortasındaydı – 84-cü səhifədə. Avdı Ağanın əli ətəyindən uzun qalan hissələr... 
Oxucu olaraq hər şeyi kəllə-mayallaq qəbul etməyin xəstəsiyəm, hər təsviri-tablonu tərsinə çevirib baxıram mətnlərdə. Maraqlı, fərqli bir şey görməyəndə imzanı salıram qara siyahıma, bir də ondan heç nə oxumuram. 
 
– Sizi siz edən hansı kitabın adını qeyd edə bilərsiniz? 
Salman Rüşdi: "Min bir gecə”.
Rəşid Bərgüşadlı: Lyosanın bir fikri var: "Ədəbiyyatın işi üsyandır, yazmaq üsyan etməkdir”. Belə deyək, ədəbiyyatın adamı İnsan etmək gücünə inanmıram, lakin ayaqüstü qaldırıb dikəltmək üçün əlindən tuta bilir. Həm strukturu, həm də dili mükəmməl olan əsərlər mənim üçün əsrarəngiz zövqdür. Mətndə hər zaman təəccüblü şeyləri axtarıram, təkcə şüurumuzda, ağlımızda olanları deyil, həm də qəribə instinktlərimizi, məhrəm istəklərimizi, sirlərimizi yazan qələmin aşiqiyəm mən. Bu baxımdan milli nəsrimizin bel sütunu kimi "Dəli Kür”ü görürəm. Bu əsərə dünya ədəbi kontekstindən baxanda ən çox ona görə misilsizdir ki, Cahandar Ağa bulaq başında bircə anda hər Azərbaycan kişisinin cürət etməyəcəyi qərarı verir və vurulduğu gəlini atın tərkinə atıb qaçırmağı bacarır. Soruşmur e, kimin qızısan, ərin varmı, subaysan yoxsa? Oğluyla, arvadıyla, qonum-qonşuyla, el-obayla düşmən olur. Niyə? Çünki adət və mövcud ənənələrə zidd gedib, ətraf aləmin gözü götürmür ki, bir nəfər bu qədər xoşbəxt, azad olsun. Hansı ki, ətrafdakıların çoxu Cahandar Aga kimi olmaq istərdi, amma bacarmazlar, çünki əlində olanları itirmək qorxusu, "namus-qeyrət", "camaat nə deyər?" əndişəsi var. Ətrafın həsəd, qorxaqlığı, paxıllığı, çarəsizliyi fonunda İsmayıl Şıxlı mövzunun bu qatını zəngin xarakterlərlə o qədər mahir işləyib ki. Bunu ancaq şücaətli, kişiyana, səmimi və qorxmaz qələm edə bilərdi. Başqa birinin namusu üzərində oturmuş kişi və öz namusunu təmizləmək üçün doğma bacısını ölümə qurban edən Kişi!!! Hələ molla Sadığın müsəlman qiyafəli şoularına baxın... Çay qırağında qəzəbli baxışlarıyla Kürü durduran, başının ölçüsünü itirən, iki papaqlı kişi xoşbəxt idimi, xoşbəxt oldumu, xoşbəxt ola bilərmi? – bax bu suallar səni, sənin də tərəfini saxladığın adət-ənənə ilə üz-üzə qoyur, başın əsərdən açılanda, həyatın yekə daşlarına başın dəyəndə isə hər dəfə bu suallara təkrar cavab axtarırsan. Səni sən edən əsl ədəbi mətn bax belədir – sənin edə bilməyəcəyini, həyatda buraxdığın şansları sənə acı sillə kimi xatırladır, iliyini gizildədir, təpəndən tüstü çıxardır və səni başqa dünyalara aparır. Oxucu başıhəşirində qalır, –  "Cavandar Ağa kişi adamdır, yoxsa, bişərəf? – bax müəllif buna qarışmır, o, sadəcə mətni, mətn isə imzanı yaradır, gicitkəni oxucunun yaxasında buraxıb qıraqdan gülür... Həmişə demişəm, milli nəsrimizdə qalıcı əsərlər yaratmaq üçün ən təmiz iki bulaq var – Süleyman Rəhimov dili, səmimiliyi və İsmayıl Şıxlı xarakterləri...
 
– Deyək ki, bir ədəbiyyat gecəsi təşkil edirsiniz. Hansı üç müəllifi dəvət edərdiniz?
Salman Rüşdi: Yaşayanlardan – Oster, Delillo, Makyuen. Vəfat edənlərdən isə Coys, Prust və Kafka.
Rəşid Bərgüşadlı: Yaşayanlardan yazıçı olaraq Ömər Xəyyamı (Xəyyam Mazanovu deyirəm, – heyf ki, hiss və duyğuların mükəmməl rəssamı olduğu halda özünü Facebook statuslarında çürüdür), Şərif Ağayarı (cavan yaşda müdrik qələmi var), ədəbiyyatşünas kimi Seyfəddin Hüseynli və Zakir Məmmədi (hər ikisinin ədəbi detalın iliyinə işləyəcək qədər hissi duyumları var), ədəbi təhlilçi kimi Əsəd Cahangiri, Mehman Qaraxanoğlu və Cavanşir Yusiflini (bir-birinə tam zidd, amma kamil analiz üslubları var). Axirət sakinlərindən isə Abasqulu Ağa Bakıxanovu, Hüqo və Hesseni.

– Yazdıqlarınız arasında ən çox bəyəndiyiniz və sizin üçün xüsusi əhəmiyyət kəsb edən əsər hansıdır?
Salman Rüşdi: Oğullarıma həsr etdiyim iki əsər: "Harun və Nağıllar dənizi”, "Luka və həyat yanğısı”.
Rəşid Bərgüşadlı: Əlimdəki qələmin imkanlarını faş edən mətn kimi "Ətcəbala arzular” adlı hekayəmi. Bu hekayə təbimə o qədər yaxındır ki, yazmaq üçün dilimizin imkanlarıyla qane ola bilmirdim və sağır-nun hərfindən istifadə edərək hisslərin yeddi rəngdən artıq çalarını qarışdırmağa cəhd etmişdim. 
 
– Hansı əsərlər sizi təkrar-təkrar özünüzə qaytarır?
Salman Rüşdi: Kafkanın "Çevrilmə”, Bellounun "Oqi Marçın macəraları”, Borxesin "Fantaziyalar”, Kalvinonun "Ağacların baronu”, Qrassın "Tənəkə təbili”, Qarsia Markesin "Yüz ilin tənhalığı”, Anqela Karterin "Qanlı otaq”, Xristofer Loqun "Döyüş mahnısı”, Derek Uolkotun "Omeros” əsərləri.
Rəşid Bərgüşadlı: Xulio Kortasarın "Xana-xana oyunu” əsəri. Hələ beşinci mütaliədən sonra da yazarın fəndlərini tam tuta bilməmişəm.
 
–  Bəs hansı kitabları hələ də oxumadığınıza görə utanırsınız?
Salman Rüşdi: Mütaliəmdə bəzi boşluqlar olub, amma buna görə utanmaq üçün artıq çox yaşlıyam. Ümid edirəm, "Midlmarç” barədə fikirlərimi dəyişəcəyəm.
Rəşid Bərgüşadlı: 7-8-ci sinifdə oxuyanda böyük qardaşımın yastığının altından "Min bir gecə” kitablarını açıb xəlvət göz gəzdirəndə üstümə çıxıb məni qəşəngcə əzişdirmişdi, sonra da "Kəlilə və Dimnə”ni vermişdi oxumağa. O vaxtdan gözümün odu alınıb və "Min bir gecə”yə yaxınlaşmaqdan çəkinsəm də nəfsim qalıb, oxumaq istərdim onu.
 
Zəruri qeyd: Salman Rüşdi müsahibəsi sim-sim.az saytından götürülüb, tərcümə Mənsur Matta məxsusdur.
Hazırladı: Aytac Quliyeva

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6964
GBP 1 İngilis funt sterlinqi 2.3933
TRY 1 Türk lirəsi 0.4202
KWD 1 Küveyt dinarı 5.6667
SEK 1 İsveç kronu 0.2020
EUR 1 Avro 2.0981
CHF 1 İsveçrə frankı 1.7489
USD 1 ABŞ dolları 1.7000