• cümə, 19 Aprel, 15:12
  • Baku Bakı 25°C

Ədəbiyyatımızın yaxın dostu və təbliğatçısı Mixail Sinelnikovun yetmiş illiyinə

07.11.16 10:51 2041
Ədəbiyyatımızın yaxın dostu və təbliğatçısı Mixail Sinelnikovun yetmiş illiyinə
Bu günlәrdә әdәbiyyatımızın yaxın dostu vә Moskvada tәbliğatçısı Rusyanın әn önәmli şairlәrindәn biri olan Mixail Sinelnkovun 70 yaşı tamam olur.
O, 1946-cı ildə Ləninqradda ziyalı ailəsində dünyaya gəldi. Ailəsi II. Dünya müharibəsində Leninqrad blokadasını yaşadı. Müdriklәrin dediyi kimi alın yazımız çox şeyi bizdәn daha yaxşı bilir. Özünün də etiraf etdiyi kimi onun dünyaya gəlişi ailəsini bir çox bəladan qoruyacaqdı. Ailə yeni dünyaya gələn oğullarını daha sakit və təhlükəsiz bir yerdə böyüdə bilmək üçün Orta Asyaya köç etmək məcburiyyətində qalacaqdı. Beləcə taleyin əliylə gələcək şair ömrünün ilk dönəmini Fərqana vadisində Qırğızıstanın Oş şəhərində keçriməli olacaqdı. Orta məktəbi və Orş Pedaqoji insitutunun tarix bölümünü Qırğızıstanda tamamlayacaqdı. Ali məktəbi bitirdikdən sonra iki il yerli qəzetdə müxbirlik edәcәkdi. Sonra Moskvaya gələcək, burada Maksim Qorki adına Ədəbiyyat İnsitutunu bitirəcək və gənc yaşlarında ədəbiyyat çevrələrində adını duyurmağa başlayacadı.
Yaradıcılıq yolunun başlanğıcında L.Martınov, A.Tarkovski, A.P.Mejirov və s. kimi o zamanın öndə gələn şairləri onun ədəbi uğuruları haqqında fikir bildirəcəklərdi. Tanışlıq üçün onlardan sadəcə ikisini örnək olaraq oxucularımızla bölüşmək istərdim. A.P.Mejirov M.Sinelnikovun ədəbiyyata yenicə gəlməyə başladığı yetmişinci illərdə indi gecikmiş tezliklərlə bizim ədəbiyyatımızda da baş verən yenlik adına vəzn əllaməliklərinin baş alıb getdiyi o çağlarda belə yazırdı: "M.Sinelnikov klassik Rus şeriinə canı könüldən bağlı olan və bu ənənənin qəlibi içində qeyri-adi əsərlər verən bir şairdir. Onun çox çətin ədəbi taleyi var. Gözәlliyә gedәn yollar asan, daşsız ,kәsәksiz olmur. Axı qədim dünya insanları da gözəlliyin çətin başa gəldiyini vurğulamışdılar. Həvəs sırasının ya salon, ya da bütpərəst metafizikasının sərhəd tanımayan davranışları, ikinci əl zəyif imkanlı şəkil əllaməlikləri ədəbi dönəmin gəl-gəl deyən "işvəli” tərzləri açıq-aşkar çoxsözçülüyü təhrik edən, süni bir "ustalıqla” uzadılmış, qısaldılmış xaosqarışımı, intuitiv lakonikliyi yox edən (əgər varsa), şeiri hər kəsin yazabiləcəyi bir alışqanlığa döndərən riskli uzun misralar; klassik Rus şerinə arxaik inamı qoruyan Mixail Sinelnikov kimi şairlər üçün keçərli deyildir. Əgər bir çoxları kimi o da misralarından göstərişli bir şəkildə durğu işarələrini qaldırsaydı, şöhrəti birə yüz qat artardı.Amma o şöhrət axtarmır ki?! Vladislav Xodiseviçin dediyi kimi onun şerinin birinci sinif materialdan hazırlanmamış xaricdən mürəkkəb görünən ikinci sinif ədəbiyyatın gərəksiz cəngəlliyindən keçməyə ehtiyacı yoxdur.
XX yüz il rus şerinin lokomotivlərindən biri olan Y.Yevtuşenko isə onun haqqında sonralar belə yazacaqdı: Hazırladığım "Əsrin beytləri” adlı birinci antoloğgyamda Mixail Sinelnikovun professional əllə həkk olunmuş iki şerini daxil etmişdim. Və onun haqqında hələ o zaman yazmışdım: "Birinci dərəcəli usta…”Doğrudur bir az çəkinərək "…zaman-zaman öz ustalığını artırmağa çalışmalıdır” qeydini də etmişdim. Onun nəslindən olan şairlərin bir çoxu, o şairləri ki, mən "dəmir pərdənin uşaqları” adlandırırdım, onlar ədəbiyyatda tutunamadılar. M.Sinelniokva isə sadəcə ustalığın dəyərli və yetərli olmadığı düşüncəsi kömək etdi. Antologiyama daxil elədiyim iki şeiri bir-birini təqib edən sözlərin professionallıq mükəmməlliyinə görə yox, eyni zamanda poeziyanın tarixliyində Puşkinin vəsiyyət etdiyi kimi ayrı-ayrı epoxaların, hadisə və adların bir metaforik bağla bağlanmasının hiss olunmasına görə sevmişdim. Yəni M.Sinelnikovu rus şerində "ayrı-ayrı epoxaların, hadisə və anıların bir metaforik bağla bağlaya bilməsinə”, ənənəni görməzdikdən gəlmək yox, ona çağla ayaqlaşa biləcək yeni əlavələr edə bilməsinə görə təqdir edirəm”.
Mixail Sinelnikovla dostluğumuzun hardasa qırx ildən çox tarixi var. Doğrusunu söyləmək gərəkirsə, bu dostluq mənim yox, daha çox Mişanın səyi ilə bu günə qədər davam etdi. 1990-cı illərdə Sovet-Rus ordusu tərəfindən başımıza gətirilən olaylarda Moskvadan da, orda yaşayan və bu hadisələrdə heç bir günahı olmayan sənət dostlarımdan da sidqim elə sıyrılmışdı ki, bütün əlaqələri kəsməyə qərar vermişdim. Amma iki böyük şair – rəhmətlik Yuri Kuznetsov və Mixail Sinelnikov bu əlaqələrimizin qırılmasına imkan vermədilər. Xüsusilə Mixil Sinelnikov vaxt-bivaxt telefon zəngləri, göndərdiyi məktubları, teleqramları, kitabları, etdiyi tərcümələriylə əlaqələrimizin dimdik ayaqda qalmasına çalışdı.)
Mixail Sinelnikov Azərbaycanınmızı sadəcə "yaddaşında mənim misralarımı tutaraq” tanımadı. Sonralar dəfələrlə vətənimizə gəldi, onun təkrarsız gözəlliklərini öz gözləriylə görmək fürsəti buldu. Mişanın Bakıya ilk gəlişini xatırlayıram, bizi bir oğru bıçağına hədəf olub zamansız tərk edən çok istedadlı bir şair olan V.Qofmanla birlikdə gəlmişdilər.Onları Bakının görməli yerləri ilə tanış etməyə çalışacaqdım. Çox şey, özəlliklə "Yanar dağ”a səfərimiz onlarda böyük maraq oyandıracaqdı. Son bahar gecələrindən birində getmişdik alovlar dərəsinə. Yamac azacıq qar örtüyünə bürünmüşdü, gerçəkdən də qeyri-adi bir mənzərəydi, bəyaz qarın içindən bənövşə misalı alovlar yüksəlir, enib qalxırdı: "Lampata titrəyən alev üşüyor!” Sonralar bu əsrarəngiz mənzərələr Mişanın neçə misrasına enerji, işıq verəcəkdi:
Girdablar şəhəri, Odlar diyarı
Rüzgarlar alovun saçını yolar;
Ruhumda yanğınlar baş qaldırmada
Nə sönər zamanla, nə sakit olar.
Durub inanımmı öləcəyimə
Sevinclə ciddiyyət durub yanaşı;
Alov dilləriylə kəlmələr kimi
Alovlar qalxırsa girdaba qarşı.
Mişanı İslam dininə, Şərqə və Türk dünyasına çəkən hansı qüvvədir, o hansı qüvvədir ki, onu Moskvanın göbəyində bizim səfirimizə çevirdi?! Bu sualın cavabını öyrənmək üçün, gəlin, Mişanın özünü oxuyaq: "Leninqradda doğulsam da, uşaqlığım Qırğızıstanın cənubunda, Fərqanə vadisində keçdi. Böyüdüyüm, havasını udub, suyunu içdiyim yerlərin landşaftı ilə İslam dini arasındakı sehirli, sirli əlaqə o zamanlar İslama, ümumilikdə götürdükdə Şərqə, xüsusiylə də İslam şərqinə məndə böyük maraq və sevgi oyandırdı. Quranın Rusca tərcüməsi evimizdə hər zaman vardı. Məktəb illərində çox böyük bir maraqla onun səhifələrini vərəqləyirdim. Quranı anlamağa başladığımda isə sanki yeni bir dünyanın qapılarını açdım. Əbu Hamid əl-Qəzalinin dediyi kimi, "Allaha gedən pillələr saysız-hesabsızdır. Və hər sənətkar da bu pillələrin birindən yola çıxar. Bəlkə buna görədir ki, ilham anlarında M.Lermontov və Bunin həqiqi müsəlman kimi davranmışlar. Quran hər zaman mənə xəzinə kimi gəlmiş və dünyada heç bir güc məni bu xəzinədən uzaqlaşdıra bilməz. Əlbəttə, Rusiya hər şeydən öncə Pravoslav ölkəsidir. Pravoslavlıq rus kültürünün əsasını təşkil edir. Xarici təsir güclərinə gəldikdə isə İslam bu güclərin ən əhəmiyyətlisidir".
M.Sinelnikovun "Buludlar və quşlar” adlı ilk kitabı 1975-ci ildə çap olunacaqdı. Sonra ədəbiyyatla ilgili məqaləllər yazmağa və araşdırmalar aparmağa girişəcəkdi. Özəlliklə çeşitli dinlərin Rus mədəniyət və ədəbiyatına təsirlərini araştdırmaqla uğraşacaqdı. Ona qədər kimsə tərəfindən tədqiq edilməmiş Rus ədəbiyyatında İslam motiflərini araşdıracaqdı. İstər Avropa, istərsə də Şərq ədəbiyatı şairilərindən bir çoxunun əsərlərini Rus dilinə tərcümə edəcəkdi. Bu tədqiqatlar, özəlliklə Türk Dünyası ədəbiyatından və Gürcü ədəbiyatından etdiyi tərcümələr geniş marağa səbəb olacaqdı.
Şərq-İslam, buddizim düşüncəsi şairin xəyalını qanadlandıracaq və onu uzaq səfərlərə səsləyəcəkdi: Himalay, Tibet, Benqal körfəzi, Hindiçin, Monqol çölləri, Koreya, Şiri-Lanka, İsrail, Qafqaz, Türkiyə, İran və Ərəb ölkələri onun səyyahət güzərgahı olmuşdur. Əlbəttə M.Sinelnikov Avropa ölkələrinə də səyahət etmiş və bu səyahətin izləri şeirlərində görünür. Amma onunçün Şərqdən aldığı izlənim bir başqadır. Bunu tərcümə etdiyi şairlərin siyahisindən də görmək mümkündür. Bu səfərlərin zəngin bilik və təəssüratı ona Uzaq Şərq, Şimalı Qafqaz şairləri, Fars klassikləri, Türk dilli şairlərinin əsərlərini böyük bir başarı ilə rus dilinə çevirməsinə səbəb olacaqdı. Bunların arasında Qaraçay və çəkəzlərin monimental "Nart” dastanını”nın ayrıca bir yeri var. Tərcümə etdiyi şairlərin sadəcə adları belə çəkilən zəhmətin miqyasını görmək baxımından çox önəmlidir: Aleksandr Çavçavadze, İlya Çavçavadze, Akaki Sereteli, Qalaktion Tabidze, Rudaki, Ömər Xəyyam, Yunus Əmrə, Cəlallədin Rumi, Sədi, Hafiz, Cami, Məhəmməd İqbal, Lahuti, Şamkarimşira, Qaysın Quliyev, Abdulla Tukay, Ali Akbaş və s. Amma M.Sinelnikova şöhrət gətirən heç şübhəsiz ən mükəmməl tərcüməsi XII əsrin böyük Azərbaycan şairi Xaqaninin geniş həcmli divanıdır. M.Sinelnikovun Azərbaycan poeziyasını heyranlığı aşağıdakı şeirndən də görünməkdədir:
Qatları çox bir sözün uzaq dərinliyində
Qapalı mənaların ən can alan yerində
Və həyat axışında düzənləri yıxaraq,
Məna ardınca məna, sirr içindən çıxaraq,
Sonra zaman içində səsə dönüşər fikir
Vaxtsız ayrılıqları geri çevirər bir-bir
Bu musiqi fonunda sonsuz dünya nizamı
Fuzuli və Nizami!
M.Sinelnikov Xaqaninin divanı ilə yanaşı Azərbaycan ədəbiyyatından M.Şəfi, H.Cavid, R.Rza, B.Vahabzadə və bir sıra başqa şairimizin də əsərlərini rus dilinə çevirmişdir. Bu xidmətlərinə görə də ona Nəsimi, Nəcəf Nəcəfov və Mikayıl Müşfiq mükafatı verilmişdir. Bu tərcümələrdən bir çoxu 2011-ci ildə çap olunan "Şərq poeziyası” tərcümələr kitabında yer almışdır. Yeri gəlmişkən onu da xatırladım ki, M.Sinelnikov Xaqani "Divanı”nın tərcüməsinə görə Rusyanın ən önəmli Bunin mükafatına layiq görülmüşdür.
27 orijinal şeir kitabı, ədəbiyatla ilgili sayısız məqalə və araştırmaları var. Şeirləri ilə 20. yüzil "Rus şeirr antologiyası”nda yer alıb. Əsərləri ingilis, alman, hind, Koreya, Rumın dillərində yayınlanıb.. Şeirləri müxtəlif Türk ləhçələrinə və Türkiyə Türkçəsinə çevrilib. Yapon, və rumın dilinə çevrilən əsərləri kitap halında yayınlandı.
Son dönəm yazılarından yola çıxaraq deyə bilərəm ki, Mixail Sinelnikov bir şair kimi sənətkar ömrünün ikinci baharını yaşayır, sanki ikinci nəfəsi açılıb. Rusiya mətbatında son illər onun qədər tez-tez çap olunan ikinci bir şair tapmaq müşkül məsələdir. Məncə, uşaqlıq saflığını yaşın irəliləyən çağlarına qədər daşıya, həm də bu saflığı həyati təsrübə ilə zənginləşdirə bilənlər ömrün ahıl çağlarında fiziki qocalığın məngənəsində sıxılmaq əzabında uzaq olur. Və bu uzaqlıq da belə adamlara böyük bir coşqu ilə əvəzsiz əsərlər yazdıra bilir.
Adı böyük hərflərlə yazılcaq dostumu, ədəbiyyatımızın cəfakeş təbliğçisini yetmiş illiyi münasibəti ilə canı könüldən təbrik edirəm.
Məmməd İsmayıl
banner

Oxşar Xəbərlər