«Ədəbiyyatımızın gələcəyi təməllərə qayıdışdadır»

«Ədəbiyyatımızın gələcəyi təməllərə qayıdışdadır»

Müsahibə
17 Dekabr 2012, 14:42 1579
Bildiyimiz kimi, Azərbaycan ədəbiyyatının malik olduğu zəngin mənəvi miras Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin tədqiqat mövzusudur. Muzeyin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, millət vəkili Rafael Hüseynovun “Kaspi” əməkdaşı ilə söhbətində dahi şairimiz Nizaminin yaradıcılığı dünya mədəniyyətinə təsiri baxımından müzakirə olunur.
- Əvvəlcə tarixə qısa bir nəzər salaq. 1941-ci ilin oktyabr ayında Leninqrad şəhəri 900 günlük amansız blokada ilə üz-üzə qaldığı halda Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlaşırdı. Bu tarixi hadisəni necə şərh edərdiniz?
- Azərbaycan SSR XKŞ-nın 1 noyabr 1939-cu il tarixli sərəncamı ilə Bakının Kommunist (indiki İstiqlaliyyət) küçəsində bütün dünyanın Nizami Gəncəvi kimi tanıdığı şair Əbu Məhəmməd İlyas ibn Yusif Nizami Gəncəvinin xatirə ev muzeyi yaradılmışdı. Bu hadisə dahi şairin 800 illiyinə həsr olunmuşdu. Amma muzey üstündən 6 il keçəndən sonra - 1945-ci ilin 14 aprel günü qapılarını ictimaiyyətin üzünə açdı. Səbəb ikinci dünya müharibəsi idi. Hərçənd o il şairin yubileyi bütün SSRİ miqyasında keçirilməlidir. Bütün respublikalarda elmi konfranslar keçiriləcəkdi, görkəmli şərqşünas alimlər E.Bertelsə, İ.Kraçkovskiyə, A.Krımskiyə elmi əsərlər yazmaq tapşırılmışdı, Nizaminin əsərləri rus dilinə tərcümə olunurdu. Di gəl, bu yubileyi layiqli səviyyədə yalnız Leninqraddakı Dövlət Ermitajı keçirdi. Məşhur muzeyin zirzəmisində keçirilmiş təntənəli tədbirlərin iştirakçısı olan görkəmli alimlərin şəkilləri bu günədək qorunub saxlanılır. Yeri gəlmişkən, Azərbaycan rəssamı Vaqif Hüseynovun həmin o tədbirin iştirakçılarını kürklərdə, xəz papaqlarda, keçə çəkmələrdə təsvir olunan boyakarlıq əsəri muzeyimizdə saxlanılır. O zaman Jdanov adına Leninqrad Dövlət Universiteti Şərq fakültəsinin tələbəsi olaraq həmin təntənəli gecəyə dəvət olunmuş, indi Rusiyanın görkəmli şərqşünaslarından olan həmin universitetin professoru A.Boldırevin bizə çatdırdığı dəvətnamə də qiymətli yadigar kimi əlimizdədir. Təsəvvür edin ki, müharibənin o dəhşətli günlərində, blokadaya məruz qalan şəhərdə, aramsız top atəşi və bombardmanlar altında Şərq intibahının dühası böyük Nizaminin misraları yaşayır, dilə gətirilir, bəşəri fikirləri məhrumiyyətlərə düçar olan insanların qəlbini isidirdi. Nizami Gəncəvi kimi sənətkarlar dünya ədəbiyyatında elə də çox deyil. Amma onların əhəmiyyəti ondadır ki, ən çətin anlarda, dövrlərdə sanki insanların mənəvi imdadına yetişir, bəşər oğlunun ucalığını tərənnüm edən əsərlərilə insanlara təsəlli verir, gələcəyə inam təlqin edir, onları birləşdirir.
- Bu il Azərbaycanda Nizaminin 870 illiyi qeyd olunur. Həmin tədbirlər haqqında danışardınız.
- Böyük şairimizin 870 illiyinə həsr olunmuş “Nizami və dünya ədəbiyyatı” adlı elmi konfransa dünyanın 40 ölkəsindən nümayəndələr gəlmişdi. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyilə Nizaminin “Xəmsə”si audio CD ilə birgə nəfis tərtibatda nəşr edilərək oxucuların ixtiyarına buraxılıb. Bununla yanaşı, yubiley üçün mənim fikrimcə, çox əhəmiyyətli əsərlər də işıq üzü görüb. Bu, bizim Abbas Seyidovla yazdığımız “Yerin altından qayıtmış gözəllik” kitabı və XII əsrin gözəl şairəsi Məhsəti Gəncəvi haqqında “Ay xanım” adlı rus dilində kitabdır.

Nizami dünya ədəbiyyatında çox özəl hadisədir. Onun yaradıcılığı bəşər mədəniyyətinin tarixi inkişafına təsir göstərib. Azərbaycan coğrafi mövqeyi və tarixi inkişafı etibarilə Şərqlə sıx bağlı olduğu halda həm də bir Qərb ölkəsidir. Bizim ədəbiyyatımız ana dilimiz olan Azərbaycan türkcəsi ilə yanaşı fars, ərəb, sonradan rus, fransız, ingilis və başqa dillərdə yaradılıb. “Xəmsə”nin müəllifi səkkiz əsrdən artıqdır mövcud olan Nizami Gəncəvi şer məktəbinin banisi olmaqla bir sıra milli mədəniyyətlərin inkişafına əsaslı təsir göstərib. Nizaminin əsərləri artıq dünyanın əksər dillərinə tərcümə olunub.
- Bu yaxınlarda Çexiyada “Xəmsə”nin nadir əlyazmasının tapılması xəbəri yayıldı. Bu mühüm hadisə barədə fikriniz nədir?
- Bəli, Praqadakı Çexiya Milli Kitabxanasında 300-dək türk dillərində əlyazma, çoxlu sayda fars ədəbiyyatı nümunələri, habelə “Xəmsə”nin XVII əsrdə köçürülmüş və indiyədək naməlum olan nüsxəsi tapılıb. Bu nüsxə Nizami əsərlərinin elmə məlum olan nüsxələrindən daha gözəl xətlə yazılması, həmçinin tərzi və sənətkarlıq xüsusiyyətləri baxımdan Təbriz məktəbinə məxsus 80-dək miniatürlə bəzənmiş olması ilə fərqlənir. Bununla yanaşı, Praqada tapılan nüsxə orijinala daha uyğundur, yəni təhrif olunmayıb. Bu kitabxana ilə əməkdaşlıq müqaviləsi imzalamışıq və hazırda tapılan əlyazma haqqında kitab hazırlanır. Kitab Azərbaycan, çex və ingilis dillərində nəşr olunacaq. Bu ay kitabın Bakı və Praqada təqdimatını keçirmək nəzərdə tutulur.
- Sizcə, xarici ölkələrdə saxlanılan Azərbaycanın böyük ədəbiyyat nümunələrini bir-bir toplayıb onları Vətənimizə qazandırmaq, beləcə xalqımızın milli mənəvi irsinin dolğun mənzərəsini yaratmaq vaxtı gəlib çatmayıbmı?
- Biz elə bu işlə məşğuluq. Belə ki, Azərbaycan Ədəbiyyatı Muzeyi fəaliyyətə başlayanda onun bütün fondu 213 əlyazma, 200 litoqrafiya kitabı, 152 arxeoloji artefaktı, 424 plastik sənət nümunəsindən ibarət idisə, bu gün 40 salonumuzda 100 mindən artıq eksponat nümayiş olunur. Bütün yeniliklərimiz haqqında danışsam, çox güman ki qəzet səhifəsi bunu üçün bəs etməyəcək. Həm də on kərə eşitməkdənsə bir dəfə görmək yaxşıdır deyiblər. Doğrudan da, dünyanın bütün kitabxanalarında, arxivlərində, muzeylərində müxtəlif xalqlara məxsus əlyazmalar saxlanılır, bunlar arasında nadir olanlar da var. Belə hallara rast gələrkən biz şad oluruq, ələlxüsus da milli ədəbiyyatımızla bağlı olanlara.
- Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Hüseyn Cavid, Rəsul Rza, Nigar Rəfibəyli kimi ulularımızın yaradıcılığı haqqında kitabların müəllifisiniz. Orta çağların türk və fars şer sənətini tədqiq edirsiniz. Azərbaycanın ənənəvi ədəbiyyatının bünövrəsi barədə nə deyərdiniz?
- Nizami, Xaqani, Füzuli, Nəsimi, Vaqif, Natavan, Sabir, Cavid kimi böyük şairlərimizin ardıcılları qələm ustadlarımızın bəyan etdiyi ümumbəşəri dəyərlərin bərqərar olmasına məsuliyyət daşıyırlar. Bu dahilərin söz qüdrəti heçdən yaranmayıb, əsrlərlə təşəkkül tapan münbit zəmində ərsəyə gəlib. Elə Nizami dühası o dövrün ən zəngin mənəvi xəzinəsi olan Bərdə kitabxanasında yetişib. Orada olan Çin, yunan, ərəb, fars, hindi, gürcü, türk dillərində kitabların təşkil etdiyi bütöv bir dünya bizə Nizamini və onun yaradıcılığını bəxş edib. Nizami və onun bir çox ardıcılları Azərbaycan şairi olmaqdan savayı, həm də bütün Şərq aləminin şairi olublar. Nizamişünaslıq məktəbinin başlıca təməlləri buna əsaslanır. Nizami Gəncəvi İntibah dövrünün o qədər böyük simasıdır ki, hələ bundan sonra da əsrlərlə çoxları üçün ilham mənbəyi olaraq qalacaq. Azərbaycan ədəbiyyatının başqa klassik nümayəndəsi olan Nəsiminin məşhur “məndə sığar iki cahan, mən bu cahana sığmazam” misrası əslində bir çox klassik ədiblərimizin yaradıcılığını ifadə edir. Dünyanın bir növ sıçrayış tərzində inkişafı, üsyankarlıq, cahanşümül düşüncə Azərbaycan şerinin mayasındadır. Naimi, Nəsimi, Sabir, Müşfiq, Cavid... bu sıranı uzun-uzadı davam etmək olar. Bilik sədlərini genişləndirmək, Nizaminin “İsgəndərnamə” əsərində təsvir olunan mükəmməl dünyanın gələcək gözəlliyinə, ahənginə can atmaq bütün Azərbaycan ədəbiyyatına xas olan cəhətdir. Nizami xəyal dünyası yox, nümunəvi, qurulmağa çalışılacaq bir dünya ortaya qoyub! Bu gün biz belə dünyadan uzaq ola bilərik, amma Nizaminin də, Azərbaycanın digər ulu şairlərinin də yaradıcılığı bizə gələcək yolun istiqamətini göstərir.
- Bəs Azərbaycan ədəbiyyatının gələcəyini ədəbi mirasımızın baş mühafizi kimi siz necə görürsünüz?
- Bir az qəribə gəlsə də, ədəbiyyatımızın gələcəyini təməllərə qayıdışda, yəni milli Azərbaycan ədəbiyyatının böyük ümumbəşər ənənələrini yaşatmaqda və daha da zənginləşdirməkdə görürəm. Maddi sərvətlər zaman keçdikcə tükəndiyi halda mənəvi sərvətlər əksinə, artır. Nizami Gəncəvi bütöv Azərbaycan mədəniyyətinin, tariximizin, fəlsəfəmizin, dərrakəmizin bir rəmzidir, əbədi həqiqət, əbədi gözəllik və kamillik çırağımızdır. Məhz təməllərə qayıdışdadır bizim sabahımız, gələcəyimiz, övladlarımızın gələcəyi.

Nelli Atəşgah