AZE | RUS | ENG |

Ədəbiyyatımızın dünənində və bu günündə yaşayan yazıçı - Fotolar

Ədəbiyyatımızın dünənində və bu günündə yaşayan yazıçı - Fotolar
Xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından 22 il ötür

İyirmi iki ildir İlyas Əfəndiyev cismən aramızda yoxdur. Amma yazdıqları əsərləri, səhnələşdirilən pyesləri ilə xalqımızın yaddaşında, dünənində və bu günündə yaşayır. Zaman ötdükcə oxucu və tamaşaçı onu daha yaxından tanıyır, onu yenidən kəşf edir. Həqiqətən də, böyük yazıçıların doğum tarixi olsa da, ölüm tarixi olmur. Onlar əbədiyaşardır.

İlyas Əfəndiyevin xatirə günü ərəfəsində AZƏRTAC onun ömür yolunun və yaradıcılığının bəzi məqamlarına nəzər salır.

Bu görkəmli yazıçını və dramaturqu xatırlayarkən ulu öndər Heydər Əliyevin onun haqqında dediyi sözlər yada düşür: "İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töhfələr veribdir, böyük xidmətlər göstəribdir, çox dəyərli əsərlər yaradıbdır. Onun yaradıcılığı başqa cəhətlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o öz əsərlərində həm Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə bugünkü nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir”.


İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il mayın 28-də Füzuli şəhərində dünyaya göz açıb. Ötən əsrin 30-cu illərinin repressiya dalğası Əfəndiyevlər ailəsindən də yan keçməyib, yazıçının atasına "kulak” damğası vurulub.

1938-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirən İlyas Əfəndiyev Bakıda "Yeni yol”, "Kommunist” və "Ədəbiyyat qəzeti” redaksiyalarında işləyib. Onun ilk mətbu əsəri - "Buruqlar arasında” oçerki 1938-ci ilin noyabrında, "Berlində bir gecə” adlı ilk hekayəsi "Ədəbiyyat qəzeti”nin 1939-cu il 26 yanvar tarixli nömrəsində dərc edilib.

İlyas Əfəndiyevin "Kənddən məktublar” (1939) kitabı sonralar məşhurlaşacaq 60-cı illər ədəbiyyatı üçün bir cığır açıb. O, "Söyüdlü arx”, "Körpüsalanlar”, "Dağlar arxasında üç dost”, "Sarıköynəklə Valehin nağılı”, "Geriyə baxma, qoca”, "Üçatılan” və digər nəsr, eləcə də dram əsərləri ilə ədəbiyyata ilk dəfə lirik-psixoloji üslub gətirib. İlyas Əfəndiyev sovet dövründə hakim ideologiyanı tərənnüm etməyib, adi insanların həyatını, məhəbbətini, arzu və istəklərini özünəməxsus sadə dillə qələmə alıb.

Ədib "Atayevlər ailəsi”, "İşıqlı yollar”, "Bahar suları”, "Sən həmişə mənimləsən”, "Mənim günahım”, "Unuda bilmirəm”, "Məhv olmuş gündəliklər”, "Qəribə oğlan”, "Mahnı dağlarda qaldı”, "Bağlardan gələn səs” və digər dram əsərləri ilə "İlyas Əfəndiyev teatrı”nı yaradıb. Həmin dövr Azərbaycan mədəniyyəti tarixində "İlyas Əfəndiyev mərhələsi” kimi səciyyələndirilir.

Yazıçının əsərləri bəşəri mövzulara həsr olunduğu üçün rus, türk və digər dillərə tərcümə edilib, Avropanın nüfuzlu teatrlarında səhnəyə qoyulub. Onun anadan olmasının 100 illik yubileyi UNESCO-da təntənəli şəkildə qeyd edilib.

1996-cı il oktyabrın 3-də dünyasını dəyişən yazıçı Fəxri Xiyabanda dəfn edilib.
 

 

İlyas Əfəndiyevin yaradıcılığı həmişə yüksək qiymətləndirilib. O, "Əməkdar incəsənət xadimi”, "Xalq yazıçısı” fəxri adlarına layiq görülüb, Dövlət mükafatı, "Şöhrət” ordeni ilə təltif edilib. Yubileyləri dövlət səviyyəsində qeyd olunub. İçərişəhərdəki küçələrdən birinə və "Elitar” Gimnaziyaya İlyas Əfəndiyevin adı verilib. Ulu Öndərin Sərəncamına əsasən ədibin "Seçilmiş əsərləri”nin yeddicildliyi, Prezident İlham Əliyevin Sərəncamı ilə üçcildliyi nəşr olunub. Yaradıcılığı haqqında monoqrafiyalar, namizədlik dissertasiyaları yazılıb.

Bunlar bir daha təsdiqləyir ki, İlyas Əfəndiyev təkcə öz dövrünün deyil, bütün zamanların yazıçısıdır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9230
GEL 1 1 Gürcüstan larisi 0.6378
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1390
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.7036
KWD 1 1 Küveyt dinarı 5.5847
TRY 1 1 Türkiyə lirəsi 0.3162