• çərşənbə axşamı, 16 aprel, 14:19
  • Baku Bakı 19°C

Ədəbiyyatımızda təmizlik ehtiyacı...

20.06.15 11:02 2113
Ədəbiyyatımızda təmizlik ehtiyacı...
Xəyalə Əziz
Bakı Dövlət Universiteti, 1-ci kurs magistr

Bir dәfә ailәvi şәkildә parka gəzməyə çıxmışdıq. İki nәfәr: “Bağışlayın, sizi bir dәqiqә olar?” - sualı vә qәmgin nәzәrlәrlә bizi yolumuzdan elәdi. Atam deyәcәklərini 60 saniyәdә ifadə etmələrini xahiş etdi. Sağ olsunlar, bizi iki saata yaxın söhbәtә tutdular. Nәdәn danışırdılarsa, mәnә çatmırdı. Son saniyәlәrdә kişi döş cibindәn bukletә bәnzәr bir kitab çıxardı, heç nә demәdәn nәsә yazdı, sonra atama verərək dedi:
- Üç nöqtә qoydum, orda bir yerə sonra evdә öz adınızı yazarsınız. Şairәm mәn.
Atam:
- Nә әcәb! Bax, bu başqa məsələ. Onda şeirlәrindәn birini de, şair, qulaq asaq. Mәdәni istirahәtdir.
-Әşi, yox, kasıb adamam, nә şeir demәk?
Bizimki dirәşmәsә, olmur:
- Kasıb olmağın şeir demәyә nә aidiyyatı var?
Kişi cavabında dedi ki, kasıbın dili söz tutmur. Yanındakı da “şair” nә desә, “bәli”, “elәdir”, “әlbәttә”lәrlә tәsdiqlәyirdi; nә bir kәlmә artıq, nә bir kәlmә әskik. Nә isә.. Bilmirәm, atam hәqiqәtәn onun nә dediyini anlamadı, ya da anlamazlıqdan gәldi, dedi: “Siz sağ, biz salamat, xoş oldu söhbәt”.
Belәliklә, çıxdıq aradan. Nә gözәl, kitab da qaldı bizdә, onsuz da qaytarmaq mәdәniyyәtsizlik olardı. Hörmətli sənət adamlarından aralanıb skamyaların birindә әylәşәndәn sonra qardaşım dedi ki, gәl bir baxaq, kişi nә yazıb kitabda? Vәrәqlәyәndә rastımıza çıxan şeir:
Adәm Hәvvaya baxdı,
Hәvva Adәmә baxdı.
Allah qovdu onları...
İki-üç misra mәsәlәnin nә yerdә olduğunu yaxşı izah elәdi. Son nәticәdә belә qәrara gәldik ki, bu iki “atanşik” camaata atış gәlib, “kitab yazıram”, “şairəm” adı ilә ağıllarına gәlәni sırıyıb, kasıb olduqlarını qәlәmә verib pul qoparmağa çalışırlar. Bәlkә kiminsә yazığı gәldi, “elmә”, “sәnәtә” dәyәr verdi. Nә isә. Deyәcәyim bu deyildi. Mәsәlә burasındadır ki, bu gün әdәbiyyatımızın sәviyyәsi belә səmərəsizlərin, işbazların hesabına vә ya hansısa şizofreniya xәstәsinin әlindә yerin tәkinә enib. Hamıya şamil etmirəm bu fikri, biçmirəm ədəbiyyatın boynuna, amma göz önündә olanların bir qismi məhz A vә B bilmәdәn özünü şair, yazıçı, jurnalist vә “nә bilim nә” adlandırıb ortaya düşür, insanların zövqünә sarımsaq doğrayır. Zövqlәr iy verməyə başlayıb. Bu yerdə “Toy kimindir?” tamaşasından Nəsibə Zeynalovanın elçi getdiyi evin həyətində yoldaş “fildibestr”lə söhbət əsnasında nəvəsi ilə dialoqu yadıma düşdü:
-Deyirəm, sənin qızın Məryam...
-Mırvarı.
-Hə, Mırvarı. Araba sürən olsa da...
- Əyribilan.
- Hə, əyribilan sürən olsa da, dağı dağ üstünə aşıran qızdı. Təzəyimiz tökülüf qalıf...
- Siz nə danışırsınız?
- Deyirəm, təzəyimiz tökülüf qalıf, onu divara yapan lazımdı, ya yox? Bu həyət-bacanı süpürən lazımdı, ya yox? Mən də qoca arvadam, işi yetirə bilmirəm ha...
Yaxşı deyir rəhmətlik... Hәrdәn mәnә elә gәlir ki, o tәzәklәr bәzi səviyyəsiz әdәbiyyat sәhifәlәrinә yapılıb. Amma gerçək ədəbiyyat biliciləri, ədəbiyyatı, həqiqi sözü yaşadanların sayəsində bu səhifələr də çox tezliklə təmizlənəcək, ağ günə çıxacaq.
banner

Oxşar Xəbərlər