• çərşənbə axşamı, 19 mart, 14:46
  • Baku Bakı 8°C

Ədəbiyyatımız texnoloji inkişafın yolunu tutub?

25.09.17 11:11 9384
Ədəbiyyatımız texnoloji inkişafın yolunu tutub?
Dünyada robotlaşma gedir. Müasir texnologiyalar bütün sahələrdə öz sözünü diktə edir. Texnoloji ədəbiyyatın bizdə inkişaf etmədiyini, fantastik və utopik ədəbiyyatın yoxluğunu, o cümlədən ədəbi texnikanın sürətləndiyini deyənlər də var.
"Müzakirə”mizdə iştirak edənlər maraqlı və fərqli fikirlər söylədilər.
Ədəbi texnika sahəsində axsayırıq
Yazıçı Aslan Quliyev hesab edir ki, yeni texnologiyalar ölkəmizdə özünü ən çox ədəbiyyat sahəsində göstərir: "15-20 il öncə hamımız diyircəkli qələmlə yazırdıq, kompüter nədir, çoxumuzun adicə yazı makinamız yox idi. Dövlət idarələrində, ya da nəşriyyatlarda, redaksiyalarda makinaçı qızlara pul verib makinada yazdırırdıq. Onlar da çoxlu səhvlərə yol verirdilər. Səhvləri düzəldir, təzədən yazdırırdıq. Bu heç də ucuz başa gəlmirdi. Çoxunun yazılarını makinada yazdırmağa imkanı çatmırdı. Hələ bir makinası olanlar üçün də kağız, surət çıxaran kağız, lent tapmaq problemləri var idi. İndi isə ən ucqar dağ kəndindəki qələm adamı da yazılarını kompüterdə yazır. İşimiz xeyli asanlaşıb, yazını təzədən oxumaq, redaktə eləmək, düzəlişlər, əlavələr eləmək əsla çətinlik törətmir. Düzdür, kəmiyyətdə olduğu qədər, keyfiyyətdə qazanmamışıq. Yəni yeni texnologiyalar çap məhsullarının artımına təsir eləyib, keyfiyyətinə isə elə də təsiri olmayıb”. Yazıçının fikrincə, sırf ədəbi texnologiyalar, ədəbi texnika sahəsində axsayırıq. Belə ki, səbəbi də elə həmən yeni texnologiyalardır: televizor, kompüter, telefon, yüzlərlə elektron vasitələri qələm sahiblərimizə kitab oxumağa mane olur: "Oxumurlar, oxumadıqca da, məlumatları olmur, öyrənmirlər, yeni ədəbiyyatdan xəbərsiz olurlar. Xəbərsizdirlərsə, yeni ədəbiyyatı da yarada bilməzlər”. Robotlaşmaya gəlincə, A.Quliyevin fikrincə, ədəbiyyat təsərrüfatımız bu sahədə dünyadakı ən qabaqcıl yerlərdən birini tutur: "Robotlaşma ildırım sürəti ilə gedir. Həm də aşkar surətdə. Əksər yazarlarımızın əsərlərini oxuyanda bir kimsə bunları canlı insanların yazdığını təsəvvür eləməz, robotların yazdıqlarını düşünəcək”.
Düşüncəni genişləndirməliyik
"Bilirsiniz bu nəyə bənzəyir? Ölkəyə nəzər saldıqda gənclərin, şəxslərin əynində yeni, müasir əlbisələr görürük. Yəni biz əvvəlin adamları deyilik artıq. Müasirləşmişik” deyir yazar Günel Eyvazlı: "Amma kimləsə həmsöhbət olduğumuz anda qəribə bir paradoksun şahidi oluruq. Belə ki, bəzən görkəm ilə şüur, düşüncə tərzi üst-üstə düşmür. Şəxslərin dünyagörüşü libasları qədər müasir görünmür. Zamanla zorakılıq halları cəmiyyətimizdə daha da artır, müasir dediyimiz şəxslərin qurduğu ailələrdə baxış uyğunsuzluğu, anlaşılmazlıq özünü göstərir”. Ədəbiyyata gəlincə, yazar bəzi qələm adamlarında qəribə tendensiyanı müşahidə etdiyini deyir: "Elə bil bu şəxslər əski, qədim lüğətləri qarşılarına qoyaraq, köhnəlmiş, sıradan çıxmış, dil strukturuna ağırlıq gətirən sözləri mətnlərinə daşıyırlar. Əgər mətndə keçmiş dövrün təsviri varsa, bu fənddən istifadə etmək olar. Buna haqq qazandırmaq mümkündür. Əgər yoxsa, sadəcə, yenilik etmək istəyiriksə, buna ehtiyac yoxdur. Bilirsiniz, hər insanın özünün düşüncə tərzi var. Mən müasir düşüncəyə xidmət edən hər hansı bir termini maraqla axtararam, mifik qəhrəmanın axtarışının izinə düşərəm. Yəni bir var, sözün məna axtarışına, bir də var fikrin arxasında dayanan bütöv bir hadisənin izahının axtarışına çıxasan. Bunlar tamam başqa-başqa istiqamətlərdir. Demək istədiyim odur ki, zamanla dilimiz cilalanır. Onu arxaik sözlərlə "zənginləşdirməyə” ehtiyac yoxdur”. G.Eyvazlı hesab edir ki, Azərbaycanda fantastika janrı yox səviyyəsindədir. Yazılmır. Yazanlar da çoxluq tərəfindən dərk edilmir, həzm edilmir: "Əslində, dil faktorunu elə-belə söyləmədim. Dilin istifadəsində belə informativlik, müasirlik, intellektuallıq, elmilik yoxdur. Çox az sayda qələm adamında bunlar mövcuddur. Hamı guya öz aləmində mətnlərdə bölgə atmosferini yaratmağa çalışırlar. Meqapolislər, genişlənən şəhərlər, müharibələr, elmin verdiyi töhfələr, müasir texnologiya mətnlərimizə gəlib çıxa bilmir. Söhbət ondan getmir ki, mən öz şeirimdə və ya hekayəmdə kompüterdən və ya "pultu əlimə götürdüm” kimi bayağı ifadələrdən istifadə edim. Əsla. Əşyanın adını hallandırmaq müasir mətn yazmaq demək deyil. Müasirlik və bütün texnoloji yeniliklər əsərin canında özünə yer tapmalıdır. Bayağı yox, fundamental fikir çəkisinə malik olmalıdır. Düşünürəm ki, bunun ifadəsi üçün ən gözəl variant fantastika janrının ədəbiyyatımızda inkişaf etdirilməsidir. İstənilən elmi açılışları bədii və fantastik, təxəyyül dünyasının vasitəsilə elə gözəl təsvir etmək olar ki, sübut edilmiş elmi kəşflərdən elə gözəl yararlanmaq olar ki, uydurma yazmağına baxmayaraq, oxucunu yazdığın mətnin həqiqiliyinə inandıra bilərsən”. Həmsöhbətim vurğuladı ki, mətnlərini (hekayə, şeir) konkret bir janra aid etməsə də, fantastik fəndlərdən, uydurmalardan istifadə etdiyini deyən yazar, əksinə, onda realizmin nədənsə alınmadığını söyləyir: "Təsvir etdiyim ab-hava realist cığırdan birbaşa uydurmaya, mistikaya doğru gedir. Hətta mifik təsvirlərdə belə elmiliyi verməyə çalışıram. Çalışıram da demək doğru olmaz, mətn özü belə alınır. Bəlkə də bu, mənim məşğuliyyətimdən irəli gəlir. Elmi, texnoloji ədəbiyyatları oxumağı çox sevirəm. Məsələn, birnəfəsə biologiya kitabını açıb bitkilər haqqında oxuya bilərəm. Yenidən kimya oxuya bilərəm, "gələcəyin texnologiyası” adlı verilişləri izləyə bilərəm. Bəlkə də realizmin alınmamağının səbəbi budur. Dilimizin özünün informativ olmağa ehtiyacı var. Biz istənilən söhbətimizdə belə primitiv izaha üstünlük veririk. "Loru dildə desək” ifadəsi söhbətimizin ana xəttini təşkil edir. Belə olmamalıdır. Cəmiyyətin inkişafı üçün elə öz intellektual dilimizdə danışmalıyıq ki, kütlə bizi nəhayətində anlamalıdır. Zamanla bu, mütləq olacaq. Sosium gec-tez yetişəcək. Onu həm də biz yetişdirməliyik”. Yazarın fikrincə, elmi qavramanı inkişaf etdirmək, düşüncəni genişləndirməklə təfəkkürümüz də dəyişəcək: "Yadımdadır ki, müəllimim Niyazi Mehdinin mühazirələrində iştirak edən zaman beynimin yüklənməsinin və anlaşılmazlıqlar içində çabaladığımın şahidi olurdum. Yəni, o, bizim dildə danışırdı, amma dediklərini anlamaq mümkün olmurdu. Mən nəyin bahasına olursa-olsun müəllimimi başa düşmək istəyirdim. Yol boyu, evə çatana qədər dinlədiklərimin açılışını anlamaq üçün beynimi didik-didik edirdim. Onun danışıq kodlarını açmaq üçün həmin ədəbiyyatların izinə düşürdüm. Nəhayət ki, bütün bu axtarışlar öz bəhrəsini verdi. Elmi qavramanı inkişaf etdirdikcə, həm də kodların arxasında dayanan mövzulardan anlayışlı olduqca, onu başa düşmək sevincini yaşadım. Möhtəşəm hissdir. Biz bu tip izahları, düşüncəni genişləndirməliyik. O zaman dəyişən təfəkkürümüz ədəbiyyatımızı da, cəmiyyətimizi də, elmimizi də robotlaşdıracaq”.
Yazılsa, çox gözəl olar...
Kinonu birbaşa texnologiyanın məhsulu hesab edən yazar Kənan Hacı hesab edir ki, ədəbiyyat əksinə, insanın robotlaşmasına qarşı olmalıdır: "Həm hərəkət edən, həm düşünən robot adamı ilk dəfə macar əsilli Volfqanq Ritter von Kempelen yaradıb. Onun 1769-cu ildə yaratdığı robot adam masa arxasına keçib və qarşısındakı canlı insanla şahmat oynayıb. Kempelen, imperatriça Terezanın dəstəyi ilə yaratdığı bu varlığa "Şətrənc oynayan adam” adını verib. Çoxları Kempeleni sehrbaz zənn etmişdi. Festivallarda, yarmarkalarda nümayiş etdirilən "Şətrənc oynayan adam”ı görmək üçün axın-axın insanlar gəlib onun tamaşasına dururdu. Bu robotu görənlər arasında alman şairi və mütəfəkkiri Göte də vardı. Həmin vaxt bu mexaniki varlığı Amerikaya aparmışdılar, Edqar Allen Po onu görüb heyran qalmışdı və bu möcüzə haqqında yazı yazmışdı. Bir gün insanların alın yazısı dedikləri tale sehrli şahmatçını yandırıb külə döndərdi. O, Çikaqodakı təsadüfi yanğın nəticəsində ömrünü başa vurdu. Amma bu robot adam canlı insanı üstələyə, onu bütünlüklə əvəz edə bilmədi. Ayzek Əzimovun qəhrəmanına çevrildisə də ("Robot adam” romanı), vətəndaşlıq hüququ almaq ona qismət olmadı. Amerikalı rejissor Kris Kolumbus çox sonralar bu romanın motivləri əsasında eyniadlı film də çəkdi və bu film "Oskar” mükafatını qazandı. Texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə ata son model robot alıb evinə gətirir, robot tezliklə ailənin bir üzvünə çevrilir, düşünür, onların sevincini, kədərini paylaşır, evdə canlı insan kimi yaşamağa başlayır. Əsərin qısa mövzusu budur. Amma bu robot adam kitabdan çıxıb həyata gələ, şəxsiyyət vəsiqəsi ala bilmir”. Yazar hesab edir ki, insan zəkası göyləri fəth etməyin yollarını axtarıb tapsa da, neçə yüz illərdir bu robot adama can verə bilmir. Çünki bu səlahiyyət yalnız və yalnız Tanrıya məxsusdur: "Əslində elə yaradıcı sənət, yazılan əsərlər robotlaşmaya qarşıdır. Texnologiya nə qədər inkişaf etsə də, kitab öz dəyərini itirmir.
Bu, zamanın tələblərinə dirəniş göstərmək anlamına gəlmir. Robotu da yaradan insandır. İnsanın özünün yaratdığı robotun onun rəqibinə çevrilməsi mövzusu bizdə çox az işlənib. Fantastik və utopik janra maraq çox olsa da, bu mövzuda yazan yazıçılarımız demək olar ki, yoxdur. Amma yazılsa, çox gözəl olar”.
Janr mənim üçün cəlbedici olmayıb
Elmi-texniki tərəqqi, robotlaşma haqqında ədəbiyyat müstəvisində heç vaxt düşünmədiyini deyən gənc yazar Cavid Zeynallı bütün bunların ədəbi motiv olaraq maraq dairəsində olmadığını deyir: "Yəqin ki, bu haqda fantastik ədəbiyyata və mövzulara həvəsi olanlar düşünsə, daha yaxşı olar. Desəm, bu janrda ədəbiyyatımızda boşluq var, düzgün olmaz. Çünki bizim ədəbiyyatda Namiq Abdullayevdən başqa fantastika yazan müəllif tanımıram. Namiq Abdullayev isə 90-cı illərdə dünyasını dəyişib. Aradan keçən 30 ilə yaxın müddətdə yetişən müəlliflərdən kimsə varsa, tanımıram. Oxucu kimi də bu janr mənim üçün cəlbedici olmayıb. Yəni Lev Tolstoy olan yerdə Aleksey Tolstoyun əsərləri məni heç vaxt çəkməyib”. "Dünya ədəbiyyatı” seriyasından fantastika antologiyası çap olunduğunu deyən yazar bildirir ki, ümumi məlumatı üçün ötən il həmin antologiyadan Rey Bredberinin və Ayzek Azimovun bir neçə əsərini oxuyub: "Xüsusi yadımda qalan heç nə yoxdur. Halbuki, ədəbiyyat tədqiqatçılarına inansaq, "robotexnika”, "robotika” sözləri elmi ədəbiyyata Ayzek Azimovun romanlarından gəlib. Bu il isə Stiven Kinqin "Ölü zona” romanını yarımçıq qoydum”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər