• şənbə, 20 Aprel, 14:48
  • Baku Bakı 23°C

Ədəbiyyatda əbədiləşən ömür

03.11.16 14:33 3694
Ədəbiyyatda əbədiləşən ömür
Flora XƏLİLZADƏ
əməkdar jurnalist

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, istedadlı söz ustadı, yazıçı İmran Qasımov həm də ədəbiyyatımızı xarici ölkələrdə yorulmadan təbliğ edən bir insan kimi tanınaraq, sevilmişdir.

Onu bu şöhrət zirvəsinə aparan yollar müxtəlif döngələrdən, dönümlərdən, quruluş və dövrün tələblərindən keçmişdir.Xəzərdən start götürən bu çətin və şərəfli yaradıcılıq yolu Bakıdan çox uzaqlarda - Adriatik dənizinin sahillərində lövbər salmışdır. Nəticədə, Azərbaycan ədəbiyyatına bir-birindən zəngin, dolğun və ədəbi cəhətdən mükəmməl əsərlər bəxş edilmişdir.

1939-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan İmran Qasımov bu qurumda müxtəlif məsul vəzifələrdə çalışmışdır. İkinci Dünya müharibəsindən sonra Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi olmuş, "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktoru işləmişdir. 1961-ci ilin iyununda Azərbaycan yazıçılarının IV qurultayında Yazıçılar İttifaqının katibi seçilmişdir. 1975-ci ilin yanvarından ömrünün sonunadək Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi olmuşdur. İmran Qasımov həm də Azərbaycan Ədəbiyyat, İncəsənət və Memarlıq üzrə Dövlət Mükafatları Komitəsinin sədri idi.

Nasir, dramaturq, ssenarist və publisist İmran Qasımov çoxcəhətli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ədiblərdən biridir. Hələ sağlığında müxtəlif janrlarda yaratdığı qiymətli əsərləri tədqiq edilmiş, yaradıcılığı haqqında müxtəlif monoqrafiya və əsərlər qələmə alınmışdır.

O, həmişə sovet ədəbiyyatının nümayəndəsi kimi təqdim edilirdi. Halbuki, İmran Qasımov yaradıcılığı boyu müasirlərinin mənəvi zənginliyini, əxlaqi keyfiyyətlərini əks etdirən əsərlərə imza atmışdır. Nə yazırdısa, oxunaqlı, maraqlı, təbii və səmimi alınırdı. Bu səbəbdən də İmran Qasımovun əsərləri böyük rəğbətlə oxunurdu və sevilirdi. Oxucu sarıdan bəxti gətirmiş yazıçılardan idi. Həsən Seyidbəyli ilə birlikdə yazdığı "Cəbhədən-cəbhəyə" adlı romanı ötən əsrin ən çox oxunan əsərlərindən olub.

Tərcümeyi-halına nəzər saldıqda təəssüflənirsən ki, 63 il yaşamış İmran Qasımov dövlət müstəqilliyimizi görmədi. Onun sovet quruluşunda salnaməyə çevrilmiş yaradıcılığı müstəqillik dövründə tamam başqa cür olardı. Bir məsələdə təsəlli tapırsan ki, İmran Qasımov qüdrətli sənətkar idi, hansı quruluşda yaşamağından asılı olmayaraq, yaradıcılığının üfüqləri geniş idi. İçindəki milli vüqar hissi yaradıcılığının istiqamətini düzgün təyin edirdi. Yazıçının özünəməxsus fikridir: "Bədii ədəbiyyat hədsiz dərəcədə həssasdır. Bəşərin sevincini və kədərini əks etdirən zərif bir aparatdır, insan qəlbinə və zəkasına güclü təsir göstərən, yol tapan qüdrətli vasitələrdən biridir".

Ötən əsrdə ədəbi yaradıcılarımızın çox sarsılmaz, möhtəşəm bir ordusu var idi. Əgər onun nəsr bölməsini götürsək, burada başda Cəfər Cabbarlı olmaqla, Məmməd Səid Ordubadi, Mehdi Hüseyn, Mirzə İbrahimov, Süleyman Rəhimov, Əli Vəliyev, Əbülhəsən, İlyas Əfəndiyev, Əzizə Cəfərzadə və başqaları istər klassik, istərsə də müasir ədəbiyyatın gözəl ənənələrindən bəhrələnərək, yeni ruhda yazıb-yaratdılar. Bu sırada İmran Qasımov da öz dəst-xətti ilə seçilirdi.

XX əsr Azərbaycan ədəbiyyatının təməl daşını qoyanlardan biri olan İmran Qasımovun yaradıcılığında dənizin, Xəzər neftçilərinin xüsusi yeri var idi. Hətta onun qələmə aldığı bir sıra dram əsərləri sırf dənizlə bağlı olmuşdur: "Yer altından gələn səslər", "Arzu", "Yeni üfüqlər", "Xəzər üzərində şəfəq", "Xəzər neftçiləri haqqında dastan", "Dəniz cəsurları sevir", "İnsan məskən salır" (sonra bu adda ssenari də yazmışdır) və s. Dənizin romantikliyi onun qəlbini həmişə ilhama gətirirdi. Hətta bu mövzu ilə əlaqədar ondan soruşanda İmran Qasımov belə cavab verərdi: "Mən dənizdə doğulub, dənizdə böyümüşəm və haqqında yazdığım adamlar mənə doğmadırlar. Mənə elə gəlir ki, onlarla bir oxumuşam, bir yaşa dolmuşam". İmran Qasımovun yaradıcılığını təhlil edən ədəbi tənqidin də ilk variantlarında həmişə bir fikir vurğulanırdı ki, dəniz onun əsərlərinə kükrəyən, üsyan edən, heç bir qara qüvvəyə güzəştə getməyən qüdrətli qüvvə kimi daxil olmuşdur.

İmran Qasımov qələm dostlarına, eləcə də gənc yazıçılara belə tövsiyə edərdi: "Bədii söz plakat deyil, rəngarəng rəsm əsəridir, onun emosional, intellektual təsir yolları mürəkkəb və çoxcəhətlidir". Bəlkə də bu səbəbə görədir ki, əlinə qələm alarkən onu düşündürən bütün mövzulara həssaslıqla, ağılla yanaşmaq İmran Qasımovun əsərlərinə yeni nəfəs, xüsusi əhval-ruhiyyə, gələcək sənət əsərləri üçün bünövrə, zəmin yaradırdı. Əlbəttə, İmran Qasımov əsrinin övladı idi. Onun yaradıcılığı sovet rejiminin ağır təzyiqləri altında inkişaf edirdi. Lakin buna baxmayaraq, yaratdığı əsərlər forma, məzmun, ideya cəhətdən vətənpərvərlik, qəhrəmanlıq, igidlik duyğuları ilə aşılanırdı. Nəsrində zamanın nəbzi duyulsa da, həyat həqiqətinə sadiqlik bütün yaradıcılığına elə bir əbədi rəng qatdı ki, həmişə solmaz qaldı. Sözü, əməli, düşüncələri ilə yaradıcılığı vəhdət təşkil edən İmran Qasımov həmişə sərrast fikir söyləməyi bacaran yazıçı-vətəndaş kimi Azərbaycan ədəbiyyatının mövqeli sənətkar zirvəsinə ucaldı.

Türk dünyasının qüdrətli söz ustadı Çingiz Aytmatov 1978-ci ildə İmran Qasımova ünvanladığı məktubunda yazmışdır: "Sənin dramaturgiyan Azərbaycan teatrının adasıdır. Sənin dramaturgiyanda qaldırılan məsələlər müasir insanın, zamanın problemləri olub, qəhrəmanların simasında gələcək tarixə vəsiqə almışdır. Sən hər barədə öz dövrünün vətəndaşısan. Həqiqət, xeyirxahlıq, gözəllik, məhəbbət, ölüm, harmoniya kimi mövzular daim sənin yaradıcılığında aktual, günümüzlə səsləşən əhəmiyyət kəsb edir. Sənin bəşəri ədəbiyyat və incəsənət haqqında anlayışın, düşüncələrin məni həmişə heyran edir". Əlbəttə, 38 il bundan əvvəl deyilmiş bu fikirlərdə böyük həqiqət var. İmran Qasımovun Azərbaycan dramaturgiyasının inkişafında çox böyük xidməti olub. Akademik Məmməd Arif yazırdı: "İnsan məskən salır", "Nağıl başlananda", "Ömür elə qısadır ki", "Dairəni genişləndirin", "Sən nə üçün yaşayırsan?" pyesləri Azərbaycan dramaturgiyasının qazandığı görkəmli nailiyyətlərdəndir".

İmran Qasımov həm də istedadlı ssenarist idi.Onun ssenariləri əsasında çəkilmiş bir çox filmin əsasında azad, ilhamlı əməyə məhəbbət, eləcə də müasirlərin hiss və duyğuları dayanırdı. Milli kino sənətimizin qızıl fonduna daxil olmuş bu filmlərə indi də maraqla baxılır: "Onun böyük ürəyi", "Xəzər dənizçiləri haqqında dastan", "Dəniz cəsurları sevir", "Yeni üfüqlər" filmləri sənət nümunələri kimi qarşılanır.İmran Qasımov bir çox ssenariləri müştərək yazmışdır.Belə əməkdaşlığın bəhrəsi olan məşhur "Uzaq sahillərdə" filmi böyük uğur qazanmışdır.Həsən Seyidbəyli ilə birlikdə yaratdıqları bu film dünyanın 25 dilinə tərcümə edilmişdir.Hələ sovet dövründə Asiya və Afrika ölkələrinin kino festivallarında birinci yeri tutmuşdur, Kanadada mükafata layiq görülmüşdür.

"Uzaq sahillərdə" filmi bütün yaradıcı kollektivə böyük şöhrət gətirdi.Görkəmli ədib İmran Qasımov Həsən Seyidbəylilə birlikdə yaratdığı "Bizim küçə" filmində də böyük uğurlar qazandı. Ədib qısametrajlı filmlərə də ssenarilər yazmışdır: "Quba bağlarında", "Qara təpə", "Əbədi odlar ölkəsi", "Şəfqət bacısı", "Qalanın alınması" və sairə.

Yazıçının yaradıcılığında diqqət çəkən əsərlərdən biri də "İllər keçir" romanıdır.Fəhlə sinfinin üç nəsli haqqında yazılmış bu əsər oxucular tərəfindən çox maraqla qarşılanan, oxunan nəsr nümunlərindən biri idi.İrihəcmli əsərlərlə yanaşı müəllif hekayələr, bədii oçerklər və nəzəri məqalələr də yazırdı.Ədəbi yaradıcılıqla bərabər, ictimai xadim kimi də fəaliyyət göstərən İmran Qasımov xarici ölkələrdə tez-tez olurdu.Müxtəlif görüşlərdən aldığı təəssüratlar barədə öz xatirələrini yazırdı.Fransa, İtaliya, Yuqoslaviya, İsveçrə və başqa ölkələrin ictimai-siyasi, mədəni həyatından nəinki səfər qeydləri, həm də bədii əsərlər qələmə almışdır.

İmran Qasımov ədəbiyyata gəldiyi ilk gündən onun inkişafına töhfə verməyə çalışmışdır.Yaradıcılıq yolu çoxşaxəli olan İmran Qasımov həm də istedadlı publisist idi.Ötən əsrin 70-ci illərində həm Bakıda, həm də Moskvada müəllifin publisistik kitabları çap edilmişdir.İmran Qasımov ilk növbədə Azərbaycanın füsunkar təbiətindən, qəhrəman övladlarından, neftçilərdən, söz və sənət adamlarından, mədəniyyət xadimlərindən yazırdı.Mövzu və qəhrəmanlarından asılı olmayaraq o, özünəməxsus üslub və vasitələrdən, bədii detallardan ustalıqla istifadə edirdi.Görkəmli ədəbi tənqidçi Cəlal Məmmədov yazırdı: "İmran Qasımov təsvir etdiyi qəhrəmanların mənəvi aləminə, qayğılarına, sevinclərinə, axtarışlarına, kəşflərinə möhkəm bağlıdır.Onların həyat yolunu, daxili təkmilləşməsini, bir vətəndaş və əməkçi kimi ruhən yüksəlməsini dərin həssaslıqla izləyir, məhəbbətlə müşahidə edib, öyrənir.Bu olduqca qiymətli keyfiyyətdir".

İmran Qasımov bəlkə də yeganə qələm sahibi olub ki, öz publisistikasına sonradan yazıçı-dramaturq kimi müraciət edərək pyes, hekayə, povest, roman qələmə alıb.Onun qəhrəmanlarının əksəriyyəti həyatdan götürülmüş obrazlar olublar.Bu üslub da ədibin yaradıcılığına təbiilik, axıcılıq, bir sözlə, həyatın bütün təzadlarını bəxş edib.Milli özünəməxsusluq, xəlqilik, bəşərilik bu yazıçının əksər əsərlərinin səciyyəvi xüsusiyyətləridir.Elə İmran Qasımov yaradıcılığını da sevdirən başlıca amillər bu məziyyət olub.

Tədqiqatçılar bu fikirdədir ki, İmran Qasımov xoşbəxt yazıçı olmuşdur.Onun tərcümeyi-halı da respublikamızla bağlı olmuşdur.O, 1918-ci ilin noyabrında Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur.Çox qarışıq bir zamanda dünyaya gəlmiş İmran Qasımov açıqfikirli bir ailədə böyümüş, savadlı, məlumatlı, zəkalı insanlardan müsbət cəhətlər əxz etmişdir.Adını daşıdığı əmisi - İmran Qasımov qüdrətli sənətkarlarla - Üzeyir Hacıbəyov, Hüseynqulu Sarabski, Cəlil Məmmədquluzadə, Abbas Mirzə Şərifzadə, İsmayıl Hidayətzadə və başqa şəxsiyyətlərlə çiyin-çiyinə işləyərək, Azərbaycanda musiqili teatrın yaranmasında, inkişafında böyük rol oynamışdır.Əmisi 1914-cü ildə vəfat edib.Dördilsonra dünyaya gələn qardaşı oğluna onun adını veriblər. Yazıçının atası Həşim Qasımov ötən əsrin əvvəllərində Peterburqdaalitəhsil almış, Azərbaycanın ilk mühəndis övladlarından biri idi.Anası Mələk xanım da dövrünün nəcib, geniş dünyagörüşünə malik qadınlarından biri olub.Uşaqlıq illərində musiqiyə, memarlığa, rəssamlığa, idmana böyük marağı olan İmran Qasımov hələ orta məktəbdə oxuyarkən müxtəlif ədəbi gecələrdə, müsabiqələrdə iştirak edər, mətbuatda məqalələri dərc olunardı.Gənc yaşlarından qüdrətli bəstəkar Qara Qarayev və Tofiq Quliyevlə yaxın dost olub.

O, 1934-cü ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, 1938-ci ildə Moskvada kinossenaristlər kursunda oxumuşdur.Onun ilk kino əsəri "Yeni üfüqlər"dir. Bu əsər 1940-cı ildə nümayiş etdirilmişdir.Uzun müddət Moskvada kinossenaristlər şöbəsinin rəisi, Azərbaycan kinematoqrafiya nazirinin birinci müavini, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin birinci katibi vəzifələrində çalışmışdır.

Ömrünün baharında repressiyaların hər üzünü görmüş İmran Qasımov Yazıçılar İttifaqına rəhbərlik edəndə qalmaqallı, qorxulu mühitin sifəti xeyli dəyişmişdi.Repressiya qurbanlarının əksəriyyəti bəraət almışdı.Ölkədə yaradıcılıq şəraiti formalaşırdı.Azərbaycana Heydər Əliyev kimi əsl ədəbiyyat, sənət himayədarı rəhbərlik edirdi.Milli ruhlu insanları repressiyanın qara caynaqlarından xilas edən ulu öndər yazıçı İmran Qasımovu çox dəyərləndirirdi.

Əməkdar incəsənət xadimiadınalayiq görülmüş İmran Qasımov Azərbaycan Dövlət mükafatı laureatı idi. Xalq yazıçısı fəxri adını almışdı, sinəsini "Lenin", "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri və bir sıra medallar bəzəyirdi.Bütün bunların da hamısını İmran Qasımov məhz ümummilli lider Heydər Əliyevin sayəsində almışdı.Bu, danılmaz faktdır ki, 37-ci ilin qanlı köynəyindən qurtulanların sonrakı xilaskarı məhz Heydər Əliyev idi.

63ilömür sürmüş İmran Qasımov zəngin yaradıcılığı ilə ədəbiyyatımızda, kino sənətimizdə elə bir mötəbər mövqe tutmuşdur ki, həmişə müasirimiz olaraq qalacaqdır. Özü dediyi kimi, əgər "dəniz cəsurları sevir"sə, ədəbiyyat da əbədiləriyaşadır.


banner

Oxşar Xəbərlər