• cümə, 19 Aprel, 14:12
  • Baku Bakı 25°C

Ədəbiyyat və mənəviyyat

12.10.15 10:57 3837
Ədəbiyyat və mənəviyyat
Sənətin missiyası ilahi gözəlliyi onun təzahürlərində görə bilməkdir. Dünya konkret bir hadisənin timsalında hər dəfə yenidən açılır. Həyat da hər dəfə yeni bir rəngdə, yeni səs qammasında, yeni baxış bucağında yaşanır, yenidən mənalanmış olur. “Sənətdə təsvir olunan səma deyil, çay deyil, dəniz deyil... Təsvir olunan qəlbin ənginliyidir”. (Əbu Turxan).
Bədii ədəbiyyat insanın mənəvi-estetik inkişafı üçün müstəsna əhəmiyyətə malikdir. N.Çernişevskinin qeyd etdiyi kimi, elmi ədəbiyyat insanları nadanlıqdan, bədii ədəbiyyat isə kobudluq və bayağılıqdan xilas edir.
İdeyanın geniş xalq kütlələrinə çatdırılmasının ən optimal və anlaşıqlı vasitəsi hansıdır?
Elmi-fəlsəfi fikir ancaq intellektual elita üçün əlçatandır. Bədii ədəbiyyat isə ən dərin ideyanı da obrazlarla ifadə etdiyi üçün onun oxucuları çoxdur və deməli, təsir dairəsi də qat-qat böyükdür. Xüsusən şifahi xalq ədəbiyyatı, aşıq sənəti əslində milli ruhun bilavasitə ifadəsi olduğundan onu dərk etmək üçün nəinki alim olmağa ehtiyac yoxdur, hətta alimlik burada milli kökdən uzaqlaşma mənasında, olsa-olsa ziyan gətirə bilər. M.Ə.Rəsulzadə bu məsələni çox gözəl qoymuşdur: “Milliyət hissini itirməyənlər və milliyyət ruhundan uzaqlaşmayanlar üçün aşıq Kərəmdə, Koroğluda və bunun əmsalındakı nəğmələrdə o qədər ülvi hisslər və o qədər geniş zövqlər vardır ki, onu ancaq saz nəğməsi ilə oxunduğu zaman hekayə qəhrəmanının dərdinə tamamilə aşina ola bilən köylülər qədər saf və pak ürəklərimiz anlaya bilərlər”.
İnsanın mahiyyəti, iç üzü, “qəlbinin ən dərin guşəsində” yerləşərək gündəlik həyatda üzə çıxmayan həqiqi Məni, Eqosu məhz gərgin dramatik yaşantılar, sarsıntılar, iztirablar zamanı üzə çıxır. Hər bir insan öz şəxsi həyatında bu anları yaşamaya da bilər. Məhz ədəbiyyat, klassik ədəbi əsərlər insanları bədii obrazların yaşantılarına qoşmaqla, onlara öz qəlblərinin sirli-sehrli guşələrinə bələd olmaq, öz mən-lərini psixik səviyyədə, duyğularla ifadə etmək imkanı yaradır. Mənəvi kamillik yolu informasiya, soyuq bilik şəklində qəbul olunan aforizmlərdən, nəsihətlərdən deyil, həyəcan və iztirablardan, ülvi duyğulardan, gözəllikdən, katarsisdən keçir.
Əslində qədimdə də, indi də – bütün tarix boyu insan qarşısında eyni fəlsəfi problemlər dayanır. Bunlar ilk növbədə insanın cismi, nəfsi və mənəviyyatı arasındakı münasibət və mücadilənin şəxsi və sosial prizmada, ailə və tarix miqyasında müxtəlif təzahürləridir. Bir tərəfdən, cismani tələbat, nəfs və onun ödənilməsinə yönəldilmiş fiziki-bioloji üstünlük, var-dövlət, əmlak üstünlüyü və hökm, rəyasət, taxt-tac üstünlüyü. Digər tərəfdən, maddi yükdən azad olmaq, imtina etmək hesabına daxili mənəvi yüksəliş, intellektual və əxlaqi üstünlük. Sosial müstəvidə nəfs iqtisadi və siyasi prizmalardan keçərək başqa donlara girsə də, mahiyyəti eynidir.
İnsanın mənəvi missiyası haqqında, dünya malına, var-dövlətə münasibətin yüksək əxlaqi formaları haqqında ən gözəl bədii təhlillərdən biri ilə Viktor Hüqonun “Səfillər” romanında rastlaşırıq. Bu əsər onunla əlamətdardır ki, burada, bir tərəfdən, sərvətdən, var-dövlətdən, puldan imtinanın ən yüksək nümunəsi, digər tərəfdən də, bu sərvətdən insanlıq yolunda istifadənin örnəkləri öz əksini tapmışdır. Şəhərdə hamıdan yüksək məvacib alan yepiskop Miriel hamıdan kasıb yaşayır. O öz maddi qazancını özününkü hesab etmir. Onun əqidəsinə görə, zinət sayıla biləcək hər şey başqalarınındır. Əgər kimin üçünsə bu, həyati əhəmiyyət kəsb edirsə, onu evdə zinət kimi saxlamaq günahdır. Daha çox Şərq düşüncəsi, sufilik və dərvişlik üçün səciyyəvi olan belə asketik həyat tərzi Viktor Hüqo tərəfindən Fransaya transformasiya olunur və məqsəd də insanların maddiyyata aludə olduğu bir zamanda alternativ həyat məntiqini oxucuların nəzərinə çarpdırmaqdır.
Bu süjet doğrudan da Şərq hədislərini, pritçanı xatırladır və həyati reallığın təsvirindən daha çox, onun fövqündə ideal bir səhnə, müqəddəs insan obrazı yaratmaq təşəbbüsüdür. Lakin elə həmin əsərdəcə həyatın bütün reallıqlarını, əzab-əziyyətlərini şəxsən yaşamış olan, həyata xırda oğurluqdan başlayıb katorqanın ağır mühitindən, səfalətin bütün keşməkeşlərindən keçib gələn Jan Valjanın çoxdan daşlaşmalı olan qəlbinin dərinliyində necə böyük sevgi, necə nəcib duyğular yaşadığının şahidi oluruq. Burada qayğı və səxavəti, sevgi və mərhəməti təmsil edən insan heç də tərki-dünya olmayıb, bu dünyanın dibindən çıxmış, onun hər üzünü görmüşdür. Həyatın sərtləşdirdiyi, az qala amansız və qəddar bir varlığa çevirdiyi bu insanın qəlbində hələ ölməmiş insani duyğuları məhz yepiskop Mirielin canlı nümunəsi, fədakarlığı, təmənnasızlığı oyada bilmişdi… Klassik ədəbiyyatda belə nümunələr çoxdur.
Bütün dövrlərdə böyük sənətkarlar bu problemlərə müraciət etmiş, onları öz dövrünün və öz mühitinin konkret cizgiləri ilə qələmə almışlar. Bəs müstəqillik əldə etdikdən sonra, yenidən kapitalist ictimai-iqtisadi münasibətlərini özünə inkişaf yolu kimi seçən ölkəmizin qarşılaşdığı problemlər bədii ədəbiyyatda öz əksini necə tapır? Müasir dövrdə ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi müstəvilərdə baş verən böyük dəyişikliklər, heç şübhəsiz, insanların fərdi həyatına da müdaxilə edir. Cəmiyyətlə insan arasında harmoniya pozulur. Dağılmış köhnə münasibətlərin üzərində yeni dövrün tələblərinə uyğun yeni münasibətlər formalaşanadək və sosial-mənəvi harmoniya yenidən qərarlaşanadək insan “xaosun qaydaları” əsasında yaşamalı olur. Bax, həmin bu təbəddülatlı keçid dövrünün dramatizmini əks etdirən yeni ədəbiyyat da harmonik həyata qayıdışın mühüm vasitələrindən biri olur.
Bəs hanı bu yeni ədəbiyyat?! Zahiri yeniləşmə, həyatın üst qatlarındakı müasirlik, hadisəçilik səviyyəsində problemlər və konfliktlər ədəbiyyatda da öz əksini tapmaqla onu cılızlaşdırır, keçid dövrünün keçici hadisələri sırasına müvəqqəti cari ədəbiyyat da əlavə olunur. Cari problemlərin alt qatlarını açmağa, müasir cəmiyyətdə gedən proseslərə insanlığın əzəli-əbədi problemləri kontekstində baxmağa qadir olan, mahiyyətlər səviyyəsindəki invariantlara söykənən böyük ədəbiyyat isə elə bil ki, yorulub fasilə vermiş və nəfəsini heç cür dərib qurtara bilmir. Lakin məhz bu keşməkeşli keçid dövründə bizə haradan gəlib, haraya gedəcəyimizi nişan verə bilən həqiqi böyük ədəbiyyat lazımdır.
Bugünümüzü mahiyyət müstəvisində əks etdirə bilən böyük ədəbiyyat intizarında ikən diqqətimiz istər-istəməz ötən əsrin əvvəlində böyük yazıçılarımızın inşa etməyə başladığı əzəmətli sənət abidələrinə yönəlir. Və yenə də heyrətlənməyə bilmirsən. Bu əsərlərdə elə bil ki, bu günün problemləri əks olunur. Digər tərəfdən isə, görünür, zaman özü təkrar olunur. Biz yenə də ilkin kapital yığımı dövrünü, yeni zənginlərin yaranması – milli burjuaziyanın formalaşması ərəfəsində özünə pozitiv funksiya tapa bilməyən pulun törətdiyi eybəcərliklər dövrünü yaşayırıq. Yenə də kapital dünyasının açdığı yeni imkanlar ona adekvat olan yeni əxlaqın formalaşması tempini qabaqlayır... Yenə də azad dünyaya açılan qapılardan yeni texnologiya ilə yanaşı çürük mənəviyyat, pozulmuş əxlaq da daxil olmağa çalışır.
XX əsrin əvvəllərində Bakıda kapitalizm özünün ən klassik formasında sürətlə inkişaf edirdi. Avropada ilkin kapital yığımı dövründə pulla mənəviyyat arasında yaranan ziddiyyətlər tarixin yaxşı məlum olan bir səhifəsi kimi klassik ədəbiyyatda öz bədii və fəlsəfi şərhini gözəl tapmışdır. Viktor Hüqonun, Balzakın, Drayzerin, Cek Londonun bu problemləri əks etdirən bir sıra məşhur romanları Azərbaycan oxucularına da yaxşı tanışdır.
XIX əsrin axırları, XX əsrin əvvəllərində neft sənayesinin inkişafı ilə əlaqədar olaraq Bakıda kapitalist ictimai-iqtisadi münasibətlərinin formalaşması da, təbii ki, pulun sosial-mənəvi həyata aktiv müdaxiləsi ilə müşayiət olunurdu. Avropada yüz illər ərzində gedən proses neft səltənətində on illər ərzində həyata keçirdi. Sosial-iqtisadi və hətta siyasi mühitin sıxlıq dərəcəsi xeyli artmışdı.
Hadisələrin gedişini sürətləndirən bir amil də xarici kapitalın və onun Avropada artıq formalaşdırmış olduğu həyat tərzinin hazır şəkildə transformasiyası idi. Həm də belə sürətli ictimai-iqtisadi yeniləşmə böyük mədəni yüksəlişlə müşayiət olunurdu. Milli dirçəliş, milli özünüdərk prosesləri artıq başlanmışdı. Bu, əlbəttə, yaxşı idi. Lakin şəxsi mənafeləri naminə öz istəklərindən asılı olmadan milli iqtisadi dirçəlişə də təkan verənlər bu prosesin mədəni-mənəvi dirçəlişlə müşayiət olunması zərurətini nəzərə almırdılar.
Kapital elə bir sinkretik hadisədir ki, o hər hansı bir diyara təşrif gətirəndə özü ilə bərabər təkcə maddi nemətlər deyil, həm də bu maddiliyin hökmranlıq iddiasını gətirir və mənəvi müstəvidə ənənəvi olaraq qərarlaşmış nə varsa, hamısını alt-üst etməyə çalışır.
Şüurda təhkimçiliyin, ehkamçılığın, pis mənada ənənəçiliyin qoyduğu qadağalar aradan götürülür, buxovlar qırılır, şlüzlər açılır, işgüzarlığın və inqilabi təfəkkürün köpüklənən dalğaları mənəvi çəpərləri də çör-çöp kimi qabağına qatıb aparır. Yeni şlüzlərin tikilməsi, yeni ictimai meyarların, yeni mənəvi qadağaların formalaşması isə xeyli vaxt tələb edən ağrılı bir prosesdir.
Sözün böyük mənasında azadlığa gedən yol, təəssüf ki, əvvəlcə azad iqtisadiyyatın bazar labirintlərindən keçir. Buna müqavimət göstərə biləcək yeganə qüvvə isə milli ruh və onun daşıyıcıları olan ziyalılardır. Bu baxımdan, əsrin əvvəlində Azərbaycanın mədəni-mənəvi məkanında ziyalıların məqsədyönlü fəaliyyətinin güclənməsi əslində bilavasitə yeni iqtisadi münasibətlərə keçidin yox, onun mənəvi müstəvidəki dağıdıcı təsirlərinə reaksiyanın, mədəni-mənəvi müqavimət hərəkatının nəticəsi idi.
Millət qarşısında duran ən mühüm vəzifələrdən biri də qlobal proseslərin keşməkeşlərindən salamat keçmək, spesifikliyini, özünəməxsusluğunu qoruyub saxlaya bilməkdir. Lakin bunun üçün əvvəlcə özünü dərk etmək, qlobal proseslərə qarşı çıxmaqdansa, öz milli koloritini itirmədən, bu proseslərin ahənginə daxil olmaq tələb olunur. Yeni əsr bütün millətləri sınağa çəkir. Kimlərsə sadəcə olaraq ümumi axına qoşulur, irəlidə gedənlərin cığırına düşür. Camaat, kütlə təsirə qapılmaq məcburiyyətindədir. Çünki onlar hadisələri yaşayırlar. Halbuki, milli özəlliyin yeni ampluada saxlanması mahiyyətlər müstəvisində invariantların qorunmasını tələb edir. Bu ağır tarixi vəzifə millətin mütəfəkkirlərinin üzərinə düşür.
Görünür, Mirzə Cəlil, Sabir, Cavid və Cabbarlı kimi sənətkarlar bu gün ona görə son dərəcə aktualdırlar ki, onlar zahiriliyi deyil, alt qatlardakı qanunauyğunluqları; hadisələri deyil, mahiyyətlər arasındakı münasibətləri qələmə alırdılar. Mahiyyətlər isə zaman keçdikcə müxtəlif libaslarda təkrar olunur: necə ki, kapitalizmə keçid dövrünün təbəddülatlarını Azərbaycan iki dəfə yaşamalı olmuşdur; bir əsrin əvvəlində, bir də sonunda.
Bəli, belə bir dövrü biz artıq ikinci dəfə yaşayırıq. Və bu günün mütəfəkkirləri və ədibləri dövrün nəbzini tutmağa, çox qarışıq və mürəkkəb proseslərin fəlsəfi məğzini anlamağa çalışdıqları bir zamanda və ədəbiyyatımızda bir boşluq duyulduğu dövrdə məlum olur ki, narahatlıq üçün heç bir əsas yoxdur. Sən demə, böyük klassiklərimiz bizi bu dar gündə tək buraxmayıblarmış. Onlar həm də bu günümüz üçün yazırlarmış!
Cavid və Cabbarlı kimi klassiklərin əsrin əvvəlində qoyduğu bu tələblər Avropada, Amerikada hələ indi-indi gah “insanın hüquq və azadlıqları”, gah “qadın hüquqları”, gah “gender” problemləri adı ilə gündəmə çıxarılır və bizə müasir Qərb dəyərləri kimi təqdim olunur. Lakin Qərb bu dəyərlərin milli-mənəvi invariantlarla uyğunlaşdırılması problemini həll edə bilməmişdir. Cabbarlı isə əsrin əvvəlində bir addım da qabağa getmiş və cəmiyyətin yaratdığı çəpərləri uçurtmaq tələbi ilə kifayətlənməyərək. İstəklərin özünü yüksək mənəvi pilləyə qaldırmaq, qadağaları könüllülüklə, könlün ucalığı ilə əvəz etmək mövqeyindən çıxış etmişdir.
Hər hansı bir həyat tərzi, hər hansı bir əqidə, hətta hər hansı bir geyim insana kənardan, icbari yolla qəbul etdirilməməlidir. Namus, ismət də kişi diktatının və ya çadranın sayəsində deyil, mənəvi bütövlüyün ayrılmaz tərkib hissəsi kimi, daxildən gələn bir tələbat kimi mövcud olmalıdır. İnsanın bütün həyatı, əməli fəaliyyəti onun şəxsi arzu və istəklərinə uyğun gəlməli, istək və əməl bir harmoniya təşkil etməlidir. Cəmiyyət insana öz ürəyinin hökmü ilə yaşamaq imkanı verməlidir.
Yeri gəlmişkən, Cabbarlının nəfsin tərbiyə olunması ilə bağlı mövqeyi bizim milli fəlsəfi fikir ənənələrimizin davamı kimi ortaya çıxır. Belə ki, XII-XIII əsrlərdə yaşamış böyük sufi Əbu Həfs Sührəvərdi “hal və məqam” konsepsiyası ilə dünya fəlsəfi fikir tarixində nəfsin tərbiyə olunmasının mükəmməl təlimini yaratmışdır. Bu təlim Azərbaycan fəlsəfi fikrində uzun müddət yaşamış, davam etdirilmişdir. Təsadüfi deyil ki, XVI əsrdə böyük Füzuli də “nəfsin kamillik yolundan” danışırdı.
İdeal və gerçəklik! Arzu, istək və real həyatın özü! İnsanın qəlbində, fikrində yaratdığı və yaşamaq istədiyi xəyali dünya, bir də yaşamağa məcbur olduğu gerçək dünya! Arzular səltənətinin, röyalar dünyasının isti qucağı, mülayim melodiyaları və gerçək həyatın sərt iqlimi, acı həqiqətləri!..
Çox vaxt xoşbəxtliyin də, faciənin də kökündə bu iki dünya arasında uyğunluq və fərq dayanır. İstək nə qədər güclü və onun reallaşması nə qədər əlçatmaz olsa, faciə də bir o qədər qaçılmazdır. Bu iki dünya arasında uyğunluq yaradılmasının bir yolu gerçək dünyadakı fəaliyyətimizi arzularımız istiqamətində yönəltməkdirsə, digər yolu arzu və istəyin özünün reallığın imkanları istiqamətində tərbiyə olunmasıdır. Mötədil insanlar məhz arzularını cilovlayır, “ayaqlarını yorğanına görə uzadırlar”, bəzən hətta “palaza bürünüb elnən sürünürlər”. Burada biz yaşadığımız hadisələr dünyasının reallığı ilə yanaşı arzuların reallığı və əlçatanlığı məsələsi ilə rastlaşırıq. Burada arzu və istəyin nisbiliyi və mütləqləşdirilməsi məsələsi ortaya çıxır.
İnsanla mühit arasında, bir əqidə ilə başqa əqidə arasında, habelə, ayrıca bir insanın daxili aləmindəki müxtəlif fikir və istək yönümləri arasında ziddiyyətlər bir-birini tamamlayaraq bütövlükdə dövrün sosial-siyasi və psixoloji-mənəvi səciyyəsini verir.
Səlahəddin Xəlilov
banner

Oxşar Xəbərlər