• cümə, 29 Mart, 18:27
  • Baku Bakı 14°C

“Ədəbiyyat ili”nə ehtiyac varmı?

19.09.16 14:32 2131
“Ədəbiyyat ili”nə ehtiyac varmı?

Keçən il Rusiyada "Ədəbiyyat ili” elan olundu. Cəmiyyətin diqqətini kitaba, mütaliəyə yönəltmək üçün il boyu ölkədə ədəbiyyat adına müxtəlif tədbirlər keçirildi. Bununla belə, Rusiya yazarları və oxucuları ilin sonunda "Bu il "Ədəbiyyat ili” kimi yadda qalmadı” deyə gileyləndilər... Onlar həmişə mütaliəsi ilə dünyada öndə gedən ölkələrdən olan Rusiyanın siyasi qalmaqallardan başını ayırıb bu sahədə daha böyük işlər görməsini istəyirlər.
Bəs bizim ölkəmizdə necə, "Ədəbiyyat ili”nə ehtiyac varmı? Belə bir il elan olunarsa, ədəbi aləmdə nələr dəyişə bilər?
"Müzakirə”mizə qoşulan yazarların maraqlı fikirləri var:
Könüllü öhdəliklər
Bizdə də zamanında bu cür və ya buna bənzər tədbirlərin keçirildiyini bildirənyazıçı-filosof Firuz Mustafa bir çox ölkələrdə ədəbiyyatla bağlı kütləvi törənlər keçirildiyini qeyd edir. Belə ki, "Ədəbiyyat ili”, "Ədəbiyyat mövsümü”, "Ədəbiyyat ayı”, Ədəbiyyat ongünlüyü-dekadası deyilənlərə misal ola bilər: "Təəssüf ki, son illərdə ədəbiyyata diqqət xeyli zəifləyib ki, bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var”. Dramaturq birmənalı şəkildə bizim ölkəmizdə də "Ədəbiyyat ili”nin keçirilməsinə ehtiyac olduğunu bildirir: "Bizdə də "Ədəbiyyat ili” keçirməyə ehtiyac var. Özü də əzəlki illərdən daha çox. Ədəbiyyatsız xalq və yaxud ədəbiyyatdan uzaq şəxs adətən əxlaqdan, mənəviyyatdan, tərbiyədən, ənənədən, saflıqdan, humanizmdən, ləyaqətdən, səmimiyyətdən, cəsarətdən, vətənpərvərlikdən uzaq olur”. Dramaturq hesab edir ki, ədəbiyyat sözün geniş mənasında təkcə ədəbiyyatçıların deyil, elə hamının üzərinə öhdəlik qoyur: "Əlbəttə, bu öhdəlik məcburi-icbari səciyyə daşımır. Sadəsə olaraq, bu öhdəlik mənəvi məsuliyyət kimi qiymətləndirilə bilər. Belə hesab edirəm ki, bu gün bəşəriyyətin bütün düşünən insanları, başqa sözlə, bizim əksəriyyətimiz Nizaminin, Şekspirin, Hüqonun, Tolstoyun, Heminqueyin, Şounun, Axundovun boynumuza qoyduğu həmin o mənəvi öhdəliklərlə yaşayırıq. İnsanlıq bu "könüllü öhdəliklər”i qəbul etməsəydi, bu səviyyəyə gəlib çata bilməzdi”. "Ədəbiyyat ili” keçirmək və ya bu ilin açılışını elan etmək üçün təkcə rəsmi qərarın kifayət olmadığını bildirən yazıçının fikrincə, məsələ təkcə bununla bitmir. Yəni "Ədəbiyyat ili”nin elan olunması işin "texniki” tərəfidir. Mahiyyət bir qədər başqa cürdür: "Belə bir tədbir təkcə ədəbiyyatçılar üçün deyil ki. Bu, hamının, ilk növbədə "Oxucuların ili” kimi düşülməlidir. Sual meydana çıxır: bizdə oxucu varmı? Hesab edirəm ki, bu və ədəbiyyatla bağlı digər sualların ən dəqiq cavabını elə oxucular özləri verə bilərlər”.

Diqqəti ədəbiyyata cəlb etmək üçün

Yazıçı Aslan Quliyev hesab edir ki, ruslardan çox bizim "Ədəbiyyat ili”nə ehtiyacımız var. Belə ki, Rusiyada təkcə "Ədəbiyyat ili” keçirmirlər, ədəbiyyatla, kitabla bağlı çoxlu tədbirlər, konfranslar, festivallar keçirir, görkəmli rus yazıçılarının - Tolstoyun Yasnaya Polyanadakı, Şukşinin Altaydakı, Şoloxovun Rostov-Dondakı, Çexovun Yaltadakı, Dostoyevskinin Sankt–Peterburqdakı malikanələrinə, muzeylərinə oxucuların, turistlərin, məktəblilərin səfərləri təşkil olunur. Ayrılan vəsaitlə istedadlı yazıçıların kitabları çap olunur, oxu günləri, ayrı-ayrı yazıçıların, şairlərin günləri keçirilir. "Rusiyada 2015-ci ildə "Ədəbiyyat ili” Rusiya prezidentinin sərəncamı ilə keçirilib. İctimaiyyətin diqqətini ədəbiyyata, oxumağa cəlb etmək üçün. Ölkəmizdə də adamların diqqətini ədəbiyyata, kitaba, oxumağa cəlb etmək üçün belə addımlar atılmalı, "Ədəbiyyat ili”, ədəbiyyat adına bir çox tədbirlər keçirmək lazımdır. Cəmiyyətdə baş alıb gedən fanatikliyin, savadsızlığın və bundan irəli gələn nadanlığın, cahilliyin qarşısını almaq üçün yeganə yol cəmiyyətin maariflənməsindən, kitab oxumasından keçir”.

Yazıçının sözlərinə görə, kitaba qarşı ögey, laqeyd münasibət cəmiyyətdə ağır fəsadlar törədir, bundan istifadə edən, ideyalarını həyata keçirmək üçün münbit şərait yarandığını görən zərərli dini cərəyanların, sektaların nümayəndələri ölkəmizə ayaq açırlar: "Cavanlarımızın beynini yad, zərərli, ölkə üçün təhlükəli ideyalarla, biliklərlə doldururlar. Nəticədə ayrı-ayrı insanlar Azərbaycanda heç vaxt müşahidə olunmayan dini ayrı-seçkilik salmağa cəhd edirlər. On illərlə dünyanın ən haqsız savaşının içində olduğumuz halda, Qarabağ boyda ağrımız, itkimiz olduğu halda Azərbaycanın müxtəlif bölgələrindən cavanlarımız Suriyaya, İraqa döyüşməyə gedirlər. Çoxu da orada həlak olur”. Yazıçının fikrincə, bu kimi halların qarşısını almaq üçünsə inzibati tədbirlərlə yanaşı, mədəni-maarif tədbirləri də keçirmək lazımdır və ikincisi daha güclü, uzunmüddətli effekt verəcək: "Biz düşünməliyik, necə olur, cəmisi on beş il bundan əvvəl ölkənin ucqar bölgəsi Yardımlıdan belə İrana işləməyə həkimlər dəvət edirdilər və o həkimlərin qəbulunda iranlılar aylarla gözləyirdilər. İndisə minlərlə insanımız İrana müalicəyə gedir. Narkomaniya ildən-ilə artır, genişlənir, cəmiyyətin bütün təbəqələrinə nüfuz edir. Bütün bunlardan yeganə çıxış yolu kitab və oxumaqdır. Onsuz da Rusiyada bizə nisbətən çox kitab oxuyurlar, amma onlar yenə də cəmiyyətin diqqətini ədəbiyyata cəlb eləməyin zəruri olduğunu düşünüb lazımi addımı atırsa, biz də onlardan nümunə götürməliyik”.

A.Quliyev hesab edir ki, əgər ölkədə "Ədəbiyyat ili” elan olunarsa, təbii ki, ədəbiyyat adamları da, yazıçı-şairlərimiz, söz-sənət adamlarımız da əllərini daşın altına qoymalı, bu ilin ədəbiyyat adına, kitab adına layiqli keçirilməsi, daha geniş təbəqələri əhatə etməsi üçün əllərindən gələni etməli, bu ilə öz töhfələrini verməlidilər: "Lakin əsas öhdəçilik aidiyyatı orqanların, Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Yazıçılar Birliyinin üzərinə düşür”. Yazıçının fikrincə, "Ədəbiyyat ili” keçirmək üçün ilk növbədə "Ədəbiyyat ili” elan olunmalı, bu ili keçirməyə məsül olan orqanlar, qurumlar müəyyən edilməli, onların üzərinə konkret vəzifələr qoyulmalıdır. Belə ki, Rusiyada olduğu kimi, ədəbiyyatla bağlı bütün bölgələrdə tədbirlər keçirilməli, kitab təqdimatları, müzakirələri, müsabiqələri, yazıçı-şairlərlə görüşlər keçirilməli, məşhur yazıçı-şairlərimizin ev muzeylərinə səfərlər, baxışlar təşkil olunmalı, xüsusi saytlar yaradılmalı, qəzetlərin ədabiyyat əlavəsi buraxılmalı, bu ilə televiziya və radio verilişləri həsr olunmalıdır: "Amma ən əsası, ölkənin bütün şəhərlərində, rayon mərkəzlərində, dəmir yolu, avtobus vağzallarında, hava limanlarında, metro stansiyalarında kitab dükanları açılmalıdır. Əgər belə etmiş olarıqsa, çox yox, iki-üç ilə cəmiyyətdə necə böyük işıqlı, müsbət dəyişikliklər yarandığının şahidi olarıq”.
Əgər belə bir tədbir keçirilərsə...
Yazar Səxavət SahilRusyada "Ədəbiyyat ili”nin elan olunmasını yaxşı örnək hesab edir: "Rus ədəbiyyatının Azərbaycan ədəbiyyatına təsiri olduqca böyükdür. Hətta mən deyərdim ki, Azərbaycanda ədəbi nəsillər də bu ədəbiyyatın təsiri ilə formalaşıb, inkişaf edib. Bu baxımdan qonşu ölkənin belə bir addım atması yaxşı mənada bizə də təsirsiz ötüşməyəcək. Bizdə də "Ədəbiyyat ili”nin keçirilməsinə ehtiyac var və bunun üçün potensial da var!” Yazarın fikrincə, "Ədəbiyyat ili” yazarların məsuliyyətini artıracaq və onların özlərini tanıtmasına şərait yaradacaq: "Əgər belə bir tədbir keçirilərsə, yazıçı ilə oxucu arasında daha da yaxınlaşma olacaq. Digər tərəfdən, dövlətin belə bir addım atmasını ədəbiyyata ciddi münasibətin və qiymətin olması kimi də qəbul etmək olar. Həmçinin yazarların öz əsərlərini təqdim və təbliğ etməsi üçün fürsət yaranacaq”. S.Sahil hesab edir ki, "Ədəbiyyat ili” keçirmək üçün geniş proqram hazırlanmalı və bölgələri də əhatə etməlidir. Xüsusən də gənc yazarlara özlərini təqdim etmək üçün geniş imkan yaradılmalıdlr: "Ən əsası isə Azərbaycan ədəbiyyatının dünyada təbliği üçün işlər görülməli, dünyanın böyük şəhərlərində, mədəniyyət mərkəzlərində il boyu Azərbaycan ədəbiyyatı ilə bağlı təqdimatlar keçirilməlidir”.
Böyük "Ədəbiyyat ili”nə ehtiyac
Tənqidçi Cavanşir Yusiflininməsələyəmünasibəti isə bir fərqlidir:"Ehtiyac yoxdur, çünki hər gün bizdə "Ədəbiyyat ili”dir, yəni bir günün ədəbiyyat söhbətləri il qədər çəkir. Var, ona görə ki, "Ədəbiyyat ili” elan edilsə, yaxşı tədbirlər təşkil etmək olar, onu lazım olan məkanlarda təbliğ etmək olar, nəfəs genişliyi yaranar. Adamlar o qədər lokal, həm də yalnız öz baxışlarına, istəklərinə yönəlik söhbətlər edirlər ki, ədəbiyyat yaddan çıxır, əslində "Ədəbiyyat ili”nə, özü də böyük "Ədəbiyyat ili”nə çox ehtiyac var. Bu kontekstdə çox işlər görmək olardı. Mən bunu nəzəri baxımdan deyirəm. Təcrübi baxımdan, iş ağıllı, intellekti olan, həm də ürəyi olan adamlara tapşırılsa, çox şeylərə nail olmaq olar. Bir daha təkrar edirəm: konkret layihələr daxilində! Ədəbiyyat dərgiləri, qəzetlər, portallar cüzi qonorar verir, ya da vermirlər! Bu, çox utandırıcı bir haldır. Bu "xırda" məsələləri, insanların qələm haqqını yoluna qoymaq lazımdır ki, sonra da nə ili edirsən et. Etməsən də olar!”
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər