• şənbə, 20 Aprel, 03:52
  • Baku Bakı 15°C

Ədəbiyyat adamlarının adına mükafatlar lazımdır?

10.06.19 11:15 1805
Ədəbiyyat adamlarının adına mükafatlar lazımdır?
Bu günlərdə Səməd Vurğununev muzeyində Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi qeyd edilib. Şairin irsinin qorunması və təbliğində xidmətləri olmuş bir sıra ədəbiyyat adamları "Vaqif Səmədoğlu medalı” ilə təltif olunub. Xatırladaq ki, yazıçı Anar Rzayevə, professor Rüstəm Kamala, şair Fərid Hüseynə, şair Elxan Zal Qaraxanlıya, tərcüməçi Aliyə Səmədovaya və tənqidçi İradə Musyevaya "Vaqif Səmədoğlu medalı” təqdim edilib.
"Müzakirə”mizdə ədəbiyyat adamlarının adına təsis edilən mükafatlar – təqaüdlər, medallar və ordenlərin əhəmiyyətinə, ədəbiyyatın inkişafına verdiyi töhfələrə toxunmağa çalışdıq.
Məsuliyyət yaradan addım
Şair Musa Quliyevin fikrincə, təkcə ölkəmizdə deyil, dünyanın hər yerində tanınmış simaların adına mükafatlar, təqaüdlər, diplomlar, medallar, ordenlər təsis olunur: "Bu, normal bir yanaşmadır. Bu addım xüsusən ədəbiyyata yeni gələn gənclərə doğru yol göstərmək, onları ruhlandırmaq, ədəbi fəaliyyətlərini qiymətləndirmək üçün gözəl meyardır. Vaqif Səmədoğlu Azərbaycanın ən layiqli şairlərindən biri, ölkənin ictimai-siyasi həyatında həmişə fəal olan bir insandır. Onun tam haqqı var ki, adına mükafat da, medal da təsis olunsun”. M.Quliyev hesab edir ki, bu cür mükafatlar daha çox gənclərə verilməlidir: "Bu, həm də yazarlarda məsuliyyət yaradan bir addım olar. Bu baxımdan, mən bu təşəbbüsü alqışlayıram».
Yazıçı Elçin Hüseynbəyli də hesab edir ki, Azərbaycan ədəbiyyatında iz qoyanların, cığır açanların adına mükafatların olması yaxşı haldır və ödül alanları stimullaşdırır.

Bəlkə ədəbi zövq formalaşa
"Fikrət Sadıq mükafatı”nı təsis edən şairin oğlu, yazıçı Orxan Fikrətoğlunin fikrincə, Vaqif Səmədoğlu, adına mükafat, medal təsis edilməyə layiqdir: "Həmin mükafatlar da onlara layiq adamlara verilməlidir. Məsələn, "Fikrət Sadıq mükafatı” şairin əxlaqına uyğun - heç bir siyasətə qarışmayan, intriqalara baş qoşmayan yaradıcı şairlərə verilir. Eləcə də, yaxın dostum Vaqif Səmədoğlunun adına olan medal da mərhum şairin ruhuna, yaradıcılığına uyğun insanlara verilməlidir. Biz onunla «Bəxt üzüyü»nü birlikdə yazmışıq. Eyniadlı filmin üzərində də birlikdə işləmişik”. Vaqif Səmədoğlunun adına medalın təsis olunmasına müsbət yanaşan yazıçının fikrincə, bu tip mükafatların ədəbiyyatın inkişafına töhfəsi yoxdur: "Nə mükafatın, nə adın, nə dedi-qodunun, nə də qərəzin... ədəbiyyatın inkişafına aidiyyəti var. Ədəbiyyat elə bir substansiyadır ki, o, insanın fikrində ya var, ya da yoxdur. Mən elə hesab edirəm ki, bu mükafatlar, sadəcə, bir az ədəbiyyat mühitini tərpədər. İnsanlar daha vicdanlı olar, mükafatlar daha obyektiv verilə bilər. Ümumilikdə isə mükafatların ədəbiyyatın inkişafına heç bir aidiyyəti yoxdur. Fikrimcə, ədəbiyyat metofizik anlamda insana verilən mükafatdır. O, hər bir yazıçı və ya şairə Allah tərəfindən verilir. Çox təəssüf ki, bugünkü ədəbi zövq düzgün formalaşmayıb. Ona görə, kimin yaxşı, kimin pis olması çox vaxt düzgün müəyyənləşmir. Kim-kimə yaxındırsa, ona dəyər verir, kim-kimə yaxın deyilsə, yaxşıya pis, və ya pisə yaxşı deyir. Sadəcə, ümid edirəm ki, bəlkə bu mükafatlar sayəsində nə vaxtsa bir ədəbi zövq formalaşa. Ədəbiyyatın öz qanunları var. Ona görə, ümumilikdə inanmıram ki, bu mükafatlar ədəbiyyata təsir edə. Şair əgər şairdisə, ona nə mükafat? Ramiz Rövşənə mükafat ver və ya vermə, nə dəxli var? Ramiz Rövşən şairdir».
Mükafatın məsuliyyəti
Şairə Fərqanə Mehdiyeva ədəbi aləmdə bu tip mükafatların təsis edilməsini müsbət dəyərləndirir. Belə ki, Vaqif Səmədoğlunun adına mükafatdan başqa, Nəsimi, Cəlil Məmmədquluzadə, Şahmar Əkbərzadə, Müşfiqin də adına mükafatları var: "Ümumiyyətlə, şair və yazıçıların adına təsis edilən mükafatlar onları bir daha ədəbiləşdirmək üçün vasitədir. Xüsusən, bu mükafat onlara layiq olan insanlara verilməlidir. Bu mükafatların verilməsi ilə elə bil ki, həmin ədəbi adamlara yeni bir abidə ucaldırlar. Mükafatı alan şair və yazıçı həmişə "mən belə bir önəmli mükafata layiq görülmüşəm” deyə, özündə məsuliyyət hiss edir”. Şairə hesab edir ki, bu cür mükafatlar təkcə dünyasını dəyişən ədəbiyyat adamlarının adına təsis olunmamalıdır. Görkəmli adamların sağlığında da bu cür mükafatlar təsis olunub verilə bilər. Elə sanballı yazıçı və şairlərimiz, ədəbiyyat adamlarımız var ki, sağlığında da onların adına mükafat təsis olunub. Bu addım həmin yazıçı və şairləri bir daha əbədiləşdirmək, heç vaxt unudulmaması üçün bir təşəbbüsdür”. Özünün beynəlxalq Rəsul Rza, Mikayıl Müşfiq və Şahmar Əkbərzadə mükafatlarına layiq görüldüyünü deyən F.Mediyeva, həmin mükafatların məsuliyyətini daşıdığını deyir: "Bu mükafatlar mənim üzərinə məsuliyyət qoyub. Hər gün, hər an özümə hesabat verirəm ki, mən bu şairlərin adına olan mükafatı almışam. Öz yaradıcılığımda və ədəbi fəaliyyətimdə, qələmi hər əlimə alanda, aldığım mükafatlar gözümün önünə gəlir”.
Dövlət təqdim etsə...
"Vaqif Səmədoğlu müasir şeirimizin ən istedadlı nümayəndələrindən biridir” deyən tənqidçi Əsəd Cahangir hesab edir ki, bu cür mükafatları dövlət təşkilatları təqdim etsə, daha yaxşı olar: «Bu, pis bir dəbin əsasını qoya bilər. Hansısa bir şair vəfat edərsə, onun övladı, həyat yoldaşı və ya yaxın qohumu başlayacaq bir medal tərtib etməyə. Çünki bizdə hər şey dəblədir. Ona görə də, mənə elə gəlir ki, bu məsələyə – mükafatların ailə üzvləri tərəfindən verilməsi məsələsinə hansısa bir formada məhdudiyyət qoyulmalıdır. Vaqif Səmədoğlunun adına medal da, mükafat da tərtib edilməli və dövlət tərəfindən verilməlidir. Vaqif Səmədoğlunu ailə çərçivəsinə salmaq lazım deyil. O, hansısa bir ailənin yox, Azərbaycan xalqının şairidir. Vaqif Səmədoğlu Xalq şairidir. Ona görə də, onun miqyasını daraltmaq lazım deyil”. Tənqidçinin fikrincə, kiminsə adına orden, medal, mükafat təsis edilməsi zərurəti varsa, Vaqif Səmədoğlunun özünün də ustad kimi qəbul etdiyi nəhəng klassiklərimiz var: "Məsələn, Füzuli kimi dahi şair var. İsa Muğannanın ustad kimi qəbul etdiyi Nəsimi, Cami var. Həm poeziyamızın, həm dövlətimizin inkişafında böyük xidmətləri olan Şah İsmayıl Xətai var. Əslində müasir poeziyamızın banisi olan Molla Pənah Vaqif var. Müasir mədəniyyətimizin əsasını qoyan Mirzə Fətəli Axundov var. Dünya satirik şeirinin ən böyük nümayəndələrindən biri olan Sabir var. Dünya romantik şeirinin ən uca zirvələrindən olan Cavid var. Yəni adına kifayət qədər orden, medal, mükafat təsis edilməyə layiq olan nəhənglər var. Mənə elə gəlir ki, öncə mükafatlar onların adına olmalı, daha sonra müasir şair və yazıçıların adına təsis edilməlidir. Vaqif Səmədoğlu da adına mükafat təsis edilməyə tamamilə layiqdir və burada ikinci bir fikir ola bilməz. "Vaqif Səmədoğlu medalı” alanların hamısını təbrik edirəm!”

Stumul rolunu oynayır
Yazar Emin Piri bu tip mükafatların dünyanın inkişaf etmiş ölkələrində də təsis edildiyini deyir: "Bəzən deyirlər ədəbiyyat adamına mükafatlar lazım deyil, dünya bu mərhələdən keçib və s. Amma bu gün ən çox inkişaf etmiş ölkələrdə belə, bu mükafatlar var. Təbii ki, bu mükafatlarda meyarlar fərqlənə bilər. Dünyada bu, daha çox özəl, sivil cəmiyyətə keçmiş mükafatlandırılma sistemidir. Misal üçün, məgər Buker, Nobel mükafat deyil? Təbii, meyarlar önəmli rol oynayır ki, bunlar dəyişməlidir. Müşahidə etsələr, ağız dolusu danışdıqları ABŞ-da, Qərbi Avropada belə, dövlət başçıları ədəbiyyat, mədəniyyət adamları ilə görüşür. Eyni zamanda, mükafatlandırır. Yazıçı mükafatlarla yaradıcılığını qurmamalıdır. Amma bunlar stimul rolunu da oynayır”. Yazar hesab edir ki, bizdə meyarlar dəyişməlidir: "Vaqif Səmədoğlu da adını ədəbiyyat tarixinə yazdırmış şəxsdir. Belə medalın təsis edilməsi, onun xatirəsinə də hörmət olar. Mükafat alan qələm dostlarımı təbrik edirəm, uğurlar arzulayıram”.

Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər