• cümə axşamı, 25 aprel, 05:26
  • Baku Bakı 19°C

Ədəbiyyat adamları hansı ölkələrin mətbuatını təqib edirlər?

18.03.19 11:30 1186
Ədəbiyyat adamları hansı ölkələrin mətbuatını təqib edirlər?
Sovet dövrü ədəbiyyatçılarının ən çox oxuduğu mətbuat orqanı «Liternaturnaya qazeta» idi. İnternet imkanlarının, ümumən, qəzetlərin sayının az olması ucbatından oxu dairəsi də nisbətən məhdud idi. Bu gün isə internet imkanları da ədəbiyyatçılara saysız çeşidlər təqdim edir. Fərqi yoxdur, çap məhsulu olsun, ya elektron media. Dünyanın istənilən nöqtəsində dərc olunan mətbuatı oxumaq mümkündür. Bəs görən yazıçı və ya şairlərimiz xarici mətbuatla maraqlanırlarmı? «Müzakirə»mizdə maraqlı cavablarla qarşılaşdıq.

Yazıçı-publisist Nəriman Əbdülrəhmanlı bildiyi dillərdə - türk, rus, gürcü mətbuatını izlədiyini vurğuladı: "Əlbəttə ki, özüm üçün vacib saydığım nəşrləri oxuyuram. Rusiyanın "İnostrannaya lireatura", "Drujba narodov", "Kontinent", Türkiyənin "Qardaş qələmlər", Gürcüstanın "Literaturuli Sakartvelo" ("Ədəbi Gürcüstan"), Qazaxıstanın "Amanat" jurnallarını daim izləyirəm ki, dünya ədəbiyyatında gedən proseslərdən xəbər tutum. Həm də, ikinci peşəm olan tərcüməçilik bunu tələb edir. Məncə, oxuduğu hər bədii əsərdən yazıçının təsirlənməsi absurd fikirdir, çünki əsl yazıçıya yalnız fenomenal bədii səviyyəyə malik əsər təsir göstərə bilər. Hər şeydən təsirlənən qələm sahibi artıq özünə və öz zövqünə şübhə ilə yanaşmalıdır. Bu mənada təsirləndiyim əsərlər az olur, həm də o təsir mənim yazılarımda qətiyyən əks olunmur, sadəcə, necə deyərlər, "ədəbi plankanı" müəyyənləşdirməyimə yardım göstərir. Məncə, bu, həm də bədii duyumumu daim ovxarlı saxlamağıma yardım göstərir.

Yazıçı Elçin Hüseynbəyli bildirdi ki, «Literaturnaya qazeta», «Drujba Narodov» nəşrlərini və bəzi xarici mətbuat orqanlarını sovet dövründə alırmış. İndi isə onların hamısından imtina edib: "Açığı, həmin mətbu orqanlarda məni maraqlandıran bir şey tapa bilmirəm. Çünki ədəbiyyat özünü təkrar etməyə başlayır. O baxımdan da maraqlı bir şey görmürəm. Ola bilsin ki, həm də yaşla bağlıdır. O qədər oxumuşam, indi fikirləşirəm ki, bundan sonra nə oxuyum? Mənə elə gəlir ki, yazılanların böyük əksəriyyətini oxumuşam. E.Hüseynbəyli hesab edir ki, artıq mətbuatın dövranı keçib. İndi tamam başqa dövrdür. Elektron media mətbuatı arxa plana keçirir. Xarici ölkələrdə qəzetlərin çoxu pulsuz paylanır. Çünki orada daha çox şirkətlərin reklamları çap olunur. Şirkətlər də o qəzetləri maliyyələşdirir. Həmin qəzetlərin tirajı çox olarsa, insanlar da onlarla daha çox tanış ola bilərlər. Düşünmürəm ki, bundan sonra qəzetlərdə məni təəccübləndirəcək nəsə olsun. Ona görə, özüm də ortaya konseptual nəsə qoya bilmərəm».

Yazıçı Orxan Fikrətoğlu «Xəbərlər» proqramının işçisi olduğundan gündəlik mətbuatı – istər yerli, istərsə də xarici nəşrləri izlədiyini deyir: «Bu, mənim işimdir. İstər Amerika, istər Avropa, istər Asiya ölkələrinin mətbuatı olsun, gündəlik nəzər yetirirəm. Erməni mətbuatını da izləyirəm. Çünki gündəlik informasiya almaq üçün bu, vacibdir. Hər gün efirə çıxdığım üçün informasiyaları izləmək mənim vəzifəmdir. Təbii ki, bunların arasında daha çox ürəyimcə olan ədəbiyyat nümunələrinə də rast gəlirəm. Ancaq daha çox xəbər layihəsi həyata keçirdiyim üçün o prizmadan baxmağa məcburam. Ermənilər Qarabağla bağlı ildə 6-7 əsər çap etdirirlər. Onların çoxu Azərbaycan xalqının təhqirinə yönələn əsərlərdir. Biz ədəbiyyatın bu tərəfini demək olar ki, düşünmürük. Bizə elə gəlir ki, mütləq barış yolu seçilməli, tolerant yanaşmalıyıq. Erməni dilini bilmədiyim üçün həmin əsərlər çapdan çıxan kimi rus dilində yazılan şərhləri oxuyuram. Dünya ədəbiyyatında baş verənlərin sırf ədəbi dərgilərdə nəşrinə gəlincə, mənə daha çox maraqlı olan Rusiyanın ədəbiyyat qaynaqlarıdır. Ona görə, Moskvada dərc olunan «Literaturnaya qazeta»nı mütləq oxuyuram. Yeni dərgiləri də oxuyuram. Orada çox maraqlı ədəbiyyat nümunələri dərc olunur. Sankt-Peterburqda nəşr olunan ədəbi mətbuat istədiyim səviyyədədir. Sinyavski Danieldən sonra son illərin gürcü nəsri çox maraqlıdır. Düzdür, son vaxtlar ciddi nümunələrə az-az rast gəlirəm».

Yazar Aysel Əlizadə hər şeylə maraqlandığını deyir: "Belə ki, təkcə «Literaturnaya qəzeta» deyil, «Soverşenno sekretno» qəzetini ermənilərin saytından oxuyuram ki, onların nə etdikləri, hansı məlumatları yaydıqları ilə maraqlanım. Mətbuat mənim diqqətimdədir. Ona görə, yazılan hər xəbərlə, materialla maraqlanıram. Ədəbiyyatla bağlı informasiyalara gəlincə, A.Əlizadə bildirdi ki, bu gün bu istiqamətdə saytlar daha çoxdur: «Ədəbi saytlar müxtəlifdir. «Selskaya literatura»nı, Bi-Bi-Ci-nin saytlarını oxuyuram. Demək olar ki, hər gün saytlara vaxt ayırıram. Üzvü olduğum saytlar da var. ABŞ-ın feminist saytlarını izləyirəm. Mən xarici mediada öz ölkəmlə bağlı materiallar da görmək istəyirəm. İstəyərəm ki, ölkəmizlə bağlı müsbət xəbərlər olsun. Öz yazıçılarımız, şairlərimiz, ədəbiyyatımızla bağlı hər hansı xəbərə rast gəlmək istəyirəm. Bu mənada çox passivik».

Yazar Aqşin Yenisey bildirdi ki, hazırda Ankarada yaşadığım üçün daha çox Türkiyə mətbuatını izləməyə çalışıram: "Varlıq", "Doğu-Batı" kimi jurnalların, demək olar ki, hər nömrəsini gözdən qaçırmamağa çalışıram. Dünyada baş verən aktiv prosesləri isə internet mediasından izləyirəm. Tv-lərə gəlincə, "National Geographic" kanalının daimi tamaşaçısıyam. Xüsusilə bu kanalda müzakirə olunan elm və texnologiyaların gələcəyi haqqında mövzular, astrofizik Nil Deqrass Taysonun verilişlərini mütəmadi olaraq izləyirəm”.
Yazar Emin Piri deyir ki, nə qədər qəribə görünsə də, mənə görə, şairin oxuyacağı ədəbi məsullar ikinci-üçüncü planda olmalıdır: "Ona görə də, daha çox tarixi, siyasi, fəlsəfi media orqanlarını oxumağı üstün bilirəm. Məsələn, qardaşım İstanbulda yaşadığından oradan daha çox siyasi mətbu orqanları gətirdirəm. İnternet vasitəsilə oxumağa gəldikdə isə bundan imtina etmək absurd olardı. Bir yazarı yetişdirən mühit, ədəbi yaradıcılığından daha kənar məhsullarla beynini zənginləşdirməsidir. Son zamanlar maraq dairəm müharibə, siyasət, din ilə əlaqəli araşdırmaları oxumaq, analiz etməkdir. Belə olduqda yazar lokallıqdan çıxa bilir, eyni zamanda bunlar əsərlərinə də sirayət edir”.

Yazıçı Mirmehdi Ağaoğlu bildirdi ki, Türkiyə və Rusiyanın ədəbiyyat saytlarını mütəmadi olaraq izləməyə çalışır: "Amma xüsusən Rusiya mətbuatını izləməkdə davam edirəm. Xüsusən «Arqumentı i faktı», «Komsomolskaya pravda», «RİA Novosti» və s. media orqanlarını nəzərdən keçirirəm. Ədəbiyyat saytlarına gəlincə, ruslarda LİB RU, «İnnostrannaya literatura»ya baxıram”.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər