AZE | RUS | ENG |

Ədəbi sifarişlər niyə yoxdur?

Ədəbi sifarişlər niyə yoxdur?
Nəşriyyatların yazıçılara mövzu sifariş vermək tendensiyasının yoxluğu yazarlar tərəfindən narazılıqla qarşılanır. Nəşriyyatlar da  problemin səbəblərini özlərinəxas formada izah edirlər. "Müzakirə”mizdə tendensiyanın yoxa çıxmasına aydınlıq gətirməyə çalışdıq.
 
«Kitabını gətir, çap edək»     
Ədəbiyyatşünas Rüstəm Kamalın fikrincə, bizdə müstəqil, yəni maliyyə resurslarına malik redaktor heyəti, müəlliflə danışıqlar aparan ədəbiyyat agentləri, menecment institutu olan müstəqil nəşriyyatlar yoxdur: " Bu tip məsələlər hələ sistemli şəkildə həllini tapmadığı üçün nəşriyyatlar da bu işə girişə bilmirlər. Hətta, sifariş edilən əsərlər tərcümə mətni də ola bilər. Yəni yerli müəllif yaxşı yaza bilmirsə, hər hansı bir kitabın tərcüməsi sifariş oluna bilər. Bunun üçün kitab satışı şəbəkəsi olmalı, oxucu auditoriyası formalaşmalıdır. Həm də bizdə elə bir nəşriyyat yoxdur ki, mədəniyyətimizin inkişafı naminə bu işləri görsün, yəni yalnız pul güdməsin. Bilsin ki, həmin kitablar həm də mədəniyyətimizin, tariximizin inkişafı, müasir Azərbaycan oxucusunun zövqünün formalaşdırılması üçün lazımdır. Çünki bugünkü oxucu sovet dövrünün oxucusu deyil. Bunu müəlliflər də, naşirlər də anlamalıdır”. Tənqidçinin fikrincə, bu tip sifarişlər həyata keçirilərkən ilkin mərhələdə nəşriyyatlara vergilərdə də güzəştlər ola bilər: "Oxucu auditoriyası, ölkənin, xalqın mədəniyyəti üçün hansı mövzuları sifariş etmək olar – bunları da nəşriyyatların redaktorları yaxşı bilməlidir. Bunun üçün təbii ki, müəyyən komissiya da yarada bilərlər. Yaxşı mənada naşirin özünün də instinkti olmalıdır. Belə ki, o, tanımadığı bir müəllifin əlyazmasını görüb onun kitabını çap edə bilər. Kitabın ilk nəşri, müəllif sevinci – təbii ki, yeni bir ədəbiyyatçını ədəbiyyata qazandırmış olar. Nəşriyyat o qədər açıq olmalıdır ki, müəllif internetlə əlyazmasını ora göndərsin və zövqlü redaktor «bu kitab mütləq çap olunub bazara çıxmalıdır»  desin. Yoxsa öz hesabına kitab çap etdirmək və ya qapı-qapı gəzib sponsor axtarmaqla Azərbaycan ədəbiyyatını yaratmaq olmaz”. R.Kamal hesab edir ki, nəşriyyat işi Azərbaycan ədəbiyyatının varlığının tərkib hissəsidir: "Nəşriyyatın ədəbiyyatın inkişafı üçün görə biləcəyi iş çox əhəmiyyətlidir. Sadəcə, nəşriyyatlar və ədəbi orqanlar bu istiqamətdə bir qədər zəif fəaliyyət göstərir. Düzdür, bəzi mətbu orqanlar bu işi bir qədər boynuna götürüb canlanma yaradır. Sadəcə, ədəbi orqanların yayımında, abunəsində problemlər var. Bu baxımdan, ABŞ, Fransa, Rusiyada olduğu kimi, bizdə də bu işi naşirlər görməlidir. Məsələn, Rusiyada nəşriyyatlar var ki, onlar ölkə üçün elmi, maarifləndirici kitablar buraxırlar. Bu kitabların da böyük alıcısı var. O nəşriyyatlar bu sahə üzrə püxtələşib. Amma indiki nəşriyyatlarda nəşr olunan kitabları oxumaq olmur – mətnlər redaktə olunmur. Nəticədə 5-10 il əvvəl çap olunan kitablar toz basmış halda kitab mağazalarının rəflərində qalır». Tənqidçinin sözlərinə görə, sovet dövründə sifarişlərlə bağlı tendensiyanın müsbət və mənfi tərəfləri olub: "O zaman da hər müəllif plana düşə bilmirdi. Təəssüf ki, o zaman Yazıçılar Birliyinin üzvü olan qrammofon müəlliflər var idi və onlar plana düşə bilirdilər. Nəticədə istedadlı adamların ya bircə kitabları  çap olunurdu, ya da ümumiyyətlə çap edilmirdi. Senzuranın güclü nəzarəti lazımi kitabların yazılmasına, çapına imkan vermirdi. Hər şey ideoloji sistemin yaratdığı xətt üzrə hərəkət edirdi. Hazırda isə bu baxımdan sistemsizlikdir: kim nə istəyir yazır və çap etdirir. Tutaq ki, o vaxt Oktyabr inqilabı, Azərbaycanda sovet hökumətinin qurulması haqqında yazıçılara, tarixçilərə müəyyən sifarişlər olurdu və yaxud yazıçılar bu sifarişi bilirdilər, yazırdılar və plana düşürdülər. Onların kitabları da çap olunurdu. İndi isə bu cür məsələlər yoxdur. Sifarişçilər də yoxdur. Sifarişin olması isə müsbət hadisədir. Bizim klassiklərimiz də sifarişlə yazıblar. Fərqi yoxdur, kim sifariş edir – nəşriyyat, dövlət ya xalq. Əsas ədəbi keyfiyyət məsələsidir”. Tənqidçinin fikrincə, yazılmalı vacib mövzular çoxdur: "Biz bununla həm də müəyyən mövzu qıtlığını aradan götürmüş olarıq. Çünki ədəbiyyatımızda mövzu qıtlığı var. Azərbaycan insanının, cəmiyyətinin tarixini yaza bilərik. Həm də yazıçıları bir qədər həvəsləndirib, fəallaşdırmaq olar. Bunun üçün ilk növbədə nəşriyyatın marağı olmalı, bazarı, ədəbiyyatımızı yaxşı bilməli, mədəniyyətimizə dəyər verməyi bacarmalıdır. Amma indi nəşriyyatlarda çalışanlar əsasən pul qazanmaqla məşğuldurlar. Onlar «kitabını gətir, çap edək» prinsipi ilə işləyirlər. 
 
Dərhal qazanc əldə etmək!
 "Xarici ölkələrdə kitab çap etdirmək müqavilə ilə tənzimlənir; buna "Müəllif müqaviləsi”, yaxud da "Nəşriyyat müqaviləsi” deyirlər” deyən yazıçı-tərcüməçi Kamran Nəzirlinin sözlərinə görə, hər hansı bir nəşriyyatın müəlliflə müqavilə bağlaması müəyyən vaxt aparan yorucu prosesdir: "Çox vaxt bu işlərlə yazıçı və nəşriyyatların agentləri məşğul olurlar. Xarici nəşriyyatlar öz agentlərinin seçdiyi, yaxud müvafiq bildiyi müəlliflərin kitablarına üstünlük verirlər. Elə həmin agentlərin tövsiyələri ilə əsərin plan-prospekti təsdiq edilir, bəzən isə təqdim olunan əsərin qısa icmalını (sinopsis) qabaqcadan təsdiq edirlər. Xüsusi hallarda kitabın içindəki mətnlərin başlıqlarına baxır, məzmunla tanış olurlar. Bizdə belə hallar olurmu? Yox! Hər halda, son iyirmi ildə belə şey görməmişəm”. K.Nəzirli digər bir məqam kimi müəllifin yaradıcı şəxs, əqli əmək sahibi olduğunu və onun müəlliflik hüququna malik olmasını önə çəkir: "Nəşriyyatlar daha çox professional müəlliflərə üstünlük verirlər, bu şərtlə ki, onların yazdıqları nəşriyyatın tələblərinə cavab verə bilsin. Tələblər isə çoxdur: əsərin məzmunu, bədii dəyəri, qlobal əhəmiyyəti və s. ilə yanaşı, maliyyəsi... Çox vaxt sonuncu daha mühüm rol oynayır. Ümumiyyətlə, xarici nəşriyyatlar bir qayda olaraq öz müəlliflərinin dairəsini yaradırlar. Onlar daimi olaraq həmin müəlliflərlə işləyirlər, onlara da sifariş verirlər. Bizdə belə şey olmur”. Yazıçı bildirir ki, üçüncü məqam əlyazmanın plan-prospekti təsdiq ediləndən sonra xarici nəşriyyatın müəlliflə müqavilə imzalamasıdır: "Müəllif müqaviləsi ondan ötrüdür ki, sifariş verilən əsərlə bağlı tələblər, tərəflərin hüquq və vəzifələri və s. göstərilsin. Müqavilə müəllif və nəşriyyat direktoru tərəfindən imzalanır, ilk nüsxəsi nəşriyyatda qalır, ikinci nüsxəsi müəllifə verilir. Bizim nəşriyyatlarda müqavilə bağlamırlar. Görünür, səbəblər çoxdur. Müəllif müqavilələrinin növləri var - müəllif hüququnun tam və yaxud qismən kiməsə ötürülməsi məsələsi. Bu məsələ də vacibdir, gərək müqavilədə göstərilsin”. K.Nəzirli bildirdi ki, müəllif müqaviləsi nəşriyyatın sifarişi ilə bağlanırsa, müəllifə mütləq avans verilməsi müqaviləyə əlavə edilməlidir. Belə ki, avansın məbləği, ödənilməsi, vaxtı və s. qarşılıqlı razılıq əsasında müqaviləyə daxil edilir: "Bizdə belə bir hal çox nadir hallarda olur. O da dövlət nəşriyyatlarında. Bizim özəl nəşriyyatlar bütün işləri yazıçının öhdəsinə buraxır - əsər yaz, redaktorluq, korrektorluq elə, tərtibat ver, bəzən dizaynı da yazıçı edir, nəşriyyat və mətbəə xərclərini ödə və s. Nəşriyyat kitab çap eləyir, sonra da müəllif bütöv tirajı götürüb özü başlayır onun satışı, təbliği, yayımı ilə və s. məşğul olmağa. Əksər nəşriyyatlar belədir. Düşünürəm ki, belə olmamalıdır. Biz əvvəlcə özümüzdə qayda-qanun yaratmalıyıq, sonra xarici nəşriyyatlarla işləməliyik. Əslində bizim nəşriyyatlar özləri xarici nəşriyyatlarla əlaqələr yaratmalı, qarşılıqlı layihələr hazırlamalı, həyata keçirməlidirlər. Ancaq bunu etməyə ərinirlər. Problem elə budur. Hamı asan yolla qazanc əldə etmək istəyir, özünü əziyyətə salıb daha geniş imkanlara sahib olmaq istəmir. Amma düzgün və sağlam əlaqələr qurulsa, burdan yaxşı gəlir də əldə edə bilərlər. Misal üçün, mənim dörd kitabım çapa hazırdır, ingiliscə, rusca, ikisi də Azərbaycan dilində. Özüm tərtib eləmişəm. Ver mətbəəyə çap olunsun. Amma elə bir nəşriyyat yoxdur ki, desin, gətirin, təhvil verin, çap edək, satışını təşkil edək (inandırıram ki, əgər satışını düzgün təşkil etsələr, gəlir də götürərlər!). Çox təəssüf ki, yoxdur elə bir nəşriyyat. Demək olar ki, bütün nəşriyyatlar yalnız bir şey barədə düşünürlər: dərhal qazanc əldə etmək! Bax, belədir durum!”
 
Bu cür fikirlər planlarda var
«Qanun» nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu yazıçıya sifariş edən və kitab yazdıran nəşriyyatın olmadığını etiraf edir: «Düzdür, kitabların hazırlanmasında mütəxəssislərə müraciət olunur. Məsələn, müəyyən lüğətlərin, terminlərin hazırlanmasına mütəxəssislər cəlb olunur. Və yaxud, uşaq kitabları hazırlananda rəssamlara müraciət edilir. Yazıçılarla bağlı isə hələlik elə bir iş ortaya qoya bilməmişik”. Naşir uşaqlar üçün mətnlərin, böyüklər üçün romanların və s. yazılmasında yazıçılarla işləmək istədiklərini bildirir: "Bu cür fikirlər planlarda da var, amma hələ ki, bunları gerçəkləşdirə bilmirik. Görünür,  bu sahə bir-birinin içərisində qaynayıb-qarışmalıdır. Çünki indiki münasibətlər əvvəlki sovet dövrünün münasibətləri deyil. Eyni zamanda, hər bir yazıçıya da sifariş etmək mümkün deyil. İlk növbədə yazıçının müəyyən bir sahədə təcrübəsi və tanınmış əsəri olmalıdır ki, nəşriyyat ona böyük tirajlarla satılan yeni əsərlər sifariş edə bilsin. Nəşriyyat tanınmamış, yazı qabiliyyətini bilmədən hər hansı bir yazıçıya kitab sifariş edə bilməz». Naşir hesab edir ki, sovet dövründə də bu məsələ ətrafında müəyyən planlaşdırılmış nümunələr yaranıb: "O zaman da qələmi sınanmış yazarlara sifariş edilirdi. Ümumiyyətlə, o zaman planlaşdırılmış bir ədəbiyyat var idi. İndi isə bu məsələlər yoxdur və hər bir yazıçının yazacağı mövzu öz səlahiyyətindədir”. 
 
Yazıçıya hansısa mövzunu sifariş vermək olmaz
Bu problemin iki aspektdən analiz edilməli olduğunu deyən yazar Ziyad Quluzadənin fikrincə, dünyanın bir çox ölkələrində mövcud kitab bazarının şərtləri bizimkindən xeyli fərqlidir: "Müəyyən qədər bələd olduğum Türkiyənin kitab bazarındakı nümunələrə baxsaq, burada xeyli sayda fərqli nəşriyyatlar var. Həmin nəşriyyatlar arasında ciddi mənada rəqabət olduğu üçün hər biri diqqət çəkən, oxucu kütləsi olan yazıçıların öz nəşriyyatlarında çap olunmasında maraqlıdır. Məhz buna görə də təsdiqlənmiş imzaların fərqli nəşriyyatlar tərəfindən təkliflər alması mümkündür. Buna keçmiş əsərlərin təkrar nəşri, yeni yazılacaq romanın digər nəşriyyatdan daha yüksək səviyyədə marketinqinin qurulacağına dair konsepsiyalar da daxildir. Çünki tanınmış imza həmin nəşriyyata sadəcə, öz əsərini vermir, eyni zamanda digər nəşrlərinin, digər kitablarının da satışı üçün bir növ təşviqedici, gizli PR ünsürü olmağa başlayır”. Yazarın fikrincə, ədəbiyyatda yazıçıya hansısa mövzunu sifariş vermək olmaz, çünki ədəbi əsər mövzuya görə yox, təhkiyə üslubuna, yanaşmaya görə orijinaldır: "Təbii ki, məşhur idmançılar, tanınmış elm, sənət, siyasət adamları ilə bağlı əsərləri çıxmaq şərti ilə... Həmin şəxsin nüfuzu olduğu üçün nəşriyyat hansısa yazıçı və ya tədqiqatçıya sifariş verə bilər. Bütün hallarda, yazıçı-nəşriyyat əlaqələri kapitalist münasibətlər üzərində qurulduğu üçün, burada sənətin estetik meyarı, gəlirin hegemonik qüvvəsi qarşısında gözdən itir”. Bizdəki  vəziyyətin hər kəsə məlum olduğunu deyən yazar hesab edir ki, "Qanun” nəşrlər evinin yerli yazarlara dair hazırladığı "Ən yeni ədəbiyyat” və "Müəllifin ilk kitabı” layihələri qismən bu konteksdə yazıçı-nəşriyyat əlaqələrinin normal müstəvisini xatırladır: "Ancaq, burada yazıçı bir az sizifvari fədakarlıq edir. Bu təşəbbüsə görə, Şahbaz Xuduoğlu yerli yazarların, kitab bazarında xarici yazarlarla eyni rəfi paylaşmağının bayraqdardır. Azərbaycan Yaradıcılıq Fondunun da bu mənada gənc yazarlara dəstəyi mövcuddur. Ancaq bunlar kitab bazarındakı yazıçı-nəşriyyat münasibətindən çox, yazıçıya himayədarlıq etmək istəyinə, yeni yeriməyə  çalışan uşağın əlindən tutan valideyn dəstəyinə oxşayır. Bunu da dünyadakı mövcud proseslə eyniləşdirmək olmaz”. 
 
Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6355
GBP 1 İngilis funt sterlinqi 2.2393
TRY 1 Türk lirəsi 0.2990
KWD 1 Küveyt dinarı 5.6110
SEK 1 İsveç kronu 0.1905
EUR 1 Avro 1.9649
CHF 1 İsveçrə frankı 1.7146
USD 1 ABŞ dolları 1.7000