• cümə, 19 Aprel, 05:10
  • Baku Bakı 18°C

Ədəbi nəsillərin ictimai şüurunda hansı fərqlər var?

21.11.16 10:45 1641
Ədəbi nəsillərin ictimai şüurunda hansı fərqlər var?
25 il əvvəl və ondan sonra meydana gələn ədəbi nəsillərin ictimai şüurunda öz sələfləri ilə müqayisədə hansı fərqlər var? İndiki ədəbi nəslin ictimai şüurunu necə xarakterizə etmək olar? Nəsillərin dəyişməsi, onilliklər arasında yaranan məsafələr ədəbi nəsillərin ictimai şüurunda hansı dəyişikliyi yaradır”
"Kaspi”nin "Müzakirə”sində bu kimi suallara cavab tapmağa çalışdıq.
Milli ədəbiyyatın "qan qrupu”
Bütün ədəbi nəsillərin öz mahiyyətinə görə bir-biri ilə qırılmaz tellərlə bağlı olduğunu bildirən yazıçı-flosof Firuz Mustafa "hər bir milli ədəbiyyatın öz "qan qrupu” var...” deyir: "Məsələn, nəinki 25 il öncəki ədəbi nəsillə bugünkü ədəbi nəsil arasında, hətta tutaq ki, 250 il öncəki ədəbi nəsillə bugünkü ədəbi nəsil arasında da bir əlaqə mövcuddur. Mən 250 il anlayışını əvvəlcə şərti işlətmişdim. Amma indi deyə bilərəm ki, əslində bu həm də real bir faktdır. O mənada ki, 250 il öncə yazıb-yaratmış Vaqif, 200 il öncə öz əsərlərini qələmə almış Bakıxanov, 150 il öncə öz şedevrlərini soydaşlarına təqdim etmiş Axundov, 100 il öncənin cahilliyi girdabında dərdlərimizi inanılmaz bir cəsarətlə söyləyən Mirzə Cəlil... sözün müəyyən, lap elə həqiqi mənasında bizim müasirlərimizdir. Çünki bugünkü istedadlı (söhbət istedaddan gedir) adamın ədəbi genində adlarını çəkdiyim və çəkmədiyim dahilərimizin "rüşeymləri” yaşayır. Belə hesab edirəm ki, hər bir milli ədəbiyyatın öz "qan qrupu” var”.
Nəsillərin ictimai şüuru arasındakı fərqə gəlincə, F.Mustafa ictimai şüurun formalaşmasının çox mürəkkəb bir proses olduğunu bildirir. Belə ki, o, birdən-birə, hansısa bir sıçrayış və ya "vəhlə ” meydana gəlmir və gələ bilməz: "Sosial şüuru şərtləndirən amillər çoxdur. Bu sahədə xüsusən sosial məkan və sosial zamanın rolu müstəsna dərəcədə çoxdur. İctimai şüuru həm də mövcud ictimai mühit formalaşdırır. Sosializm dövründə meydana gələn ədəbi nəsillə bugünkü ədəbi nəsil arasında təbii ki, fərqlər var və olmalıdır da. Əgər həmin dövrdə sosial ideallar öndə idisə, bu gün kapitalizmin öz mahiyyətindən irəli gələn dəyərlər üstünlük təşkil edir. O vaxt ədəbiyyatın cəmiyyət həyatına təsiri daha güclü idi və bunu mövcud quruluş da təqdir və tələb edirdi. Amma bu gün ədəbiyyatın cəmiyyətə təsiri azalıb. Bir sözlə, sosializmdə "sənət həyat üçündür” prinsipi başlıca meyar idisə, bu gün "sənət sənət üçündür” devizi önə keçib”.
Yazıçı hesab edir ki, bu günün ədəbi simaları daha çox ictimai şüura deyil, adi və ya kütləvi şüura təsir göstərmək imkanına malikdir: "İndiki ədəbi nəsil haqqında bir-iki kəlmə ilə danışıb, konkret rəy söyləmək çətindir. Çünki bu nəsildə müxtəlif imkan və qabiliyyətə malik olan adamlar var. Təbii ki, ədəbi aləmdə hələ öz sözünü lazımı səviyyədə deyə bilməyən nəsil haqda indidən söz demək çətindir. Şübhəsiz ki, istedadlar var. Amma iddiası ilə istedadı üst-üstə düşməyənlər də kifayət qədərdir. Dialektik fəlsəfədə imkan və gerçəklik kateqoriyaları var. İmkanın gerçəkliyə çevrilməsi üçün bir real şərait və əməli fəaliyyət də lazımdır. Bu mənada müasir dövrdə gərək ədəbiyyatın xaricə də bir pəncərəsi - "nəfəsliyi” olsun”. F.Mustafanın fikrincə, indiki ədəbi nəslə dəstək vermək, onların azad fəaliyyət göstərməsinə şərait yaratmaq lazımdır: "Zira, əlində imkanı olanlar, lap elə əlaqədar qurumlarda çalışan ədəbi məmur və "ədəbi generallar” xaricdə (lap elə daxildə də) yalnız özlərini nəşr, təqdir və təbliğ etməklə məşğul olurlar. Hər bir xalqın əsas inkişaf göstəricisi həm də onun mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin inkişaf indeksi ilə müəyyənləşdirilir”.
Qısa vaxt ərzində ictimai şüur dəyişib
"Ulduz” jurnalının baş redakroru Qulu Ağsəsin fikrincə, ictimai şüurda dəyişikliyi şərtləndirən iqtisadi, ictimai-siyasi həyatdır. Belə ki, ictimai şüur şərti olaraq mücərrəd götürülür: "Ola bilər ki, 100 il və ya 200 illik ictimai şüur dəyişməyib. Ancaq o da ola bilər ki, bir günün və ya bir həftənin içində ictimai şüur dəyişsin”. Yazarın fikrincə, 1991-ci ildən indiki dövr arasında keçən qısa vaxt ərzində ictimai şüur dəyişib: "Ancaq bu dəyişiklik nə ilə bağlıdır? Əgər 91-ci ilin insanı sovet insanıdırsa, indiki insan isə yarımmüstəqil insandır. Ölkəmiz müstəqil olsa da, insanımızın düşüncəsi tam müstəqil deyil. Bəzi insanlar hələ də elə bilirlər ki, ölkəmiz sovetlər birliyi ilə yenə də birləşəcək və itib-batacaq. Bu da hər bir sahədə, o cümlədən ədəbiyyatda öz əksini tapır. Məsələn, təkcə ədəbiyyatda Allaha münasibəti götürək. Tutaq ki, sovet dövründə Allaha münasibət birmənalı şəkildə idi. Yəni Allahın yoxluğu, ateizm və s. münasibətlər qabardılırdı. 80-ci illərin sonundan, 90-cı illərin əvvəlindən etibarən ədəbiyyatda Allaha münasibət dəyişdi. Allahın varlığı qəbul olunmağa başlandı. Allah kəlməsi şerə gətirildi. Hətta bu mövzu elə bir xətlə getdi ki, hər şeyi Allahın adı ilə bağlamağa başladılar. Yəni əvvəlki dönəmdə insan faktoru Allahdan önə çıxırdısa, son illər Allah faktoru o qədər önə çıxıb ki, ümumiyyətlə, insanın varlığı unudulmağa başlayıb. Elə bil ki, hər şeyi Yaradanın boynuna yıxmağa çalışdılar. Görürsünüz, ictimai şüur yavaş-yavaş dəyişir - ədəbiyyatda Allahın öz yeri, insanın öz yeri var”.
Yazarın fikrincə, duyğuları dilə gətirməkdə, insanın varlığının ifadə olunmasında artıq elə bir problem qalmayıb. Yəni, insan bütün duyğularını olduğu kimi - mənfi, müsbət, içinin xıltı və s. ilə ədəbiyyata gətirir: "O mənada ki, insan həm qatildir, həm fəraridir, həm vətəninin xilaskarıdır, həm də ən ali varlıqdır. Bütün bu duyğular ədəbiyyatda var. Ancaq çox təəssüflər olsun ki, bəzən biz torpağı qazanda beli çox dərindən vururuq. Lazım olan-olmayan məqamları da gətirib ədəbiyyat süfrəsinin içinə qoyuruq. Növbəti 25 il, ya da 50 il lazımdır ki, hər şeyi öz rəngində görək”.
Q. Ağsəs bu gün bəzən ictimai şüurun ədəbi meyarları formalaşdırdığını təəssüflə bildirir: "Ancaq mənim fikrimcə, ədəbi meyarlar özü dəyişilməz qalmalıdır. Sənət sənət üçün, ədəbiyyat ədəbiyyat üçün olmalıdır, ictimai şüurun formaları da ədəbiyyatda rol oynamalıdır”. Bugünkü ədəbi şüura münasibət bildirən yazar hazırkı ədəbi-ictimai şüurdan həm razı, həm də narazı olduğunu söyləyir: "Bəlkə də həyat ona görə gözəldir ki, ondan nə razı, nə də narazı qalmaq olur. Yəqin yaşamaq da ona görə maraqlıdır. Hər şeydən razı qalsaydıq, həyatın mənası olmazdı”.
Ədəbi anarxiya
Poeziyadan, yeni şair nəslindən danışan Moskvada yaşayan yazar Afaq Şıxlı indiki zamanın şairlərini iki qismə ayırır: şer yazanlar və yazdığını şer kimi yazanlar: "Əgər demək istədiyin fikri yalnız və yalnız şerlə deyə bilirsənsə, yəni fikir şer formasında dünyaya gəlirsə - buna əngəl qoymaq olmaz. Amma fikri başqa üsulla da ifadə edə biləcəksənsə, məncə şer yazmağa gərək yoxdur.
Hərdən mənə elə gəlir ki, şerdə bütün üslub tələblərinin, qayda-qanunların aradan götürülməsi - yerindən duran hər kəsə özünə "şair” demək haqqı qazandırır. Kimlər tərəfindənsə qarşıya qoyulan məqsəd də elə budur - sözün gücünü, sözün qüdrətini öldürmək! Söz adiləşərsə - ədəbiyyat, mədəniyyət, incəsənət heçə dönər. Və o zaman bu qədər klassikləri, dahiləri, zəngin keçmişi olan bir xalqın gələcəyi məhv olar!”
Dövlət tərəfindən təhsilə bu qədər önəm verildiyi, hər bir uşağın məktəbdə oxumaq imkanının olduğu bu dövrdə özünə şair və ya yazıçı deyən şəxsin savadsız olmağa haqqının olmadığını bildirən A.Şıxlı hesab edir ki, ədəbi istedadının var olduğunu hiss edən, gələcəyini ədəbiyyatla bağlamağa hazır olan gənclərin ədəbi azadlıq adı altında pis yazılar təqdim etməyə haqqı yoxdur: "Dövrünün çətinliyindən, ehtiyac üzündən gözəl orta təhsil və ya ali təhsil ala bilməyən aşıqları, şairləri üzlərinə qalxan edib, hər addımda misal çəkməyə haqları varmı? Yoxdur! Məlumdur ki, dövrünün məşhur şairi Mayakovski durğu işarələrini qoymağı bacarmırmış (O, 1908-ci ildə pulsuzluq ucbatından gimnaziyanın V sinfindən xaric edilib). Çox vaxt onun əsərlərinin üzərində ədəbiyyatşünas və ədəbi tənqidçi O.M. Brik işləyirmiş. Və ya şair özü nəşriyyata gələrkən: "bura o işarələrdən düzün” deyərmiş. Eləcə də çox zaman sözləri fonetik olaraq, eşitdiyi və tələffüz etdiyi kimi yazarmış. Buna misal olaraq Aşıq Ələsgəri də qeyd edə bilərik. O da xüsusi təhsil ala bilməmişdi”.
A.Şıxlının fikrincə, 25 il öncənin ədəbi mühitində kitab oxumaqdan doymayan, özünü təkmilləşdirməkdən usanmayan, arxayınlıq nədir bilməyən, sözə qənaət edib ən gözəlini ortaya çıxaran yazarlar olub: "Özlərindən əvvəlkilərə hörmət edərək, onlardan öyrənərək, özlərindən sonrakı nəsli də inkişaf yoluna çəkənlər vardı. Mən Azərbaycan ədəbiyyatının böyük bir xəzinə olduğuna adım kimi əminəm. Amma bu xəzinəmizi darmadağın etmək istəyən küləklər əsir.
Çox sayda şirin dilə, böyük ilhama malik inci kimi gənclər tanıyıram. Lakin onlar cilalanmamış gövhərə bənzəyirlər. Ədəbi anarxiya bu istedadlı, fərasətli, gözəl gələcəyi ola biləcək gənc şair nəslini məhv edə bilər. Niyə? Çünki yazdıqlarını təhlil edib irəli can ata biləcəkləri, özlərinə doğru-dürüst örnək seçə biləcəkləri, poetik dilin sirlərinə yiyələnə bilmək üçün ilham alacaqları heç nə qalmaya bilər!”
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər