Ədəbi mühitin bəlaları
Bir neçə ildir ki ölkəmizdə baş verən
ədəbi proseslər, bu mühitdən boylanan dırnaqarası həqiqətlər, eləcə də, əziz
oxucum, sənin də yaxşı bələd olub, amma nəyinsə xatirinə dinmədiyin mətləblər
barədə bir az sənə danışmaq istəyirəm.Hər gün internet səhifələrində
cürbəcür cavablarını bildiyimiz suallarla rastlaşırıq.Məsəl üçün: "Müasir Azərbaycanda
yaranan bədii mətnlər niyə dünya ədəbiyyatına çıxmır?".Niyə? Yolumuza daş dığarlayan nədir,
yaxud kimdir?Neçə illərdir izlədiyim ədəbi
mühitimizdən elə mən də bu yaxınlarda bəzi qənaətlərə gələ bildim.
Müasir gənc yazarlarımızın qanına-canına
hopmuş "ulduz xəstəliyi", eqo alergiyası, yalançı, içi boş, asan
şöhrət sevgisi, kitab mağazalarında və digər idarələrdə təşkil olunan toya
bənzər imza günləri bizim dünya ədəbiyyatına gedən yolumuza daş dığarlamır,
birbaşa qaya parçası atır.
Özümüzü həmişə durduğumuz pillədən 3-4
pillə yuxarıda görməyimizdir bizim problemimiz.
Olduğumuz qədər deyilik, yaxud
qədərimiz qədər olmuruq...
Mən xaricdə təhsil alıram. Bir gün
universtetdə qrup yoldaşlarıma bir şeir oxudum. Bəyəndilər. Qrup yoldaşlarımdan
biri müəlliməmizə söylədi ki; – Məhəmməd talantlı insandır.Müəllim cavabında dedi ki; – talantlı
Puşkindir, Krılovdur. Hələ Məhəmmədin talantlı olmağına çox var...Amma bizim ölkədə necə?Kimsə bizə sadəcə "talantlı"
desə, inciyərik ki, əlavə olaraq tərif etmədi...Öyrəşmişik axı, "İstedadlı gənc
yazar, müasir ədəbiyyatımızın ən məhsuldar şairi, şeirlərində bədii yük,
poetiklik və s. hər zaman nəzərə çarpan Filankəsov Filankəs Filankəssoyu
kürsüyə dəvət edirik" sözlərini duymağa...
Baxın, həm də budur, necə deyərlər
bir-birimizin qoltuğuna inişildən qalma qarpız verib, başımızı aldatmağımızdır
öz yolumuza atdığımız qaya parçası...
Sadəlik anlayışı bizlik deyil. Bir az
qəzet səhifələrində çap olunandan sonra "şair havaları"na qapılıb,
müştəbeh-müştəbeh gəzməsək, canımıza yayılarmı o qəzet səhifələrindən aldığımız
qoxu?
Sifarişlə yazılan yazılar, şəxsi
xarakterli konfliktlərin gündəmə gətirilməsi, oxucunun başını bu cürə
ucuzluqlarla qatmaq üzümüzü elə dirəyib ki o qaya parçasına, gəl görəsən...
Eləcə də bu tip yazıları dərc edən
oxunaqlı sayt, qəzetlərin də günahı sudan şəffaf görünür.
Bir-birimizə qarşı çəkdiyimiz
paxıllıqlar, qısqanclıqlar, bu nəsnələrdən yaranan kin də problemlərimizin bir
qoludur...
"Mən niyə çap olunmadım, o çap
olundu?" ,
"Mənə niyə təqaüd verilmədi,
filankəsə verildi?", "Filan tədbirdə niyə filankəsə söz verdiniz,
mənə yox?" bu kimi adiliklərlə başımızı nə vaxta qədər girləyəcəyik axı?
Təsəvvür edirsinizmi ki, bu cür kin
dolu düşüncələrlə yaşayan bir yazar dünya ədəbiyyatına çıxmaq istəyir?
Bir də... Özünü bir qələm adamı zənn
edib onun-bunun mətninə qiymət verən, müəllimlik edənlər var ki…
Altmış ildir yaza-yaza qocalıb, ortaya
bir şey çıxartmayanların, elə mühitin təbirincə desək, Biləcəridən o tərəfə ötə
bilməyənlərin "staj"larını gözümüzə soxması...
"Filankəs özünü təsdiq edən
şairdir (yazıçıdır)".
"Filankəs heç vaxt unudulası şair
deyil" və bu kimi cümlələri çayxanadan çayxanaya daşıyan
"staj"lılar hələ də, anlaya bilməyiblər ki, kimin özünü təsdiq edə
bildiyini, kimin unudulmazlığını ancaq zaman adlı qüvvə təsdiq edir...
Yalnız və yalnız zaman.
Bu kimi "staj"lılar həm də
ədəbi gənclik üçün çox təhlükəlidir.
Vay bir istedadlı gəncin halına ki,
düşə bunların cənginə...
Yeyərlər, bitirərlər o istedadı
kiflənmiş söhbətləriylə...
Və yaxud əksinə, bir istedadsızın
birini elə yüksək səviyyədə reklam edərlər ki, məcbur qalarsan özünü zorla o
istedadsızın istedadlı olduğuna inandırasan..
Çox danışdım deyəsən, baş qoşma,
düzəltsə Allah düzəldəcək bu bizi.
Məhəmməd Turan